525.Az

Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır


 

Tarixin faciəli və ibrətamiz əhvalatları - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

 Çarın arvadı ziyafət otağında çara yaxınlaşdı, ona həyəcanlanmamağı tövsiyə etdi və dedi ki, sənin ölkəndə elə adam vardır ki, onu sənin atan bütün maqların, münəccimlərin başçısı təyin etmişdi. Onun adı Daniyeldir. O, hər şeyi bacarır, onu çağır və o, sənə yazının mənasını bildirəcək. İudeyadan olan Daniyel saraya gətirildi. Çar ondan bu çətin problemi həll etməyi tələb etdi və bildirdi ki, bunu bacarsa, başqalarına etdiyi təklif onun üçün də qüvvədə qalır. Daniyel isə cavabında dedi ki, sən hədiyyəni özün üçün saxla və mükafatını başqalarına ver. Sənin atan öldürmək istəyəndə öldürürdü, aman vermək istəyəndə aman verirdi, kimi istəsə, yüksəldirdi, kimləri istəsə, özünə tabe etdirirdi. Lakin onun ürəyi xudpəsəndliklə dolduqda və məğrurluqdan bərkidikdə, o, çar taxtından salındı və onun şərəfi parça-parça oldu. O, adamlardan qaçdı və heyvan ağlına yiyələndi, vəhşi eşşəklər içərisində yaşamağa başladı, qaramal kimi ot yedi, onun bədəni göydən düşən şehlə islandı, o vaxta qədər ki, o, ən ali Allahı bütün çarlıqların və adamların üstündə hakim kimi qəbul etməyə başladı.

Lakin onun oğlu olan sən bütün bunları bildiyin halda, özünü Allaha tabe etdirə bilmədin, əksinə, özünü göylərin sahibinə qarşı aparmağa başladın. Sən məbəddən götürülmüş qədəhlərdə şərab içməyə başladın. Sən Allaha hörmət etmədin, O isə sənin həyatını və bütün sənin idarə etmə üsullarını əlində saxlayır. Ona görə həmin yazını yazan əli göndərmişdir. Yazı isə belədir: "Mene, mene, tekel, uparsin". Bu sözlərin isə mənası budur: mene - Allah sənin hökmranlıq etdiyin günləri saymışdır və onları axıra gətirib çıxarmışdır, tekel - sən tərəzidə çəkilmisən və istədiyini tapmısan, peres (uparsin) - sənin çarlığın yarı bölünərək, Midiyaya və Persiyaya veriləcəkdir.

Bundan sonra Baltasar Daniyeli qumaş paltara geyindirdi, boynuna qızıl zəncir doladı və çarlığın üçüncü ən yüksək hökmranı elan etdi. Elə həmin gecə babilistanlıların çarı Baltasar öldürüldü və persiyalı Dara çarlığı öz hakimiyyətinə aldı. Allah elədiyi zülmlərə görə nəinki onu cəzalandırdı, həm də onun ölkəsinə bəla gətirdi. Bu, Bibliyanın Daniyel kitabında təsvir olunmuşdur.

Yaxud, qədim dünyadakı başqa ibrətamiz hadisələrə müraciət edək. Məğrur Tarkvini Romada çar taxt-tacını ədalətli yollarla deyil, cinayət yolu ilə əldə etmişdi. Ona görə də xalq bir məğrur çar kimi ona nifrət edirdi, onun hakimiyyətindən cana gəlmişdi. Onun oğlu ərli qadın Lukretsiyaya təcavüz etdikdən sonra, xalq üsyan qaldırdı və onu b.e.ə. 510-cu ildə taxt-tacdan qovdu. Lakin kasıblar tiraniya üçün darıxırdılar və hesab edirdilər ki, müharibə tiraniyadan da ağırdır. Tarkvini çarlıqdan tam imtina etdiyini və ona, onun dost və yaxınlarına əmlaklarının və pullarının qaytarılmasını xahiş etdi ki, bu vəsaitlə sürgündə yaşaya bilsinlər. Bu vaxt vətəndaşlar yığıncağında, dövlətin idarə olunmasında heç vaxt iştirak etməmiş, təcrübəsiz Qay Minutsi birinci söz aldı və hamını dilə tutmağa başladı ki, ona cəhd etmək lazımdır ki, qullar tiranlara qarşı mübarizədə taxt-tac sahibinə kömək etsin, nəinki tiranlar xalqa qarşı mübarizə aparsın. Tarkvini isə bundan xəyanət üçün istifadə etmək istəyirdi.

