525.Az

Multikulturalizm: fəlsəfi və sosio-mədəni aspektlər


 

Multikulturalizm: fəlsəfi və sosio-mədəni aspektlər<b style="color:red"></b>

"Multikultural" məfhumu ilə ``multikulturalizm`` məfhumu arasında fərq var. "Multikulturalizm" dövlət siyasəti strategiyasına istinad edir. "Multikultural" məfhum isə hər hansı bir cəmiyyətin "çoxrəngli" mahiyyətindən qaynaqlanır. Bu mənada multikulturalizm  hər hansı bir cəmiyyətdə fərqli mədəniyyətlərin bir yerdə yaşamasını təsdiq edən siyasi strategiyadır. Multikultural tendensiya isə, sözün əsl mənasında multikultural var olma vəziyyətini tərif edir.

Bu gün multikulturalizmi bir dövlət siyasəti olaraq tanıyan ya tanımayan ölkələrin tətbiq etdikləri müxtəlif  plüralistik baxış tərzləri mövcuddur. Liberal ənənə daxilində formalaşmış fərdi hüquqlar çərçivəsində müxtəlifliyi müdafə edən fərdi, vətəndaş kimliyi çərçivəsində hüquqlara qovuşduran baxış tərzi ilə, qrup anlayışını hüququn əsasına yerləşdirən kommunitarian(communitarianism) baxış tərzləri bir-biri ilə rəqabət içindədir. Bunlardan ilkinin əsasını John Locke, Thomas Hobbes, Montesquie, Vico Herder kimi mütəfəkkirlərə istinad edən müasir dövrdə J. Rawls, J. Raz, Kymlicka kimi filosoflar tərəfindən təmsil olunan "Liberal-Konvensional" multikulturalist  anlayış vətəndaşlıq modelidir. Digəri isə  hazırda Charles Taylor, Michael Walzer Alasdair Macintyre kimi nəzəriyyəçilər tərəfindən dilə gətirilən "Kommuniteryanist" baxış təzidir.

Qeyd edim ki, orta əsrlərdə sivilizasiyalar arasında  multikultural proseslərə rast gəlinir. Xüsusi ilə İspaniya üzərindən İslam sivilizasiyasının qərb dünyasına təsirini burada qeyd edə bilərik. Müxtəlif ərəbcə əsərlərin latın dilinə təcümə olunması, İbn Sina(Avicienna), İbn Rüşd(Averroise),  İbn Heysəm(Alhacen) məşhur kimyaçı Cabir ibn Həyyan(Geber)-ın əsərləri bu dövrdə Avropada bilinərək, oxudularaq nəhayət, tərcümə olunaraq islam qərb sivilizasiyaları arasında multikultural atmosferin yaranmasına səbəb olmuşdur. Məhz ərəblərin mənimsədikləri antik, qədim şərq ərəb-müsəlman ənənələri Əndəlis vasitəsilə Avropaya yayılırdı.

Bir cəmiyyəti təşkil edən fərd qrupların dil, din, irq, tarix, coğrafiya baxımından müxtəlif köklərdən gəlməsinə dayanan multikulturalizm, tək bir siyasi hakimiyyət altında müştərək sərhədlər daxilində  yaşayan cəmiyyətlərdə mövcud olur.

"Müxtəliflik içində birlik" (unity while maintaining diversity) ifadəsi multikulturalizmə çox dilliliyi vurğulamaq üçün tez-tez dilə gətirilir. Məhz 1971-ci ildən etibarən Kanada bu prinsipə sadiq qalaraq düyada multikultural siyasəti tətbiq etməyə başlayan ilk ölkə olmuşdur. Hal-hazırda Kanadada "Multikultural Qanun" tətbiq olunur. Asiya Avropadakı bir çox ölkə kimi Şimali Amerikadakı bir çox ölkədə multikultural prinsipləri əsas alır.

Hazırda multikulturalizmin əsas dəyərləri üç prinsiplə xülasə edilir. Birinci prinsip multikultural müxtəlifliyin tanınmasıdır. Bu prinsip multikulturalizmin əsas nəzəriyyəçilərindən biri olan Charles Taylor tərəfindən "the politics of recognition"(tanınma siyasəti) olaraq adlandırılmışdır. İkinci mühüm prinsip ictimai bərabərlikdir. Birinci prinsipdə ifadə olunan multikultural etnik mənada bərabər münasibət yetərli deyil. Qrupların eyni zamanda sosial iqtisadi mənada bərabərhüquqlu olmaları da tələb olunur.  Bu mənada bərabərlik tanınma kimi məfhumlar, hüquqi mənalardan əlavə ictimai bir mahiyyətə malikdir. Üçüncü prinsip isə ictimai inteqrasiyadır. Qarşı iddiaların əksinə multikulturalistlər cəmiyyətdə fərqli qrupların gettolar halında fərqliləşməsinə qarşıdırlar. Əksinə onlar bərabərlik tanınma əsasında qrupların heç bir maneəyə rast gəlmədən ictimai əməkdaşlıq birlik şəklində hərəkət etmələrini istəyirlər.

