525.Az

"Şanxay klubu": Düşənbə sammitinin ümidləri


 

"Şanxay klubu": <b style="color:red">Düşənbə sammitinin ümidləri</b>

Tacikistanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilib. Tədbirdə qlobal geosiyasət üçün əhəmiyyətli olan bir neçə məsələ müzakirə edilib. O cümlədən, təşkilata daxil olan ölkələrin təhlükəsizliyi və yeni üzvlərin qəbul edilməsi diqqət mərkəzində olub.
 
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların, Ukrayna hadisələrinin və İŞİD terrorçu qruplaşmasının fəaliyyətinin ŞƏT-ə təhlükə yaratması səbəbindən bu təhlükələrə qarşı birgə tədbirlərin həyata keçirilməsi haqqında razılığa gəlinib. Bundan başqa, təşkilatın genişlənməsi zərurəti də vurğulanıb. Bu məsələ bütövlükdə ŞƏT-in inkişaf perspektivləri kontekstində nəzərdən keçirilib.

Alternativlik: ŞƏT-in qarşısında duran əsas vəzifə

Şanxay Əməkdaşlıq Təşkilatı ABŞ-ın son Düşənbə sammitində müşahidəçi kimi iştirakla bağlı müraciətinə rədd cavabı verib. Bu, ekspertlərə bir qədər qəribə təsir bağışlayıb. Belə ki, onlar ŞƏT-in özünə inandığını və qarşısına ciddi geosiyasi-iqtisadi məqsədlər qoyduğunu təxmin edir, bunu təşkilatın "Qərbin hökmranlığına təhlükə yaratması" kimi qiymətləndirirlər (bax: məs., Развитие Шанхайской организации сотрудничества и закат гегемонии Запада / ИноСМИ.ru, 15 sentyabr 2014).

Şübhəsiz ki, hələlik bu barədə qəti fikir söyləmək risklidir. Lakin açıq görünür ki, ŞƏT-in aparıcı üzvləri olan Rusiya və Çin artıq təşkilatın fəaliyyətindən geosiyasi dividendlər götürməyə başlayıblar. Onları başa düşmək olar. Ukrayna məsələsinə görə Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra "Şanxay klubu" iştirakçılarının bir araya gəlməsi normal haldır.

Buna görə də Düşənbə sammiti öncəsi Moskvadan anti-Qərb məzmunlu bəyanatların verilməsi təsadüfi deyildi. Rusiya KİV-i informasiya yayırdı ki, "Bizim lokomotiv – Moskva silah yarışmasında iştirak etməyəcək" və V.Putin bu əhval-ruhiyyə ilə Düşənbəyə yola düşüb (bax: В Душанбе прошёл саммит Шанхайской организации сотрудничества / 1tv.ru, 14 sentyabr 2014).

Tədbirin gedişində aydın oldu ki, Pekinlə Moskvanın mövqeləri arasında bir uyğunluq var. Prezident Si Tszinpin sammitdəki çıxışı zamanı vurğulayıb: "Üzv dövlətlərin rifahı və təhlükəsizliyi naminə işləmək bizim ümumi vəzifəmiz və borcumuzdur. Bizim bir yerdə olmaq və bir-birimizə kömək etmək istəyimiz var. Əməkdaşlığımızı möhkəmləndirmək niyyətindəyik" (bax: əvvəlki mənbəyə).

Bütövlükdə götürdükdə, Düşənbədəki tədbirin iştirakçıları daha çox geosiyasi məsələlərə münasibət bildiriblər. Bu kontekstdə onlar Qərbin tətbiq etdiyi sanksiyalara öz etirazlarını ifadə ediblər. Ukrayna hadisələrinə münasibətdə Moskvanın mövqeyi dəstəklənib. ŞƏT üzvləri hesab edirlər ki, Ukrayna məsələsi ilə bağlı "Putinin planı işləyir" və sülh əldə etmək üçün bu, mühüm məqamdır.

