525.Az

Sübhani İran hakimiyyətinə meydan oxuyur, yoxsa onun dili ilə danışır?


 

"SƏFİRİN AÇIQLAMALARI BAKI VƏ TEHRAN ARASINDA MÜLAYİMLƏŞMƏYƏ GEDƏN MÜNASİBƏTLƏRƏ XƏLƏL GƏTİRİR"

Sübhani İran hakimiyyətinə meydan oxuyur, <b style="color:red"> yoxsa onun dili ilə danışır?</b>

 

İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu günlərdə bildirib ki, İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb. Sübhanin Azərbaycana qarşı qərəzli mövqeyi yeni deyil. O, Azərbaycana düşmən münasibət bəsləyir, ölkəmiz əleyhinə verdiyi açıqlamalarla ermənidən daha artıq erməni olduğunu ortaya qoyur.

Rəsmi Tehran öz səfirinin səlahiyyətlərini aşan hərəkətlərindən yaxşı agahdır. Belə olan halda, sözdə Azərbaycanla dostluq münasibətlərində maraqlı olduğunu bəyan edən İran rəhbərliyi onun cəfəng açıqlamalarına niyə imkan verir?

Yada salaq ki, ötən ilin noyabrında Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı İran Prezidenti Seyid İbrahim Rəisi deyib ki, Qarabağın uzun illərdən sonra öz əzəli ərazisinə qovuşmasına çox sevinirik: "Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən, mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır".

Belə çıxır ki, ya Sübhani rəsmi Tehranın xarici siyasət xəttindən fərqli mövqe sərgiləyr, ya da elə İran rəhbərliyinin dili ilə danışır. Çünki onun davranışları diplomatik missiyası ilə tam şəkildə ziddiyyət təşkil edir. İkinci ölkədə səfir olan şəxsin üçüncü ölkə ilə bağlı qərəzli, cəfəng iddialar səsləndirməsi sadəcə siyasi təxribat və düşmənçilikdir. Əgər belə deyilsə, özünü müsəlman təəssübkeşi, şiə dövləti adlandıran İranın səfiri işğalçı ölkənin əsgərlərinin məhvini niyə faciə kimi təqdim edir? Sual olunur ki, bu əsgərlər Azərbaycan ərazisində nə edirdilər.

Amma elə bu məqamda onu da xatırlamaq lazımdır ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalçı siyasətinin ən böyük dəstəkçisi məhz İran rejimi olub. İranın birbaşa iştirakı ilə Azərbaycanın işğal olunmuş şəhər və kəndləri xarabalığa çevrilib, insanlarımızın əmlakı talan edilib. Müharibə günlərində İran işğalçı Ermənistana kəşfiyyat məlumatları ötürüb, onu hərbi texnika üçün yanacaqla təmin edib, İran üzərindən daşınan silahlar Azərbaycan əsgərinə və mülki şəxslərinə tuşlanıb. Qarabağda dini abidələrimizin, o cümlədən, məscidlərimizin dağıdılmasına və təhqir olunmasına, donuz saxlanılmasına susan İran ötən ilin noyabrında həmin Sübhaninin dili ilə bəyan etdi ki, Qarabağın erməni əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıdır. Rəsmi Tehran doğrudan da Azərbaycanla münasibətlərdə müsbət dinamikaya nail olmaq istəyirsə, öz səfiri barədə tədbir görməli, müvafiq addımlar atmalıdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, İranın Ermənistandakı səfirinin tez-tez belə təxribat dolu bəyanatlar verdiyinə şahid oluruq: "Bu, birinci hal deyil. Artıq bir neçə dəfədir ki, baş verir və açıq bir xətt kimi özünü göstərir. Bu gün Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır, yekun sülh sazişinin imzalanmasına çalışır. İran səfiri isə davamlı olaraq həm Azərbaycan-Ermənistan münasibətlərinə, həm də Azərbaycan-İran münasibətlərinə xələl gətirə biləcək açıqlamalar verir və münasibətləri daha da gərginləşdirir. Hesab edirəm ki, bu cür açıqlamalar münasibətlərin inkişafına mənfi təsir göstərir və İran tərəfi də səfirin bu cür açıqlamalar verməsinin qarşısını almaq üçün müəyyən addımlar atmalıdır".

