525.Az
Mustafa Çəmənlinin ensiklopedik “Sənət hekayələri” – 35 illik zəhmətin bəhrəsi
Tanınmış yazıçı, publisist, naşir Mustafa Çəmənli indiyədək qələmə aldığı “Mənim dünyamın adamları”, “İtirilmiş səs”, “Şövkət Ələkbərova”, “Xallı gürzə”, “Səs qərib olmur”, “Fred Asif”, “Nəğməli xatirələr”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Səsin ruhu”, “Oxu, gözəl”, “Mən olmayanda dostum ol”, “Sənətkar ömrünün izləri”, “Ruhların üsyanı”, “Leyli və Məcnun” –100 il səhnədə”, “Çahargah”, “Şəmsəddin Eldəniz”, “Məcnunun Məcnunu”, “Mübariz”, “Ölüm mələyi”, “Yaddaşlarda yaşamaq haqqı” əsərləri, tərtib və redaktə etdiyi çoxsaylı nəşrlər, “Azərbaycan Respublikasının Xalq artistləri” silsilə albom-kitabları ilə geniş oxucu rəğbəti qazanıb.
Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçının daha bir dəyərli kitabı –”Sənət hekayələri” toplusu işıq üzü görüb. Dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində geniş təqdimatı keçirilən kitabda müəllifin son 35 ildə yazdığı sənədli hekayələri, portret-oçerkləri, esseləri, xatirələri toplanıb. Yazıçının publisistika ilə nəsrin vəhdət təşkil etdiyi özünəməxsus bədii dillə, bəzən də emosional əhval-ruhiyyə ilə qələmə aldığı bu ensiklopedik nəşrdə Azərbaycan mədəniyyətinin, incəsənətinin ən görkəmli şəxsiyyətləri, ən parlaq simaları haqqında geniş söz açılıb.
“Sənət hekayələri” təkcə kütləvi oxucu auditoriyasına hesablanmayıb, kitab bütövlükdə sözügedən sahənin tədqiqatçıları, araşdırmaçıları üçün də qiymətli mənbə hesab oluna bilər.
Nəşrdəki materialların daha əyani, dolğun alınması üçün müəllif həm Üzeyir Hacıbəylinin ev muzeyi, Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivi ilə, həm də Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi ilə sıx əməkdaşlıq edib.
Kitabın redaktoru və ön sözün müəllifi sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir. “Səsləri əbədiləşdirmək istedadı” adlı önsözdə sənətşünas vurğulayıb ki, Mustafa Çəməli yaradıcılığının fərdiliyi bir tərəfdən maraq dairəsinin genişliyidirsə, digər tərəfdən onun hadisələrə münasibətində zamansızlığa nail olmasıdır: “Fikrimizcə, bunu şərtləndirən başlıca səbəb müxtəlif mövzulu yazılarında araşdırdığı sahəyə yüksək bələdçiliyni nümayiş etdirməsi, bədii üslubunda-yazı manerasında müdrikliklə emosionallığı qoşalaşdırmağa nail olmasıdır. Əslində, müəllifin əsas yaradıcılıq kredosunu və həyat amalını özündə hifz edən “Sənət hekayələri” onun sənət dünyasına bədii münasibətinin çoxillik mənzərəsinin məcmusudur”.
Ön sözün müəllifi yazıçının yeni kitabına daxil edilmiş “Səs qərib olmur”, “Borc”, “Şur dərsi” hekayələrində bədiiliyin qabarıq olması ilə yanaşı məzmun və fakt tutumuna görə də tarixi-mənəvi əhəmiyyət daşıdığını qeyd edib: “Müəllifin “Nəğməli xatirələr”, “Oxu, gözəl”, “Son görüş”, “Mənsuriyyə harayı”, “ “Rast”da yaşayan ömür” və “Azad bir quşdum” yazılarında isə oxucuya adları muğam tariximizi bəzəyən Yavər Kələntərli, Xan Şuşinski, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Şahmalı Kürdoğlu və Səxavət Məmmədovun yaradıcılığını bəzəyən və çoxlarına məlum olmayan məqamlar təqdim olunduğundan, onların məzmun tutumu çox yeni və təravətli qəbul olunur...”
Ziyadxan Əliyev “Sənət hekayələri”ni Mustafa Çəmənlinin musiqi tariximizə yeni və özünəməxsus baxışı kimi səciyyələndirib: “...Bu kitabda yuxarıda adları çəkiləndən başqa onlarla görkəmli sənət adamının yaradıcılığına da münasibət bildirilib. Amma bu zənginliyi şərtləndirən başlıca səbəb çoxluğun əldə olunmasından öncə, milli musiqimizin inkişafına töhfələr vermiş insanların xatirələrinə ehtiramın ifadəsi, dəyərli yaradıcılarını unutmağa haqqımızın olmadığını hamımıza bir daha xatırlatmasıdır. Bu sırada Hüseynqulu Sarabski, Əhməd bəy Ağdamski, Əli Zülalov, Cahan Talışinskaya, İsmayıl Eloğlu, Sona-Mustafayeva-Bağırova, Şirzad Hüseynov, Səməd Səmədov, Hacıbala Hüseynov, Gülxar Həsənova, Adili Gəray, Sara Qədimova, Kamil Əhmədov, Simuzər Hətəmova, Gülağa Məmmədov, Habil Əliyev, Əlibaba Məmmədov, Elman Bədəlov, Mürşüd Məmmədov, Ramiz Hacıyev, Xaləddin Xəlilov, Arif Babayev, Süleyman Abdullayev, Qədir Rüstəmov, Canəli Əkbərov, Ramiz Quliyev, Ağaxan Abdullayev, Mənsum İbrahimov və Nəzakət Teymurovaya həsr olunmuş esse və oçerklərin adını çəkmək olar”.
