525.Az

Sonu bilinməyən Xəzər hekayəsi: Hüquqi status, Həştərxan zirvəsi və sair


 

Sonu bilinməyən Xəzər hekayəsi: <b style="color:red">Hüquqi status, Həştərxan zirvəsi və sair</b>

Giriş

Xəzərin statusunun tarixçəsi yenilik deyil, çünki bu mövzu Sovet dönəmində və hətta bundan öncə də sahilyanı dövlətlərin normativ gündəliyində duran məsələ olmuşdur. Xəzərin taleyi ilk olaraq Peterburq, Rəşt, Gülüstan və Türkmənçay müqavilələri, həmçinin Rusiya və İran (o zaman SSRİ və İran) arasında imzalanmış, "Dostluq müqaviləsi” və "Ticarət və dənizçilik müqaviləsi'' vasitəsilə müəyyən edilmişdir. Həmin müqavilələr nəticəsində İranın Xəzər dənizindəki fəaliyyəti məhdud dənizçilik və balıqçılıq zonalarının müəyyən edilməsi ilə nəticələnmiş və ölkə burada dəniz qüvvələrinin yerləşdirilməsi hüququndan məhrum edilmişdir. Sovet İttifaqının süqutundan sonra belə, yeni yaranmış Xəzəryanı dövlətlər də Sovet vaxtının müqaviləsinə sadiqliyini bəyan etmişlər.

Lakin hüquqi statusla bağlı məsələ "Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra gündəmə gətirilmişdir. Sərhədlərin müəyyən edilməsindən əlavə, Xəzərin "göl”, "su hövzəsi” və ya "dəniz” (qapalı/yarımqapalı) adlandırılması da mübahisəli mövzu olmuşdur. BMT-nin Dəniz hüququ üzrə konvensiyasının 122-ci maddəsinə əsasən, Xəzər yarımqapalı dəniz kimi müəyyən edilsə də, Azərbaycan, Qazaxıstan və Türkmənistan həmin konvensiyaya qoşulmadığından, adıçəkilən maddə mübahisəlidir və bütün sahilyanı dövlətlərə mütləq şamil olunmur.

Sahilyanı dövlətlər tərəfindən Xəzərin delimitasiyası məsələsində müxtəlif yanaşmalar mövcuddur. Belə ki, Azərbaycan "milli sektorlar bölgüsü”, Rusiya "kondominium”, İran "bərabər sektorlar bölgüsü” təklif edir. Türkmənistanın mövqeyi isə Xəzərdə neft yataqları ilə bağlı Azərbaycanla mübahisəsi səbəbindən bir neçə dəyişmişdir. Yanaşma fərqi dövlətlərin milli maraqları arasında ziddiyyət yaradır və yekun hüquqi statusun müəyyənləşdirilməsinə mane olur.

İran və Türkmənistan ilə fikir ayrılığına baxmayaraq, üç Xəzəryanı dövlət – Azərbaycan, Qazaxıstan və Rusiya öz aralarında problemləri həll edərək Xəzər dənizinin müvafiq sektorlarının demarkasiyası ilə bağlı ikitərəfli və üçtərəfli sazişlər imzalamışlar (1998, 2001 və 2003). Ancaq bu sazişlərin İran və Türkmənistana aid olmadığından, sahilyanı dövlətlər Xəzərin yekun statusun müəyyənləşdirilməsinə müvəffəq olmamışlar.

Bu yaxınlarda Rusiya Həştərxanda Xəzəryanı dövlətlərin 4-cü zirvə görüşünü təşkil etmişdir. Dövlət başçılarının bəyanatlarına nəzər saldıqda, hamılıqla olmasa belə, bir çoxunun nəticələrdən məmnun qaldığı hiss olundu. Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın yekunlaşdırılması Astanada keçiriləcək növbəti zirvə görüşündə nəzərdə tutulmuşdur.

Həştərxan zirvəsi – danışıqlarda yeni mühüm irəliləyiş?

Ukrayna böhranı və Rusiyaya qarşı sektorlar üzrə sanksiyaların fonunda Vladimir Putin Həştərxan zirvəsi vasitəsilə keçmiş Sovet respublikalarını bir ayara gətirərək yeni müttəfiqlər və platformalar axtarışındadır. Bununla yanaşı, imzalanmış sənədlər və verilmiş bəyanatlar onu nümayiş etdirmişdir ki, bütün məsələlər öz həllini tapmasa da, zirvə görüşü bir çoxları üçün müsbət nəticələr vermişdir.

