525.Az

“Azərbaycanda bu qədər banka ehtiyac yoxdur”


 

 “Azərbaycanda bu qədər banka ehtiyac yoxdur”<b style="color:red"></b> Bu gün Milli Məclisin plenar iclasında 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilib.
 
APA-nın məlumatına görə, müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov deyib ki, müəllimlərin, həkimlərin və digər büdcə təşkilatlarında çalışan 700 minə qədər şəxsin maaşının artırılması, həmçinin Sovetlər dövründən qalan əmanətlərin qaytarılması üçün 500 milyon manat vəsait ayrılması  müsbət haldır. Deputat kənd təsərrüfatı sektoruna 27 milyon manat vəsaitin ayrılmasını məqbul saymayıb: “Bu sahənin inkişaf etdirilməsi üçün vəsait artırılmalı və kənd təsərrüfatı sahəsində islahatlar aparılmalıdır”.
 
Deputat ölkədə 45 bank olduğunu, bu qədər banka ehtiyac olmadığını bildirib. V. Əhmədov bank faizlərin yüksək olduğunu da vurğulayıb: «Rayonlarda banklardan pul götürüb qaytara bilməyən insanların evlərini, torpaqlarını, mülklərini əlindən alırlar. Çünki bank faizləri 25-30 faiz arasındadır, insanlar bu pulu qaytara bilmirlər. Niyə Azərbaycan kimi bir ölkədə insanlar evlərindən çölə atılmalıdır?! Bank faizlərinə yenidən baxmaq lazımdır”.
 
AVP sədri Fəzail Ağamalı deyib ki, ölkədə kənd təsərrüfatı məhsullarının bazara, xüsusilə də xarici bazara çıxarılması problemi var: «Düzdür, xarici bazara çıxmaq imkanı var. Amma bu prosesə müvafiq qurumlar tərəfindən himayədarlıq olmalıdır”.
 
Millət vəkili ölkədəki zabitlərin mənzil problemini də qaldırıb: “Zabitlərimiz mənzil olmadığından ailə qura bilmirlər”. Partiya sədri alimlərin məvacibinin artırılmasının zəruriliyi barədə də danışıb. F. Ağamalı büdcədən siyasi partiyalara ayrılmış maliyyə vəsaitinin artırılması barədə digər partiya nümayəndələrinin çıxışını dəstəklədiyini də söyləyib: “Ayrılan vəsaitin iki dəfə artırılmasını təklif edirəm”.
 





14.11.2012    çap et  çap et