525.Az

Seriallarımız üçün maraqlı ssenari qıtlığı


 

Seriallarımız üçün maraqlı ssenari qıtlığı<b style="color:red"></b>

Azərbaycanda ötən əsrin ortalarından etibarən bədii film istehsalı sahəsində uğurlu təcrübə  yaranıb. Sovet dövründə çəkilən kinofilmlərə nəzər salanda baxırsan kino üçün lazım olan bütün parametrlərə diqqət yetirilib. Peşəkar  aktyor  seçimi, ürəyə yol tapan musiqilər hamısı öz yerində əks olunaraq tamaşaçının rəğbətini qazanıb. Təbii ki, o dövrün  sərt qadağaları digər məqamlar filmlərin ssenarisinin çərçivəyə uyğun yazılmasına gətib çıxarırdı.

Bəs, bu gün Azərbaycanın müstəqillik şəraitində yaşadığı  dövrdə   rəğbət doğuracaq, dünyaya səs salacaq filmlərimiz niyə yoxdur?   90- illərdən sonra bir sıra şəxslər qeyd edirdilər ki,  maliyyə olmadığına görə, kino sənayemiz çöküb. Həqiqətən  kinonun inkişafı üçün pul vacibdir. Nəinki kinonun həmçinin elmində, təhsilində, medianında digər sahələrin inkişafında maliyyə zəruridir

Ancaq etiraf etmək lazımdır ki,  bu gün  filmlərin çəkilməsi üçün vəsaitlər az  deyil. Azərbaycan dövləti film serial çəkilişinə xeyli vəsait ayırır. Bundan əlavə  serialların nümayişi zamanı  kifayət qədər reklamlara rast gəlmək olar. Bəs, vəsaitlərin  ayrılmasından sonrakı dövrdə niyə uğurlu seriallara rast gəlmirik?

Mən maraq üçün son dovlər  çəkilən  seriallara bir qədər nəzər saldım. Demək olar ki, aktyorlar, rejissorlar filmin yaxşı alınması üçün  dəridən -qabıqdan  çıxırlar.  Ədalət naminə qeyd etməliyik ki,  aktyordan  tələb olunan varsa, onu edirlər. Ancaq  serial çəkilişində elə bir irəliləyiş yoxdur. Bəs,  bunun  səbəbi nədir?  Məncə, burada ən ciddi problem ssenarilərdədir.

Zəif, cəsarətsiz,  bayağı ssenari əsasında çəkilən bu seriallara  yalnız bir dəfə,  çətinliklə baxmaq olur. Tamaşaçının başını belə zəif məhsullarla  müəyyən bir dövr qatmaq mümkündür. Lakin tamaşaçını heyrətləndirmək, sözün yaxşı mənasında auditoriyanı  əyləndirərək maarifləndirmək üçün ortaya  sanballı film qoymaq lazımdır.   

TV rəhbərləri, filmi çəkən rejissorlar nəhayət dərk etməlidirlər ki,  zəif, cəsarətsiz ssenarilərlə  uğurlu ekran əsəri ortalığa qoya bilməyəcəklər. Bu sahəyə ayrılan pullarda  hədər yerə gedəcək. Bu gün bəzi insanlar deyirlər ki,  biz yavaş-yavaş serial çəkməyi öyrənirik. Hətta Türkiyə təcrübəsini, indi çəkdiyi filmləri örnək gətirirlər. Məncə, bu müqayisə uğursuz cəhddir. Vaxtilə Azərbaycanda  "Arşın mal alan",  tarixi mövzuda "Babək" digər möhtəşəm kino nümunələrimiz ortalığa çıxanda Türkiyənin kino sənayesi  çox zəif  səviyyədə olub. Həqiqətən bu sahə hazırda qardaş ölkədə inkişaf etməkdədir. Bizdə isə bu inkişaf tendensiyası görünmür.

Əlqərəz, kino sənayesində xüsusilə, serial çəkilişində problemin kökü, mahiyyəti, törədəcəyi fəsadlar çoxlarımıza aydındır. Qaranlıq qalan isə yazılmamış qanunlarla tənzimlənən dəyərlərin itməsi təhlükəsidir. "Babək" filminə baxan gənc  Babək kimi mübariz olmaq istəyir. Bu gün çəkilən bəzi seriallara, orada olan obrazlara baxan gənc  kim olmaq istəyəcək? Bu  suala oxucular özləri cavab versin.

Azərbaycanın kino sənayesinə, ssenarilərin yazılışına münasibət dəyişməlidir. Qeyri-peşəkar, cəsarətsiz, zəif ssenarilərdən qurtulmaq üçün müsabiqələr elan olunmalıdır. Əks təqdirdə telekanalları zəbt edən  bayağı ssenarilərdən qurtula bilməyəcəyik.

Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri-mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər.  Bu sahənin rentabelli işləməsi üçün kinonun da iqtisadiyyatı formalaşmalıdır. Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür.

Kifayət qədər intellektual potensialın kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib ən azından Türkiyə digər ölkələrin bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar.

 





28.10.2014    çap et  çap et