29 sentyabr 2014-cü il tarixində Xəzər dənizinin hüquqi statusu, təhlükəsizlik, bioloji resurslar və ətraf mühit kimi məsələləri müzakirə etmək məqsədilə Xəzəryanı dövlətlərin başçıları Həştərxanda 4-cü Xəzər Zirvəsində toplaşmışlar. Çıxışlarında prezidentlər zirvə görüşünü Xəzərin hüquqi statusu ilə bağlı 18 illik mübahisələrin həlli baxımından mühüm irəliləyiş adlandırmışlar. Vladimir Putin nitqində qeyd etmişdir: "Biz bütün tərəflərin uzunmüddətli maraqlarına cavab verən beştərəfli əməkdaşlığın prinsiplərini razılaşdırmışıq və tərəfdaşlarımıza məqbul hesab olunan güzəştlərə görə minnətdarlığımı ifadə edirəm. Əminəm ki, hələdə razılığa gəlmədiyimiz məsələləri növbəti zirvə görüşündə razılaşdıracayıq. Qarşıda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı yekunlaşdırılması mövzusu var” (1).

Bundan əlavə o, regional enerji təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində gələcək fəaliyyətin koordinasiyasını vurğulamışdır. Çıxışında "uzunmüddətli maraqlar, məqbul güzəştlər, hələ də razılaşdırılmamış məsələlər, enerji siyasətinin koordinasiyası, Xəzərin ətraf mühiti” kimi ifadələrdən istifadə etməklə Putin Rusiyanın Xəzərlə bağlı strategiyasını konkret ifadə etmişdir. Bununla yanaşı Putin qeyd etmişdir ki, biz su hövzəsi, dəniz dibi və yeraltı zonaların da delimitasiyanı apara bilərik və su səthini dənizçilik və balıqçılıq məqsədləri üçün birgə istifadə edə bilərik (2). Rusiyanın istəyi də elə məhz budur.

İran Prezidenti Həsən Ruhani qeyd etmişdir ki, "Xəzər ilə bağlı qərarlar konsensus əsasında qəbul edilməlidir. Lakin hər ölkə yalnız öz milli maraqlarını rəhbər tutmuş olsa, heç bir həll nail oluna bilməz. Biz qeyri-Xəzər dövlətlərinin iştirakı olmadan ədalətli rəqabət yarada bilərik və regionun təhlükəsizliyini təmin edə bilərik” (3). Ruhani açıqca ölkəsinin əvvəlki mövqeyini bildirdi və Xəzərdə qeyri dövlətlərin iştirakının qəbuledilməz olduğunu bəyan etdi. Ancaq digər İran rəhbərlərindən fərqli olaraq Ruhaninin ritorikası olduqca mülayim idi. Iran və digər ölkələr arasında fikir ayrılığı nəticəsində İran hüquqi status ilə bağlı ikitərəfli müqavilələrdən kənarda qalmışdır. Çünki İran su səthi, dənizin dibi və yeraltı pay məsələlərində "orta xətt” və ya "milli sektor” prinsipi ilə razılaşmış olsa, o, Xəzərin iddia etdiyi 20 faizi əvəzində 13 faiz ilə kifayətlənməyə məcbur olacaqdır.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirmişdir ki, "hamımız Xəzər Dənizinin İqtisadi Forumunun təsis olunması ilə bağlı Türkmənistanın təklifini qəbul etdik. Mən azad ticarət zonasının yaradılmasını təklif etdim. Növbəti təşəbbüs bütün bu qərarların icrasını nəzarət edəcək təşkilatın yaradılması ola bilər (4). Daha yaxşı olar ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına bənzər təsisat yaradılsın, yəni Xəzər Dənizi Əməkdaşlıq Təşkilatı və beləliklə də yalnız iqtisadi deyil, təhlükəsizlik problemləri də müzakirə edilsin, həmçinin məlumat mübadiləsi sahəsində əməkdaşlıq, xilasetmə/axtarış əməliyyatları, birgə hərbi təlimlər və s. həyata keçirilsin” (5).

