525.Az

İsa Qəmbərə sərt ismarıc: “... “Kasıbların partiyası”na qeyri-qanuni başqanlıq edir”


 

İsa Qəmbərə sərt ismarıc: “... “Kasıbların partiyası”na  qeyri-qanuni başqanlıq edir”<b style="color:red"></b>

“Müsavat Partiyası  vaxtaşırı olaraq  özünün qurultay məsələsini ortaya atır və onu gündəmdə saxlamaq istəyir. Ümumiyyətlə, bu partiya zaman-zaman cəmiyyətə zorla nəyi isə sırımağa, özünü nə iləsə gündəmə gətirməyə çalışır”.

525.az-ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə Müsavat Partiyasının qurultay keçirmək onlara hakimiyyət tərəfindən təklif edilən  yerlərdən imtina etməsi məsələsinə və sözügedən partiyanın öz qurultayını Gürcüstan, yaxud, Türkiyədə keçirmək istəyinə münasibətini bildirərkən dilə gətirib. Millət vəkili təəssüf hissi ilə bildirib ki, indiyə kimi adıçəkilən partiyanın Azərbaycanın inkişafına yönəlik proqramları, ölkənin problemləri ilə bağlı həll variantları olmayıb, onları ortaya qoya bilməyib.

“ Odur ki, qurultay  məsələsi Müsavat Partiyası tərəfindən süni yaradılmış bir məsələdir”-deyən millət vəkilinin sözlərinə görə, əslində qurultay keçirmək üçün dəfələrlə hakimiyyət tərəfindən bu partiyaya yerlər təklif olunub və Müsavat da bunun əvəzində  müxtəlif bəhanələrlə bu yerlərdən imtina edib:
 “Demək istəyirəm ki, Müsavat tərəfindən ortaya atılmış qurultay məsələsi hər zaman olduğu kimi, bu dəfə də  çox uğursuz alınıb və əgər belə davam edərsə, bundan sonra da uğursuz alınacaq”. A.Mirzəzadə onu da iddia edib ki, əslində Müsavat  Partiyasının daha çox özünün marağındadır ki, qurultay keçirilməsin.

Millət vəkilinin fikrincə, çünki  onlara təzə  yer ayrılarsa və qurultay keçirilərsə, o zaman  onların yenidən gündəmdə qalmaq üçün mövzuları, bəhanələri olmayacaq.

 “İkincisi, “Müsavat” daxilində İsa Qəmbərdən sonra yeni başqanlıq uğrunda güclü mübarizə gedir və  bu partiyada güclü daxili qarşıdurma var. Həmçinin, dəfələrlə özünün başqanlıqdan gedəcəyini elan etməsinə baxmayaraq, “Müsavat” başqanı əslində qurultay məsələsini bəhanə edərək, partiya hakimiyyəti ömrünü uzatmağa çalışır.   Eyni zamanda, Isa Qəmbər artıq  Müsavat Partiyasına qeyri-qanuni olaraq başqanlılq edir. Çünki səhv etmirəmsə, bu partiyanın qurultayı üç il öncə keçirilməli və yeni  başqan seçilməliydi. Ancaq demokratiyadan danışan bir şəxs qurultay məsələsindən sui-istifadə edərək, üç ildir ki, bu partiyanı qeyri-qanuni şəkildə idarə edir. Bununla belə, o, indidən  partiyanın 2013-cü ildə keçiriləcək  növbəti prezident seçkilərində namizədi olacağını  bildirir. Amma hansı ki, bu məsələni partiyanın qurultayı həll etməli və qərar verməlidir. Bu, bir daha onu göstərir ki, bu şəxs və onu idarə etdiyi partiya demokratiyadan çox-çox uzaqlardadır”. A.Mirzəzadənin bildirdiyinə görə, burada daha bir maraqlı məsələ isə odur ki, bu partiya hər zaman özünü  “kasıblar partiyası” kimi çəmiyyətə təqdim edir, ancaq bu, heç də belə deyil və həqiqəti əks etdirmir:

“Sual olunur ki, görəsən, “kasıblar partiyası”nın pulu haradandır ki, qurultayını Azərbaycanda yox, onun hüdudlarından  kənarda  keçirmək istəyir?  Axı, ən azı bir nəfərin qurultayda iştirak etməsi uçun xeyli miqdarda vəsait tələb olunur. İndi belə olan halda, “Müsavat”da bu maliyyə, bu  milyonlar görəsən, haradandır və ya bu milyonları kim ona verəcək ki, qurultayını kənarda keçirsin?  Yəni, demək istəyirəm ki, “Müsavat”ın  süni şəkildə yaratdığı qurultay məsələsi çox uğursuz bir addımdır. Belə görünür ki, bu partiya gündəmdən düşməmək uçun bu məsələni növbəti prezident seçkilərinə qədər, yaxud, seçkilər başa çatanadək  ortaya atacaq, gündəmdə saxlamağa çalışacaq və müxtəlif  bəhanələrlə öz qurultayını keçirməkdən yayınacaq”.

