525.Az

"Böyük tələ": İran "rəngli inqilaba" sürüklənir?


 

"Böyük tələ": <b style="color:red">İran "rəngli inqilaba" sürüklənir?</b>

Xarici mətbuat İranın regiondakı geosiyasi rolu ilə bağlı ziddiyyətli informasiyalar yayır. ABŞ-İran yaxınlaşmasının yeni mərhələyə yüksəldiyi qeyd olunur. Eyni zamanda, iki ölkənin münasibətləri normallaşdırmasının həm İranın daxili siyasi mühitində, həm də Yaxın Şərqin bir sıra güclü dövlətlərində narazılıq yaratdığı vurğulanır.

Bu kontekstdə prezident H.Ruhani ilə dini lider Ə.Xamneyi arasında müəyyən fikir ayrılıqlarının olmasından danışılır. Bütövlükdə ölkənin siyasi elitasında parçalanmanın baş verdiyi qeyd olunur. Paralel olaraq, Səudiyyə Ərəbistanı ilə İran arasında regional liderlik uğrunda mübarizənin də yeni mərhələyə yüksəldiyi bildirilir. Bunların fonunda ekspertlər Tehranın Xəzəryanı ölkələrlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayırlar. Qonşu dövlətdə "rəngli inqilab" hazırlandığından bəhs olunur.

İdeologiya və siyasət: Tehranın qayğıları

İranın Yaxın Şərqdə və dünyada oynadığı geosiyasi rolun dəyişməkdə olduğunu sübut edən amillər özünü göstərməkdədir. Tarixən bu dövlət regionda əsas qüvvələrdən biri hesab olunub. XX əsrin ikinci yarısından başlayaraq onunla bağlı ziddiyyətli geosiyasi proseslər gedir. Tehran keçən müddət ərzində xeyli dərəcədə güclənib. Onun əsas problemləri Qərblə, ilk növbədə ABŞ-la bağlıdır.

Məsələ İranın neft-qaz ehtiyatlarına kimin nəzarət etməsindən qaynaqlanıb. Ötən əsrin 50-ci illərindən enerji resurslarını milliləşdirməklə rəsmi Tehran Qərbin müəyyən dairələri ilə ziddiyyətləri dərinləşdirdi. Bir neçə il bundan əvvəl isə bunlara nüvə proqramı da əlavə olundu. Başda ABŞ olmaqla Qərb dövlətləri Tehranı nüvə silahı hazırlamaqda ittiham edirlər. Onlar ölkənin iqtisadiyyatına ciddi təsir göstərən sanksiyalar tətbiq edilər.

İranda dini ideologiyanın hakim olması başqa bir vəziyyət yaradıb. Bu, həm ölkənin idarə edilməsinə, həm də xarici siyasətə xüsusi məzmun verir. Rəsmi Tehranın müasir dünyada tutduğu mövqe həmin faktorla sıx bağlıdır. İranın güclü bir dövlət olduğunu və regionda baş verən hadisələrə ciddi təsir etdiyini isə indi heç kəs inkar edə bilməz.

Prezident Həsən Ruhaninin BMT-nin tribunasından söylədiyi nitq bu aspektdə ekspertlərin diqqətini çəkib. Onun çıxışı "ölçülüb-biçilmiş və tənqidi analizlə dolu" nitq kimi qiymətləndirilib, burada ifadə edilən fikirlərin "güclü regional oyunçu" olan bir ölkənin başçısı tərəfindən irəli sürüldüyü vurğulanıb (bax: məs., Выступление Роухани в ООН: "холодный душ" для западных политиков / Iran.ru, 29 sentyabr 2014).

Əslində, həmin çıxışa qədər Tehran-Vaşinqton-Brüssel xəttində kifayət qədər yüksək gərginlik vardı. Bu hadisədən sonra da vəziyyət belə olaraq qalmaqdadır. İran rəhbərliyi son vaxtlar Qərbi vədlərinə əməl etməməkdə ciddi ittiham edir. Lakin problemin iki aspekti İran üçün daha həssas bir durumun yarandığını ortaya qoyur. İlk olaraq hakimiyyətdə müşahidə edilən proseslərə diqqət yetirilir.

