525.Az

Millət vəkili: “Tarix yalan sevmir və ləkə götürmür”


 

Millət vəkili: “Tarix yalan sevmir və ləkə götürmür”<b style="color:red"></b>

“Tarixini, keçmişini yaşatmağı bacaran xalqlar tarix səhnəsindən heç vaxt silinmirlər. Müxtəlif rejimlərin gətirdiyi qadağalar, qoyduğu tabular, verdiyi fərmanlar xalqın öz qan yaddaşını unutdura bilmirsə, deməli bu xalq həqiqətən əbədi yaşar xalqdır”.

525.az-ın məlumatına görə, bu fikirləri bu günlərdə Türkiyənin Ankara Universitetində keçirilən “Türkiyə və Azərbaycan-baxış və liderlik mirası” adlı beynəlxalq konfransdan qayıdan və həmin tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyeva dilə gətirib. Millət vəkilinin dediyinə görə, həmin tədbirdə çıxışı zamanı bildirib ki, azəri türkləri Kəbəsi olaraq bildiyi Türkiyəsindən təqribən bir əsr ayrı qalıb, ancaq nə dilini unudub, nə dinini, nə də mədəniyyətini.

Millət vəkili qeyd edib ki,  Azərbaycan türkləri eyni zamanda, ana vətənində-Türkiyədə gedən bütün siyasi prosesləri, yaranan yeni ədəbiyyatı, baş verən bütün hadisələri, yazılan yeni əsərləri min-bir çətinliklə də olsa izləyib, tapıb, oxuyub, öyrənib.
 
“Uşaqlığımdan bəri evimizin əşyaları, bəzək-düzəkləri içərisində bir guşə hər zaman diqqətimi çəkirdi. Nələr yox idi bu guşədə?  Türkiyə bayrağı, Atatürkün portreti, Topqapı, Dolmabahçe saraylarının,  Boğazın,  Asma köprünün görüntüləri, Türk fəsi, türk sazı və bir də türk tarixini, coprafiyasını, ədəbiyyatını anladan saysız-hesabsız kitablar. Türk sözünün yasaq olduğu dönəmlərdə bu guşəni anam öz əlləriylə hazırlamışdı. Və tam anlamıyla Türkiyənin bir parçasını evimizə köçürmüşdü sanki anam. Əlimiz çatmayan, ünümüz yetməyən məmləkətin havasını alırdıq sanki bütün gün bu mənzərələrdən. Sonra oturub gecənin yarısını gözləyirdik. Güc bəla ilə radioda Türkiyə dalğasını ayarlayaraq az qala qulaqlarımızla radionun içinə girib Türkiyə radiosunun xəbərlərini, sonra da gözəlim türkülərini dinləyirdik. Gecənin bir yarısı deyəsən sovet xüsusi xidmət orqanları ya yorulurdular, ya yuxu tuturdu onları, bəlkə də allah ürəklərinə insaf salırdı ve radio dalğasını azad buraxırdılar. Nəhayətində Türkiyəni doyunca dinləyən ruhumuz rahatlıq tapırdı. Əlbəttə, bu anlatdıqlarım böyük həsrətin ve qovuşmaq arzusunun çox kiçik, adda budda parçalarıdır.

Yaşananları bir-neçə dəqiqəyə sığdırmaq mümkün deyil. Zatən həsrət və sevgi anladılmaz, yaşanır”. J.Əliyevanın  bildirdiyinə görə, şükürlər olsun ki, bütün bunlar arxada qalıb və tarixin inkaredilməz həqiqətləri öz sözünü deyib:

