525.Az

Jalə Əliyeva : “Sığınacaqların, sosial evlərin tikilməsinə böyük ehtiyac var”


 

Jalə Əliyeva : “Sığınacaqların, sosial evlərin tikilməsinə böyük ehtiyac var”<b style="color:red"></b>

“Artıq parlamentin müzakirəsinə təqdim olunan büdcə layihəsi ölkəmizin iqtisadi və siyasi qüdrətinin göstəricisidir və həqiqətən əsaslı bir şəkildə hazırlanmış kamil bir sənəddir. Bu büdcə layihəsi ölkəmizin bugünkü güclü iqtisadi inkişafının aynasıdır. Əslində biz millət vəkilləri  Azərbaycanın dövlətçiliyinin uğurunu müzakirə edirik və əlbəttə ki, bu uğurların arxasında ölkə Prezidenti  İlham Əliyevin ölçüyə gəlməz əməyi və əvəzsiz xidməti durur”.

525.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Jalə Əliyeva mətbuata açıqlamasında və büdcə müzakirələri zamanı çıxışında dilə gətirib. Millət vəkilinin dediyinə görə, çox sevindiricidir ki, ölkə dayanıqlı maliyə-iqtisadi sisteminə sahibdir, ildən-ilə daha mükəmməl büdcə sənədləri hazırlanlr və bu sənədlərin müzikərədən əvvəll müxtəlif informasiya qaynaqları vasitəsilə vətəndaşlara çatdırılması, əhalinin geniş müzakirəsinə təqdim edilməsi də özlüyündə böyük bir demokratik addımdır. “Mən hər  zamankı kimi, bu il də əhəmiyyətli bir sənəd hazırlayan Maliyə Nazirliyinə təşəkkür edərək, bu mükəmməl sənədə səs verəcəyimi bildirirəm. Eyni zamanda təkliflərimi də səsləndirmək istəyirəm”- deyən millət vəkili qeyd edib ki,  toxunmaq istədiyi birinci məsələ  - heç birimiz üçün yeni olmayan, həmkarlarımız tərəfindən bu gün də, daha əvvəllər də dəfələrlə dilə gətirilən - müəllimlərin, təhsil işçilərinin sosial vəziyyətinin yenidən nəzərdən keçirilməsi  ilə bağlıdır.

J.Əliyevanın bildirdiyinə görə, elm və təhsilin inkişafına daha çox diqqət  ayrılması əslində strateji əhəmiyyətli bir məsələdir, yən,i bu gün elmin, təhsilin inkişaf etdirilməsinə qoyulan sərmayə, ümumilikdə gələcəkdə bütün sahələr üzrə uğurlarımzın  sayının artmasına xidmət edən bir addımdır: “Burada əlbəttə ki, qeyd edildiyi  kimi, müəllimlərin, təhsil işçilərinin, elmi müəssisələrdə, Elmlər Akademiyasında işləyən elm adamlarımızın əmək haqlarının yüksəldilməsi də elmin, təhsilin inkişafına yeni bir təkan verə bilər. Əgər müəllimlərin, təhsil  işçilərinin əmək haqqından danışırıqsa, səhiyyə işçilərinin, həkimlərin, maaşlarının yüksəldilməsinin də bir o qədər həlli vacib məsələ olduğunu qeyd etməliyik. Bu siyahıya  əmək haqları çox aşağı olan mədəniyyət işçiləri də daxil edilməlidir. Digər bir məsələ Qeyri - Hökümət Təşkilatları ilə bağlıdır. Bilirsiniz ki, cənab Prezidentin bilavasitə təşəbbüsü ilə son illər QHT sektoruna böyük dəstək verilir. QHT-lər ictimai əhəmiyyətli məsələlərin, vətəndaşı narahat edən problemlərin həllində dövlətin bilavasitə dəstəyi ilə yaxından iştirak edirlər. Ancaq müşahidələr onu göstərir ki, ayrılan vəsait, layihələri tam reallaşdırmağa kifayət  etmir. QHT-lərimiz daha çox xarici donorlar tərəfindən maliyələşdirilirlər ki, bu da dövlətçilik baxımından bir o qədər məqsədəuyğun deyil”.  Millət vəkili sonra deyib ki, daha  bir  məsələ mənzil problemi ilə bağlıdır və  bu məsələ də parlamentdə, o cümlədən, cəmiyyətdə ilk dəfə səslənmir:

