525.Az

Gürcüstan: siyasi böhran əlamətləri?


 

Gürcüstan: <b style="color:red">siyasi böhran əlamətləri?</b>

Qonşu ölkədə son zamanlar hakimiyyətin yüksək dairələrində fikir ayrılıqlarının mövcudluğundan xəbər verən hadisələr baş verir.

Hökumət BMT-nin iqlim dəyişikliyi ilə bağlı tədbirinə prezidenti deyil, baş naziri göndərib. Buna dövlət başçısı kəskin reaksiya verib və prezidentlik institutuna qarşı təxribatın törədildiyini deyib. Digər tərəfdən, B.İvanişvili ölkə rəhbərini komandaya xəyanətdə suçlayıb. İndi gürcü ekspertlər hakimiyyət daxilində yaranmış bu vəziyyətin ölkəni siyasi uçuruma apara biləcəyini proqnozlaşdırırlar. Həqiqətən də ortada mürəkkəb bir vəziyyət var. Bundan hakimiyyətin necə çıxacağı məlum deyil. Ancaq bir daha aydın olur ki, Gürcüstan daxili və xarici siyasətdə müəyyən məqamları ümumiyyətlə nəzərə almayıb.

Fikir ayrılığı: prezident ittiham edir

Heç gözlənilmədən Gürcüstanda iqtidar daxilində ciddi problemlərin olduğu üzə çıxdı. Qərbin regionun digər dövlətləri üçün nümunə hesab etdiyi qonşu ölkədə prezidentlə baş nazir kimin BMT-nin tədbirinə getməli olduğunu normal qaydada aydınlaşdıra bilmədilər. Prezident Georgi Marqvelaşvili sentyabrın 11-də mətbuat konfransı keçirərək açıq bəyan etdi: "Mənim ABŞ-a səfərimi pozdular. Bunun üçün çox ciddi işlər aparılıb" (bax: Визит президента Грузии в США сорван / "Грузия Online", 11 sentyabr 2014).

Dövlət başçısı bunu prezidentlik institutuna qarşı atılan addım kimi qiymətləndirib. O, "əgər belə davam etsə, biz Saakaşvili dövründəki nöqsanları təkrar etmiş olacağıq" – deyə, xəbərdarlıq edib (bax: əvvəlki mənbəyə). Doğrudur, prezident burada siyasi qarşıdurma əlamətinin olmadığını da vurğulayıb.

G.Marqvelaşvili Bidzina İvanişvilinin ona irad tutmadığını da söyləyib. Baş nazir İrakli Qaribaşvili ilə aralarında hansısa siyasi ixtilafın olmadığını qeyd edib. Onun fikrinə görə, burada sadəcə hakimiyyətin qolları arasında müəyyən anlaşılmazlıqdan söhbət gedə bilər. Gürcüstan dövlətçiliyinə zərər verə biləcək proseslərdən danışmaq əsassızdır.

Ölkə KİV-i isə tamamilə başqa məqamlardan bəhs edir. Hər şeydən əvvəl, B.İvanişvilinin hakimiyyətin işlərinə birbaşa rəhbərlik etdiyi vurğulanır: "O, hər bir situasiyaya müdaxilə edir və istədiyini həyata keçirir". "Qafqaz" Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Mamuka Areşidze bu kontekstdə deyir: "Siyasətdən getdikdən sonra Bidzina İvanişvili yalnız ekstremal situasiyalarda peyda olur. O görür ki, situasiya dalana dirənib. Əgər səhv etmirəmsə, bu, onun həmin kontekstdə üçüncü çıxışıdır (G.Marqvelaşvili-İ.Qaribaşvili qarşıdurması ilə əlaqəli çıxış nəzərdə tutulur – Newtimes.az) ...Bunun doğru olub-olmadığı başqa məsələdir" (bax: В Грузии может произойти конституционный переворот – Мамука Арешидзе / "Грузия Online", 16 sentyabr 2014).