Ekspertlərin fikrinə görə, İran uğrunda geosiyasi mübarizə daha da kəskinləşib. Bu, hakimiyyət daxilində müəyyən fikir ayrılıqlarına səbəb olub. Dini lider ayətullah Əli Xamneyi prezident H.Ruhaninin Qərblə gizli danışıqlar aparmasından şübhələnib (bax: Владимир Алексеев. Борьба за Иран разгорается / Iran.ru, 15 oktyabr 2014). KİV-ə sızan məlumatlara görə, İran prezidenti ABŞ-la Avropa İttifaqının gizli hazırladıqları hansısa sazişə (hələlik şifahi formada) razılıq verib. Məhz bundan ehtiyatlanan İranın dini lideri müəyyən tədbirlər görmək istəyir.

Məsələ yalnız bununla məhdudlaşmır. H.Ruhani prezident seçildikdən sonra dövlətin xəzinəsinin yalnız xalqa xərclənəcəyinə işarə edib. Ekspertlər bunu rəsmi Tehranın "Hizbullah", "Həmas" və başqa İslami təşkilatları himayə etmək istəməməsi kimi qiymətləndirirlər.

Mütəxəssislər İran hakimiyyəti üçün vacib hesab edilən bir məqama da diqqət yetirirlər. Ölkənin ruhani liderin başçılıq etdiyi hakim elitasında müəyyən fikir ayrılığı özünü göstərir. Belə ki, "İslam yolu"nun davam etməsi məsələsində onlar fərqli mövqe tuturlar. H.Ruhani və "İnqilabi qüvvələr"in təşkil etdiyi qrup (bura Laricani qardaşları da daxildir) sərt məcburiyyət metodunu təklif edirlər. Keçmiş prezident Mahmud Əhmədinejadın liderlik etdiyi "inqilabçı-anti-imperialistlər" isə xalqa nümunənin gücü ilə təsir etməyin tərəfdarıdırlar (bax: əvvəlki mənbəyə).

Əməkdaşlıqda "qırmızı xətt": dini lider xəbərdar edir

Hazırda dini liderin prezident H.Ruhanini ABŞ-la münasibətlərin qurulmasında "qırmızı xəttə" yaxınlaşdığı barədə xəbərdarlıq etdiyini yazırlar. Ancaq 2013-cü ildə ayətullah Xamneyi H.Ruhanini məhz bu məsələyə görə dəstəkləmişdi. Ekspertlərin fikrinə görə, o, ABŞ-la illərdir aparılan gərgin mübarizədə fasilə əldə etmək üçün bu addımı atmışdı.

Belə çıxır ki, İranın hakimiyyət dairələrində həm ideoloji, həm də şəxsi aspektlərdə ziddiyyətlər kəskinləşir. Bunun inkişaf edib, dövlətçiliyə zərər verə biləcək səviyyəyə çatacağını demək tələskənlik olardı. İranın dövlətçilik təcrübəsi göstərir ki, bu cür gedişatın ehtimalı minimumdur. Lakin unutmaq olmaz ki, bu kimi informasiyalar ABŞ-İran yaxınlaşması haqqında gedən söz-söhbətlər fonunda yaradılır. Bu səbəbdən İranın siyasi elitasında dərin ziddiyyətlər gerçəkdən olmasa belə, bir sıra dairələr yalan məlumatlar əsasında xalqı buna inandıra bilər.

Problemin mürəkkəbliyi bundadır. Çünki insanları yalana inandırmaq üçün Qərb fars dilində 70 peyk telekanalından informasiyalar yayır. "Ərəb baharı", Misir, Liviya və Suriya təcrübəsi göstərir ki, müasir texnologiyalar vasitəsi ilə onlar olmayan hadisələri reallıq kimi qələmə verə bilirlər. Məsələn, Müəmmar Qəddafi hələ devrilməzdən öncə peyk telekanalları meydanlarda yalançı mitinqlərin görüntülərini yayaraq insanları daha da radikallaşdırmışdı. Bütün bunlardan ekspertlər belə bir nəticə çıxarırlar: İranda hakimiyyətin devrilməsi planı çoxdan işləyir (bax: əvvəlki mənbəyə).

