525.Az

«Aydın yol» yola çıxdı


 

«Aydın yol» yola çıxdı <b style="color:red"></b>

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin ilk sayı işıq üzü görüb.
 
Qəzetin baş redaktoru Fəxri Uğurlu, baş redaktorun müavini Qurban Yaquboğlu, redaktorları
Tahir Kazımlı, Nəriman Əbdürrəhmanlı, Zöhrab Əmirxanlı, məsul katib Mövlud Mövluddur. 

Qəzetin manşetinə Kənan Hacının «Sizif haqqında yarımçıq mif»i çıxarılıb: «Bir nüansı ayrıca vurğulamaq gərəkdir:

Azərbaycanda antologiya tərtib etmiş mütəxəssislərin rəyinə görə, belə nəşrlərdə mütləq hər müəllif haqqında qısa və yığcam da olsa məlumat verilməlidir. Təəssüf ki, Azərbaycan oxucusuna təqdim olunmuş antologiyalarda bu ənənə də qorunmur. Dövlətin himayədarlığı  və böyük maliyyə dəstəyi sayəsində çap olunmuş kitabların nəşrinə bu sayaq səhti münasibət başadüşülən deyil. Gələn saylarımızda bu böyük layihənini icrasında yol verilmiş başqa nöqsanlardan da bəhs edəcəyik».

Yazıçı Yaşarın həmsöhbəti Xalq yazıçısı Elçindir. Müsahibədə xalq yazıçısının bədii ədəbiyyat, tərcümə, teatr, dublyaj, Nobel mükafatı və sair məsələlər barəsində maraqlı fikirləri öz əksini tapıb. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradlımasında böyük əməyi olan Xalq yazıçısı adıçəkilən Mərkəzlə bağlı tövsiyə və təkliflərini verib:
 
«Təklifim də, məsləhətim də, istəyim də budur ki, Tərcümə Mərkəzi bizim mənəvi mərkəzimizə çevrilsin. Aydındır ki, Tərcümə Mərkəzi yalnız bədii ədəbiyyatla məşğul olmayacaq.

Elmi, siyasi, fəlsəfi ədəbiyyat da eyni diqqət mərkəzində olacaq. Eyni zamanda yəqin ki, klassik və müasir Azərbaycan ədəbiyyatının, elminin ən yaxşı nümunələrinin də xarici dillərə çevrilməsi mərkəzin əsas funkisiyalarından biri olacaq».

Sevinc Fədainin «Arayış verilir ondan ötəri ki..» yazısında dilimizin qaydalarının pozulması faktları ilə bağlı Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin rəhbəri  Qulu Məhərrəmli, alıçəkilən şöbənini aparıcı elmi işçiləri Şahlar Məmmədov, Nəzakət Qazıyeva, Zamiq Təhməzov öz rəylərini açıqlayıb.    

«Bizə güzəştsiz tərcümə tənqidi, səriştəli redaktorlar lazımdır» başlıqlı müsahibədə görkəmli tərcüməçi Vilayət Hacıyevin fikir və düşüncələrini bölüşüb.

Nəriman Əbdülrəhmanlı «Xatirələri zülmətdən işığa çıxaran yazıçı» məqaləsində ədəbiyyat üzrə builki Nobel mükafatçısı Patrik Modianonun yaradıcılığından söz açıb:

«Patrik Modianonun əsərlərindəki yaddaş ölçülərinə görə mükafatlandırılması təsadüfi deyil. O, həyatı boyu yaddaşına sadiq qalıb, uşaqlıq illərində görüb duyduqlarını yetkin düşüncəsinin süzgəcindən keçirə-keçirə qələmə alıb. Patrik Modianonun iddiasına görə, o, heç vaxt yazıçı işləməyib, özünü yazıçı vəzifəsində hiss eləməyib, axtarışlar aparmağa, öz üslubunu müəyyənləşdirməyə çalışmayıb. Yazmaq ondan ötrü yalnız yaşantılarını ifadə eləmək, düşüncələrini kağıza köçürməkdir».

«O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı? Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən 50 il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, səni sevirəm». Bu fikirlər isə Xalq şairi Vaqif Səmədoğlunun «Hamınızı yasıma dəvət eləyirəm» yazısındandır.

Nəriman Əbdülrəhmanılının «Qismət», Mahir N. Qarayevin «O illərin vurma cədvəli», Nərgiz Cabbarlının «Uşaqlara «böyük» hədiyyə», Narıngül Əliyevanın «Kim necə tərbiyə verir» adlı maraqlı yazıları da qəzetdə öz əksini tapıb. 

«Aydın yol»da həmçinin İlqar Əlfioğlunun təqdimatında Patrik Modianonun «Qaranlıq dükanlar küçəsi», Mahir N. Qarayevin  təqdimatında Andre Moruanın «Yad qadına məktublar» silsiləsindən «İlk məhəbbət» tərcümələri işıq üzü görüb.

Qəzetin «Variant» rubrikasında Anna Axmatovanın bir şeirinin dörd tərcüməsi  təqdim olunub. Layihənin ilk münsifi şair Ramiz Rövşən tərcümələr haqqında tənqidi fikirlərini qeyd edib. 

Qəzetin «Poliqlot» rubrikasında tərcümə ilə bağlı müxtəlif məsələlərə aydınlıq gətirilib.

Saday Budaqlının «Bir yaz günü» hekayəsi, Əlisəmid Kürün şeirləri də qəzetdə yer alıb. 

Qəzetdə kino sahəsi də yaddan çıxarılmayıb. Kinoşünas Aygün Aslanlının «Seriallar və mətbəxdə partlayış», eləcə də Leyla Əliyevanın «Ceylanın 200 dəqiqəlik yuxusu» yazıları da diqqət çəkir.

24 səhifədən ibarət qəzetdə ən müxtəlif sahələr üzrə digər maraqlı yazılar da oxuculara təqdim olunub.

Sevinc MÜRVƏTQIZI

 





24.10.2014    çap et  çap et