525.Az

Səhnəyə dönən auditoriya


 

Səhnəyə dönən auditoriya <b style="color:red"></b> Xalq artisti,
ADMİU-nun Estrada və Musiqili teatr rejissoru kafedrasının müdiri


Səhnəyə dönən auditoriya “Bəxt üzüyü” bədii filmini (1991) təhvil verdikdən sonra  14 ilə yaxın işsiz qaldım. 

Bu illər ərzində “Bəxt üzüyü” filmindən gələn şöhrət, eləcə də televiziya, radio, Kütləvi İnformasiya Vasitələrinin  tez – tez mənə müraciət etməsi, gündəlik qəzet və jurnallarda çıxan müsahibələrim,  xarici ölkələrdəki kinofestivallar və mədəniyyət günləri  yaradıcı həyatımda yaranmış “boşluğu” doldura bilmədi desəm, inanın. 

Mən bu illər ərzində dərk etdim ki,  yaradıcı şəxs  boş – bekar gəzdikcə  içində toplanıb qalan enerjini  yeri gəldikcə məqsədyönlü  paylaşmasa, bu enerji onun özünə əks təsir göstərməklə, həmin şəxsi mənəvi və fiziki bəlalara düçar edə bilər.

On il ərzində saathesabı müəllimlikdən – professorluq və kafedra müdirliyinə qədər yüksəlmək! Bu təkcə mənim üçün Allah-təala tərəfindən  ayrılan istedadın və həddindən artıq zəhmət, sənətsevərliyin deyil, həm də insanları duymaq, onlara böyük qayğı – məhəbbətlə yanaşmaq, onlara arxa – dayaq durmaq bacarığı, insanlara  qarşı  ilahi sevgisi olan İNSANdan irəli gəlir... Bu xüsusiyyətlər bizim universitetin rektoru, professor, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru –  Timuçin İlyas oğlu Əfəndiyevə məxsusdur. Bu keyfiyyətlər onun insan kimi aliliyindən xəbər verir. Başqa cür ola da bilməz. Axı bütün həyatını nə qədər çətin və dövrə görə mürəkkəb olsa belə, doğma xalqının tarixi keçmişinə, bu gününə yaxşı bələd olan, onun xoşbəxt gələcəyini görmək arzusuyla yaşayıb – yaradan, xalqının maariflənməsi yolunda ömrünün sonuna kimi misilsiz xidmətlər göstərən bir müdrik Azərbaycan yazıçısının oğlu- İlyas Əfəndiyevin yadigarıdır – Timuçin Əfəndiyev... Bildiyiniz kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, hörmətli Timuçin Əfəndiyev rəhbər kimi çalışdığı illər ərzində  apardığı məqsədyönlü və hər dəfə  uğur gətirən  islahatlar  nəticəsində doğma təhsil ocağımız  öz kafedralarının sayını artırmaqla, ali ixtisasların çoxalmasına, burada təhsil alan tələbə – məzunların peşəkarlıqlarının  yüksəlməsinə, gələcəkdə  mədəniyyət və incəsənət sahəsində  adlı-sanlı, dəyərli sənətkar olmalarına gətirib çıxarıb. Hörmətli rektorumuz Timuçin Əfəndiyevin dəvətiylə “Musiqili teatr aktyoru” kafedrasında saathesabı müəllim kimi  fəaliyyətə başladığım müddətdən bu günə kimi  doğma universitetimizin  bütün professor və müəllim heyətinə böyük hörmətlə yanaşmış, dərs dediyim tələbələrimə atalıq qayğısı göstərmişəm... Özüm gənclik illərimdə iki dəfə bu təhsil ocağından uzaqlaşdırılsam da, məni gələcəkdə bu kollektivin doğma üzvü edəcək incəsənətə arxa çevirməmiş, məhəbbətini bir an belə  ürəyimdən çıxarmamışam... Keçən – 2011-ci ildə təsis olunmuş “ Estrada və musiqili teatr rejissoru ”  kafedrasına müdir təyin olundum. Kafedra müdirliyi mənə etibar olunduğu gündən  çox sevdiyim və ömürlük bağlı olduğum  incəsənət dünyası üçün gələcəyin  rejissor kadrlarını hazırlamaq işində qollarımı çırmayıb, fəaliyyətə başladım... Doğma universitetimizin  90 illiyi qarşısında çox sevdiyim ali təhsil ocağına öz təmənnasız məhəbbətimi bildirmək məqsədilə  qərar aldım ki, dərs deyəcəyim istəkli tələbələrimin  (kafedrada təhsil alan bütün tələbələrə aiddir) rejissorluq peşəsinə yiyələnmək yolunda  alacaqları ali təhsillə bərabər, onların həvəs və marağını daha da artıra biləcək  bir “ Yaradıcılıq emalatxanası ” təşkil edim. Bu məqsədlə hörmətli rektorumuz, professor  Timuçin Əfəndiyevin xeyir-duasını alandan sonra  müdiri olduğum kafedranın  auditoriyasında təmirə başladım... İlk gördüyüm iş o oldu ki, “ səhnə ” kimi ayırdığım  kvadraturada  müəyyən hündürlüyə nail oldum. Beləliklə auditoriya iki hissəyə bölündü: səhnə və zal. Zal – həm də auditoriya rolunu oynayır. Tələbələr auditoriyada keçdikləri nəzəri dərsləri – mühazirələri dinləyir, səhnədə isə  bu nəzəriyyəni praktik olaraq  məşğələyə çevirirlər... Səhnəyə yaradıcılıq atmosferi gətirmək və bununla da  tələbələrin seçdikləri sənətə maraq və həvəsinin artmasına  nail olmaq  lazım idi.  Odur ki, ilk növbədə ağappaq əhəngli tavanı tündləşdirmək, qara və ya tünd boz rəngə çevirmək qərarına gəldim. Çöldən auditoriya və səhnəyə düşən güclü günəş işığının  qarşısını almaq məqsədilə  pəncərələrin üst şüşələrini tünd rəngli plyonka  ilə örtdüm, sonra tünd-qalın qara parçadan asma rulonlu jalüz tipli pərdə düzəltdim ki, lazım gələndə ətəyindən yığıb, pəncərə işığının otağa düşməsinin qarşısını ala bilək... Beləliklə, səhnədə və zalda qaranlığı təmin edə bildim. Əlavə olaraq teatr səhnəsinə xarakterik olan  zil qaranlığı əldə etmək üçün divarları  qara rəngə boyadım, qara parçalardan paduqa, kulislər və arxa pərdəni də tikdirdim. Indi günəş işığından əsər- əlamət yoxdur... indi səhnəni işıqlandırmaq lazımdır..! Səhnənin işıqlandırılmasının təşkili məsələsi çox maraqlı oldu.  Peşəkar işıq sistemi qurmaq həddindən artıq baha başa gəldiyi üçün başqa yol tapmaq, projektorları əvəz edəcək bir şey fikirləşmək lazım idi. 