Bu tezisin işığında İranın Yaxın Şərqdəki geosiyasi rolu maraq doğurur. Amerikanın İranı özünün "anti-terror avantürası"na cəlb edib-etməyəcəyi haqqında təhlillər aparılır. Vaşinqtonun Yaxın Şərqdə İŞİD-ə qarşı mübarizədə Tehranla əməkdaşlıq etmək istədiyindən və həmin üsulla onun geosiyasi imicini dəyişməyə çalışdığından söhbət açılır (bax: Сумеют ли США втянуть Иран в "антитеррористическую авантюру"? Отказ Тегерана таскать каштаны из огня для Вашингтона / Panorama.am, 6 oktyabr 2014).

Dini lider ABŞ-ın təklifinə rədd cavabını "onların əlinin çirkli olması" ilə izah edir. Xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, "terrorçular İrandan getməyib". Yəni İŞİD-i Qərb və onun Yaxın Şərqdəki bir sıra müttəfiqi yaradıb. İndi onlar (terrorçular) öz sahiblərinə qarşı baş qaldırıblar (bax: əvvəlki mənbəyə).

Bunların arxasında Tehranın Ər-Riyada qarşı ittihamları durur. Səudiyyə Ərəbistanının İranın regiondakı nüfuzuna qarşı mübarizə apardığı haqqında informasiyalar xeyli vaxtdır ki, yayılır. Cəmi bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feysəl Ciddədə almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə keçirdiyi mətbuat konfransında demişdi: "İran regiondakı problemin bir parçasıdır. Bu vəziyyətdə İranın Suriyadakı qüvvələrini işğalçı adlandıra bilərik. İran problemin həllini istəyirsə, Suriya, İraq və Yəməndəki qüvvələrini geri çəkməlidir" (bax: Saudi top diplomat criticizes Iran over conflicts / Associated Press, 13 oktyabr 2014).

Reallıqda İran Yaxın Şərqdə liderlik uğrunda mübarizə aparır. O cümlədən, onun Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə həmin kontekstdə müəyyən problemləri vardır. İndi məsələ Qərbin İranı çökdürməsi planları bağlılığında aktuallaşıb. Ekspertlərin vurğulamaq istədikləri əsas məqam bundan ibarətdir. Bu müstəvidə rəsmi Tehranın Xəzəryanı ölkələrin Həştərxan sammitində daha yumşaq davranması başadüşüləndir. Prezident H.Ruhaninin elə oradaca verdiyi və Rusiya üçün çox əhəmiyyəti olan bir bəyanatı da yerinə düşdü.

Söhbət Ruhaninin Rusiya qazından imtina edilməsi halında İranın onun yerini tuta biləcəyi ilə əlaqədar Qərblə gizli razılığa gəlməsindən gedir. Lakin Həştərxanda İran rəhbəri "Rusiya 24" telekanalına verdiyi müsahibədə bunu inkar edib. O, ölkəsinin zəngin neft-qaz ehtiyatlarına malik olmasına baxmayaraq, lazımi istehlak texnologiyasının yoxluğundan danışıb. Bu, Avropa üçün İranın Rusiyanı əvəz edə bilməyəcəyini göstərir (bax: Рухани поставил крест на идее западных стратегов / İnoСМИ.ru, 13 oktyabr 2014).

Beləliklə, İran məsələsinin daha da aktuallaşdığını söyləmək olar. Bu proses hələlik ziddiyyətli gedir. Lakin digər Yaxın Şərq ölkələrində olduğu kimi, bu ölkənin də siyasi elitasında ziddiyyətlərin yaranması, bir sıra qonşu dövlətlərlə münasibətlərinin mürəkkəbləşməsi müşayiət olunur. Bəlkə də bu, sadəcə, belə görünür. Bununla yanaşı, "Ərəb baharı"ndan başlayaraq oxşar ssenarilərin Yaxın Şərq dövlətlərində müşahidə edildiyini kənara qoymaq riskli görünür. İran da "böyük tələyə" düşmürmü?

Newtimes.az

 





28.10.2014    çap et  çap et