525.Az

Qadın qoxusu


 

Qadın qoxusu<b style="color:red"></b> Biz belə böyüdük. ANA sadəcə ana idi, ANAnın əslində həm də bir qadın olduğunu bilmirdik.
Bəlkə ANA özü də unutmuşdu ki, ATA necə kişidirsə, ANA da qadındır! Yox, günəşim, söz oyunu deyil bunlar. Gəl, yadına salım.

ANAnın makiyaj qutusu, dırnaq boyası yox idi. Əvəzində ANAnın üzünün sağ tərəfində Ağdamda keçirdiyi xoşbəxt uşaqlığından tək yadigar - incə, qələm kimi iz var idi. O yara yerini heç bir makiyaj silə bilməzdi, sadəcə sən ağlayanda damcılar dolardı həmin “cığır”a.

ANA o bahalı, çeşid-çeşid ətirlərdən də istifadə etmirdi. ANAnın öz qoxusu var idi. Qardaşım anadan olandan bir neçə gün sonra dədəm məni xəstəxanaya - sənin yanına aparmışdı. Düz xatırlayırsan, kiçik bir qazanda “Aptek Sevinc” xalanın bişirdiyi yarpaq dolmasını da gətirmişdik. Sən boynumu iyləyib üz-gözümdən öpdün. Həmin yeməyi də elə xəstəxananın dar pilləkənlərində mənə yedizdirdin. O zamandan
burnumda ANA qoxusu qalıb - dərman və yağı donmuş dolma iyi.

Bunları sənə danışmalıyam. Ana, mən böyüdüm və bir gün qadınların hərəsinin öz qoxusu olduğunu öyrəndim. Heç bir qadından dərman, yağı donmuş dolma iyi gəlmir. Bu, qadın qoxusu deyil, ana, vallah deyil! Mən gözəl və gənc qadınları görmüşəm. Onlar kişilərlə eyni mühitdə olanda bir müddətdən sonra ayaqyoluna getmək üçün icazə alırlar, geri dönəndə isə istifadə etdikləri ətrin iyini, dodaqlarındakı qırmızını, üzlərindəki yeniliyi duya bilirsən. Bu, ANAya çox yaddır. ANA evdə güzgünün yerini unudandır.

Bilirəm, indi soruşursan ki, hardan ağlıma gəldi bu tufeyli fikirlər. Nənəmi xatırladım, canım.

31 Oktyabr, 1991. Anasını itirəndə dədəmin 20 yaşı olub. Yazıq nənəm, yetim nənəm! Xəstə qadın tez-tez huşunu itirirmiş, neçə dəfə təndirdə yanıb bədəni - yəqin nənəmdən tüstü qoxusu gəlirmiş.

Bu məktubu sənə yazmamışdan qabaq yadıma düşdü ki, dədəm düz 23 ildir ki, ANAnın bişirdiyi çörəklərdən yemir! Dədəmin anasını itirdiyi yaşdayam, günəşim. Mən də sənin bişirdiyin yeməklərdən uzağam. Amma bilirəm ki, bizim evimizdə hər gün qazan asılır. Sən bəzən karıxıb süfrəyə bir dənə artıq - dörd boşqab qoyursan.

Darıxanda skype-da danışırıq, çox şükür. Üzünü görürəm, səsini eşidirəm, amma qoxunu ala bilmirəm, ana. Yazdım ki, biləsən. Biləsən ki, səni çox istəyirəm!

Lent.az
 





13.10.2014    çap et  çap et