Ekspertin fikrincə, meydana çıxan ziddiyyətlər prezidentin impiçmenti məsələsini gündəmə gətirə bilər. Bunun üçün konstitusiyada dəyişiklik edilməlidir. Məsələ bundadır ki, ölkənin yeni konstitusiyasında yarıprezident, yarıparlament üsul-idarəsi əks olunub. Bunu sənədin müəllifi Avtandil Demetraşvili də etiraf edir (bax: Кто является первым лицом Грузии? / "Грузия Online", 12 sentyabr 2014).

Konstitusiyaya əsasən, prezident hökuməti istefaya göndərə bilməz, sonuncu da öz növbəsində dövlət başçısının impiçment məsələsini qaldırmaq hüququna malik deyil. Bu səbəbdən prezidentin BMT-nin tədbirinə getməkdə israrlarına baxmayaraq, hökumətin baş nazir İ.Qaribaşvilinin namizədliyini dəstəkləməsinə qarşı elə bir addım atılmadı. Ölkə rəhbərinin jurnalistlərə şikayət etməsindən başqa əlindən bir şey gəlmədi.

Bunların əsasında "Rezonansi" qəzeti ziddiyyətlərin kəskinləşməsi halında Gürcüstanda konstitusiya çevrilişinin ola biləcəyini vurğulayır. Təbii ki, bu hal ölkənin imicinə çox ciddi zərər yetirə bilər. Həmin təhlükəni göz önünə alan iqtidar ölkədə heç bir siyasi böhranın olmadığını bildirir.

İvanişvilinin kölgəsi və Gürcüstan dövlətçiliyi

Göründüyü kimi, söhbət Gürcüstanda ikihakimiyyətlilikdən gedir. Bu, baş nazir İ.Qaribaşviliyə dövlət başçısına müəyyən problemlər yaratmağa imkan verir. Əks təqdirdə, prezident mətbuat konfransı keçirərək onun səfərini "pozmaq üçün ciddi işlərin görüldüyünü" deməzdi. Ekspertlər bu andan ölkədə siyasi situasiyanın dəyişdiyini vurğulayırlar. Qısa olaraq, yeni hakimiyyət daxilində ciddi çatlar meydana gəlib!

Həmin kontekstdə B.İvanişvilinin hazırkı prezidenti Mixeil Saakaşvili ilə gizli əlaqədə ittiham etməsi vəziyyətin kifayət qədər mürəkkəb olduğunu göstərir. Maraqlıdır ki, bir sıra gürcü eksperti bunu əsaslı hesab etdiklərini bildiriblər.

Məsələn, "Qafqaz" Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri M.Areşidze "Aliya" qəzetinə verdiyi müsahibədə vurğulayıb ki, "təhlükəsizlik xidməti orqanlarında M.Saakaşvilinin çoxlu tərəfdarı vardır. B.İvanişvili onları təmizləyə bilmədi. Bunun sübutu Bidzinanın dinlənilməsidir. Onu Axaltsixedə dinləmişdilər və bu indi də davam edir" (bax: В Грузии может произойти конституционный переворот – Мамука Арешидзе / "Грузия Online", 16 sentyabr 2014).

Etiraf etmək lazımdır ki, bunlar ciddi ittihamlardır. Maraqlıdır ki, Tbilisinin hakimiyyət dəhlizlərində bu cür proseslər gedərkən ABŞ-ın özündə Gürcüstanla bağlı ziddiyyətli bir informasiya yayılır. "Foreign Policy" nəşrinin yazdığına görə, Gürcüstan rəhbərliyi İŞİD terrorçularına qarşı döyüşəcək Suriya müxalifəti üzvləri üçün hərbi təlim düşərgəsi yarada bilər (bax: John Hudson. Exclusive: Georgia Offers to Host Training Camp for Syrian Rebels / "Foreign Policy", 23 sentyabr 2014).

Bu sözləri Gürcüstanın Amerikadakı səfirinin söylədiyi iddia edilir. Səfir Arçil Qeqeşidze isə belə bir cümlə işlətmədiyini bəyan edib. Lakin kimlərsə məsələnin ölkənin siyasi gündəmində qalmasına çalışır. Eyni zamanda, bu, hakimiyyətdəki fikir ayrılıqlarının və qeyri-peşəkarlığın əlaməti kimi təqdim olunur.

