525.Az

Ermənistanın Vatikan qarşısında oyunlarının pərdəarxası


 

Ermənistanın Vatikan qarşısında oyunlarının pərdəarxası<b style="color:red"></b>

Din siyasi alət rolunda

Özlərini dünyanın ilk xristian dövləti elan edən ermənilər əsrlər boyu bu kartdan məharətlə istifadə etməyə çalışmışlar. Tarix boyu dövlətçilik təcrübəsi olmayan ermənilər üçün dini faktor hər zaman manipulyasiya vasitəsi olmuşdur. Maraqlıdır ki, ayrı-ayrı regionlarda xristianlıq ermənilərin fərqli məqsədlərinə xidmət etmişdir. Fikrimizcə, buna görədir ki, sayları cəmi bir neçə milyon olan bu xalqın nümayəndələri xristianlığın bütün əsas qol və təriqətlərinə xidmət edirlər. Qriqoryan, katolik, protestant, yunan-pravoslav, monofizit, diofizit, evangelist və digər dini əqidə daşıyan ermənilər dünyaya səpələnmişlər. Hələ müsəlman-ermənilər də ayrıca mövzudur. Türkiyədə dağlıq ərazidə yaşayan hamşinlər ermənilərin xüsusi qolu hesab olunur.

Müşahidələr göstərir ki, yaşadıqları əraziyə uyğun olaraq müxtəlif dini əqidə daşıyıcısı olmaq daha çox ermənilərin siyasi məqsədlərinə xidmət edir. Əgər Fransada katolik olmaq lazımdırsa burdakı erməni diasporu daha çox katoliklərdir. Qonşu Almaniyada isə protestant ermənilər üstünlük təşkil edir.

Tarix göstərmişdir ki, müxtəlif dövrlərdə və dünyanın ayrı-ayrı bölgələrində xristianlıq ermənilər üçün siyasi alət olmuşdur. Hələ səlib yürüşləri zamanı ümumi xristian maraqları çərçivəsində manevr edən ermənilər hazırda Afrikada Efiopiya ilə münasibətlər, Yaxın Şərqdə Livanda siyasi hakimiyyətdə təmsil olunmaq baxımından xristian dininin daşıyıcısı olmalarından siyasi manipulyasiya edirlər.

Məlum olduğu kimi, səlib yürüşləri zamanı ermənilər himayəsində yaşadıqları türklərə və ərəblər başda olmaqla birgə yaşadıqları digər müsəlmanlara xəyanət edərək, səlibçilərin tərəfində vuruşmuşlar. Səlibçilərin Yaxın Şərqdə Edessa, Antioxiya kimi şəhərləri almasında bu qala-şəhərlərdə yaşayan ermənilərin şəhəri təslim etməsi ilə bağlı onlarla faktlar var. Ermənilərin xristian həmrəyliyi imici yaratmaq niyyəti onların bu regionda uzun müddət möhkəmlənməsinə səbəb oldu. Fikrimizcə, məhz bu dövrdən səlib yürüşlərinin əsas havadarlarından olan Vatikanla ermənilər arasında gizli sövdələşmələr olmuşdur və hazırda da Ermənistan bu missiyadan sui-istifadə edir.