Deputat deyib ki, Ermənistan tərəfi bu açıqlamaları piara çevirir, onlardan Azərbaycan əleyhinə istifadə etməyə çalışır: "Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir və bu cəhdlərin, təxribatların qarşısı alınmalıdır. İran Azərbaycanın qonşusudur, münasibətlərimizdə bir müddət əvvəl gərginlik var idi, indi biz gərginliyin azalmasının tərəfdarıyıq. Amma bu cür açıqlamalar və yanaşmalar gərginliyin azalmasına deyil, daha da artmasına xidmət edir. Ona görə də bu məsələlərdə diqqətli olmağa ehtiyac var".

Politoloq Zaur Məmmədov isə hesab edir ki, səfir Sübhaninin son bir ayda verdiyi açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir: "Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendləri fonunda belə bir açıqlamanın məqsədi nədir? Yaxşı olardı ki, Tehranda bu cür şəxslər və konkret olaraq səfirlə bağlı araşdırılma aparılsın. Yoxsa Azərbaycanda bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın şəxsi göstərişi kimi başa düşə bilərlər".

Politoloq hesab edir ki, son 30 illik dövr ərzində Azərbaycana qarşı ən sərt mövqedən çıxış edən məhz İranın hazırkı XİN institutu, yaxşı olardı ki son illərdə harada uğur qazandığını götür-qoy eləsin: "Zərifin dövründə (sabiq XİN başçısı) İranın diplomatik uğurları göz qabağında idi. Bəs Abdullahian nəylə məşğuldur və hansı uğurları ilə seçilir?"

Onun sözlərinə görə, Azərbaycan özünə qarşı bütün olanlara rəğmən, kifayət qədər dözüm və səbir nümayiş etdirərək, bölgədə son qlobal çağırışlar fonunda Tehrana qarşı "düşmən" mövqedə olan Qərbə "Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyin, böldəgəki çağırışlar yalnız bölgə dövlətləri tərəfindən həllini tapmalıdır" çağırışını etdi: "Əvəzində isə qonşu dövlətin XİN institutu özünü nəinki eşitməzliyə qoydu, təşəkkür belə etmədi, hətta səfirlər vasitəsilə köhnə ritorikanı davam etdirir.

İran səfiri bildirib ki, "İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb". Azərbaycanla dostluq münasibətləridə maraqlı olduğunu bəyan edən Abdullahian özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir? İran səfiri çıxışında separatçıların və işğalçı Ermənistan ordusunun üzvlərinin ölməsini faktiki olaraq faciə kimi qələmə verir. Düşünürəm burada artıq nəsə deməyə ehtiyac yoxdur!"

Z.Məmmədov əlavə edib ki, İranın Ermənistandakı səfiri, həmçinin 5 aprel Brüssel görüşü barədə pozitiv fikirlər səsləndirir və İrəvanın iqtisadi imkanlarının artmasını dəstəklədiyini vurğulayır: "Məgər İran həmişə Qərbin regiona siyasi və hərbi ekspansiyasına qarşı çıxmırdı? Deməli, sözdə Fələstində, Yaxın Şərqdə, daxili auditoriyası qarşısında Qərbi özünün düşməni kimi qələmə verən Tehran, lazım gəldikdə ABŞ ilə əməkdaşlığa hazırdır. İndiyə qədər bu əməkdaşlığın nəticələrini Yaxın Şərqdə dəfələrlə görən biz, bu dəfə Ermənistanda real siyasətin gerçək üzünü gördük".

 

 





22.04.2024    çap et  çap et