525.Az

Səhiyyə Nazirliyi Mingəçevirdə qeydə alınan ana və uşaq ölümü barədə məlumat açıqlayıb


 

Səhiyyə Nazirliyi Mingəçevirdə qeydə alınan ana və uşaq ölümü barədə məlumat açıqlayıb<b style="color:red"></b>

Səhiyyə Nazirliyi ötən gün Mingəçevir şəhərində qeydə alınan ana və uşaq ölümünün ilkin səbəbini açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, 1984-cü il təvəllüdlü Qasımova Svetlana oktyabrın 19-u saat 23:10-da vaxtından əvvəl dölyanı mayenin açılması diaqnozu ilə Mingəçevir Mərkəzi Xəstəxanasına daxil olub. Onun sözlərinə görə, 14 saat əvvəl dölyanı maye axıb və ondan sonra xəstəxanaya müraciət edilib:
 
“Doğuş keçirilib və uşaqda ciftdə həqiqi düyünün aşkarlanması diaqnozu qoyulub. Reanimasiya tədbirləri aparılsa da, uşağı xilas etmək mümkün olmayıb. Uşaq ciftin iki dəfə boynuna dolanması - asfiksiya ilə doğulub. Doğuşdan sonra dərhal ananın da vəziyyəti pisləşib. Reanimasiya tədbirləri heç bir nəticə verməyib. Ölümdən sonra meyit təşrih edilməyib, çünki xəstənin qohumları onun təşrih edilməsinə icazə verməyiblər”.
 
A.Qədirli qeyd edib ki, bütün məlumatlar Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına verilib və müvafiq araşdırma başlayacaq. Araşdırmadan sonra ana və uşaq ölümünün dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq.
 
Qeyd edək ki, hadisə dünən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib. Doğuş zamanı 1984-cü il təvəllüdlü Qasımova Svetlana Adil qızının vəziyyəti qəflətən pisləşib, onda yüksək temperatur və üşütmə halları müşahidə olunub. Həkimlər tərəfindən lazımi tibbi yardım göstərilsə də, qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Məlumata görə yeni doğulan, çəkisi 4,1 kq olan körpə oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb.

 





21.10.2014    çap et  çap et