Müzakirələrdə "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşması ilə də əlaqədar xeyli fikirlər səslənib. Tacikistanın Prezidenti tədbirin açılışındakı nitqində ŞƏT sərhədləri yaxınlığında "terror təhlükəsi"nin yüksəldiyini xüsusi vurğulayıb (bax: əvvəlki mənbəyə). O, konkret olaraq "xilafət yaradanlardan" danışıb, bunu öz təhlükəsizlikləri üçün ciddi təhdid kimi təqdim edib.

Bununla hazırkı mərhələdə ŞƏT-in təhlükəsizliyin təmini kontekstində mövqeyi aydın olub. Təşkilat üzvləri Qərbin sanksiyalarından, İŞİD-in fəaliyyətindən və Ukraynanın cənub-şərqində yanarmış vəziyyətdən narahatdırlar. Göründüyü kimi, ŞƏT geosiyasi proseslərə getdikcə daha monolit reaksiya verir.

Həmin məqamı nəzərə alaraq, mütəxəssislər Qərbə alternativ olan bir təşkilatın meydana çıxdığını vurğulayırlar. Əslində, təşkilata daxil olan böyük dövlətlər bu niyyətlərini gizlətmirlər. Onlar bəyan ediblər ki, indi dünyada hökmranlıq edən beynəlxalq təşkilatlar tamamilə Qərbin (əsasən ABŞ-ın) nəzarətindədir. Vəziyyət dəyişməlidir. Analitiklər bəri başdan həmin məsələ ilə əlaqədar öz proqnozlarını vermişdilər (bax: məs., Mikhail Troitskiy. Unable to Lead, Reluctant to Follow: Russian, Chinese, and Indian Approaches to Balancing and Bandwagoning with the West / PONARS Eurasia Policy Memo, № 334, avqust 2014).

Genişlənmə: arzular reallığa uyğundurmu?

Görünür, məhz bu səbəbdən Düşənbə sammitində əsas müzakirə mövzusu təşkilatın genişlənməsi olub. Buna daha çox maraq göstərən isə İran rəhbərliyidir. Hələ müşahidəçi statusunda olan Tehranın sammitdə fəallığı diqqəti çəkib. İran mətbuatı ŞƏT-in tədbirinə və fəaliyyət istiqamətlərinə böyük maraq göstərib. İranlı ekspertlər problemə qlobal geosiyasət kontekstində yanaşırlar (bax: məs., Наступление новой холодной войны / "Iranian Diplomacy", 7 sentyabr 2014).

Arqument kimi onlar əsasən ŞƏT-in malik olduğu insan resurslarını, coğrafi genişliyi və inkişaf sürətini qeyd edirlər. Məsələn, Hindistan və Pakistanın da təşkilata üzv olmasından sonra ŞƏT ölkələrində dünya əhalisinin 45 faizi yaşamış olacaq. İran analitikləri hesab edirlər ki, həmin təşkilat tamamilə Qərbin nəzarətində olan beynəlxalq qurumlara alternativ ola bilər. Çox güman ki, İran da bu təşkilata daxil olacaq.

Bəzi qeyri-müəyyənliklərə görə genişlənmə prosesi, əslində, arzuolunan nəticələr verməyə də bilər. Məsələ bundan ibarətdir ki, ŞƏT-ə daxil olan böyük dövlətlər arasında geosiyasi nüfuzla bağlı fikir ayrılıqları vardır. Mütəxəssislər bu kontekstdə Moskva ilə Pekinin Mərkəzi Asiya uğrunda gizli mübarizə apardığını vurğulayırlar. Əgər Hindistanla Pakistan da təşkilata üzv olsalar, istər-istəməz Kəşmir problemi ŞƏT-ə daxil ediləcəkdir. O cümlədən, İranın Rusiya, Pakistan, Çin və Hindistanın maraqları ilə üst-üstə düşməyən niyyətləri vardır. Bu sırada ilk yada düşən enerji faktoru və dindir. Buraya Əfqanıstan məsələsi də əlavə olunmalıdır.

