525.Az

Bəşəri tövbə


 

Bəşəri tövbə<b style="color:red"></b>

I

Bəlkə görüb bizi tanrı əfv edər,

Günahkar bəndələr növbəyə dursa.

Bir nəfər, yüz nəfər, min nəfər nədir -

Qalxıb külli-aləm tövbəyə dursa.

 

Günahlar yığışıb, bir-bir dərd olur,

"Dərdsiz insan olmur" - məsəli var.

İnsan dərdləriylə bağrı-badaşdı,

Çoxdan bir-birinə öyrəşib onlar.

 

Adəmdən, Həvvadan başlanıbdı - bu!

Bir artıb, üç olub, üç üç - doqquz...

Bu say, bu minvalla, nəsilbənəsil,

Çoxala-çoxala toplanıb sonsuz.

 

Dünya yaranandan tanrı insanı

Cavabdeh yaradıb, faili-muxtar!

Bu ayrıseçkilik, sınaq üçünmüş,

Yıxılsan günahı özündə axtar.

 

Sərasər - bu məkr yuvası yerdə,

Qapı-qapı gəz, gör varmı bir adam.

Doğulanda bakir, öləndə bakir,

Təmiz gəlib-getsin suçlu dünyadan.

 

Əvvəllər dünyanı kim görmüşdü ki,

Mən görməmişdim, ya bəxtə gəldim.

Gəlib gördüm bura necə məkanmış,

Mən hamı kimi yaşadım, öldüm.

 

II

 

Söz - yerə insandan əvvəl gəlibdi,

Şeir sonradan sözdən yoğrulub.

Dünya gözəllərlə doluymuş, Allah!

Dünyanı yaşadan gözəllik olub.

 

Şeirə bağlanmışam mən uşaq ikən,

Yaxşı şeirlər yazmışam az-maz

Bu yol çətin yoldur, əzablı yoldur,

Yalnız şair olan dözər, yorulmaz.

 

Bu yolda şairlər azad, sərbəst, mərd.

Bu yola düşənlər geri qayıtmaz.

Bu yolda mənim günahlarım var;

Tövbə eləməyə ömür çatmaz.

 

Bu ucsuz-bucaqsız yer kürəsində

Xeyli əyri bitən ağaclar varmış.

Desəm, inanmazsan bu boyda orman

Qurtlu budaqlardan xali olarmış?!

 

Mən ağac qədrini bilmirdim onda

Üstü tumurcuqlu budaq qırmışam.

Üzümə qayıdıb - bir dəfə oğlum,

Doğma balama da əl qaldırmışam.

 

Mənim qəlbimi sındıran olub,

Mən hərdən-birdən qəlb sındırmışam.

Hətta yazdığım ilk şeirləri

Özüm öz əlimlə mən yandırmışam.

 

Hərdənbir şeirimi tərifləyiblər,

O şeirdə mənim möhür xəttim var.

Bəlkə bu mərtəbə şair olmazdım,

Əgər olmasaydı bu yaxşılıqlar.

 

Yaxşılıq edənin adı o vaxtdan,

Çəkilib həmişə mənim adımnan.

Pisliklər yadımda qalmayıb,  fəqət

Qalıb acıları, qalıb canımda.

 

illah elədim, başa düşmədim,

Niyə bu surətdə ağıllı insan,

Əyilsin sərvətə, uysun da nəfsə,

Bu dünya malına aldansın asan.

 

III

 

O küçə, bu küçə evlər sıraynan,

Arı yuvasıtək qaynaşır şəhər.

Gecəyarısınadək şıdırğı alver,

Gecənin xətrinə gecikir səhər.

 

Dünya yaranandan bu yana, hər gün

Gecə ilə gündüz güləşib durur.

Qocalar uşağı lağa qoyurlar,

Uşaqlar qocaya gülüşüb durur.

 

Səs-küylü camaat şəhər əhlidir,

Çörək dustağıdır bu yerdə hər kəs.

Burda buralıtək ömür sürməyi,

Başqa yerdən gələn bacara bilməz.


Burda
bir papaqçı, orda qalayçı,

Burda bir başmaqçı - köhnə sənətkar.

Orda bir pinəçi, böyründə nalbənd,

yaxşı dünyada hələ sənət var.

 

Bu rəssam dizinin üstə çəkir?

Sultan Məhəmməddən gəlir bu əsər.

Çəkdiyi şəkillər zərif, al-əlvan,

Baxırsan miniatür xalçaya bənzər...

 

Bu memar yorulmaq bilmədən, əsla,

Daşlardan özünə gələcək umar.

Səhrada ucaldıb möhtəşəm saray,

Üzünə çəkibmiş kaşıdan tumar.

