525.Az

Məscidlərin idarəçiliyi vahid quruma verilir?


 

Məscidlərin idarəçiliyi vahid quruma verilir?<b style="color:red"></b> Azərbaycanda məscidlərin bir qismi Qafqaz Müsəlmanları İdarəsinin, böyük hissəsi yerlərdə bələdiyyələrin , bəziləri isə tarixi abidə olduğu üçün Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Bəzi ilahiyyatçılar və dinşünaslar məscidlərin idarəçiliyinin vahid bir quruma verilməsini doğru hesab edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, məscidlərin  idarəçiliyi vahid bir qurum çərçivəsində həyata keçirilməlidir.
 
Komitə sədri Lent.az-a açıqlamasında bildirib ki, hazırda məscidlərin idarəçiliyini QMİ həyata keçirir: “Hazırda Azərbaycandakı 2050 məsciddən 1500-ə qədəri fəaliyyət göstərir. Məscidlər Qafqaz Müsəlmanları İdarəsindən tərəfindən idarə olunur”.
 
Sədr onu da bildirib ki, məscidlər mülkiyyət baxımından müxtəlif qurumların tabeliyində fəaliyyət göstərir. “Nazirlər Kabinetinin qərarına əsasən, məscidlərin böyük əksəriyyəti (təxminən, üçdə ikisi) bələdiyyələrin balansındadır. Bələdiyyələr də həmin məscidləri Qafqaz Müsəlmanları İdarəsinə, yaxud müvafiq dini icmalara təmənnasız (pul almadan) icarəyə verir. Eyni zamanda, bəzi məscidlər İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin balansındadır.  Tarixi əhəmiyyət kəsb edən, tarixi abidə hesab edilən məscidlər də Mədəniyyət və Turizm Nazirliyinin balansında fəaliyyət göstərir”.
Komitə sədrinin sözlərinə görə, QMİ öz gücü daxilində məscidlərə bu və ya digər formada köməklik göstərir. “Dövlət tərəfindən də əksər məscidlərdə yenidənqurma, təmir işləri həyata keçirilir.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə “Dini etiqad azadlığı haqqında Qanun”a uyğun olaraq, bütün dini ibadət mərkəzlərinin fəaliyyətinə nəzarəti həyata keçirir”.
Məscidlərin vahid qurumun tabeliyinə verilməsinə gəlincə, Komitə sədri bunları bildirib: “Məscidlərin mülkiyyət baxımından tabe olduğu bələdiyyələrin fiziki imkanlarının az olması müəyyən çətinliklərə səbəb olur. Buna görə də hesab edirəm ki, məscidlər bütövlükdə himayə altında olmalıdır. Bunun üzərində iş gedir. Təbii ki, biz bunu deyəndə, Dini Komitəni nəzərdə tutmuruq. DQİDK məscidləri öz mülkiyyətində saxlaması iddiası yoxdur”.
 





24.10.2014    çap et  çap et