Yeganə adam Brut idi ki, hamını Tarkvinin hiylələrinə uymamaq barədə xəbərdarlıq edirdi. Bu vaxt çarın adamları ilə əlaqəyə girmiş bir çoxlarının xəyanəti aşkara çıxdıqda, Brut xəyanətdə iştirak edən iki oğlunun da cəzalandırılmasını tələb etdi. Onun gözləri qarşısında əvvəlcə oğlanlarını qamçı ilə döydülər, sonra isə başlarını kəsdilər. Plutarxın yazdığı kimi, o, elə bir hərəkət etdi ki, onu layiq olduğu kimi tərifləmək də, məhkum etməyə layiq olduğu kimi pisləmək də olmaz. İki şeydən biridir: ya onun əxlaqi keyfiyyətlərinin böyüklüyü onun ruhunu hər şeyə biganə etmişdi, ya da ehtiras gücü onda hər cür mərhəmət hissini boğmuşdu. Bunlara diqqət verməmək də olmur, biri Allaha, digəri isə vəhşi heyvana məxsus xüsusiyyətlərin təzahürüdür. Bütün camaatın başqalarını əfv etmək tələblərinə cavab verdi ki, o, qanuni hakim kimi özü bu adamların hökmünü elan edir, digər ittiham olunanları isə azad xalqın məhkəməsinə verir. Bundan təsirlənən xalq öz tələbini geri götürdü və bütün satqınların boynu vuruldu. Bundan sonra çarın bütün əmlakı xalqın qarətinə verildi. Onun sarayı və malikanəsi tamamilə dağıdıldı. Hətta onun bağındakı ağacları da kəsdilər.

 

Qədim Roma konsulları, hərbi diktatorları xalqın rəyinə hörmətlə yanaşır

 

Lakin çarlıq ləğv edildikdən sonra Roma respublikasında artıq hakimiyyətə iki konsuldan biri kimi gələn Valeri də özünü çar Takvini kimi aparmağa başladı. Ətrafındakı bir çox əyanları, onun özünə çar kimi baxmağa məcbur edirdi. Hakimiyyətdə olanın bir bədbəxtliyi də odur ki, onun qulaqları cəsarətli həqiqətə deyil, yaltaqlığa, tərifli sözə açıq olur. Dostları Valeriyə deyəndə ki, onun davranışı, varlanması xalqa xoş gəlmir, o, onlardan incimədi, əksinə, əvvəlki xarakterindən uzaqlaşdı, özünü sadə qaydada, idarə etdiyi xalq kimi aparmağa başladı. Bir gecə ərzində şəhərin üstündə ucalan yeni tikilmiş əzəmətli evini uçurdu və yerlə bərabərləşdirdi. Bunu görən xalq ağıllı hərəkətlərinə görə onu "Poplikola", yəni "xalqın dostu" adlandırdı. Böyük Fransa inqilabının (1789-cu il) görkəmli xadimi Marat da özünü "Xalqın dostu" adlandırmışdı.

Konsul Poplikola həm də öz qanunları ilə xalqa məhəbbətini və özünün yumşaq xarakterini sübut etdi, lakin bəzi hallarda bu yumşaqlığına baxmayaraq, cəzaları daha sərt etdi. Belə ki, o, çar hakimiyyətinə cəhd edən hər kəsi istənilən adam tərəfindən hansısa bir məhkəməsiz öldürməyə icazə verən qanun dərc etdirdi. Poplikola namuslu və gözəl nə varsa, başqa sözlə, bütün insan arzularına uyğun gələn hər şeyə öz həyatında nail oldu. Qadınlar onun xatirəsinə hörmət əlaməti kimi könüllü olaraq bir il matəm libasında gəzdilər. O, sağlığında özünün mənəvi keyfiyyətləri hesabına, hələ sağ ikən romalılar arasında heç kəsin malik olmadığı nüfuz və şöhrətə malik idi. Onun ölümü təkcə dostlarını və qohumlarını deyil, minlərlə adamı, bütün şəhəri göz yaşına, kədərə və qəmə batırdı. Romalı qadınlar ona görə elə ağlayırdılar ki, elə bil oğullarını, qardaşlarını və ya ümumi atalarını itirmişlər. Poplikola məhz buna görə çox xoşbəxt adam idi. Müasir dövrdə isə bəzi Şərq ölkələrində demokratiya pərdəsi altında hakimiyyətdə olanlar çarlıq edir və heç nədən çəkinmirlər.

