525.Az

Milli Məclisdə Avropa Parlamentinə etirazlar səsləndi


 

Milli Məclisdə Avropa Parlamentinə etirazlar səsləndi<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qətnamə sərt tənqid olunub.

Lent.az-ın məlumatına görə, çıxış edən vitse-spiker, Milli Məclis-Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələskərov bildirib ki, bir çox dairələr, o cümlədən AP Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir.

O qeyd edib ki, AP Azərbaycana qarşı həmişə nəinki  ikili standartlarla, hətta, üçlü – dördlü standartlarla mövqe göstərib:

“Bir dəfə bizə onlar belə bir təklif etdilər. Dedilər belə bir sənədə səs verin ki, orada “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri” qeyd olunur. Yəni Dağlıq Qarabağı bizim ərazimiz olmasından imtina edirdilər. Onlar şərt qoydular ki, ya bu sənədə imza ataq, ya da Azərbaycanda hansısa iki bolegger ilə bağlı
AP qətnamə qəbul edəcək. Bu şantaj deyil nədir?!”
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ prezidenti  Barak Obamanın fikirlərinə və Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərək deyib ki, bu ədalətsiz mövqelərdir:

“Onlar o QHT-lərə dəstək verirlər ki, onlar Qarabağ məsələsini unutdururlar və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. İnanmıram ki, Azərbaycanda elə QHT olsun ki, Qarabağ probleminin məhz onların istədiyi kimi həllinə tərəfdar olsun. Azərbaycanı istəyən milli QHT-lər heç vaxt bu addıma getməzlər. Ancaq bununla belə, hesab edirəm ki,  QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün ciddi iş görməliyik”.

Deputat Azay Quliyev isə bildirib ki, bu gün  AP və AVRONEST PA haqqında müsbət fikirlər deməyə əsas yoxdur:

“Avropa Parlamenti Şərq Tərəfdaşlıq Proqramını zədələyib. "AVRONEST Parlament Assambleyasına olan inam iflasa uğradı. Buna səbəb Avropa Parlamentinin mövqeyi və selektiv yanaşmasıdır. Avropa Parlamentinin qətnaməsi əsassız, qərəzli bir sənəddir. Onlar Ermənistana fərqli mövqe tututlar.

Gürcüstanda siyasi məhbuslar var, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər”. A. Quliyev deyib ki, Azərbaycanda qanunlara riayət edən QHT-lərə heç bir təzyiq edilmir:
 
“Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda məhkəmə Emil Məmmədovun işinə baxdı və o şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, indən sonra da avroparlamentarilər yeni kampaniyaya başlayıb, kimlərəs mükafatlar verib deyəcəklər ki, filan mükafatın lauriatı həbsdədir. O qeyd edib ki, artıq beynəlxalq təşkilatlara ciddi etiraz olunmalıdır:

“Artıq ləyaqət məsələsi olan ərazi məsələsində ədalətli mövqe tutmayan beynəlxalq təşkilatlar insan haqları məsələsində ədalətli mövqe tutur. Əminəm ki, həbsdə olanların bəzilərinə yüksək mükafatlar veriləcək və sonra da yeni kampaniyaya başlayıb deyəcəklər ki, filankəslər həbsdədir”. Q. Həsənquliyev onu da deyib ki, beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil:

“Beş-altı nəfərə görə, bu qurumlarla açıq müstəvidə qarşıdurmaya getməyə dəyməz. Fikrimcə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da düşünməlidir”.

Vitse spiker Bahar Muradova isə deyib ki, söhbət beş-altı nəfərdən getmir:

“Məsələ bunda deyil. Həmin qurumlarda fəaliyyət göstərən zərərli qüvvələr bundan istifadə edirlər. QHT-lər bəzən onların əlində vasitə olurlar. QHT-lər normal fəaliyyət göstərməli, şəffaf olmalı və qanunlara riayət etməlidirlər. Biz QHT-lərin xarici təşkilatlar arasında vasitəguya  və cinayətkar olmasına qarşıyıq və buna dözmürük”. AVP sədri Fəzail Ağamalı isə çıxış edərək deyib ki,  Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılsın.

İclas davam edir.
 





30.09.2014    çap et  çap et