525.Az

Osman Hacıbəyovun 90 illik yubileyi qeyd olunacaq


 

Osman Hacıbəyovun 90 illik yubileyi qeyd olunacaq<b style="color:red"></b> Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, əməkdar artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyi keçiriləcək.
 
Teatrdan Lent.az-a verilən məlumata görə, teatrın foyesində baş tutacaq sərgidə sənətkarın rol aldığı tamaşalardan fotolar nümayiş etdiriləcək.
 
Sərgidən sonra böyük səhnədə vaxtı ilə onunla birgə çalışmış sənət dostları O. Hacıbəyovla bağlı xatirələrini bölüşəcək, sonda isə unudulmaz sənətkarın xatirəsinə ithaf olumuş dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası göstəriləcək.
 
Qeyd edək ki, Osman Hacıbəyov 1924-cü il fevralın 18-də Şuşada ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinfini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. 1948-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. 1979-cu ilə qədər bu teatrda fəaliyyət göstərib.
 
O. Hacıbəyov  El oğlu ("El oğlu"), Ayaz ("Ana"), Əşrəf ("Hacı Qəmbər"), Skapen ("Skapenin kələkləri"), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah"), Fərhad ("Bəxtsiz cavan"), Polkovnik Ferrari ("Ovod") və başqa rolları ilə tamaşaçıların yaddaşında əbədi qalıb.
 
Milli teatr sənətinin inkişafında xidmətinə görə, 1969-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib. O, 14 iyun 1979-cu ildə Bakıda vəfat edib.
 





16.10.2014    çap et  çap et