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuxammedov qeyd etmişdir ki, "Xəzərdə enerji layihələrinin siyasiləşdirilməsi qeyri-məhsuldardır. Bu boru kəmərlərinin inşası məsələsinə də aiddir, çünki bu məsələ kəmərlərin ərazisindən keçəcək dövlətlərin suveren hüququdur və onların razılığı əsasında həyata keçirilməlidir (6). Bununla da, Türkmənistan Trans-Xəzər kəmərinin inşası ilə bağlı arzusunu ifadə etdi, ancaq Rusiya və İran bunun hər zaman əleyhinə çıxmışlar.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin nəticələrdən və əldə edilmiş razılaşmalardan məmnunluğunu ifadə etdi və həll edilməmiş problemlərin həllinə ümidvar olduğunu bildirdi (7). Qeyd etmək lazımdır ki, Prezident Əliyevin çıxışı olduqca mülayim və diplomatik olmuşdur və o, Xəzərdə qeyri dövlətlərin hərbi mövcudluğu, Trans-Xəzər kəməri və Türkmənistanla ərazi mübahisəsi ilə bağlı heç bir konkret bəyanat vermədən Xəzərlə bağlı son proseslər və perspektivlər ətrafında danışmışdır.

Prezident Əliyev həmçinin bildirmişdir ki, "Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış ikitərəfli və üçtərəfli müqavilələr Xəzərin hüquqi statusunun müəyyən edilməsi baxımından çox əhəmiyyətlidir və həmin müddəalar Xəzərin dibinin delimitasiyası üçün yaxşı zəmin ola bilər. Hesab edirik ki, tərəflərə məxsus silahlı qüvvələrin mövcudluğu və Xəzər dənizində hərbi fəaliyyət sahilyanı dövlətlərin təhlükəsizliyinin bərabər təmini prinsipi üzərində qurulmalıdır” (8). Lakin, silahlanma siyasətindəki bərabərsizlik (9) və təhlükələrin müəyyən edilməsində fərqlər nəzərə alınsa, Xəzərdə mütləq balansının təmin edilməsi asan olmayacaqdır.

Neft Ararşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, razılaşdırılmış su səthinin müəyyən edilməsi prinsipinin (15 mil milli və 10 mil balıqçılıq zonaları) dənizdə neft və qaz platformalarını əhatə etməməsinin ölkənin milli maraqlarına zidd olması iddiasına baxmayaraq, həmin yataqlar yerin altında, çox dərində yerləşir. Azərbaycan, Qazaxıstan və Rusiya dəniz dibinin sektorlara bölgüsünü tanıyır, lakin Aşxabad və Bakı arasında bu məsələdə fikir ayrılığı mövcuddur. Buna baxmayaraq, Trans-Xəzər kəmərinin inşasına təhlükə yoxdur çünki sonda kəmər su hövzəsi deyil dənizin dibi ilə keçəcəkdir (10).

Mümkün çağırışlar

Xəzər dövlətlərinin Həştərxan zirvəsinin yekun bəyannaməsinin bir neçə əhəmiyyətli bəndi var: I. Zor və hədənin tətbiq olunmaması; İV. Silahlanmanın sabit balansının təmini; VI. Qeyri-Xəzər dövlətlərin hərbi mövcudluğunun yolverilməzliyi (11). Dördüncü və altıncı bəndlər tam olaraq Rusiya və İranın maraqlarına müvafiqdir. Çünki elə birinci gündən bu ölkələr regionda xarici aktyorların iştirakını və onların Xəzərdə hərbi mövcudluq yaratmaq cəhdlərini görməyə şad olmamışlar.

Lakin bu günədək Xəzərdə hər-hansı xarici hərbi iştirakdan söhbət gedə bilməz. Xəzərdə ABŞ və NATO-ya məxsus gəmilərin olmaması Xəzərə yeganə yolun Volqa çayının olması və ondan istifadə etmək üçün Rusiya ilə əməkdaşlık etmək zərurəti ilə izah olunur. Azərbaycan və Qazaxıstan donanmalarının müasirləşdirilməsi, yenidən silahlanması, dəniz təhlükəsizliyinin artırılması, peşəkar hərbi təhsil və s. kimi məsələlərdə ABŞ-la əməkdaşlığı hərbi mövcudluq sayılmamalıdır (hətta dolayı) (12). Buna baxmayaraq, qeyri-Xəzər dövlətlərinin hərbi iştirakının qarşısının alınması ilə bağlı sahilyanı dövlətlərin birgə bəyannaməsi Rusiya və İranın güclü mövqeyinin nümayişi və Qərbə verilən aydın mesajdır.

