525.Az

Meksika Senatında Qarabağ sərgisi


 

Meksika Senatında Qarabağ sərgisi <b style="color:red"></b>

Meksika Senatında rəssam və memar Yavər Rzayevin rəsm ekspozisiyalarından ibarət “Qarabağ mənim xatirimdə” (“Karabakh on my mind”) sərgisi keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, sərgi Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barronun təşkilatçılığı ilə keçirilib. Tədbirin açılış mərasimində Meksika Konqresinin və ölkə ictimaiyyətinin nümayəndələri, diplomatik korpusun üzvləri, habelə Senatın vitse-prezidenti Xose Rosas Arispuro iştirak ediblər.

Sərgidə Qarabağın tarixi və təbii landşaftını əks etdirən 11 rəsm nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan senator Qabriela Kuevas bu sərginin dünyada mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa dəstəyi nümayiş etdirdiyini və Meksika və Azərbaycan xalqları arasında mədəni körpü olduğunu bildirib.  Sərginin təşkilinə görə səfir İlqar Muxtarova təşəkkür edən senator bu tədbiri yanvar ayında Azərbaycana səfər etmiş meksikalı senatorların ikitərəfli əlaqələrin inkişafına yönəlik fəaliyyətinin bariz nümunəsi adlandırıb.

Senator Qabriela Kuevas rəssam Yavər Rzayevin tanınmış memar və rəssam olduğunu, əsərlərinə dünyanın müxtəlif mədəniyyət festivallarında rast gəlindiyini qeyd edib.

Səfir İlqar Muxtarov açılış mərasimindəki çıxışında deyib ki, bu tədbir Azərbaycan və Meksika mədəniyyətlərinin yaxınlaşmasına xidmət etməklə yanaşı, ikitərəfli əlaqələrin inkişaf göstəricisidir.

Meksikanın Amerika regionunda Azərbaycan üçün əhəmiyyətini önə çəkən səfir Qafqaz və Avrasiya regionunda aparıcı rol oynayan Azərbaycanda Meksika üçün geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Hər iki ölkənin iqtisadi potensialının və mədəni zənginliyinin mübadilə və əməkdaşlığa geniş imkanlar açdığını deyən səfir bu yaxında Bakıda Meksika səfirliyinin fəaliyyətə başlamasını ikitərəfli əlaqələrin inkişafı yolunda böyük bir addım kimi qiymətləndirib.

Əslən Qarabağdan olan və hazırda ABŞ-da yaşayan Yavər Rzayevin rəsm əsərlərindən ibarət sərgini açmaqdan fəxarət hissi duyduğunu qeyd edən səfir İlqar Muxtarov rəssamın doğma torpağına olan sevgi və duyğularının bu rəsmlərdə ustalıqla təzahür etdiyini diqqətə çatdırıb. Qarabağın təkcə təbii deyil, böyük mədəni zənginliklərə malik olduğunu qeyd edən səfir bölgənin məşhur muğam və xalçaçılıq sənəti, habelə şair, yazıçı, rəssam və bəstəkarlar diyarı olduğunu vurğulayıb.

Azərbaycanın tarixi torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyon nəfərə yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevirildiyini xatırladan səfir münaqişənin sülh yolu ilə həllinə ümidlə yanaşmanın insan təbiətinin təzahürü olduğunu bildirib.

Meksika Senatının vitse-prezidenti Xose Rosas Arispuro belə tədbirlərin ölkələr arasında ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına müsbət zəmin yaratdığını söyləyib. Ölkəsinin mədəni müxtəliflik və digər xalqlara dözümlülüyün daim dəstəkçisi oldğunu qeyd edən vitse-prezident bildirib ki, Meksikanın mədəniyyətinə beynəlxalq maraq olduğu kimi, Meksika da dünya mədəniyyətinə hörmət və ehtiramla yanaşır.

Sərgidə Qarabağ tarixinin və təbiətinin  nümayiş etdirildiyini diqqətə çatdıran Xose Rosas Arispuro çıxışında beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıb, qlobal dünyada təcrid vəziyyətində yaşamağın mümkün olmadığını bildirib.

Rəsmlər oktyabrın sonunadək Senatda sərgilənəcək.

Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxinə aid kitab və broşurlar da sərgilənib, Azərbaycan və Meksika milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib.

 





23.10.2014    çap et  çap et