525.Az

Elmar Məmmədyarov Litva xarici işlər nazirini qəbul edib


 

Elmar Məmmədyarov Litva xarici işlər nazirini qəbul edib <b style="color:red"></b> Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, E. Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu və əsas beynəlxalq məsələlər üzrə ölkələrin mövqeyinin yaxın olduğunu qeyd edərək, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
 
İki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən litvalı nazir Azərbaycanın Litvanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşı olduğunu söyləyib. O, səfər çərçivəsində Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dördüncü iclasının keçirilməsinin məmnunluq doğurduğunu bildirib. Avropa İttifaqı ilə əməkdaşlıq və “Şərq Tərəfdaşlığı” proqramına toxunan L. Linkyaviçus ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb. 
 
E. Məmmədyarov Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
 
Görüş əsnasında elm-təhsil, mədəniyyət, idman və digər humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
 





21.10.2014    çap et  çap et