525.Az

Prezident hərbi hospitalın açılışında iştirak edib


 

Prezident hərbi hospitalın açılışında iştirak edib<b style="color:red"></b>

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik
Nazirliyinin hərbi hospitalının açılışında iştirak etmişdir.

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini açdı. Prezident İlham Əliyev abidənin üzərindən ağ örtüyü götürdü, önünə gül dəstəsi qoydu.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sonra dövlətimizin başçısı hospitalın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Prezidentinə məlumat verdi ki, yeni tikilmiş hərbi hospitalda quraşdırılan avadanlıq tibbin ən son nailiyyətlərinə əsaslanır. Müasir texniki baza ilə təchiz olunan hərbi hospitalın istifadəyə verilməsi həm də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının sosial məsələlərinin həllində mühüm əhəmiyyət daşıyır. Tibb ocağında yaradılan müasir şərait bütün növ ağır cərrahi əməliyyatları aparmağa, müayinə və müalicə işlərini ən yüksək səviyyədə həyata keçirməyə imkan verir.

Qeyd edildi ki, 150 çarpayılıq hospitalda poliklinika, klinik laboratoriya, əməliyyat, reanimasiya və intensiv terapiya bloku, anqioqrafiya, radiologiya, endoskopiya şöbələri yaradılmışdır. Burada respublikada ilk dəfə olaraq tibbi oksigen istehsal edən generatorlar qurulmuşdur. Bununla yanaşı, binada pnevmatik poçt və tibbi tullantıların zərərsizləşdirilməsi və utilləşdirilməsi avadanlıqları quraşdırılmışdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, hospital binasının ümumi sahəsi 34 min 500 kvadratmetrdir. İki yeraltı, yeddi yerüstü mərtəbədən ibarət binanın damında ölkəmizdə ilk dəfə olaraq beynəlxalq tələblərə cavab verən helikopter meydançası inşa edilmişdir. Tibb ocağında yeraltı avtomobil parkı da yaradılmışdır. Ətrafda geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır.

Diqqətə çatdırıldı ki, hospitalın poliklinika şöbəsində mərkəzi müraciət, ilk yardım, ixtisaslaşdırılmış müayinə kabinələri yerləşir. Kabinələrdə səhiyyə qurğuları operativ və dəqiq müayinə aparmağa geniş imkan verir. Poliklinikanın klinik laboratoriyasında da müasir standartlara cavab verən avadanlıq quraşdırılmışdır.

Prezident İlham Əliyev hərbi hospitalın konfrans salonuna da baxdı. Burada Azərbaycan səhiyyə sisteminin inkişafında müstəsna xidmətləri olan məşhur həkimlərin portretləri və onlar haqqında məlumatlar əks olunmuşdur. Bildirildi ki, 120 nəfərlik konfrans salonunda müxtəlif seminarların, elmi-praktik tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Hərbi hospitalın mikrobioloji laboratoriyası da müasir standartlara cavab verir. Binanın dördüncü mərtəbəsində yerləşən apartament və VİP palatalar da yüksək səviyyədədir. Xəstələrin müalicəsi, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün zəruri tədbirlər görülmüşdür. Hospitalın 10 VİP palatası vardır. Xüsusi zövqlə salınan "Qış bağı" da müalicə olunanların ixtiyarına veriləcəkdir. Hospitaldakı bütün şöbələrdə dünyanın ən qabaqcıl ölkələrində istifadə edilən avadanlıq və tibbi cihazlar quraşdırılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, burada yaradılan şərait ürək cərrahiyyəsi, travmatologiya və ortopediya, ümumi cərrahlıq, urologiya, LOR və digər sahələrdə əməliyyatların səhiyyənin ən son nailiyyətləri əsasında aparılmasına imkan verəcəkdir. Reanimasiya və intensiv terapiya şöbələrindəki şərait də müalicəvi tədbirlərin tam və keyfiyyətlə aparılmasına xidmət edəcəkdir. Tibb ocağındakı palataların 48-i iki çarpayılıq, 17-si bir çarpayılıqdır. Burada, həmçinin Wİ-Fİ internet şəbəkəsi, İP TV və tibbi heyətin çağırış sistemi kimi texnoloji yeniliklərdən istifadə olunacaqdır. Hospitalın radiologiya şöbəsində son nəsil texnoloji yeniliklərə əsaslanan 3 tesla maqnit-rezonans tomoqrafiyası, kompyuter tomoqrafiyası, rentgen, densinometr, mamoqraf, ultrasəs skanerləri və digər avadanlıq istifadəyə verilmişdir. Bir sözlə, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalında yaradılan şərait buraya müraciət edənlərin müayinə və müalicəsinin səmərəli təşkili üçün ideal imkan yaradacaqdır.

Hospitalda yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və tibb ocağının kollektivi ilə görüşdü.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 





12.11.2012    çap et  çap et