525.Az

Nazir: “Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır”


 

Nazir: “Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır”<b style="color:red"></b> Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında çıxış etdikdən sonra sualları cavablandırıb.

APA-nın Avropa bürosunun xəbərinə görə, E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi və dondurulmuş münaqişələrinin həlli ilə bağlı suala AŞ NK sədri kimi deyil, Azərbaycanın xarici işlər naziri kimi cavab verə biləcəyini söyləyib:
 
“Söhbət dondurulmuş münaqişələrdən gedirsə, o zaman mən bu suala Azərbaycan xarici işlər naziri kimi cavab verməli olacağam. Biz son vaxtlar AŞ NK-dəki müzakirələrimizin, çıxışlarımızın çoxunu Ukrayna böhranına həsr etmişdik. Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, bu münaqişə 20 ildən çoxdur davam edir. 1994-cü ildə atəşkəsin elan edilməsi ilə bu münaqişə müvəqqəti dayanıb. Erməni silahlı qüvvələrinin Azərbaycana soxulmaları nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri pozulub və ermənilər tərəfindən bütün bu işğal edilmiş ərazilər azərbaycanlılardan tamamilə təmizlənib.

Bildiyiniz kimi, 1994-cü ildən ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk Qrupu münaqişənin həlli ilə məşğul olmağa başladı. Açığı, deməzdim ki, bu məsələdə hansısa irəliləyiş var. Təəssüf ki, ərazilərimiz hələ də işğal altında qalmaqdadır, məcburi köçkünlər öz yurd-yuvalarına qayıda bilmirlər. Regionda təhlükəsizlik baxımından bu, olduqca riskli və mürəkkəb bir məsələdir, regionun stabil inkişafı üçün mənfi hallardan başlıcasıdır. Biz Minsk Qrupunun həmməruzəçiləri ilə bu münaqişənin həlli üzərində tədricən işləmək istəyirik. Bizim üçün burada əsas məsələ odur ki, erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır və bu ərazilər Azərbaycana qaytarılmalıdır”.
 





02.10.2014    çap et  çap et