“Düşünürəm ki, “Müsavat”ın qurultay məsələsi ilə bağlı mövqeyi çox qərəzli və Azərbaycan xalqına, Azərbaycan dövlətinə təhqir gətirən bir mövqedir”. Bunu  digər millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

Partiya sədrinin xatırlatdığına görə,  bununla bağlı məsələ dəfələrlə gündəliyə gələndə kütləvi informasiya vasitələri ona da müraciət edib və o da  öz məlum mövqeyini açıqlayıb, hətta, özlərini belə  nümunə gətirib:  “ Özümüzü nümunə gətirmişəm ki, vaxtı ilə bizə təkli olunan yer  partiyamızı təmin etmədiyinə görə,  qurultayımızı  öz imkanlarımız hesabına başqa yerdə keçirdik və sizə deyim ki,  bu, çox da böyük vəsait tələb etmədi, çox da böyük vəsait  xərcləməyə ehtiyac olmadı. Biz qurultayımızı keçirdik və problem də həll olundu. Indi bunlara ən müxtəlif variantlarla təkliflər verilir və bunlar da bu təkliflərlə razılaşmayıb, ən müxtəlif bəhanələrlə öz qurultaylarının keçirilməsini təxirə salırlarsa, bu, birbaşa partiyadaxili problemlərlə bağlıdır. Məncə, həm də bu addımla Azərbaycan dövlətinə, onun imicinə zərbə vurmaq məqsədi güdülür ki, bu da əslində antimilli mövqedir”. 

F.Ağamalı daha sonra bildirib ki, demokratik cəmiyyətlərdə müxalifət öz üzərinə düşən missiyalardan  ən vacibi kimi, ölkənin problemlərini önə çəkmək , onları doğuran səbəbləri araşdırıb cəmiyyətə təqdim və həmin problemlərin aradan qaldılrılması yollarını təklif etməklə yanaşı, həm də sivil formada hakimiyyət uğrunda mübarizə aparır , xalqın dəstəyini qazanmaqla hakimiyyətə gəlir və ya gəlmir:  

"Bu gün isə  bunlar  bir kənara qoyularaq Azərbaycanın radikal deyilən müxalifəti çox təəssüf ki, ən müxtəlif üsullarla Azərbaycan dövlətinə zərbə vurmağa, onun nüfuzunu aşağılamağa,  beynəlxalq aləmdə ona yönəlmiş hücumlara, yəni, bizi istəməyən qüvvələrin hücumlarına rəvac verməyə, stimul yaratmağa xidmət edir və bu da çox böyük təəssüf doğurur. Ancaq bir daha qeyd edirəm ki,  Müsavat Partiyasının Azərbaycanda qurultay keçirməsi üçün  hər hansı bir problem yoxdur. Problem Müsavat partiyasının özünün daxilində və onun üzvlərinin düşüncələrindədir”.

“Müsavat Partiyasının qurultay keçirmək üçün  təklif olunan yerlərdən birini götürüb orada  həmin tədbiri reallaşdırması  bu partiyada onun  yaxın zamanlarda  tamamilə siyasət gündəmindən çıxması kimi qəbul edilir”. Bu fikri  isə Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib. Vitse-spiker deyib ki, “Müsavat” rəhbərliyindəki şəxslər və bu partiyanın əksər üzvləri  bunu  məhz belə qəbul edirlər: “Çünki onlara təklif olunan ünvanda  mitinqlərini keçirdilər və mitinqlərinin söylədikləri kimi alınmadığını görüb, indi başqa yol tutublar. Eləcə də düşünürlər ki ,əgər bunlara təklif olunan yerdə qurultaylarını  keçirsələr, bu, çox sakit bir tərzdə keçəcək, bəlkə də kimlərsə “Müsavat”ın rəhbərliyinin dəyişdirilməsi məsələsini ortaya atacaq və bununla da bir çoxlarının “ulduz”ları sönəcək. Ona görə də  bunu etməmək və bunun ətrafında hay-küy yaratmaq, bu kimi təklifləri ortaya atmaq onlara daha maraqlı, daha cəlbedici görünür . Onlar həmçinin hesab edirlər ki, bununla daha  çox siyasi gündəmdə qala bilərlər”.
Bu baxımdan, vitse-spiker də  hesab edir ki, bu, düzgün deyil:

"Özünün məhdud sosial bazası ilə heç bir şey edə bilmədiyini boynuna almaq istənilən siyasətçi onun məhv olması deməkdir. Onlar da bundan qaçmaq üçün  bu cür  müxtəlif fikirlər ortaya atırlar. Hər halda bunları  Azərbaycan gündəmində qalmaqdan ötrü göstərilən cəhdlər kimi qəbul edirik”

 





12.11.2012    çap et  çap et