Ancaq bu müddəaların nə dərəcədə Azərbaycan və Qazaxıstana xarici ölkələrlə (ABŞ, Türkiyə, Cənubi Koreya, İsrail və s.) əməkdaşlıq etməyə mane olacağı bəlli deyil. Digər tərəfdən Azərbaycan Respublikasının hərbi doktrinasının 29-cu maddəsinə əsasən:

"Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır” (13).

Beləliklə, Azərbaycan Konstitusiyasının 11-ci maddəsinin 2-ci bəndi - "Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir”, Hərbi Doktrinanın 29-cu maddəsi (xarici hərbi bazaların yerləşdirilməsi və xarici hərbi iştirakın yer alması) və Həştərxan Yekun Bəyannaməsinin 6-cı bəndinin (qeyri-Xəzər dövlətlərinin hərbi mövcudluğunun qəbuledilməzdir) öz aralarında ziddiyyət təşkil edib-etməməsi sual altındadır.

Bununla yanaşı, Astanada keçiriləcək növbəti zirvə toplantısı çərçivəsində qəbul ediləcək Astana Konvensiyasının mütləq tətbiqi və bənzər ziddiyyətlər ilə bağlı suallar var. Ancaq, Azərbaycan Konstitusiyasının 151-ci maddəsi müəyyən mənada bu suala aydınlıq gətirə bilər:

"Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir” (14).

Digər tərəfdən, oktyabrın 13-də Rusiyanın müdafiə naziri Serqey Şoyqu Azərbaycanda rəsmi səfərdə olmuş və Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşmüşdür. Şoyqu bildirmişdir ki, "biz Xəzər regionunda kollektiv təhlükəsizlik sisteminin yaradılması və donanma komandanlarının şurasının yaradılmasını təklif etdik” (15).

Müdafiə naziri Zakir Həsənov öz növbəsində qeyd etmişdir ki, onlar "Rusiya və Azərbaycan donanması arasında əməkdaşlığı və Xəzərdə birgə komandanlıq-heyət və taktiki təlimlərin keçirilməsi məsələlərini” müzakirə etmişlər (16). Qəbələ radar stansiyası məsələsi və Avrasiya İttifaqı təşəbbüsünün rədd edilməsi fonunda Rusiya Azərbaycanla münasibətlərə təkan vermək üçün yeni alternativlər axtarışında idi.

Nəticə

Xəzər dənizinin yekun statusunun müəyyən edilməsi SSRİ-nin süqutundan sonra problemli məsələlərdən biri olmuşdur. Bu səbəbdən də güzəşt labüddür. Ola bilsin ki, güzəşt nəticəsində bütün sahilyanı dövlətlərin mövqeləri təmin edilməsin, ancaq ən azı bu məsələnin çözülməsi ilə nəticələnəcəkdir. Xəzəryanı dövlətlər isə çoxtərəfli əməkdaşlığa üstünlük verməli və Xəzəri rəqabət deyil, əməkdaşlıq və sülh platformasına çevirmək üçün hərəkət etməlidirlər. Xəzər dənizi sahilyanı dövlətləri parçalayan deyil, birləşdirən su hövzəsi olmalıdır. Bəyanatlar və müqavilələr rəmzi olmamalı, kağız üzərində qalmamalı, əksinə mahiyyətli olmalıdır.

Xəzərdə təhlükəsizliyin təmini vahid təhlükəsizlik ilə bağlı birgə yanaşmaya əsaslanmalıdır. Bu kontekstdə, Xəzər dövlətləri yeni yaradılacaq təşkilat çərçivəsində imkanlarını cəmləşdirərək, Xəzər dənizinin firavan gələcəyini təmin edə bilərlər. Ancaq Həştərxan zirvəsinin nəticələri nümayiş etdirdi ki, "işin yalnız yarısı görülüb''.

Newtimes.az
İlqar Qurbanov

 





27.10.2014    çap et  çap et