525.Az

“Ermənistan prezidenti mötəbər auditoriyanı aldatmaq yolunu seçdi”


 

“Ermənistan prezidenti mötəbər auditoriyanı aldatmaq yolunu seçdi”  <b style="color:red"></b> “Ermənistan prezidenti Serj Sarkisyan  BMT Baş Məclisinin 69-cu sessiyasında çıxış etdi.Ancaq başqa dövlətlərin nümayəndələri kimi beynəlxalq təhlükəsizlik tədbirlərindən, qonşu dövlətlərlə mehriban münasibətlərdən, ümumlanet problemlərindən danışmaq əvəzinə,  Ermənistan prezidenti mötəbər auditoriyanı aldatmaq yolunu seçdi”.

Bunu Milli Məclisin (MM) deputatı Aydın Mirzəzadə dilə gətirib. Onun dediyinə görə, S. Sarkisyan yenə də uydurma ”erməni soyqırımını” müzakirə mövzusuna çevirməyə və Türkiyəni əsassız yerə ittiham etməyə başladı:
 
“Hansı ki, Türkiyənin arxivləri açmaq təklifinə rəsmi Yerevan rədd cavabı verdi və Birinci Dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlı türk kəndlərinin yüz minlərlə dinc əhalisini qətlə yetirməsi isə tarixin inkar edilməyən səhifələrindəndir. Həmçinin Sarkisyan Osmanlı İmperiyasının 1912-1915-ci ildə maliyyə nazirinin və xaricdəki səfirlərinin 24-nün erməni millətindən olmasını yada salmaq istəmir. Türkiyəni ittiham edən Ermənistan dövlət başçısı Baş Məclisə Türkiyənin Ermənistanla sərhəddi açmaq istəməyindən şikayət edir.

Çıxışındakı əvvəlki tezisi unudaraq Türkiyəni onu sevməyə dəvət etməsi siyasi riyakarlığın ən bariz nümunəsi hesab edilə bilər. Sarkisyan ənənəvi olaraq Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Ancaq o müdafiə naziri olaraq Azərbaycan torpaqlarının 20 faizin işğal etməklərindən, Xocalı faciəsini törətməklərindən, 1, 2 milyon Azərbaycan vətəndaşını öz torpaqlarında qaçqına çevirməklərindən susdu. Həmçinin öz doğma kəndlərinə gedən iki Kəlbəcər sakini tutularaq işgəncə verməklərindən, onlar üzərində məzhəkəyə oxşayan məhkəmə qurmaq istəməklərindən söz açmadı”.

A. Mirzəzadə qeyd edib ki, Ermənistan prezidenti  çıxışında  BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğalına həsr olunmuş dörd qətnaməsindən xeyli söz açdı,  daha doğrusu, məsələni təhrif etməyə çalışdı:
 
“Sarkisyan Azərbaycanı Dağlıq Qarabağ ilə birbaşa əlaqələr qurmamaqda ittiham etdi. Ancaq Ermənistan qoşunlarının Azərbaycanda nə etdiyini və özünün vaxtaşırı dəvət olmadan icazəsiz Azərbaycan torpaqlarına gəlməsinin səbəbləri üzərindən sükutla keçdi. Ermənistan lideri növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışdı. Hesab etdi ki, bununla da erməni xalqının gündəlik qayğıları suallarından yayındıra biləcək. Ermənistan əhalisinin onun siyasətini bəyənməyərək hər il yüz min nəfərin ölkəni tərk etməsinin, yoxsulluq səviyyəsinin əhalinin 30 faizində dayanmasının, korrupsiya və sabaha inamsızlığın isə artıq ona dəxli yoxdur və BMT Baş Məclisində bu barədə danışmamaq da olar”.

KAMİL
 





28.09.2014    çap et  çap et