Hökmdarların çoxu həqiqətin gözünə dik baxa bilmədiyi kimi, doğru sözə də inanmır, özləri də çox vaxt bunu söyləməkdən yayınırlar. Qədim Afina hökmdarı Femistokl müəyyən mənada bu sahədə müstəsnalıq təşkil edirdi. O, oğlunun öz şıltaqlığı ilə anasına və onun vasitəsilə atasına bütün arzularını icra etməyə məcbur etməsinə istehza edərək, deyirdi ki, mənim oğlum Elladada ən güclü adamdır, çünki ellinləri afinalılar idarə edir, afinalıları isə o, onun özünü oğlunun anası, anasını isə oğlu idarə edir. Qızını istəyənlər arasında o, varlı adama görə yaxşı adama üstünlük verirdi, çünki o, elə adam axtarırdı ki, ona pul lazım olsun, elə pul axtarmır ki, ona adam lazım olsun. Herodotun sözlərinə görə, biri alaçıq sakinlərindən vergi kimi pul istədikdə demişdi ki, özü ilə iki Allah gətirmişdir: inandırma və məcbur etmə ilahilərini, əvəzində isə bu cavabı eşitmişdi ki, onların da iki ilahəsi var. Yoxsulluq və ehtiyac, onların da hər ikisi onlara vergi pulunu verməyə mane olur.

Qədim Romada dəfələrlə hərbi diktator təyin edilən Mark Furi Kamillin özünün başına gələn qeyri-adi macəralardan da söhbət açmağa dəyər. Uzun müddət romalılar Etruriyanın ən varlı və ən gözəl şəhəri olan Veyini zəbt etmək üçün onu mühasirəyə almışdılar. Müharibənin on ilinin nəticəsiz olduğunu görən romalılar bütün vəzifəli şəxsləri dəyişib, Mark Kamilli diktator təyin etdilər. Dövlətdəki bütün mülki və hərbi hakimiyyət ona tabe edildi. Müdafiəsi möhkəmləndirilmiş şəhəri hücumla almaq mümkün olmadığını görən Kamill, Veyiyə kömək edən digər etrusk şəhərlərini zəbt etməyə başladı və beləliklə, öz arxasını möhkəmləndirdi. Sonra Kamill şəhər divarlarının altından lağım qazmağa başladı, dərin və geniş yeraltı giriş düzəltdi. Onun sonu şəhərin içərisində qurtarırdı, Kamillin başçılıq etdiyi döyüşçülərin bir hissəsi şəhərə tərəf yaxınlaşdı ki, guya ona hücum etməyə hazırlaşır. Veyinin müdafiəçiləri divarların və qüllələrin üstündə dayanıb, hücumu dəf etmək niyyətində idilər. Romalılar yeraltı girişlə gəlib, şəhərdəki döşəməni sındırıb heyrətlənmiş etruskların qabağına çıxdılar. Bu vaxt şəhərə ümumi hücum da başlandı. Veyi məğlub oldu. Romalılar böyük qənimət götürdülər, ən başlıcası isə olduqca güclü və təhlükəli rəqib darmadağın edilmişdi. Kamillə böyük zəfər bayramı quruldu, lakin bu, onun paxıllarının qəzəbinə səbəb oldu.