 “Düzdür, hökümət vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün bəzi tədbirlər görür. Ötən il ipoteka kreditləri üçün büdcədən 20 milyon manat vəsait ayrılması bu qəbildəndir. Amma bu vəsait sadəcə 300-400 ailənin mənzil ehtiyacına kifayət edir. Bu isə mənzil probleminin böyük ölçüdə açıq qalması deməkdir. Toxunacağım növbəti məsələ də dolayıısyla  da olsa mənzil problemiylə, daha doğrusu sığınacaqlar, sosial evlər problemiylə bağlıdır. Müşahidələr onu göstərir ki, hansı qanunu qəbul ediriksə edək, hansı maarifləndirmə işini aparırıqsa aparaq, bəzi ailələrdə zorakılıq qəddarlıq halları qaçınılmaz haldır. Bir qayda olaraq bu vəziyyətdən qadınlar və uşaqlar əziyyət  çəkirlər. Ailə münaqişəsi nəticəsində bir qayda olaraq qadın və qucağındakı körpəsi acımasızca küçəyə atılır və belə demək mümkündürsə “küçə sakininə” çevrilirlər. Bu səpkidə çox sayda hadisənin şahidi oluruq. Ailə, Qadın, Uşaq Problemləri Komitəsi həmin qadınlara mənəvi, hüquqi dəstək verir. Lakin küçələrin bu çarəsiz sakinlərini heç olmasa müvəqqəti sığınacaqla təmin etmək problemə çevrilir. Çünki belə sığınacaqlar mövcud deyil. Düşünürük  ki, reabilitasiya mərkəzlərinin, sığınacaq tipli evlərin tikilməsi bir o qədər böyük vəsait tələb etməyən bir məsələdir. Büdcədən kiçik bir vəsait ayırmaqla sınmış taleləri qismən də olsa düzəldərək sağlam cəmiyyət naminə böyük bir addım atmaq olar”. J.Əliyevanın eyni zamanda qeyd etdiyinə görə, həmin  problem internat məktəblərinin sakinləri üçün də keçərlidir:  “Bu gün ölkədə internat məktəbləri dövlətin böyük himayəsi altındadır. Burada H.Əliyev Fondunun Prezidenti, hörmətli həmkarımız Mehriban xanım Əliyevanın bu sahədəki əvəzsiz fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ancaq internat  məktəblərdən on altı yaşında məzun olan bir yeniyetmə tək başına həyat mübarizəsinə başlayır və çox vaxt onun da taleyinə “küçə sakinliyi” düşür. Bu qəbildən uşaqlar üçün sosial evlərin  tikilməsi düşünürük ki, çox zəngin büdcəmiz sayəsində öhdəsindən asanlıqla gələ biləcəyimiz bir məsələdir... Yeri gəlmişkən,  ötən ay ölkə Prezidenti  İlham Əliyev Zərdab rayonuna səfər etdi.Səfər çərçivəsində bir çox önəmli açılışlar, o cümlədən 72 kilometrlik Ağsu-Zərdab magistral su xəttinin açılışı oldu. Bu, bəlkə də mövcud olduğu gündən bəri içməli suya həsrət qalan Zərdab əhalisi üçün əsil tarixi hadisə  idi.  Bunu da bildirmək istəyirəm ki, son bir ildə Zərdab rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı olaraq cənab Prezident tərəfindən 4 sərəncam imzalanıb. Bu çox böyük bir diqqət və qaygıdır. Və insanlarımız bunun üçün cənab Prezidentə sonsuz minnətdardırlar”.  Millət vəkili onu da vurğulayıb ki, Dövlət Proqramına əsasən rayonun kəndləri  (37 kənd) 2013-cü ilin sonuna qədər qazlaşdırılmalı idi, lakin bu günə qədər rayonun sadəcə üç kəndi qazlaşdırılıb:  “Altı kənddə isə işlər bu il bitməli idi. Həmin altı  kəndə xəttlər çəkilib, lakin evlərə qaz hələlik verilməyib. Digər 28 kənd də növbəsini gözləyir. İkinci məsələ içməli su ilə bağlıdır. Bir az əvvəl də qeyd etdiyim kimi, ötən ay cənab Prezidentin səfəri zamanı şəhərdə su xətti istismara verildi. Lakin içməli su xəttinin perspektiv planda kəndlərə çəkilməsi  işinin tezləşdirilməsinə ehtiyac var. Kəndlərarası və kəndləriçi yollar əsaslı təmir edilməlidir. Bəzi yollar xüsusilə Kür daşqını zamanı ağır tonnajlı yük maşınlarının sayəsində keçilməz vəziyyətə düşüb. 35 kilovoltluq Zərdab-Ucar elektrik xəttinin 110 kilovoltluq xətlə əvəz edilməsinə ehtiyac var. Yeri gəlmişkən, bu xahişimizi daha əvvəlki ilərdə də dəfələrlə səsləndirmişik. Şəhər xəstəxanası əsaslı təmir olunmalıdır. İstər yeni tikilən, istərsə də köhnə məktəblərin istilik sistemi ürəkaçan deyil. Hətta yeni tikilən məktəblərdə belə hələ də odun ocaqlarından istifadə edilir. Rayonda uşaq bağçalarının da təmirə, eyni zamanda yenilərinin tkilməsinə ehtiyac var”.

Kamil Həmzəoğlu

 





14.11.2012    çap et  çap et