Xristianlıq Afrikada da Ermənistanın siyasi manipulyasiya alətinə çevrilmişdir. Xüsusi qeyd etməliyik ki, Ermənistanın Efiopiya ilə əlaqələrində istifadə etdiyi iki faktordan biri din faktorudur. Efiopiya Afrikada ən qədim xristian ölkəsidir və bu baxımdan, erməni təbliğat maşını "dünyanın iki ən qədim xristian dövləti'' ideyası altında çıxış edir. İkincisi, ermənilər amxar əlifbası ilə erməni əlifbasının oxşarlığından istifadə edərək, bu iki xalqın qohum və yaxın olması haqqında təbliğat aparırlar. Beləliklə, yenə ermənilərin tarixi saxtalaşdırmaq faktı qarşısında qalırıq. Necə ola bilər ki, lazım gəldikdə özünü Hind-Avropa dil qrupuna aid edən, digər bir halda Qafqazda avtoxton xalq iddiasında olan ermənilər indi də tamamilə başqa bir antropoloji tipə, dil qrupuna aid olan həbəşlərlə qohum xalq olur? Fikrimizcə, əgər Hind-Avropa dil qrupu İranla yaxınlıq, Qafqazda yerli olmaq bu torpaqlara iddia etmək üçün lazımdırsa, erməni-amxar yaxınlığı Afrikada Ermənistanın dezinformasiyası üçün lazımdır. Maraqlı bir mənzərə yaranır. Bir xalq neçə dil qrupuna, neçə dini əqidəyə, antropoloji tipə aid ola bilər? Ermənistanın siyasi, dini və elmi dairələrinin apardığı tarixi saxtalaşdırmaq siyasəti, dili, dini, əcdadı siyasətə qurban vermək strategiyası son nəticədə bu xalqın ümumilikdə etnogenezisini şübhə altına qoyur.

Xüsusi qeyd etməliyik ki, ermənilərin dini mənsubiyyətdən siyasi məqsədlər üçün istifadə etməsinin ən bariz nümunəsi Livanın timsalında görünür. Livanın dövlət quruluşunun konfessional tarazlıq sistemində ermənilər qriqoryan, katolik, protestant, evangelist dini əqidə daşıyıcısı olaraq ayrı-ayrılıqda təmsil olunmaq hüququna malikdirlər. Livanda ermənilərə Parlamentdə 6 yer və hökumətdə 2 nazir vəzifəsi ayrılmışdır. Bu ölkədə milli deyil, dini azlığın təmsilçisinə verilən imtiyazlar ermənilərin dini sektalara bölgüsünü şərtləndirən başlıca amildir. Livan hökuməti tərəfindən rəsmi olaraq 3 erməni dini məzhəbi ölkədə yaşayan dini sekta kimi tanınır: erməni qriqoryan, erməni katolik və erməni evangelistlər. Məsələnin mahiyyətində isə siyasi ambisiyalar dayanır.

Qafqazda da xristianlıq amili ermənilərin bir neçə məqsədinə xidmət edir. Birincisi, xristian albanların irsinə iddia etmək. Qafqaza sonradan köçürülmə xalq olan ermənilər öz hamiləri olan böyük dövlətlərin hesabına bu regionda avtoxton xalqların xristian irsinə sahib olmağa çalışırlar. Uzun əsrlər boyu aparılan bu məqsədyönlü siyasət 1836-cı ildə Rusiya tərəfindən Alban kilsəsinin Erməni Qriqoryan kilsəsinə tabe etdirilməsi ilə nəticələnmişdir. Azərbaycanda islam dini yayıldıqca ancaq yüksək dağlıq ərazilərdə yerli xalqların nümayəndələri xristian olaraq qalırdılar. Bu baxımdan, Qarabağın dağlıq ərazisində xristian albanların qriqoryan erməni kilsəsinin təsiri altında assimilyasiya uğradığı tarixi faktdır.

Qafqazda ermənilər digər bir xristian irsinə də iddialıdırlar. Hazırda erməni təbliğat maşını xristian qıpçaqları bütün dünyaya qıpçaqdilli ermənilər kimi təqdim edir. Xristian qıpçaqların regionda xaçkarları erməniləşdirilir və dünyaya erməni mədəni irsi kimi təqdim olunur. Halbuki, bununla bağlı azərbaycanlı tədqiqatçılardan Qədir Qədirzadə, Kərim Şükürov, Hikmət Babaoğlu, Emin Şıxəliyev, Pərviz Elay, türkiyəli tədqiqatçılardan Yaşar Kalafat, Receb Şahin, Sadi Koçaş xristian qıpçaq irsinin ermənilər tərəfindən mənimsənildiyi barədə təkzibolunmaz faktlar ortaya çıxarmışlar.

