525.Az

Hindistandakı beynəlxalq simpoziumda Qənirə Paşayevanın məruzəsi dinlənilib


 

Hindistandakı beynəlxalq simpoziumda Qənirə Paşayevanın məruzəsi dinlənilib<b style="color:red"></b> Hindistanın Dehli şəhərində bu ölkənin Jamia Millia İslamia Universitetinin, Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB), Türkiyənin Selçuk Universitetinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu keçirilib. Simpozium türk-islam mədəniyyətinin araşdırılması sahəsində tanınmış alim, Selçuk Universitetinin ədəbiyyat fakültəsinin müəllimi Yaşar Erdemirə ithaf olunub.
 
“Miras” İB-dən verilən məlumata görə, simpoziumun açılış mərasimində Milli Məclisinin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanın “Azərbaycan-Hindistan əlaqələri tarixdə və bu gün” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan və Hindistan arasında əlaqələrin bütün sahələrdə tarixən inkişaf etdiyi, yüksək bağlılığın bir təcəssümü kimi Bakıda “Atəşgah” məbədinin və Dehlidə Şamaxı adlı qəsəbənin olması diqqətə çatdırılıb. Hindistan neftinin aşkarlanmasında Eyyub Tağıyevin rolundan, Rac Kapur və Rəşid Behbudov arasında dostluqdan danışan Qənirə Paşayeva müstəqillik illərində Hindistanda Azərbaycan səfirliyinin açılması və digər əhəmiyyətli işlərdən də bəhs edib. Açılış mərasiminin sonunda qarşılıqlı olaraq plaketlər və hədiyyələr təqdim olunub.
 
Tədbir çərçivəsində M.F.Husain sənət qalereyasında “Türk incəsənəti” sərgisi nümayiş olunub. İki gün davam edən simpoziumda Azərbaycan, Türkiyə, İtaliya və Hindistandan olan alimlərin müxtəlif bölmələr üzrə 60-dan çox məruzəsi dinlənilib. Azərbaycanlı alimlərin “Təbriz bədii məktəbinin Moğol miniatür məktəbinin formalaşmasında rolu”, “Orta əsrlərdə Azərbaycanda zərdüştilər”, “Türk xalqlarında “Arzu-Qənbər” dastanı: motiv və süjet göstəricisi”, “Əlaəddin Sabit Bosnəvinin əsərlərində bəzi adət və ənənələr”, “XVI əsrdə Moğol dövlətinin siyasi və mədəni həyatında Səfəvi dövlətinin rolu”, “Şərq musiqi mədəniyyətinin qədim kökləri”, “Azərbaycan muğam və aşıq musiqisinin qarşılıqlı əlaqələri”, “Azərbaycan teatr tarixinin yeni səhifəsi: uşaq teatrı”, “Üzeyir Hacıbəylinin folklor musiqimizə əsaslanmasının səbəbləri” və digər mövzularında çıxışları böyük maraqla dinlənilib.

S.ABDULLAYEVA
 





28.09.2014    çap et  çap et