 

Bir xeyir əməl var, bir şər əməl

Bəs niyə xeyirdən xeyli çoxdur şər.

Burda yol gedən kəs, döngə-dalanda

Kötüyə ilişər, quyuya düşər.

 

Günah çoxaldıqca, "ah"da çoxaldı.

Artdı ona nisbət dərd , kədər .

Xeyir-şər insanı böldü-kiçiltdi,

İnsanlıq sınandı bu əməllərdə.

 

Varlı ilə yoxsul - iki əks qütb.

Dünyanı dolaşan daha bir təzad.

Bu - həyat çarxının iki dişidir,

Varmı, bu təzada tapan təzə ad?

 

Bərabərlik sözü küt bıçaq kimi

Daşı kəsdi, amma dərdi kəsmədi.

Lap qədimdən gələn  ikitirəlik

Ən böyük haqsızlıq deyil, bəs nədi?!

 

Ellər inanmadı təzə sözlərə,

Get-gedə bu varlı-yoxsul çoxaldı.

Ayaq tutdu hiylə, yalan yeridi,

Haqq-ədalət ara yerdə yox oldu.

 

Varlı göyə çıxan uca villada,

Yaşadı olmazın işrət içində.

Yoxsul yerə girən soyuq daxmada,

Yaşamadı, öldü dəhşət içində.

 

Bu yandan da dinlər böldü dünyanı,

Tanrı bir olsa da, inamlar fərqli.

Qərb tanıdı şərqli peyğəmbərlə

ri,

Amma bəyənmədi qərblini şərqli.

 

IV

 

Görən varmı ola düz, hamar sərhəd,

Cəm - bütün sərhədlər dilim-dilimdi.

Yaxşı qonşu dövlət nüdrətən olur.

Torpağı qoruya bilmək zülümdü.

 

Qız qalasına bax, məğrur dayanıb,

Qəddini əymədi yüzillər onun.

Bakını həmişə qoruyub yaddan,

Gözətçisi olub doğma yurdunun.

 

Qədim dövlətlərin ulu babası,

Dəclə-Fərat üstü - Beynəlnəhreyn.

Dünyada ən ilkin türk nənnisidir,

Qoşa qapısıdır böyük taleyin.

 

Əflatun, Ərəstun, Sokrat, Hippokrat,

Elmdə möcüzə yaradan adlar!

Onların dediyi ağıllı sözlər,

Keçib əsrlərdən bu günə adlar.

 

Ərəb, fars, bir türk - ağac-millətlər,

Hər yana uzanıb qol-budaqları.

Hər qövmin tarixdə uğurları var,

Vardır hər qövmin sinə dağları.

 

Gəldilər, getdilər, tarix yazdılar.

Bir zaman Atilla, bir zaman Mete.

Fikirləri savaş, hökmləri sərt,

Döyüşdə gördülər hər həqiqəti.

 

Dünyanı fəth etmək, bir yerə yığmaq,

Bu cür yuxu kimi şirin bəlkələr.

Dünyanı daha da xaraba qoydu,

Böyük imperiyalar, müstəmləkələr.

 

Xalqları bu başdan, o başa qovdu,

Davalar, qırğınlar, qanlı döyüşlər.

Atların ayağı altında qaldı,

Qaralan zəmilər, solan örüşlər.

 

Dördnala, dörd yana çapdı atlılar,

Çingizxan, Batıxan, Teymurləng gəldi.

Uzaq ölkələri çalıb çapdılar,

Gücsüz məğlub oldu, güclü yüksəldi.

 

İskəndər, Napoleon - sərkərdə-əsgər,

Dərələrə enər, dağlara qalxar.

Dünyanı - qılıncla diz çökdürdülər,

Onların zəhmindən Allah da qorxar.

 

Ya Babək, Cavadxan, Mustafa Kamal,

Yurdun dar günündə döyüşçü ərlər.

Ölümə güldülər hərb meydanından,

Onların əzmindən yarandı  hünər.

 

Bu yanda Stalin, o yanda Hitler,

Milyonlar qırdırdı - o tay, bu tayda.

Yenə düzəlmədi dünya, yenə

Hər hakim gətirdi yeni bir qayda.

 

Faşizm misilsiz qəddarlıq imiş,

Erməni faşizmi ondan da betər.

Hara soxuldusa qamarlayar o,

Gəlib sığındığı yeri zəbt edər.

 

Bu tayfa dünyaya daraşıb çoxdan,

Əsli-kökü sual, yurdu dərbədər.

Yırtıcı güvədir, yaxşı varsa,

Dağıdar, parçalar, gəmirər, didər.

 

Avropa - ingilis, fransız, alman,

Qərbin elm-sənət qitəsi olub.

