525.Az

"Azərbaycan əsrin daha neçə layihəsinə imza atmaqla hələ çox yadda qalacaq"


 

"Azərbaycan əsrin daha neçə layihəsinə imza atmaqla hələ çox yadda qalacaq"<b style="color:red"></b>

"İstər Kramerin, istər Kozlariçin, istərsə digərlərinin anti-Azərbaycan ruhlu bəyanatları, çağırışları heç bir nəticə verməyəcək".
 
Bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova "Freedom House" təşkilatının rəhbəri Devid Kramer ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlaricin Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsi çağırışlarına bu çağırışların qarşıdan gələn 2015-ci il parlament seçkilərinə, o cümlədən,  2015-ci il ilk Avropa Olimpiya Oyunlarına təsir edib-etməyəcəyinə münasibətini bildirərkən deyib.

"Eurovision-2012" mahnı yarışması zamanı, həmçinin, digər başqa beynəlxalq əhəmiyyətli Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər, o cümlədən dünyanın, Avropanın, Qərb ölkələrinin enerji təhlükəsizliyində çox böyük rol oynayan, Azərbaycanın müəllifliyi təşkilatçılığı ilə həyata keçirilən enerji layihələrinin qəbulu, imzalanması, fəaliyyətə başlaması ərəfəsində biz eyni hadisələrin şahidi olmadıqmı? Ona görə istər Kozlariç olsun,  istər Kramer olsun, onların adları dəyişə bilər, maraqlar dəyişmədiyindən, hesab edirəm ki,   Azərbaycanın inkişafı sürətləndikcə, müsbət nəticələr əldə olunduqca biz bu kimi hallara  tez-tez rast gələcəyik.  Bu da bizi tutduğumuz yoldan döndərə bilməyəcək, həmçinin, hədəfimizə gedəcək yolumuzda işlərimizə əngəl olacağına işarə vurmur biz öz yolumuza davam edəcəyik".

MM sədrinin müavininin qeyd etdiyinə görə, bu yolda bizə heç kim mane ola bilməz. "Bu oyunların ətrafındakı oyunların hardan qaynaqlandığını, nəyə xidmət etdiyini bilirik. Bəzi hallarda bunlar açıqlanır, bəzi hallarda isə  bunların üzərindən keçirik. Çünki bizim məqsədimiz kiminsə oyunlarını şərh, analiz, həll etmək deyil. Bizim məqsədimiz Azərbaycan dövlətini inkişaf etdirmək, Azərbaycan vətəndaşının təhlükəsizliyini, ərazi bütövlüyümüzü təmin etmək, onu region, dünya, ölkələr, dünya xalqları üçün çox əhəmiyyətli bir tərəfdaşa, çox yaxşı bir dosta,  qarşılıqlı münasibətlərə, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən inkişaf etmiş ölkəyə çevirməkdir. Bu hədəf üçün bu gün qarşımızda maneələr varsa, onları aradan qaldırmağa bizə olan köməkləri dost köməyi kimi qəbul edib irəliyə doğru birgə addımlamağa çalışacağıq. Ona görə düşünürəm ki, budəfəki səylər yenə boşa çıxacaq, Azərbaycan bu tədbirlərə çox yüksək səviyyədə ev sahibliyini edəcək. Yenicə həyata vəsiqə alan layihələrimiz çox uğurla reallaşacaq. Hər əsrdə biz bir əsrin layihəsini imzalamışıq hesab edirəm ki, 21-ci əsrdə Azərbaycan bir neçə əsrin layihələrinə imza atmaqla hələ çox yadda qalacaq. Yəni, dostlarımız da, düşmənlərimiz bizdən bunu gözləsinlər. Başqa bir şey, onların gözləntiləri doğrulmayacaq".

Kamil HƏMZƏOĞLU

 





22.10.2014    çap et  çap et