525.Az

Ata, oğul və müqəddəs ruh naminə - Türkan Turan yazır


 

Ata, oğul və müqəddəs ruh naminə - <b style="color:red"> Türkan Turan yazır</b>

Ard-arda baş verən terror hadisələrindən sonra tez-tez getməkdən çəkindiyim yerə çevrildi İstiqlal caddəsi. Zənnimcə, bu düşüncədə olan tək mən deyiləm. Bir vaxtlar insan selinə məruz qalan, addım atmağa yer olmayan, adam əlindən hərəkətin iflic olduğu küçə indi yarı-yarıya boşalıb. Hətta deyərdim ki, küçədə sıravi insandan çox, polis var. Bu da insanların şüurları altında bir güvənsizlik yaradır. Çünki bir yerdə həddən artıq qorunma varsa, orada təhlükənin barmaq ucunda gəzdiyini bilirlər. Bütün hallarda İstiqlal caddəsi memarlığı, bağrındakı abidələri, muzeyləri, qədimiliyi ilə simvoldur. Hər şeyə rəğmən, var, mövcuddur. İndi yox, həmişə belə olub. 1870-ci ildə baş verən Böyük İstanbul yanğınında yanaraq kül olan, küllərindən doğan yerdir bura. İstiqlal caddəsi gözəlləməsini uzatmadan keçək məqsədimə. Mövzum Taksim meydanından baxanda əyri-üyrü, yamaq-yumaq tikililərin arasından göyə doğru uzanan Aya Triyada Yunan Ortodoks kilsəsidir. Kəskin xətləri, ecazkar görüntüsü ilə insana uzaqdan "gəl-gəl" deyir. "Müqəddəs üçlü" mənasına gələn Aya Triyada "ata, oğul və müqəddəs ruh"a ithafən inşa edilən kilsədir. İstabuldakı ən böyük yunan ortodoks məbədi hesab edilir.

 

Ayaq basdığın yerlərə beton deyib keçmə

 

Kilsənin yerləşdiyi yer və ətrafı bir vaxtlar böyük bir məzarlıq imiş. Sultanahmet meydanında İmperator Yustinianın dönəmində öldürülən 35 min nəfər insanın kütləvi şəkildə basdırıldığını və sümüklərinin hələ də meydanın altında olduğunu və meydanda gəzənlərin böyük əksəriyyətinin bundan xəbərləri olmadığını bilmək qədər ağır olmasa da, İstiqlal caddəsində bənzər hadisənin yaşandığını öyrənmək də məyus etdi. Təbii ki, empatiya qurduğun üçün, özünü aşağıdakıların yerinə qoyduğun üçün, insanın "heç" olduğu kim bilir neçənci dəfə üzünə çırpıldığı üçün üzülürsən. Düşünürsən ki, ayağını basdığın betonların altı insan sümükləri ilə doludur. Kimisinin övladı, kimisini anası, kimisinin atası idi həmin insanlar. İndi isə heç kimin heç nəyi deyillər. Hətta yoxdular, heç bir zaman olmamış kimi. Bəlkə də qəbirlər buna görə önəmlidir, qalıcı bir iz qoymasan da, bir başdaşı ilə yer üzündə var olmağa davam edirsən. Sabahattin Ali gəldi ağlıma. Məzarı yoxdur, amma 21 dilə tərcümə edilən, 30-a yaxın ölkədə çap edilən "Kürk mantolu madonna"sı var. Bəzi yazıçıların, bəstəkarların, rejissorların, filosofların məzarlara ehtiyacları yoxdur. Çünki əsərləri onları ölümsüz qılır.

 

İnsan haqları və haqsızlıqları

 

Qəbiristanlıq sırf bu kilsəni tikmək üçün yox edilib. Osmanlı memarı P.Kampanakinin ideyası ilə 1876-cı ilin avqustunda təməli atılır, 1880-ci ilin sentyabırında tamamlanır. Kilsə, Bazilika elementləri ilə birlikdə Yeni-Barokko tərzində, əlavə olaraq iki zəng qülləsi, böyük bir günbəz və yeni-qotik bir fasad ilə inşa edilib.

Əslində 1839-cu ilə qədər məscidlərə görə kilsələrdə günbəz ucaldılmasına icazə verilmirdi. Elə həmin il Tənzimat islahatları ilə qərar dəyişdirilir, günbəz və bənzər memarlıq elementlərinin kilsələrə əlavə edilməsinə icazə verilir. Aya Triyada, İstanbulda ilk günbəzli xristian kilsəsidir. Hazırda gördüyümüz kilsənin yerində bir vaxtlar Aya Mina Cəmiyyəti tərəfindən inşa edilən kiçik taxta kilsə var imiş. Böyük yanğında o da kül olmuşdu.

Kilsənin yanında Zapion Rum Litseyi də var. Onun da tarixi qədimdir. Hazırda fəaliyyət göstərməyə davam edir. Tarixlərə diqqət yetirəndə məlum olur ki, qəbiristanlığın üstündə əvvəlcə Aya Trida kilsəsi inşa edilib, daha sonra solunda yerləşən sözügedən litsey.

Xaç şəklində tikilişi, qübbəli fasadı hər iki yanında dörd mərtəbəli simmetrik qüllələri mövcud olan abidə dönəminə görə olduqca modern bir memarlığa sahibdir.