Həmin bu qitədən düz iki kərə

Dünyanı dağıtmaq hədəsi olub.

 

V

 

Bu duracaq yeri - qoca dünyadan,

Allah, Allah, kimlər gəlib keçiblər.

Dünyanı bu gündə görən şairlər,

Heyrət edə-edə bir-bir köçüblər.

 

Burda söz söyləyib pir Dədə Qorqud,

Füzuli Məcnunla görüşüb burda.

Qılınclar toqquşub şaqqaşaqla hey...

Dahilər doğulub bu vurhavurda.

 

Dilləndirdi neyi Mövlana Rumi

Haqqı göydən yerə çəkib gətirdi.

Yalanı doğrudan kəsdi, ayırdı,

Haqq deyən insanı haqqa yetirdi.

 

Firdovsi, Nizami, Şekspir, Dante,

Hər biri dünyanın böyük övladı.

Yazdıqları ulu həqiqətlərdə,

Ulduz olub yandı onların adı.

 

Sözə çeviribdi əbədiyyəti,

Böyük

 dastanların ustadı Homer.

Onun yazdıqları dirildi bir-bir,

Troya yoxsa da, dahi söz ölmür.

 

Böyük Nizaminin özbək qardaşı,

Türkcə "Xəmsə" yazan şair Nəvai.

Özü çəkibdi mərd oğul kimi,

Şeirin başındakı cövri-cəfayi.

 

Puşkin ərəb qanlı rus şairidi,

Qafqazı tutana şeir həsr edib.

İkili qanından qaça bilməyib,

Şirvan gözəlini eynən vəsf edib.

 

"Hərb sülh"ü - yazdı böyük Tolstoy,

Hərbi , sülhü bizə tanıtdı.

İki qanadı var insanoğlunun,

Hərb bir qanaddı, sülh bir qanaddı.

                            

Mirzə Cəlil gəldi, Sabir gəldi,

Gördülər millətin acı halını.

Ağı , qaranı qara gördülər,

Yazdılar azadlıq istiqbalını.

 

Onların fikrini bilsin nadan,

Dumanı çəkdilər, dağı gördülər.

Onlara "görməyin" desə dövran,

Özləri yaşayan çağı gördülər.

Məşum "otuz yeddi", haqsızlığa bax!

Cavid , Müşfiq "xalq düşməni"ymiş.

Onda, xalqın dostu kim olub, görən?!

İşıq da, şəfəq xalq düşməniymiş.

 

O daş ürəklərdə yoxmuş qanacaq,

Sənəti boğdular nahaq qanlarda.

Batdı qazanılan ədəb-ərkanlıq,

İnsanlıq qərq oldu o tufanlarda.

 

Ya "Heydərbabaya salam" göndərdi,

Ya da köks ötürdü  xeyli dərindən.

Yad dildə Hafiztək yazdı Şəhriyar,

Amma türkcə yazdı elin dərdindən.

 

Külli-nəfs öz külli-nəfsini görüb,

Utandı, qızardı öz əməlindən.

Dedi: - Evimizi yıxdı ətalət,

Dünya dəyişilsin ta təməlindən.

 

VI

                         

Əgər mələk varsa, iblis vardır,

Bənövşə üstündə ilan sürünür.

qar işığında par-par yanan dağ,

Hərdən qaralır, çənə bürünür.

 

Yamyaşıl küdrüdə yovşanla bahəm,

Hər addım başında qaratikan var.

Yemlik axtarırsan, ehtiyatlı ol!

Yemliyə sarmaşıb zəhərli otlar.

 

Yerdə, "yer üzünün əşrəfi insan"

Həmişə ikilik arasındadır.

Burda beçə bal var, orda zəhrimar,

Balı şirin dadır, zəhri qəm dadır.

 

İki yol göründü gözünə hər gün,

İkisi vacib, ikisi sərt.

İnsanı o yana, bu yana çəkdi,

Biri mərdanə-mərd, o biri namərd.

 

Elə belə yaşa, sağ-salamat qal!

Gözəl dünya ilə sehrlənmisən.

Dərdiyin qızılgül tez solacaqsa,

Qızılgül bağında hərlənmisən?!

 

İndi dua ilə bağışlanmazsan.

Bu qədər günaha tövbə bəs deyil.

Yaman ərköyünsən, söz batmır sənə,

Dünya elə budur, dəyişməz deyil.

 

Böyük mədəniyyət görsən , yazıq,

Kamil bilik alıb, aqil olsan da,

Tanrı sınağından çıxa bilmədin,

Deməli, cahilsən hələ dünyada.


İyun
, iyul, avqust 2014

 





01.10.2014    çap et  çap et