Tamamilə aşkardır ki, ŞƏT öz daxilindəki geosiyasi, iqtisadi və enerji problemlərinə aydınlıq gətirməyib. Belə olduğu halda Ukrayna, İŞİD məsələləri və sanksiyalara görə genişlənməyə emosional yanaşmaq nə dərəcədə düzgündür? Hazırda cərəyan edən geosiyasi proseslərin ŞƏT-ə daxil olan ölkələrin geosiyasi mövqeyində dəyişikliklərə səbəb ola bilməsi mümkündür. BRİKS-in timsalında bunu müşahidə edirik. İnformasiyalar yayılır ki, Braziliya və Çili Moskvanın anti-Qərb xarakterli təkliflərini qəbul etmək istəmirlər.

Bütün bunlar belə bir sualın meydana çıxmasına səbəb olur: ŞƏT-in Qərbin nəzarətində olan beynəlxalq təşkilatlara alternativ ola bilmək imkanı varmı? (bax: В противовес Западу: наберет ли ШОС вес на мировой арене? / "Deutsche Welle", 11 sentyabr 2014). Bonn Universitetinin Qlobal tədqiqatlar Mərkəzinin əməkdaşı Enriko Fels həmin kontekstdə deyir: "BRİKS ölkələri kimi ŞƏT-ə daxil olanlar da... qlobal əks-güc olmaq istəyirlər. Onlar alternativ beynəlxalq təşkilatlar yaratmağa çalışırlar. Ancaq düşünmürəm ki, ŞƏT "NATO əleyhinə qüvvəyə", yaxud "silahlanmış OPEK"-ə çevriləcək" (bax: əvvəlki mənbəyə).

Yuxarıda vurğulanan məqamlardan ŞƏT-in strateji inkişaf planları tam aydın olmasa da, bu təşkilatın öz fəaliyyətində əsasən nəyə üstünlük verdiyini söyləmək mümkündür. Hər şeydən əvvəl, ŞƏT Qərbin geosiyasi hegemonluğuna etiraz olaraq formalaşır. Bu təşkilata üzv olan böyük dövlətlər qlobal miqyasda təşəbbüsü ələ almağa çalışırlar. Analitiklərə görə, bunun kökündə Qərbin siyasəti nəticəsində Mərkəzi Asiyada Rusiya və Çinə təhlükələrin yaranması durur. Konkret olaraq, Moskva və Pekin bir yerdə müdafiə olunmağa məhkumdurlar. Belə isə, ŞƏT-in yaradılması fəlsəfəsini iki böyük dövlətin maraqları təşkil edir. Bu cür yanaşmanın səmərəliliyini zaman göstərəcək.

Başqa tərəfdən, bu təşkilatın üzvləri arasında zəif dövlətçiliyi olan ölkələr də var. Məsələn, Qırğızıstan və Tacikistan Çin və yaxud Rusiya ilə müqayisə oluna bilməz. Kim təminat verə bilər ki, müəyyən mərhələdən sonra nisbətən zəifləri daha güclüləri öz təsir altına almağa cəhd etməyəcək?

Nəhayət, ŞƏT üçün ciddi problemlərdən biri də din amili olacaqdır. Əfqanıstandan terrorun ixracı gözləniləndir. Özü də bu, "İslam terroru" kimi təqdim edilir. Bu gün İŞİD-ə şiələrin münasibəti pisdir və ŞƏT daxilində onlar fikir ayrılıqları yaratmaya bilərlər. Bəs bir qədər sonra Rusiya və Çin üçün təhlükə törədən başqa radikal dini qruplar meydana gələrsə (bəzi fikirlərə görə, Qərbin siyasi texnoloqları üçün bu, çətin deyil), onda vəziyyət necə olacaq? Çox güman ki, bu, təşkilatda ciddi çatlar yaradacaq.

İndidən maliyyə və enerji sahəsində Rusiya ilə Çinin mübarizə apardığını nəzərə alsaq, ŞƏT-in daxilində proseslərin inkişaf xəttini proqnozlaşdırmağın asan olmayacağını söyləyə bilərik. Hələlik isə təşkilat genişlənmədən ruhlanmış vəziyyətdədir. Bir zamanlar Avropa İttifaqı da eyni hissləri yaşayırdı.

Newtimes.az

 





01.10.2014    çap et  çap et