525.Az

"Valday" klubundakı nitq: Putin dünya siyasətini silkələdi


 

"Valday" klubundakı nitq: <b style="color:red">Putin dünya siyasətini silkələdi</b>

Rusiya prezidenti "Valday" beynəlxalq müzakirələr klubunun Soçidə keçirilən forumunda geniş çıxış edib. O, müasir dünyada müşahidə edilən geosiyasi proseslərin təhlilini verib, böyük dövlətlərin bu proseslərdə oynadığı rola yer ayırıb.

Əsas olaraq Vaşinqtonun fəaliyyətinə diqqət yetirən V.Putin ABŞ-ın qlobal geosiyasi nizamı pozduğunu ayrıca qeyd edib, bunun ikili standart siyasəti nəticəsində baş verdiyini vurğulayıb. Dövlət başçısının mövqeyini "anti-amerikanizm" kimi qiymətləndirən bəzi ekspertlər Rusiyanın faktiki olaraq yeni xarici siyasət doktrinasının hazırlandığı qənaətindədirlər. Hər bir halda V.Putinin ifadə etdiyi fikirlərə böyük maraq göstərilir. Biz onun nitqinin yalnız bir sıra məqamları üzərində dayanmaq istərdik.

Qlobal konsensus: reallaşa bilərmi?

Ekspertlər prezident V.Putinin "Valday" klubundakı çıxışını Rusiyanın xarici siyasətinin yeni konturları kimi qiymətləndirirlər. 40 dəqiqəlik nitqində o, dünyanın geosiyasi mənzərəsinin əsas parametrlərinin təhlilini verməklə yanaşı, böyük dövlətlərin fəaliyyəti haqqında da geniş danışıb. V.Putin Amerika Birləşmiş Ştatlarının dünya siyasətində oynadığı rolu tənqid edib.

Mütəxəssislər bu kontekstdə V.Putinin 2007-ci ildə Münxendəki tədbirdə söylədiyi nitqlə indiki çıxışı arasında ciddi fərqlərin olduğunu vurğulayırlar. O zaman Rusiyanın dövlət başçısı "müasir dünya siyasətini konseptual səviyyədə qiymətləndirmişdi" (bax: Татьяна Становая. Валдайская речь: новая внешнеполитическая доктрина Путина / Slon.ru, 24 oktyabr 2014).

"Valday" klubunun Soçidəki tədbirində də o, qlobal geosiyasətin ən aktual məsələlərinə toxunub. Hər şeydən əvvəl, dünyanın müasir geosiyasi dinamikasını xarakterizə edərkən, V.Putin "mövcud beynəlxalq təhlükəsizlik sisteminin dağılmaqda olduğunu" söyləyib. Buna uyğun olaraq o, beynəlxalq siyasətin əsas vəzifəsini yeni münaqişələrə imkan verməyən qlobal konsensusa nail olmaqda görür (bax: Основные заявления Владимира Путина на заседании Валдайского клуба / İtar-tass.com, 24 oktyabr 2014).

Müasir dünya siyasətinin mövcud vəziyyəti ilə əlaqədar məsələnin bu cür qoyuluşu, həqiqətən, maraqlı və aktualdır. Çünki qlobal miqyasda müşahidə edilən proseslər çoxlu sayda problemlərin olduğunu göstərir. Onlar boş yerdən yaranmayıblar. Böyük dövlətlərin uzun illərdir yeritdikləri siyasətin həmin prosesə ciddi təsiri olub. İndi bunu açıq ifadə edən V.Putin əsas səbəbkar kimi Vaşinqtonu göstərir.

Rusiyanın dövlət başçısı indiki mərhələdə dünya siyasəti üçün əsas sualın aşağıdakından ibarət olduğunu bildirir: "Yeni oyun qaydaları, yaxud qaydasız oyun?" (bax: Заседание Международного дискуссионного клуба "Валдай"/ Kremlin.ru, 24 oktyabr 2014). Bu sual onun nitqinin məzmunundan alınır. Prezident hazırda qlobal miqyasda "pis idarə olunan xaosun hökm sürdüyünü" deyir. Belə bir vəziyyəti İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemini qeyri-düzgün formada dəyişmək istəyənlərin fəaliyyəti yaradıb. Çünki yeni bir şey yaratmadan "mövcud olanı sındırmaq olmaz" (bax: əvvəlki mənbəyə).