 “Atatürkün 80 il əvvəl Peyğəmbər kimi söylədiyi “bu gün sovetlər birliyi dostumuzdur. Bu dostluğa ehtiyacımız var. Fəqət  sabah nə olacağını kimsə bu günden deyə bilməz. Eynilə Osmanlı kimi, eynilə Avstriya-Macarıstan kimi, parçalana bilir, ufalana bilir. Dünya yeni bir dengeye ulaşa bilir. Məhz o zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostluğun içərisində  dili bir, inancı bir, özü bir  qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız o günü susub gözləmək deyil. Hazırlaşmaq lazımdır. Millətlər buna neçə hazırlanır? Mənəvi körpüləri sağlam ataraq. Dil bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə qayıtmalı ve olayların böldüyü tariximizin içinde bütünləşməliyik. Onların bizə yaxınlaşmasını  gözləməməliyik. Bizim onlara yaxınlaşmamız gərəklidir”, ifadələri gerçək oldu. Dəmir pərdənin pəncəsindən qurtulan Azərbaycan arxasında Ana vətəni Türkiyəni tapdı”.

Millət vəkili həmçinin bildirib ki, tarix yalan sevmir və ləkə götürmür:  “Müxtəlif rejimlərin hakim ideologiyalarının uydurduğu saxta tarixlər bir gün mütləq yox olur. Biz hamımız yaxın tariximizdə bunun şahidi olduq. 20-ci yüzilliyin çalxantıları, baş verən kataklizmlər türkün şanlı tarixine kölgə sala bilmədi. Eləcə də saxta təbliğat maşınlarının yazdırdığı, yalan, uydurma, saxta tarix nağılları da güclü zəkaların həqiqətinin işığında əriyib getdi. Məhz o güclü zəkaların daşıyıcıları sayəsində ilahi ədalət qalib gəldi və iki qardaş, iki sirdaş, iki doğma ölkə Azərbaycan və Türkiyə yenidən qovuşdu.Böyük alman filosofu Karneyl Tomas deyib ki, “yer üzündə elə oğullar var ki, xalqlar onun şöhrəti arxasında gizlənib və belə oğulların sayı çox deyil”. Dünyada sayı çox olmayan oğullardan birini Mustafa Kamal Paşa Atatürkü tanrı Türkiyəyə, Heydər Əlirza oğlu Əliyevi isə Azərbaycana bəxş etdi.

 Və bu iki böyük isim bir əsrdə iki dəfə - biri ötən əsrin başlarında, digəri isə ötən əsrin sonlarında ölkələrini və xalqlarını tarix səhifəsindən yox olmaq, məhv olmaq təhlükəsindən qurtararaq, yeni bir dünya qurdular  və milyonların Atasına çevrildilər”.  Millət vəkilinin sonra qeyd etdiyinə görə, bu gün dünyada elə bir millət tapmaq çətindir ki, hansına taleyüklü, mürəkkəb mərhələdə onun taleyində müstəsna rol oynamış, sabit və davamlı dövlətçilik ənənələri formalaşdırmış rəhbərləri olmasın:  “Bu rəhbərlər müxtəlif vəzifələrin daşıyıcıları olmuşlar – Prezident, Baş Nazir, Kansler və s. Amma onların heç biri bu adla yanaşı milli liderə çevrilməmiş, sadəcə bir dövlət xadimi kimi öz vəzifələrini icra etmişlər. Mustafa Kamal Atatürkün və Heydər Əliyevin dəyəri və xoşbəxtlikləri ondadır ki, onlar müdrik dövlət xadimi olmaqla yanaşı, həm də milli liderə çevrilə bilmiş, ümumbəşəri dəyərləri öz əxlaqlarında, davranışlarında və fəaliyətlərində cəm etmişlər.Əsl liderlər bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmirlər. Hər iki lider öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməmələri ilə sübut etdilər ki, onların varlığı sadəcə cismanilikdən ibarət deyil. Hər iki lider  milli dövlətçiliyi qorumaq naminə böyük bir yola çıxdılar, çiyinlərini son dərəcə ağır bir yükün altına verdilər...”

Kamil Həmzəoğlu

 





12.11.2012    çap et  çap et