525.Az

Gürcüstanın sabiq baş naziri 3 il azadlıqdan məhrum edilib


 

Gürcüstanın sabiq baş naziri 3 il azadlıqdan məhrum edilib<b style="color:red"></b> Gürcüstanda Mixail Saakaşvilinin prezidentliyi dövründə baş nazir və daxili işlər naziri vəzifələrində çalışmış Vano Merabişvili 3 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın “News Georgia”ya istinadən verdiyi məlumata görə, Tbilisi şəhər məhkəməsi bu qərarı Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvilianinin qətli ilə bağlı cinayət işinin araşdırılması zamanı sabiq baş nazirin öz vəzifəsindən sui-istifadə etməsi ilə əsaslandırıb.
 
V. Merabişviliyə Gürcüstan CM 332-ci maddəsi ilə (xidməti vəziyyətdən sui-istifadə) 4 il,  341-ci maddəyə əsasən (xidməti saxtakarlıq) 2 il cəza kəsilib. Lakin “Amnistiya haqqında” qanuna görə, onun həbs müddəti iki dəfə azaldılaraq 3 il təşkil edib.
 
Xatırladaq ki, 2006-cı il sentyabrın 28-də Okrokan məzarlığında Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvilianinin cəsədi aşkarlanıb. İstintaq zamanı onun qətlində adı hallandırılan şəxslər – DİN əməkdaşları həbs olunsa da, məhkəmə qərarından bir müddət sonra əfv olunaraq azadlığa buraxılıblar. V. Merabişvili 2013-cü il mayın 21-də saxlanılıb. Ona qarşı vəzifədən sui-istifadə etmək, aksiyalarda zorakılığa yol vermək və saxta iş yerləri açmaq ittihamı da irəli sürülüb.
 





20.10.2014    çap et  çap et