525.Az

"Cənub dəhlizi": qlobal enerji təhlükəsizliyinə doğru mühüm addım


 

"Cənub dəhlizi": <b style="color:red">qlobal enerji təhlükəsizliyinə doğru mühüm addım</b>

Sentyabr ayının 20-də Bakıda "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimi olub. Həmin gün həm də "Əsrin müqaviləsi"nin 20 ili tamam olub.

Azərbaycanın paytaxtına təşrif buyurmuş yüksək səviyyəli qonaqlar tədbirdə iştirak ediblər. Onlar "Cənub dəhlizi" layihəsinin strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, onun regional və beynəlxalq əməkdaşlığa verəcəyi faydanı qeyd ediblər. Bundan əlavə, söhbət bütövlükdə qlobal enerji təhlükəsizliyi sisteminin formalaşmasına verilən töhfədən gedir. Bu hadisənin tarixi əhəmiyyətini və faydasını da nəzərə almaq lazımdır.

Enerji strategiyasının uğurları: Azərbaycanın regional əməkdaşlıqda rolu

Azərbaycanın enerji siyasətinin səmərəliliyi danılmazdır. Regional əməkdaşlıq və təhlükəsizlik sahələrində onun mühüm rol oynadığına da şübhə yoxdur. Bir-birinin ardınca həyata keçirilən iri layihələr Bakının dünya siyasətindəki mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərir. "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimi bu aspektdə bir sıra vacib məqamları üzə çıxardı.

Sentyabrın 20-də paytaxt Bakıda keçirilən bu tədbirdə bir sıra ölkələrin rəhbərləri, iri beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxışı zamanı "neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır" deyə, qeyd edib (bax: Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyinə və "Cənub qaz dəhlizi"nin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib / AzərTAc, 20 sentyabr 2014).

Bu, tarixi fikirdir. Çünki müstəqilliyini yeni əldə etmiş ölkə kimi Azərbaycan enerji sahəsində qlobal əhəmiyyətli layihə üzrə beynəlxalq komandanın formalaşmasında prinsipial rol oynayır! 20 il bundan əvvəl "Əsrin müqaviləsi"nin imzalanmasına ulu öndər Heydər Əliyevin çox böyük zəhmət və siyasi iradəsi sayəsində nail olunmuşdu. Elə o zaman da Qərbin Azərbaycanla enerji sahəsində əməkdaşlığının faydalı olacağına hər kəsi məhz Heydər Əliyev inandırmışdı. Bu nailiyyət indi yeni bir iri layihə ətrafında beynəlxalq komandanın formalaşdırılmasına imkan verib.

Məsələnin geosiyasi aspekti daha əhəmiyyətlidir. Dünyanın müxtəlif regionlarında mürəkkəb geosiyasi proseslər gedir. Bir sıra ölkələr öz müstəqilliklərini qorumaq üçün çox çətin situasiyalardan çıxmağa çalışırlar. Belə bir dövrdə Azərbaycan nəinki öz suverenliyini təmin edir, hətta beynəlxalq səviyyədə enerji təhlükəsizliyi sahəsində də vacib addımlar atır.

Bu kontekstdə Avropa Komissiyasının sədri J.M.Barrozunun fikri çox ibrətamizdir. O, deyib: "Bu dəhliz başa çatdıqdan sonra Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq" (bax: Joze Manuel Barrozu: "Cənub qaz dəhlizi" XXI əsrin layihəsi olacaq / AzərTAc, 22 sentyabr 2014).

Avropa İttifaqının məmuru burada lakonik şəkildə iki mühüm aspekti ifadə edib. Birincisi, "Cənub qaz dəhlizi" Xəzər dənizi hövzəsi ilə Avropanın mərkəzini nəqliyyat axını cəhətdən birləşdirəcək. Asiyadan Avropaya uzanan yol Bakıdan keçəcək. Bu, Azərbaycanın bədxahlarının geosiyasi sərsəmliklərinə verilən tutarlı bir cavabdır. İkincisi, həmin layihənin əhəmiyyəti yalnız bununla məhdudlaşmır. O, bütövlükdə enerji təhlükəsizliyi və geosiyasi yeniləşmə baxımından XXI əsrin tələblərinə cavab verir!

Məlumdur ki, mütəxəssislər dünyanın yeni geosiyasi nizamının formalaşmaqda olmasından danışırlar. Bu, çox ağrılı və özündə xeyli yenilik ehtiva edən bir prosesdir. İndi enerji faktorunu nə geosiyasətdən, nə mədəniyyətdən, nə də geoiqtisadiyyatdan ayırmaq mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyevin bu kontekstdə çox gözəl fikri vardır. O, "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimindəki çıxışı zamanı vurğulayıb: "Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik" (bax: bax: Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyinə və "Cənub qaz dəhlizi"nin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib / AzərTAc, 20 sentyabr 2014).

Xəzərdə beynəlxalq əməkdaşlıq: "Cənub dəhlizi" ilk nümunə kimi

Hazırkı mərhələdə Azərbaycanın belə yüksək səviyyədə qlobal təhlükəsizlik sisteminin formalaşmasında iştirakı strateji əhəmiyyətli bir məsələdir. Digər tərəfdən, söhbət tarixdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığın reallaşmasından gedir. Bu barədə ayrıca fikir bildirən İlham Əliyev həmin prosesin bütövlükdə dünya üçün əhəmiyyətini dəqiq ifadə edib.