Onu da vurğulamaq lazımdır ki, Gürcüstan iqtidarı M.Saakaşvilinin və ailəsinin bütün əmlakına həbs qoyub. Keçmiş prezident beynəlxalq axtarışa verilib. Tbilisidəki hakimiyyət daxilindəki ziddiyyətlərlə bu hadisələrin əlaqəsinin olub-olmaması haqqında fikir söyləmək hələlik tezdir. Lakin proseslərin ciddi istiqamət aldığına şübhə yoxdur.

Qonşu ölkədə siyasi böhranın əlamətlərinin özünü göstərməyə başladığını qəbul etmək gərəkdir. Söhbət prezidentlə baş nazir arasında olan ixtilafdan gedirsə, vəziyyət daha təhlükəli görünür. Üstəlik, dövlət başçısı əvvəlki iqtidarla əməkdaşlıqda ittiham olunur. Burada iki ssenari üzərində dayanmaq olar. Birincisi, B.İvanişvilinin komandası tədricən avtoritarizmə yuvarlanır. Bu komanda daxilində fərqli düşünənlər qəbul olunmur. İkincisi, yeni hakimiyyət vəd etdiyi islahatları həyata keçirməkdə çətinlik çəkir və günahkar axtarır.

Hər iki halda ölkə rəhbərliyi üçün mürəkkəb situasiya yaranmış olur. İndiki vəziyyətin uzun müddət davam etməsi mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, Gürcüstan əhalisi yenidən rüşvət və korrupsiyanın ayaq açdığından danışır. Müxtəlif dövlət orqanlarında vətəndaşlardan pul tələb etməyə başlayıblar. Bu tendensiyanı gürcülər mənfi qiymətləndirirlər.

Burada qlobal geosiyasətdə gedən prosesləri də nəzərə almaq lazımdır. Sirr deyil ki, hazırda böyük dövlətlərin region uğrunda mübarizəsi daha kəskin xarakter alıb. Buna Ukrayna və Yaxın Şərqdə baş verən hadisələr təkan verib. Gürcüstanın əvvəlki iqtidarının birtərəfli qaydada Qərb istiqamətini tutmasını Rusiya qəbul etmədi. ABŞ isə M.Saakaşvilinin hakimiyyətdən getməsinə xoş baxmır. Gürcüstanın keçmiş dövlət başçısının Amerikada olması təsadüfi deyil və Tbilisinin tələblərinə baxmayaraq, o, yeni hökumətə təhvil verilmir. B.İvanişvilinin dövlət başçısını ittiham etməsi ilə hökumətin Nyu-Yorka baş naziri göndərməsi arasında maraqlı bir bağlılıq təsəvvürə gəlir. Konkret olaraq, prezidentin Amerikaya getməsindən B.İvanişvili ehtiyat edir – o, G.Marqvelaşvilinin keçmiş prezidentdən təlimatlar ala biləcəyindən çəkinir. Elə bu səbəbdən də dövlət başçısı mətbuat konfransı keçirərək ictimaiyyətə müəyyən siqnallar verib.

Beləliklə, Gürcüstan hakimiyyətində gizli cərəyan edən bir sıra ziddiyyətlər artıq üzə çıxdı. Bundan sonra daha kəskin və qəti addımlar atıla bilər. Görünür, Ukraynadan sonra Gürcüstanda siyasi ixtilaf yaradıb, vəziyyətə müdaxilə etmək planları mövcuddur. Bu, iki həqiqəti aydınlaşdırır. Birincisi, Gürcüstan müstəqil dövlət kursunda qeyri-müəyyənliklərdən yaxa qurtara bilməyib ki, bu da regionda sabitsizliyə yol aça bilər. İkincisi, kənardan bu ölkəyə müdaxilə ehtimalı qalmaqdadır, lakin kimin və nə zaman bunu edəcəyini indidən demək çətindir.

Newtimes.az

 





02.10.2014    çap et  çap et