525.Az

"Ulduz" jurnalının oktyabr sayı nəşr edilib


 

"Ulduz" jurnalının oktyabr sayı nəşr edilib<b style="color:red"></b>

Bugünlərdə "Ulduz" jurnalının yeni - oktyabr sayı işıq üzü görüb.

Jurnal tanınmış şairə Sona Vəliyevanın "Ekspert rəyi yerinə oxucu sözü" yazısı ilə açılır. Müəllif "Ulduz"a gətirdiyi dərin məzmuna, ətraflı mövzu rəngarəngliyinə, yeni poliqrafik formaya görə jurnalın baş redaktorunu təbrik edib dərginin keçən sayında çıxmış materiallar haqqında ətraflı rəy qələmə alıb:

"...
Gənc yazar Fidanla müsahibəni onun hekayəsini diqqətlə oxudum. Eşq olsun bugünkü gəncliyə! Fidanın timsalında vətəndən kənarda yaşayan yaradıcı gənclik Azərbaycanın həm mənəvi sərvəti, həm qürur ünvanıdır... "Şeir vaxtı" bölməsində Əlizadə Nurinin şeirləri Fidanın qərb havalı nəsrindən sonra içimə ilıq duyğular gətirdi... Xuraman Hüseynzadənin şeir vaxtı saatın əqrəblərini  "Oxşarlıq" adlı şeirə doğru çəkdiyindən mən bir şeirin mövzusunda yer alan iki qadının taleyinə oxucu kimi müşahidəçi olduğumdan qulaq müsafiri, göz müsafiri kimi bəzi məsələlərə aydınlıq gətirməyə çalışdım... İradə Aytelin "Qadın", "Qəribəm", "Evli kişini sevmək" şeirləri hər sətri belə gileylə, istəklə birgə böyük cəsarəti nümayiş etdirir...

Pərvinin
təqdimatında teatra yer ayırmağınız ədəbi nəşrdə ənənələrin ən gözəli vacibi kimi diqqətimi çəkdi. Həyatın, ədəbiyyatın, cəmiyyətin inkişaf tempi içimizdəki inkişaf tempi kimi teatrın mövzusunda qovuşduqca həyat daha maraqlı, yaşamaq daha mənalı olur...

Laura Cəbrayıllının "Abi körpüsü" şair Tofiq Abdinə həsr olunmuş düşüncələrindən çox duyğulandım... Yer üzündə insanların ən azı əlli faizi antidepression dərmanlar qəbul edir, səbəbini Gülnarə İlham "İtim, pişiyim, tutuquşum" hekayəsində çox sadə dillə oxucuları ilə dərdləşərək söyləyir... Lap elə hər şey "təzə sətirdən, abzasdan başlasa" belə, məncə, şeir yazılacaq. Çünki Tanrının qapısı açıqdır, düşünürəm, bəlkə Rəşad Məcid qapısını ona görə elə açıq qoyur... Məncə, mənim bu yazım ekspert rəyindən çox ədəbi mühitlə bağlı ürək boşaltmağa bənzədi..."

Jurnalda ekspert rəyini Cəlil Cavanşirin özüylə söhbəti şeirləri izləyib.

Cəlal Bəydilinin "Ənənəyə ehtiramla" essesində modern düşüncə ilə bağlı fikirlər verilib.

Jurnalın "Şeir vaxtı"nda Elçin Mirzəbəylinin "Əlvida", "Çərəsizilyin peyzajı", "Bağışla", "Sən qoyduğun küncdə", "Bircə kəlmə payız", "Gedəsən", "Bir ömür unut məni", "Qış nağılı", "Alnıma yazılan yazı əriyib", Əli Şirin Şükürlünün "Əlahiddə bacarıq", "Çiçəkləri sevirdi sevda", "Bir məsələ üç məchul" şeirləri təqdim edilib.

Aslan Quliyevin tərcüməsində Hayri Ataşın "Müəllim necəsiniz", "Sən arvadsan?", "Mehriban olaq" hekayələri nəsrsevərlərin ixtiyarına verilib.

Professor Vaqif Yusifli "Gənc şairlər, sözüm sizədir" yazısında Ramil Əhməd, Mətləb Ağa, Ruslan Dost Əli, Arzu Nehrəmli, Gülşən Behbud Nuranə Nurun yaradıcılığı haqqında düşüncələrini qələmə alıb.

"Ulduz" jurnalı ilə "Ədəbiyyat qəzeti"nin birgə layihəsi "Variasiya"da Haruki Murakaminin essesinin tərcümələri təqdim olunub. Layihədə Məti Osmanoğlu, Nilufər Şıxlı, Şəfiqə Şəfa, Firuz Abdulla, Günay Səma Şirvan, Günel Eyvazlı, Kifayət Haqverdiyeva, Nərgiz Məhərrəmzadə, Sultan Mərzili, Ülkər Həsənova, Xatirə Lətifova iştirak edib. Layihənin qalibini ekspert qismində Yazıçılar Birliyinin katibi İlqar Fəhmi müəyyənləşdirib: Məti Osmanoğlu.

Bu yaxınlarda 50 illik yubileyini qeyd edən Elçin İsgəndərzadənin "Qarabağ xronikası" ilə yanaşı, Xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xalq yazıçısı Anar, Çingiz Aytmatov, Yavuz Bülənt Bakilər Şahmar Əkbərzadənin yubilyar haqqında fikirləri bu sayda dərc olunub.

Vüsal Nuru "Ədəbiyyatın kor budağı" yazısında fantastika janrı haqqında fikirlərini bölüşüb.

Jurnalda Ceyhun Musaoğlunun "16- vaqon" hekayəsi, Əvəz Qurbanlının satiraları, Vasif Süleymanın şeirləri verilib.

"Yeni imza" rubrikasında Bəhruz Niftəliyevin şeirləri dərc olunub.

Nuranə Nur "mənim şairim" yazısında  Xalq şairi Məmməd Arazın yaradıcılığı haqqında fikirlərini ifadə edib.

"Dərgidə kitab" layihəsinin budəfəki qonağı şair Kənan Hacıdır. Layihədə şairin "Saxla gedən qatarı", "Yeni il gecəsi tənha qalanlara", "Uzunömürlü kədər", "Gecədən səhərə bir duyğu marşrutu", "Hardasan", "Səndən o yana" şeirləri yer alıb.

S.MÜRVƏTQIZI

 





29.10.2014    çap et  çap et