Ermənistanın xarici siyasətinin qurbanı – xristianlıq faktoru

Beləliklə, faktlar göstərir ki, xristianlıq ermənilər üçün hər zaman siyasi alət olmuşdur. Məhz dini faktordan istifadə edərək ermənilər öz havadarlarının hesabına özgə torpaqlarında dövlət qurmağa nail olmuş, qonşularının ərazilərini işğal etmişlər. Hər hansı bir siyasi məqsədə çatmaq üçün bütün dini, ilahi, bəşəri dəyərləri ayaqlamaqdan isə çəkinməmişlər. Fikrimizcə, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın sentyabr ayının 18-də Vatikana səfərini də bu prizmadan qiymətləndirmək olar.

Məlum olduğu kimi, qondarma ''erməni soyqırımı''nın 100 illiyi ilə əlaqədar Ermənistan Dünya Kilsələr Şurası, eləcə də Vatikanla fəal iş aparır. 2013-cü ildə Bütün ermənilərin katolikosu II Qareginin Dünya Kilsələr Şurasının 8 il müddətinə sədri seçilməsindən sonra ermənilərin xristian faktorunu öz yalançı ambisiyalarının əsirinə çevirəcəyi şübhə doğurmurdu. Ermənistanın siyasi və dini dairələri 2015-ci ildə erməni ''soyqırımı''nın Dünya Kilsələr Şurası tərəfindən tanınmasına nail olmağa çalışırlar. Digər tərəfdən Vatikan vasitəsilə xristian dünyasına təsir göstərmək istiqamətində iş aparılır. Papa I Fransisk hələ Argentinada olarkən, erməni diasporunun hərtərəfli dəstəyi sayəsində 1915-ci il hadisələri ilə bağlı birtərəfli məlumatlandırılmışdır.
Nəticədə Papanın mövqeyi də birtərəfli formalaşmışdır. İndi Ermənistan rəhbərliyi onu gələn il İrəvanda keçiriləcək tədbirdə iştiraka sövq etməyə çalışır.

Serj Sarkisyanın Vatikana səfərində də əsas niyyət xristian təəssübkeşliyi ideyası altında ermənilərin öz siyasi məqsədlərinə nail olmasıdır. Ermənistan Prezidentinin Vatikanda səsləndirdiyi fikirlərlə onun özünün şəxsən iştirakçısı olduğu terrorçuluq fəaliyyəti isə bir-birinə daban-dabana ziddir. Qarabağda azərbaycanlılara qarşı vəhşi qətliamların şəxsən iştirakçısı olan Sarkisyan dünya xristianlığının mərkəzindən hamını aldadaraq bildirir ki, ''dindən müharibə və zorakılıq naminə istifadə olunmamalıdır, din dünyanın hər yerində tolerantlıq və dialoqun yaranmasına və saxlanmasına xidmət etməlidir''. Bu fikirləri məhz fərqli dini-etnik daşıyıcı olduğuna görə günahsız azərbaycanlıların qətliamında iştirak edən birinin deməsi xristian dini əqidəsini öz alətinə çevirməyin ən bariz nümunəsidir.

Öz çıxışında kürəkəni, Ermənistanın Vatikandakı səfiri Mikael Minasyanı tərifləməyi də unutmayan Sarkisyan Azərbaycanı erməni mədəni irsinin dağıdılmasında ittiham edir. Birincisi, tarixi faktlar Qafqazda qədim dövr erməni abidələrindən danışmağın yersiz olduğunu deyir. Ola bilər ki, Sarkisyan 1978-ci ildə Ağdərə rayonunun Marquşavan kəndində ermənilərin bu regiona köçürülməsinin 150 illiyi ilə əlaqədar açılmış və elə ermənilərin özləri tərəfindən də ''izi itirmək'' üçün dağıdılmış abidəni nəzərdə tutur. Yəqin ki, həmin vaxt Xankəndində yaşayan Sarkisyan bu abidənin açılışında iştirak edib. İkincisi, dünyanı keçmiş cinayətləri unutmamağa çağıran Ermənistan Prezidenti Qarabağda dağıdılan, vandalizmə məruz qalan islam tarixi abidələri haqqında susur. Başçılıq etdiyi hərbi xuntanın yerlə-yeksan etdiyi tarixi abidələr haqqında isə Vatikanda da bilməmiş deyillər. Beləliklə, Ermənistan rəhbərliyi yenə xristianlıq faktorundan siyasi riyakarlıq üçün istifadə edir.

Müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin yaşadığı Azərbaycan əsrlər boyu öz tolerantlığı ilə seçilmişdir. Bu gün də tarixi ənənələrə sadiq qalan Azərbaycan dövlətinin siyasəti tolerantlıq və mədəniyyətlərarası dialoq üzərindən qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında bildirdiyi kimi ''Multikulturalizm bizim həyat tərzimizdir.
Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır.

Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar''.

Günümüzdə dünyada ən aktual mövzu və proses radikallaşma meylləridir. Bir tərəfdən müxtəlif qrupların dindən öz məqsədləri üçün istifadə etməsi, digər tərəfdən isə idarə olunan qlobal mətbuatın radikallaşma proseslərini, terrorçu qruplaşmaların fəaliyyətini dini əqidə ilə əlaqələndirmək cəhdləri ən mühüm müzakirə mövzularıdır. Belə bir şəraitdə Ermənistan Prezidentinin Vatikan səhnəsindən istifadə edərək Qafqazdakı hadisələri Yaxın Şərqdəki radikal təmayüllərlə əlaqələndirmək niyyətini yalnız bir terrorçunun öz əməllərini dini amalla bağlamaq istəyi ilə müqayisə etmək olar.

Maraqlıdır ki, tarixə ekskurs edərkən ermənilərin Vatikandan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışmalarına əvvəlki dövrdə də rast gəlirik. XVII əsrdə erməni icması adından Avropaya göndərilən İsrail Ori də xristian faktorunu erməni maraqları üçün manipulyasiya etmişdir. Bununla bağlı akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabında dəyərli faktlar əks olunmuşdur. Kitabda göstərilir ki, ''Özgə torpaqlarında özlərinə dövlət yaratmaq üçün erməni missionerləri Avropa saraylarını qapı-qapı gəzirdilər. Bu məqsədlə ermənilər belə bir mif yaratmışdılar ki, guya xristian ermənilər Osmanlı və Səfəvi dövlətləri tərəfindən təqib olunur, zorla müsəlmanlaşdırılırlar. Bu mifi dünyaya yaymaq və xristian havadarlarından dəstək almaq məqsədlə İsrail Ori adlı bir missioner Avropaya göndərilmişdi. O, 1704-cü ildə Papa XI Klement tərəfindən qəbul olunur və Papa ermənilərə kömək edəcəyinə söz verir. Əvəzində İsrail Ori vəd verir ki, Səfəvi asılılığından azad olan bütün ermənilər Roma papasının dini rəhbərliyini tanıyacaqlar''. Yenə erməni yalanı və xristianlığın siyasi istismarı. Kitabda tarixi faktlara istinadən göstərilir ki, bir müddət sonra İsrail Ori artıq I Pyotrun sarayında eyni vədləri verirdi.

Beləliklə, Ermənistan Prezidentinin Vatikana səfəri zamanı kimə nə vəd verdiyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Ancaq mövzu dini dəyər olsa belə əsas məsələ verilən vədlərin nə qədər etibarlı olmasıdır.

Bu yerdə məşhur fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səfəri'' əsərində ermənilər haqqında yazdıqları yada düşür. Qafqaza səyahət zamanı burada yaşayan xalqlarla əyani tanışlıqdan sonra A.Düma yazırdı:

"Əgər azərbaycanlı (o dövrün dili ilə tatar) sizə başı ilə razılıq verirsə, ona etibar edin. Əgər fars sizə əl verirsə, ona bel bağlayın. Əgər hər hansı bir dağlı söz verirsə, buna şübhə etməyin. Ancaq əgər bir erməni ilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin və iki nəfər də şahid tutun ki, sonra öz imzasını danmasın''.

Newstime.az
Ərəstü Həbibbəyli, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 





29.09.2014    çap et  çap et