Özünü "Soyuq müharibə"nin qalibi kimi aparan ABŞ isə yeni qüvvələr balansı yaratmaq əvəzinə, hərbi güc hesabına vəziyyəti daha da gərginləşdirdi. V.Putin xüsusi vurğulayır ki, artıq "Soyuq müharibə" sona çatıb. Lakin o, sülh sazişi imzalamaq, yeni standartlar və qaydalar yaratmaqla yekunlaşmayıb (bax: əvvəlki mənbəyə). Bunun fonunda mövcud beynəlxalq münasibətlər sistemi Amerikanın maraqlarına cavab vermirdisə, onu dərhal köhnəlmiş elan edib, bir kənara atırdılar.

İkili standartlar və liderlik iddiası: xəbərdarlığa məhəl qoymayanda

Rusiya prezidentinin bu fikirlərindən aşağıdakı məntiqi nəticə çıxır: ən azı İkinci Dünya müharibəsindən sonra Qərb ikili yanaşmalara uyğun siyasət yeridib! V.Putin bunu nitqində açıq bildirir. Deyilənlərə çoxlu sayda misallar da gətirmək mümkündür. Lakin maraqlıdır, niyə bu haqda yalnız indi danışırlar? Uzun müddətdir ki, Azərbaycan dövlət başçısı İlham Əliyev ikili standartların dünyanın geosiyasi təhlükəsizlik sisteminin yaradılmasına vurduğu zərər haqqında fikir bildirir. Lakin təəssüf ki, bu xəbərdarlıqlara böyük dövlətlər diqqət yetirmədilər.

İndi ekspertlər Rusiya rəhbərinin iki məqamı qabartdığını vurğulayırlar. Birincisi, ABŞ yalnız öz maraqlarına uyğun addımlar atır. İkincisi, həmin məqsədə çatmaq üçün Vaşinqton din amilindən istifadə edir. Yaxın Şərqdə və Əfqanıstanda illərdir müşahidə edilən proseslər bunun əyani sübutudur. Əvvəlcə "Taliban", sonra isə "əl-Qaidə" yaradıldı. SSRİ və bir neçə başqa dövlətlərə qarşı mübarizə apardıqdan sonra, bu terror təşkilatları öz sahiblərinin üzünə ağ oldular. V.Putin bunu belə ifadə edir: "...dəhşətli terror aktları Birləşmiş Ştatların öz ərazisində baş verəndə, terrorizmin ümumi təhlükə törətdiyini anladılar" (bax: əvvəlki mənbəyə).

Hazırda bütün dünya beynəlxalq terror qarşısında çətin vəziyyətə düşüb. Koalisiyaların yaradılması da vəziyyəti əsaslı şəkildə dəyişə bilmir. Bütövlükdə beynəlxalq təhlükəsizlik risk altındadır. Bu əsasda V.Putin "yeni oyun qaydalarının müəyyən olunmadığını" və ya "qaydasız oyun"un getdiyini söyləyir. Onun sözlərinə görə, bu, bir növ Qərbin "öz siyasətinin nəticələri ilə mübarizə aparmasına bənzəyir" (bax: əvvəlki mənbəyə).

Rusiya prezidenti bütün bunlardan belə bir nəticə çıxarır ki, dünya siyasətində Qərb tərəfindən əsası qoyulan "idarə olunan xaos" bəşəriyyəti məhvə aparır. Faktiki olaraq səmərəli təhlükəsizlik sistemi formalaşdırmaq mümkün deyildir. Bəs Rusiya prezidenti əvəzində nə təklif edir? V.Putin yeni balansa söykənən qarşılıqlı asılılıq prinsipinin səmərəli ola biləcəyinə inanır (bax: əvvəlki mənbəyə). Burada əsas şərt kimi bütün dövlətlərin, ilk növbədə böyük ölkələrin dəqiq qaydalar üzrə müəyyənləşdirilmiş şərtlərə əməl etməsi götürülür.