Sultan Abdulazizin taxtda olduğu vaxtlarda inşasına başlanan kilsə qurğuşun qapaqlı qübbəsi, Tənzimat sonrası müsəlman olmayan Osmanlı vətəndaşlarına verilən haqların bir simvolu olaraq qəbul edilib. Sağ giriş qapısı üstündəki kitabədə kilsənin patrik VI Grigorios dönəmində başlayan inşa işinin, Patrik İoakimin dönəmində ibadətə açıldığı qeyd edilib. On üç ilə yaxın uzun bir müddətdə tikilən abidənin içindəki İsa Peyğəmbər, Məryəm və digər əzizlərə aid təsvirlər rəssam Sakelarios Megaklis, mərmər işləmələr isə Aleksandros Krikelis tərəfindən işlənib. Tavan dəmir barmaqlıqlarla bir-birindən ayrılır. Sağ tərəfdə, aşağıda Aya Yorgiyə ithaf edilmiş rumların müqəddəs su adını verdikləri "ayazma" mövcuddur.

Burada maraqlı bir fakt da ortaya çıxdı. Sən demə, Bəyoğlu ərazisində bu gün çoxları tərəfindən bilinməyən, bu kilsə ilə eyni adı daşıyan və Rum Katolik camaatına aid ikinci Aya Triyada kilsəsi varmış. İngiltərə səfirliyinin yanında yerləşən həmin kilsə, 1867-ci ildə inşa edilir, məlum yanğında zərər görür, daha sonra yenidən inşa edilir, hazırda Odigitriya adı ilə tanınan Rum məktəbi kimi fəaliyyət göstərir.

 

Sərhədsiz xəyallar

 

Aya Triyada həyətində, naringi ağacları, xanıməli çiçəkləri, qızıl güllər, yamyaşıl otları, hündürlüyü kilsə ilə yarışan çinarları ilə əhatələnmiş kilsədir. İçəri girəndə kilsədən çox Edinburqda və ya İngiltərədəki o qədim, məşhur qəsrlərə ayaq basdığına dair bir hissə qapılırsan. Kilsənin içərisi çox səssizdir. Pıçıldayanda az qalır səsin əks-səda versin. Təəssüf ki, bu memarlıq incisi çox vaxt qapalı olur. Əgər açıq olduğu günə rast gəlmisinizsə, deməli, həmin gün şans sizdən yana olub. İçəridə yaşlı bir kişi oturur. Danışanda sərt görüntüsünün altından pambıq kimi yumşaq bir adamın ortaya çıxdığını görürsən. Bəzi günlər kilidi açır "keç içəri, 15 dəqiqəyə çıxarsan" deyir. Vaxtaşırı ayaqlarımın məni dartıb apardığı yerdir Aya Triyada.  Bəzi günlər kilsənin içində tək otururam. İçəri o qədər ecazkar, elə möhtəşəmdir ki, insana ağılasığmaz xəyallar qurdurur. Məsələn, düşünürəm ki, bir azdan İsa gələcək, arxasınca həvariləri onu təqib edəcək. O məşhur masa qurulacaq, son axşam yeməyi yeyiləcək, məşhur müqəddəs kasa ilə həvarilərə şərab veriləcək. Leonardo Da Vinçi həmin möhtəşəm anı ölümsüzləşdirəcək və mən də bütün bunları seyr edəcəm. Təbii ki, qurduğum bu xəyalın memarı divarlara həkk edilən İsanın və 12 həvarisinin rəsmləridir. İsa çarmıxa çəkilərək öldürüldükdən sonra xristianlığı yaymaq üçün uzaqlara gedən, getdiyi diyarlarda çarmıxa çəkilən, başları bədənlərindən ayrılan, zəhərli oxla öldürülən, canlı-canlı dəriləri üzülən 12 həvarinin şərəfinə kilsənin qübbəsi altında 12 pəncərə qoyulub.

Yeri gəlmişkən, 12 həvarilər Ayasofya divarlarında da təsvir edilib. Bu gün məscid statusu daşıyan, I Yustinianın göstərişi ilə tikilən kilsədə... Artıq öyrəşmişik, tarixin özündən böyük və absurd təzadlara məruz qalmağına.

Madam ki, söhbət 12 həvaridən düşdü, maraqlı bir rəvayətdən bəhs edim. Xristianlığın ilk dönəmlərində həvarilər haqqında müxtəlif əfsanələr uydurulurmuşdur. Nəql edilən söhbətlərə görə, bu mələklərin hər birinin altı qanadı varmış. Qanadların ikisi üzlərini, ikisi ayaqlarını gizləyirmiş, beşinci və altıncı qanadları vasitəsi ilə uçduqlarına inanırmışlar. Belə yerdə bilmirsən, insanı acizliyinə görə qınayasan, yoxsa belə fantastik xəyallar qurduğuna görə təqdir edəsən.

Əlbəttə, bütün bunlar həmin dönəmdə yaşayan insanların inandıqları və inanmaq istədikləri fərziyyələrdir, başqa dinlərdə olan uydurmalar kimi. Belə çıxır ki, insanın öz varlığında bir anlam tapa bilməməsi meyli ta dünya yaranandan var və bu, hələ də davam edir. Görünən odur ki, həyata sarılmaq üçün daha dərin anlama ehtiyac var - insanlığı aşan, daha üst səviyyədə bir anlama...

 

 

 





22.04.2024    çap et  çap et