525.Az

Mehriban Əliyevaya orden verilib


 

Mehriban Əliyevaya orden verilib<b style="color:red"></b>

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 22-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, M. Əliyeva Fondla Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini deyib.
 
Fondun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını xatırladan M. Əliyeva buna misal olaraq ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbi, uşaq bağçasını, “Dostluq” körpüsünü, uşaq əyləncə şəhərciyini, knyaz Vladimir abidəsini göstərib.
 
Birinci xanım bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.
 
M. Əliyeva Azərbaycanla Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söyləyib, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirildiyini vurğulayıb. O, Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini də qeyd edib, buna görə A. Jilkinə təşəkkürünü bildirib.
 
Qubernator isə Fond tərəfindən Həştərxanda reallaşdırılan layihələrin istiqamətinin düzgün seçildiyini deyib. O bu layihələrin Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib.
 
Görüşdə Azərbaycanla Həştərxan arasında birbaşa aviareysin açılmasının vacibliyinə toxunulub, Həştərxan sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək arzuları ifadə olunub.
 
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə edilib, Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü vurğulanıb, Azərbaycanla Həştərxan arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib. Tərəflər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi ilə birgə nərə balıqları ilə bağlı layihənin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.
 
Sonda A. Jilkin M. Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordenini və xatirə hədiyyəsini təqdim edib.

 





22.10.2014    çap et  çap et