Məsələ burasındadır ki, indiyə qədər Xəzər bir sıra dövlətlər üçün silahlanma, öz marağını başqalarına diqtə etmə, əməkdaşlığa mane olma məkanı olub. Azərbaycan bu mənfi tendensiyanı dəyişir. "Cənub qaz dənizi" layihəsi Qafqazdan tutmuş Avropaya qədər geniş coğrafi məkanda yerləşən bir neçə dövlətin Xəzərdə birgə fəaliyyətini təmin edir. Onlar bu kontekstdə silahlanmaya qoyacaqları xərcləri deyil, əldə edəcəkləri mənfəətləri sadalayırlar. Bakıda keçirilən təməlqoyma mərasimində çıxış edən hər bir xarici ölkə nümayəndəsi bu barədə danışıb.

Bolqarıstanın prezidenti R.Plevneliev 2019-cu ildə ölkəsinə ildə 1 milyard kubmetr qaz nəql ediləcəyindən bəhs edib. Gürcüstanın baş naziri İ.Qaribaşvili yoxsulluğun aradan qalxmasında və yeni iş yerlərinin açılmasında Azərbaycanın təşəbbüskarı olduğu layihələrin rolundan danışıb. Yunanıstanın baş naziri "Cənub qaz dəhlizi"nin hökumət üçün prioritet məsələ olduğunu deyib. Türkiyənin energetika və təbii sərvətlər naziri T.Yıldız bu layihənin Avropanın qaza olan ehtiyacının ödənilməsində əsas rol oynayacağını bildirib (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdən aydın görünür ki, "Cənub qaz dəhlizi" layihəsi böyük bir geosiyasi məkanda ciddi tarixi hadisədir. Onun reallaşması ilə Avropanın enerji ilə təchizatında həm yeni mərhələ başlayacaq, həm də geosiyasi qüvvələr balansı yeniləşəcəkdir. Başqa tərəfdən, bu layihə Asiya istiqamətində də yeni əməkdaşlıq modellərinə təkan verə bilər. Həmin baxımdan Qazaxıstan və Türkmənistanın "Cənub dəhlizi"nə qoşulması maraqlı məqamdır. Bu əsasda Mərkəzi Asiyada enerji uğrunda mübarizə yeni məzmun kəsb edə bilərmi?

Məlumdur ki, Çin həmin regionda çox fəallaşıb. Pekin əsasən enerji sahəsində əməkdaşlıq istiqamətində ciddi işlər həyata keçirir. Lakin Xəzər hövzəsində ilk beynəlxalq əməkdaşlıq nümunəsi "Cənub dəhlizi"dir. Deməli, kiminsə etiraz etmək üçün əsası yoxdur. Bu, Azərbaycanın təşəbbüskarı olduğu layihələrin həm də Asiya dövlətləri üçün cəlbedici ola biləcəyini düşünməyə əsas verir.

Azərbaycan enerji strategiyasının çox vacib bir mərhələsini uğurla başa çatdırır. "Əsrin müqaviləsi"nin 20-ci ildönümündə yeni nəhəng layihənin təməlqoyma mərasiminə ev sahibliyi etmək böyük hadisədir. Bununla Azərbaycanın regional əməkdaşlığın mərkəzi olmasını Qərb də qəbul etmiş olur. Çünki həmin tədbirdə iştirak edən qonaqların fikirlərində Azərbaycan-Gürcüstan-Türkiyə xətti ilə Avropanın enerjiyə olan ehtiyacının ödəmək şansının əldə edildiyi açıq ifadə olunub. Burada kənarda qalan yalnız Ermənistandır.

Rəsmi İrəvanın bu vəziyyətə düşməsi öz günahı ucbatındandır. Bunu sentyabrın 20-də Bakıdakı təməlqoyma mərasimində iştirak edən avropalı siyasilər açıq hiss etdilər. Onlar Azərbaycanın Xəzərdən tutmuş Avropanın mərkəzinə qədər böyük bir məkanda enerji sahəsində tərəfdaş qazandığını söylədilər. Məsələn, J.M.Barrozu bu kontekstdə çox dəqiq fikir bildirib. Bəs nəyə görə Ermənistan Azərbaycan kimi əməkdaşlığa hazır bir ölkə ilə dil tapa bilmir?

Bizcə, "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimindən sonra bu sual üzərində Qərb daha dərindən düşünməli olacaq. Hazırda regionda əməkdaşlığın perspektivi qarşısında bircə maneə var ki, bu da Ermənistanın təcavüzkar siyasətidir. Buna son qoymağın zamanı çatıb. Rəsmi İrəvan indi müxtəlif tədbirlərdə özünün proseslərdən kənarda qalmasına haqq qazandırmağa çalışır. Lakin artıq bu cür şər-böhtanla hədəfinə çata bilməz. Dünya əvvəl-axır ədalətli mövqeyə gəlməlidir. Bakıda təməli qoyulan yeni layihə bu prosesdə əsas təkanverici amillərdən biridir. Bu həqiqəti inkar etmək mümkün deyil.

Newtimes.az

 





30.09.2014    çap et  çap et