525.Az

Milli təhlükəsizlik məsələləri istiqamətində tədbirlər genişləndirilir


 

Milli təhlükəsizlik məsələləri istiqamətində tədbirlər genişləndirilir<b style="color:red"></b>

Milli təhlükəsizlik məsələləri istiqamətində tədbirlər genişləndirilir 

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamı milli maraqlarımızın təmin olunmasına, dövlətin təhlükəsizliyinin artırılmasına hesablanmış mühim qərardır. Məlum olduğu kimi, cəbhə xəttində Ermənsitanın təxribatları nəticəsində yaranan gərginlik Azərbaycanın informasiya məkanında bir sıra boşluqların olduğunu üzə çıxarıb. Söz fikir azadlığının təmin olunduğu bir ölkədə bəzən anlaşılmazlıqdan təcrübəsizlikdən, bəzən isə yaradılan şəraitdən sui-istifadə edilərək yalan məlumatların, bir sıra hallarda özündə hərbi sirri daşıyan informasiyaların ötürülməsi daxili təhlükəsizliyimizi şübhə altına alıb. Həmin ərəfələrdə erməni diversantlarının cəbhə xəttini keçmək cəhdləri dövlət sirri xarakterli məlumatların ötürülməsindən qaynaqlanması kimi ehtimalları da artırıb. Bu hadisələrdən dərhal sonra mövcud problemlərlə bağlı Azərbaycan ictimaiyyətində geniş müzakirələr aparılmağa başlanaılıb. Avqustun 29-da keçirilən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi mövcud problemlərin həllinə yönəlmişdi. Həmin müşavirədə, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd qeyri-peşəkar fəaliyyəti, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsi açıq şəkildə etiraf olunub. Həmçinin, cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması halları kimi qiymətləndirilib. Bu digər məsələlərdən irəli gələrək, hal-hazırda milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində geniş tədbirlərin görülməsi dövlətin bir nömrəli məsələsinə çevrilib.

Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dövlət başçısının imzaladığı Sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı hökumətinin fəaliyyət konsepsiyasının tərkib hissəsi hesab edir. O, "SİA"ya açıqlamasında bildirib ki, sərəncamın imzalanması yerində düzgün verilmiş qərardır: "Son dövrlərdə baş verən hadisələrdən lazımi nəticələr çıxarıldı buna uyğun olaraq da Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı. Yaxın zamanlarda Azərbaycan ordusu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində daha yüksək hazırlıq səviyyəsi nümayiş etdirəcək. Dövlət başçısının sərəncamı buna daha geniş şərait yaratmış oldu. Bu ilin avqust ayında Azərbaycan Ermənistan cəbhə xəttində baş verən xoşagəlməz haldan sonra belə bir nəticəyə gəlindi ki, bu məsələləri aradan qaldırmaqdan ötrü müəyyən addımlar atılsın. Ölkə başçısı tərəfindən imzalanan sənəd bütün bu çatışmazlıqların aradan qaldırılmasında mühüm rol oynayacaq".

"525"ə açıqlama verən millət vəkili Aydın Mirzəzadə dövlət başçısının təmas xəttində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında imzaladığı sərəncamı yüksək qiymətləndirdiyini bildirib. O, qeyd edib ki, hərbi vəziyyət haqqında sərəncam məsələlərə hərtərəfli baxışı özündə əks etdirən aktual bir sənəddir: "Bu sənəddə cəbhə xəttində informasiyanın qorunması, hərbi sirrin yayılmasının qarşısının alınması barədə kompleks tədbirlər planının işlənib hazırlanması öz əksini tapıb. Cəbhə xəttində hərbi vəziyyətlə bağlı verilən informasiyaya görə, qanunlarda məsuliyyəti artırılacaq. Həmin qanunlara dəyişiklik edilməsi ilə bağlı artıq müvafiq orqanlara təkliflərin hazırlanması ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, hər kəs cəbhə xəttində hərbi vəziyyətlə bağlı informasiyanın məsuliyyətini daha dərindən dərk etməlidir".

Millət vəkili qeyd edib ki, sərəncamda öz əksini tapan ikinci vacib məsələ isə cəbhə xəttində patrul xidmətinin yaradılmasıdır. O, bildirib ki, bəzən heç bir aidiyyatı olmadığı halda kimlərsə cəbhə xəttinə gedib orada şəkil çəkirlər. Daha sonra həmin şəkli internet səhifələrində, sosial şəbəkələrdə yerləşdirir düşmənin açıq mənbədən informasiya əldə etməsi üçün imkanını genişləndirirlər. Hesab edirəm ki, bu sərəncam Azərbaycanın müharibə vəziyyətində yaşadığını həmin insanlara xatırlatmalı olacaq. Yəni, bu məsələdə daha ciddi sistem yaradılacaq".

Politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, dövlət başçısının imzaladığı sərəncam çox vacib məsələlər haqqında olduğu üçün müsbət qiymətləndirilməlidir: " Təmas xəttinə yaxın yerlərdə  yaşayan vətəndaşlarımızın həyatlarının təhlükə altında olması, Azərbaycanın itirilmiş torpaqlarının bərpası uğrunda gedən mübarizə digər amillər təmas xəttindəki yaşayış məntəqələrimizin dövlət səviyyəsində yüksək dərəcədə qorunmasını tələb edir. O, cümlədən informasiya sahəsində hərbi sirrin yayılmaması məsələsinə ciddi nəzarət olunnmalıdır. Bu baxımdan istərdim ki, prezidentin sərəncamından irəli gələn vəzifələrə xüsusi diqqət yetirilsin. Eyni zamanda cəbhə bölgəsində yaşayan insanların sosial durumlarına daha çox fikir verilməlidir. Çünki orada yaşayan əhalinin tədricən şəhərlərə digər ərazilərə köçməməsi üçün müəyyən sosial güzəştlər edilməli, onların sosial vəziyyəti daha da yaxşılaşdırılmalıdır".

Qeyd edək ki, Müdafiə Nazirliyinə cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görülməsi, kütləvi informasiya vasitələrində internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin "Dövlət sirri haqqında" qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasının təşkil edilməsi barədə tapşırıq verilib.

Həmçinin, Azərbaycan Mətbuat Şurasına tövsiyə olunub ki, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri əhali arasında təbliğat-izahat işini təşkil etsin.

Ceyhun ABASOV

 





30.09.2014    çap et  çap et