525.Az

Ombudsman Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını qəbul edib


 

Ombudsman Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını qəbul edib<b style="color:red"></b> İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycanda səfərdə olan Avropa Şurası (AŞ) İnsan Hüquqları üzrə Komissarı Nils Mujniyeksi  qəbul edib.
 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkil ölkədə insan hüquqları ilə bağlı məlumat verib, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası istiqamətində mühüm işlərin görüldüyünü, ölkənin hər bir rayonunda ictimai dinləmələrin  keçirildiyini söyləyib.

Komissarın diffamasiya ilə bağlı sualını cavablandıran Ombudsman  öz illik məruzələrində diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini təklif etdiyini,  sözügedən məsələ üzrə müddəanın MFP-də də öz əksini tapdığını söyləyib.
 
Komissarın həbs olunmuş və  təqsirləndirilən  şəxslərlə bağlı suallarına cavab olaraq,  Ombudsmanın tərkibində həkimin də olduğu  Milli Preventiv Qrupunun üzvlərinin müntəzəm şəkildə müvafiq müəssisələrə başçəkmələr həyata keçirdiyi vurğulanıb. Müvəkkilin və əməkdaşlarının həmin şəxslərə  dəfələrlə baş çəkdiyi, saxlanma şəraitini, onlara qarşı rəftarı, səhhətlərini, problemlərini öyrəndiyi, Ombudsmanın öz səlahiyyətləri çərçivəsində müvafiq orqanlara müraciət edərək həllində yardımçı olduğu bildirilib.

E.Süleymanova Ermənistanın Azərbaycana  təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin itirildiyini, bir milyondan artıq soydaşımızın  öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyini, insan hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğunu, Dağlıq Qarabağın və 7 ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyini xatırladıb.

Qeyd olunub ki, bu işğal faktı bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən  təsdiqlənmiş və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyə və qətnamələri mövcuddur, lakin bu sənədlərdəki müddəalar bu günədək yerinə yetirilməyib. Müvəkkil məlum münaqişənin sülh və danışıqlar yolu ilə həllində yardımçı olmasını Komissardan xahiş edib.
 





24.10.2014    çap et  çap et