 

Mark Furi Kamill hətta müharibədə nəciblik nümayiş etdirir

 

Sonra Roma sərkərdəsi öz qoşunlarını Faleri şəhərinin üzərinə apardı. Öz şəhərini hər tərəfdən əhatə edən divarlarının möhkəmliyinə əmin olan falerililər düşməndən qorxmurdular. Qüllələrdə və divarlarda yalnız gözətçilər var idi, əhali isə öz işləri ilə məşğul idi. Hətta məktəblilər gəzinti üçün müəllimləri ilə birlikdə şəhər qapısından kənara çıxırdılar. Lakin həmin müəllim satqın çıxdı. Həmişə olduğu kimi, bu dəfə şəhərdən çıxdıqdan sonra uşaqları düşmən düşərgəsinə gətirdi və onları qarovulçulara təhvil verdikdən sonra, onu Roma sərkərdəsinin yanına aparmağı xahiş etdi. Əsgərlər onu və uşaqları Kamillin yanına apardılar. Müəllim baş əyib, uşaqları göstərərək dedi: "Bu uşaqları mən tərbiyə etmişəm. Mənim vəzifəm onları öyrətmək və qorumaqdır. Lakin Kamill, sənə qulluq göstərmək mənə öz borcumu yerinə yetirməkdən daha vacibdir. Məhz buna görə mən sənin yanına gəldim və uşaqları gətirdim. Onları götür və falerililər özləri sənin ayağına döşənəcəklər".

Kamill, müəllimin hərəkətindən dəhşətə gəldi, çünki o, müdafiəsiz uşaqları düşmənlərə satırdı. Sərkərdə ondan üzünü döndərdi və onu əhatə edənlərə bərkdən dedi: "Kviritlər! Sizin hamınız bilirsiniz ki, müharibə qəddar və çox vaxt ədalətsiz bir işdir. Lakin vicdanlı adamlar üçün hətta müharibədə də bəzi qanunlar mövcuddur. Biz hamımız qələbə arzu edirik. Lakin biz qələbəni cinayət yolu ilə satın ala bilmərik. Sərkərdə və onun döyüşçüləri başqasının əclaflığına deyil, öz fərasətlərinə və igidliklərinə bel bağlamalıdır". O, əmr etdi ki, müəllimin əl-qolunu bağlasınlar, "çubuq və qamçı gətirin, onları uşaqlara paylayın. Uşaqlar, siz isə geri, öz ata-analarınızın yanına dönün və bu satqını qabağınızda qovun. Qoy hər biriniz onu çubuq və qamçı ilə qovsun" - deyən Kamill xəyanətə qarşı belə alicənablıq nümayiş etdirdi.

Şəhər sakinləri bunu bildikdə sarsıldılar və nə baş verdiyini anladıqda falerililər Kamilli tərif etməyə başladılar. Onu doğma ata, uşaqların xilaskarı adlandırdılar. Şəhərin xalq yığıncağı müqaviməti dayandırmağı qərara aldı və bunu sərkərdəyə xəbər verdi. Qalib isə təslim olan falerililərə ürəyi yumşaqlıq, rəhmdillik göstərdi. Lakin döyüşçülərin çoxu belə nəticə ilə razı deyildi, çünki sərkərdə şəhəri qarət etməyə və qənimət götürməyə onlara icazə verməmişdi. Onun üzərinə cürbəcür ittihamlar yağmağa başladı. O isə bunları dinləyir, onu məzəmmət edənlərə, ona böhtan atanlara cavab vermirdi. "Kamill xalqın əleyhinə gedir və öz həmvətənlərini sevmir" sözləri deyildikdə, o, dözə bilmədi və doğma şəhəri Romanı tərk etmək qərarına gəldi.

Şəhərdən çıxarkən o, geri dönüb bu sözləri söylədi: "Eh, romalılar! Siz məni biabır edib qovdunuz. Tezliklə siz peşman olacaqsınız və sizə Kamill hələ lazım olacaqdır. Əgər mənim vətənimin üstünü təhlükə alsa, mən inciməyimi unudacaq və köməyə gələcəyəm".

Heç bir il keçmədi və Roma qalların hücumuna məruz qaldı. Şəhər viran qoyulanda, təkcə Kapitolidən başqa, ətraf bütünlüklə zəbt ediləndə Kamill öz vətəninin düşmənlərinə qarşı vuruşmağı qərara aldı və digər İtaliya şəhərlərini buna qoşulmağa çağırdı və ilk dəfə Ardey yaxınlığında qalları məğlub etdi.

(Ardı var)

 





22.04.2024    çap et  çap et