Multikulturalizmin birbaşa qloballaşma ilə əlaqəsi var. Məhz qloballaşma nəzəriyyələrinin ən təməl iddialarından birini qarşılıqlı əlaqə tezisinə istinad edən dünya ilə əlaqədar arqument təşkil edir. Qlobal bir sistem daxilində cərəyan edən hadisələr qarşılıqlı təsir nəticələr zəncirini yaradır. Bilik, əmtəə, informasiya, maliyyə, sərmayə imiclərin sərhəd tanımaz şəkildə sürət axış qazanması nəticəsində yer kürəsində müstəqil məhdud bir mövcudiyyətin mümkün olmadığına dair diqqətləri özünə cəlb edir. "Zaman-məkan fərqi" (Giddens), "zaman-məkan kompresiyası" (Harvey), "dünyanın kiçilməsi" "ortaq dünya şüuru" (Robertson) adıyla kateqoriyalaşdırılan nümunələr qarşılıqlı əlaqənin nəzəri şəbəkəsini ortaya çıxardır. Dövrümüzdə artıq qloballaşmadan bəhs edərkən, qlobalın lokal ilə qurduğu yeni əlaqə şəkilləri aralarındakı qarşılıqlı təsir mexanizmasını mərkəzə alan yeni bir analiz çərçivəsi başa düşülür. Qlokallaşma (glocalization) məfhumu qlobalın lokal ilə yaxın təmasda olduğuna, qlobalın lokallaşması lokalın qloballaşması faktorlarına diqqətləri cəlb edir. Qlokallaşma prosesində universal - fərd əlaqəsi yeni bir forma alır, qlobalın lokal üzərindəki müəyyənedici tək tip yaradan təsirinə əlavə olaraq, lokalın da aktiv iştirakçı olduğu sintezlər yaranır.

Müasir dövrdə qlobal dünyada fərqli multikultural anlayışlar mövcuddur. Məsələn, multikulturalizm deyildiyində daha çox azlıqlar xaricdən gələn işçi qüvvəsi daha çox anlaşılır. Ancaq multikultural baxış tərzi demokratik dövlətlərdə birbaşa konstitusiyadakı vətəndaşlıq maddəsinə istinad edərək tənzimlənir. Belə ki, bir cəmiyyəti təşkil edən bütün fərdlərin fərqli qrupların din, dil, irq bənzəri mənsubiyyət fərqi olmadan dövlət qabağında bərabərhüquqlu olduğu, ölkənin ictimai resursları imkanlarından bərabər şəkildə istifadə etdiyi, bu səbəblə vətandaşı olduğu dövlətdə konstitusional vətəndaşlıq statusunu daşıyır. Xüsusilə bu istiqamətdə müasir məşhur alman filosofu Yurgen Habermasın "konstitusional vətəndaşlıq" ideyası əhəmiyyət kəsb edir. O, "Citizenship and National İdentity" adlı məqaləsində mövzunu belə xarakterizə edir: " İsveç ABŞ-dakı multikultural cəmiyyət nümunələri göstərir ki, konstitusional prinsiplərin içində yer aldığı  siyasi hakimiyyət daxilində qətiyyən bütün vətəndaşların eyni dili, eyni etnik mənsubiyyəti yaxud  eyni mədəniyyəti bölüşmələri məcburi deyil. Əksinə multikultural bir cəmiyyətdə siyasi strategiya, müxtəlif həyat anlayışlarının plüralizmini inteqrasiyasını şüurlu şəkildə təşviq edən konstitusional vətəndaşlığa istinad etməlidir". 

Bu mənada ancaq demokratik bir hüquq sisteminin konstitusional mühafizəsi altında fərqli həyat tərzləri bərabərhüquqlu şəkildə bir yerdə var ola bilər.

Rəşad İLYASOV 
AMEA-nın Fəlsəfə Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə doktoru

 





01.10.2014    çap et  çap et