Digər məqam Rusiyanın Qərbin nəzarəti altında olmayan beynəlxalq tənzimləmə mexanizmlərini formalaşdırması ilə bağlıdır. Lakin ekspertlər Moskvanın həmin işi kimlərlə görə biləcəyinin dəqiq olmadığını vurğulayırlar. Çünki başda ABŞ olmaqla Qərb dövlətlərinin ciddi rolu olmadan davamlı və etibarlı nizamlama mexanizmi qurmaq faktiki olaraq mümkünsüzdür (bax: Татьяна Становая. Валдайская речь: новая внешнеполитическая доктрина Путина / Slon.ru, 24 oktyabr 2014).

Bunlara baxmayaraq, V.Putinin yuxarıda göstərilən tezislərinin Rusiyanın yeni xarici siyasət doktrinasının tərkib hissəsi olduğu vurğulanır (bax: əvvəlki mənbəyə). Maraqlıdır ki, Qərb ekspertləri bu məsələni bir qədər fərqli mövqedən izah etməyə çalışırlar.

Rusiya prezidentinin ABŞ-ı dünya nizamında silkələnmələr yaratmaqda ittiham etməsi xüsusi qeyd olunur. Həmin kontekstdə Ukrayna böyük dövlətlərin sonuncu münaqişə məkanı olmaya da bilər. Geosiyasi maraqların kəsişdiyi məkanlarda yerləşən digər ölkələrdə də analoji vəziyyət yarana bilər. V.Putinin bu fikirləri növbəti gərginliklərin meydana çıxma ehtimalı kimi qəbul edilir (bax: Karoun Demirjian, Michael Birnbaum. Russia’s Putin blames U.S. for destabilizing world order / "The Washington Post", 24 oktyabr 2014).

Digər ekspertlər isə Rusiyanın dünyanı yenidən bölüşdürmək niyyətində olduğundan danışırlar. Moskva dünyanın aparıcı dövlətlərini qlobal konsensusa gələrək, ümumi nəzarəti həyata keçirməyə çağırır. V.Putin bununla əlaqədar ABŞ-ı silahlar üzərində nəzarəti zəiflətməkdə günahlandırır (bax: Marc Champion. Redrawing the World at Putin's Annual Gabfest / "Bloomberg View", 23 oktyabr 2014). İndi yüksək dəqiqliklə zərbə endirmək qabiliyyətinə malik silahlar nüvə silahları qədər təhlükəlidir. Bu da dünya üzrə bir neçə ölkənin əsas söz sahibi olmaq uğrunda çalışdığının göstəricisidir.

Belə faktlardan çıxış edən V.Putin çoxqütblü dünya modelinin də özlüyündə problemləri həll etmədiyini deyir. Yəni Rusiya Qərb faktorunu tam kənara qoymur. Əksinə, Avropanın ünvanına xoş sözlər söyləyir. Mütəxəssislər hesab edirlər ki, bu, Rusiyanın həm yeni taktikasının nümayişi, həm də gücsüzlüyünün təsdiqidir (bax: Татьяна Становая. Валдайская речь: новая внешнеполитическая доктрина Путина / Slon.ru, 24 oktyabr 2014).

Şübhə yoxdur ki, prezident Putinin "Valday" klubundakı çıxışı tarixi məzmunludur. Burada müasir geosiyasi mənzərəyə maraqlı izahlar verildi. Böyük dövlətlər arasındakı münasibətlərin indiyə qədər söylənməyən çalarları haqqında fikirlər ifadə olundu. Görünür, elə bu səbəbdəndir ki, Ağ Evin sözçüsü Cen Psaki V.Putinin nitqinə qısaca "Amerikanın qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqeyi dəyişməzdir", deyə münasibət bildirib. Yəni qarşıdurma və liderlik uğrunda güzəştsiz mübarizə davammı edəcəkdir?

Newtimes.az

 





29.10.2014    çap et  çap et