525.Az

Şirməmməd Hüseynov “525”in 20 yaşını təbrik etdi


 

Şirməmməd Hüseynov  “525”in 20 yaşını təbrik etdi<b style="color:red"></b>

Azərbaycan jurnalistlərinin sevimli müəllimi, qocaman professor Şirməmməd Hüseynov “525-ci qəzet”in 20 illik yubileyi ilə bağlı qəzetimizə təbrik məktubu göndərib. Sevimli müəllimimizə dərin minnətdarlığımızı bildirir, təbrik məktubunun mətnini oxuculara təqdim edirik.

Hörmətli Rəşad bəy, jurnalist həmkarlarım!

20 illik yubileyiniz mübarək! Mən 1875-ci ilin “Əkinçi”
qəzetindən tutmuş ta 1920-ci ilin aprel rus bolşevik işğalına qədər Azərbaycanda ana dilimizdə nəşr edilən mətbuat orqanlarını az-çox araşdırmışam. “525-ci qəzet”in bunlardan əqidə və məsləkcə hansına oxşadığı üzərində düşündüm. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ü.Hacıbəylinin redaktoru olduğu “Azərbaycan” qəzeti xatirimə gəldi. Hansı oxşarlığına görə?

Azərbaycan parlamentində millət vəkillərindən birinin qəzetin kimə və nəyə xidmət etdiyi barəsindəki sorğusuna Üzeyir bəy 1919-cu il yanvarın 10-u nömrəsində belə cavab vermiş və yazmışdı:
“Qəzetimizin firqə və partiya xaricində bir orqan olduğu hər kəsə məlumdur. Hər günkü möhtəviyyatından (mündəricəsindən) məlum olduğu üzrə vətən abadlığı, millət səlamətliyi, cəmaət tərəqqisi, dövlət intizamı ilə bərabər istiqlal və yenə də istiqlal şüarlarını virdi-zəban (dilinin əzbəri) edib də bunun hüsulində əlindən gələn qədər çalışmaqda olan qəzetimiz bu dairədə yazılmaqda olan məqalələrə sütunlarını bir ananın balasına qarşı açdığı qucağı kibi, kəmali-meyl və məhəbbətlə açıqdır – vəssalam!”

Milli mətbuatımızın ilk cümhuriyyət dövrünün bu müqəddəs ənənəsini davam etdirən “525-ci qəzet”in kollektivinə bu yolda yeni uğurlar arzu edirəm.
Sizin daimi oxucunuz
Şirməmməd HÜSEYNOV

 





12.11.2012    çap et  çap et