Universitetimizin “ Səda ” Tədris Teatrının əməkdaşı, işıqçı-radist Bəxtiyar Mustafayevi işə cəlb elədim.  Müəyyən məsləhətləşmələrdən sonra  qəti qərara gəldik. “ Dövlətin verdiyi 220 volt işığı xüsusi qurğuların  (adaptor, transfarmator) hesabına 12 volta çevirmək ”. Elə də etdik... Çox da baha olmayan, plastik materialdan borular alıb, VAZ – 06 avtomobilinin “qologen” lampalarını qara rəngə boyadığımız boruların içinə yerləşdirdik... 17 ədəd projektora bənzər  işıq qurğusu  hazır olandan sonra, onun 9 – nu səhnədə “ asma işıq ” , 2 – ni “ yan işıq ” və 6 – nı “ səhnədən çıxarılma işıq ”  kimi zalda yerləşdirdik... Beləliklə, əldə olunan  17 işıq qurğusunun  hesabına səhnənin  hər küncünü işıqlandıra bildik (Bu işdə Bəxtiyar Mustafayevin əməyi danılmazdır). İşıqların idarəedici pultunu isə müəllimin yazı masasının üstündə xüsusi düzəldilmiş sandıqçaya yerləşdirdik. Təhlükəsizliyi tam təmin etmək üçün “ qoruyucu avtomat ” ları da daha güclü amperajlı etdik... Beləliklə “emalatxana ”mızın işıq sistemi quruldu...

Səhnə ilə zalı isə məşhur “ Kapsella ” pərdə – tül firmasına sifariş verdiyim baş pərdə ilə bir – birindən ayırdım,  pəncərə pərdələrini də auditoriyanın ümumi rəng çalarlarına uyğunlaşdırıb, asdım... Yaraşıqlı, tələbə və müəllimlərin zövqünü oxşayan ümumi bir vəziyyət alındı... Divarlara da Azərbaycanın milli dramaturq, rejissor və aktyorlarının fotoşəkillərini asdım. Beləliklə, kafedrada yaradıcılıq mikromühiti yarandı. İndi diploma çıxacaq tələbələrin əksəriyyəti öz işini elə bizim kafedrada təhvil vermək həvəsinə düşüb. Artıq bir neçəsi bu barədə mənə müraciət ediblər. Kafedramızın müəllim və tələbələrinin çalışmaq, yaratmaq yolundakı həvəs və təşəbbüslərinin xeyli artdığının şahidi olduqca, mənim də fərəhimin sərhədləri genişlənir. Doğma Universitetimizin 90 – illik yubileyinə töhfə etdiyim bu “ emalatxana ” mənə qürur verir. 

Hörmətli rektorumuz – Timuçin müəllimin mənə olan böyük inam və etimadı məni bundan sonra da pedaqoji fəaliyyətimdə daha məsuliyyətli, doğma işimə – sənətimə qayğı və məhəbbətli olmağa sövq edir...

Doğma Universitetimiz – 90 yaşlı ağsaqqal ali təhsil ocağı, qoynunda yenicə göz açmış 1 yaşlı “ Estrada və Musiqili teatr rejissoru” kafedrasının bütün müəllim heyəti – professor  Fikrət Sultanov, dosent  Vidadi Həsənov, dosent  Hafiz Quliyev, baş müəllim  Əliqismət Lalayev, gənc müəllimlər Vəfa Bayramova, Pərvanə Ağayeva və konsertmeyster  Yeganə İsazadə səni bu yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edir.  Tərkib hissən olan bu gənc kafedra 90 illik adət-ənənələrini daim yaşadacağına və sənə həmişə başucalığı gətirəcəyinə söz verir...   
 





15.11.2012    çap et  çap et