Müəllif kitaba “Yaddaş-bir teşt buğdanı başı üstə qaldırıb: “Yel baba, yel baba, yel göndər”-deyə meh gözləyən adam kimidi, adi sözdən, mehriban təbəssümdən oyanar, çiçəkləyər” mükaliməsi ilə giriş verib. Kitabı açan “Yaddaş” yazısında da müəllif məhz bu aspektdən yanaşaraq oxucuları özü ilə sənət aləminin içərilərinə götürür. Özünəməxsus ifadə tərzi və orijinal poetik üslubla qələmə alınmış “Yaddaş”da oxucu sözlərin vasitəsi ilə özü də hiss etmədən sanki Qarabağa – müəllifin doğma kəndi Çəmənliyə yol başlayır: “...Mən deyərdim ki, yaddaş da yazılmış val kimidir, dünyanın bütün səsləri bu valda öz əksini tapır. Hər bir görüşdən bu vala iz düşür və nə vaxtsa o səsi təkrar-təkrar eşidirsən. Budur, indi mən bu sözləri yazarkən beynimdə həzin-həzin balaban çalınır. Balabanda çalınan bu həzin, yanıqlı havanı Mən Gülablıdan Ağdama qayıtdığım o gözəl may gecəsində yaddaşıma köçürtmüşdüm...”
Mustafa Çəmənli dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına böyük həssaslıqla yanaşdığı “Ürəyimdə qalan sözlər” yazısında zəngin fakt və sitatlardan istifadə etməklə yanaşı görkəmli sənətkara bəslədiyi sevgini də qələmə alıb: “Ürəyimdə qalan sözlərimi 1948-ci ildə Məhəmməd Əmin Rəsulzadənin Üzeyir bəyin vəfatı münasibətilə yazdığı bu sözlərlə bitirirəm: “Fəqət beyhuda, dəmir pərdənin arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada çiyni diktatorun əli ilə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbəyə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kulturundan və Azəri türk tarixindən kimsə ayıramaz! O milli Azərbaycan varlığının məsnədləri arasında qalacaq dəyərdir!”
Azərbaycanın ilk rəqs ansamblı haqqındakı yazısında Mustafa Çəmənli 80 ildən artıq tarixə malik Mahnı və Rəqs Ansamblının yetirmələrindən söz açıb: “Görkəmlii sənətkarlarımızdan Şövkət Ələkbərova, Rübabə Muradova, Tükəzban İsmayılova, Gülağa Məmmədov məhz Dövlət Mahnı və Rəqs Ansamblının yetirmələridir. Ansamblın tərkibi daim yeniləşib, dəyişib...”
“...Mən Şuşanı hələ lap uşaqkən, kəndimizdə onu görənlərin gözləriylə görmüşəm. Onunla öyünən, onunla fəxr edən doğmalarımın tez-tez işlətdikləri “Qalaya gedirəm”, “Qaladan gəlirəm” kəlmələrinin şirinliyini, məhrəmliyini indi də unutmamışam. Bax, elə o zaman hardansa əlimə Firidun Şuşinskinin “Şuşa” adlı nazik, yaşıl üzlü kitabçası keçmişdi. Mən bütün gecəni yatmayıb o kitabı oxumuşdum. O anda da Şuşanı görməyə qəlbimdə şiddətli bir arzu doğmuşdu. Elə bilirdim, Şuşanı görməsəm bağrım çatlayacaq. O zaman mənim 17 yaşım vardı. Bir gün sonra uşaqlıq dostumla Şuşaya getdim...Cıdır düzündən Daşaltı çayına tamaşa etdiyim o ilk an, piyada İsa bulağına getməyimiz mənim üçün unudulmaz xatirədir...” Bədiiliklə publisistikanın maraqlı şəkildə çuğlaşdığı bu mətn M.Çəmənlinin “Bu işıqlı dünyada” yazısındandır. Bu hekayə həm də kitabın “Yaddaşlardan yaddaşlara” bölümündə təqdim edilmiş sonuncu hekayədir.
Kitabın bundan sonrakı “Sənət hekayələri” bölümü isə görkəmli tarzən Əhsən Dadaşovdan bəhs edən “Səs qərib olmur” yazısı ilə açılır. Bu bölümdə “Borc”, “Şur dərsi”, “Nəğməli xatirələr”, “Oxu gözəl”, “Son görüş”, “Mənsuriyyə harayı”, “Rast”da yaşanan ömür”, “Azad bir quşdum” hekayələri Azərbaycanın ən görkəmli mədəniyyət xadimlərinin həyat yoluna işıq tutur.
Nəşrin sonuncu – “Portret-esselər” bölməsində isə müəllif tanınmış musiqi adamlarının portretini bədii sözlə təsvir etməyə müvəffəq olub. Mustafa Çəmənlinin Xalq artisti Qədir Rüstəmovla bağlı yazdığı bir neçə yazısında isə sadəcə faktları, məlumatları qələmə alan bir publisistin deyil, bir yazıçının- muğamı, xalq mahnılarını, musiqinin və sözün qüdrətini iliyi, canı- qanı ilə hiss edən, illərdir torpağı işğal altında inləyən qəlbi yaralı bir qələm adamının harayı
29.09.2014 çap et