525.Az

Bakı Dövlət Universiteti - 95


 

Bakı Dövlət Universiteti - 95<b style="color:red"></b>

Tarix dünən deməkdir, gələcək isə bu günün və dünənin sabahı. Gələcək dünənin özülü üzərində və ənənələri əsasında yaranır və yaşayır. Hər hansı bir cəmiyyətin nə dərəcədə inkişaf etməsi onun dünənindən çox aslıdır. Hər hansı bir dövlətin sivil dövlətlər səviyyəsinə yüksəlməsi üçün siyasi və iqtisadi göstəricilərilə yanaşı, elm, təhsil və mədəniyyəti də yüksək olmalıdır, çünki məhz elm, təhsil və mədəniyyət dinindən, irqindən, quruluşundan asılı olmayaraq, xalqlar və ölkələr arasında sarsılmaz bir körpü yaratmağa qadirdir. XXI əsrin 14-cü ilində özünün 95 yaşını qeyd etməyə hazırlaşan Bakı Dövlət Universiteti, məhz zəngin elmi, mədəni irsə malik olan Azərbaycan adlı dövlətin yenidən başını qaldırıb: “Mən Azərbaycanam!”  - hayqırdığı bir vaxtda, Şərqlə Qərbin qovuşdugu Bakı şəhərində ucaldı. Tarixi xalqımızın tarixi ilə səsləşən BDU-nun yaranması çox böyük məşəqqətlərlə keçmişdir. Bakıda universitetin yarandıgı günə gedən yolun haralardan keçdiyini, bu yolda “kimin kim olması” və hansı olayların yaşandıgını bilmək, bizcə, hər bir azərbaycanlı üçün maraqlıdır. Bu baxımdan, düşünürük ki, həmin suallara ən yaxşı cavabı hadisələrin şahidi olmuş, universitetin ilk rektoru professor Vasili İvanoviç Razumovskinin “Bakı şəhərində universitetin yaradılması” adlı tarixi oçerki verə bilər. Bugünki Bakı Dövlət Universitetinin keçdiyi tarixi yolu daha dəqiq qiymətləndirmək və onu gələcək nəsillər üçün yaşatmaq xatirinə, 95 illik yubileyimiz ərəfəsində V.İ.Razumovskinin sözügedən tarixi oçerkini ilk dəfə Azərbaycan oxucusuna öz dilimizdə (BDU-nun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Sevil Ağabəylinin tərcüməsində) təqdim edirik.

Abel MƏHƏRRƏMOV, Bakı Dövlət Universitetinin rektoru, akademik

BAKI ŞƏHƏRINDƏ UNIVERSITETIN YARADILMASI

(Tarixi oçerk) 

V.İ.RAZUMOVSKİ

Bakıda yeni universitetin açılması Zaqafqaziya tarixində möhtəşəm hadisə idi; mən, bu prosesdə iştirak etdiyim üçün, hələ ki, buna aid faktları təfərrüatı ilə xatırladığıma görə, olayları şərh etməyi özümə borc bilirəm.

Əvvəlcə, Rusiyadan Qafqaza necə gəlməyim haqqında bir neçə söz.

Mən 1917-ci ilin yazında, Rusiyada inqilabi çevrilişdən bir az keçəndən sonra, Qafqaz ordusunun cərrahı təyin olundum və may ayının ilk günlərində Tiflisə gəldim. Yay aylarında Qafqaz cəbhəsi boyunca Kiçik Asiya və Zaurmiysk rayonuna iki (xeyli uzun müddətli) səfəri başa çatdırdım.

Payızdan Tiflisdə Travmatologiya İnstitutunun təşkili ilə məşğul oldum. Artıq bu vaxt müharibə qurtarmışdısa da, qoşunlar hələ də yerlərində qalmışdı.

Tiflisdəki Ali Qadınlar Kurslarının tibb fakültəsinin dekanı professor E.A.Meyer (zooloq) oktyabrda yanıma gəldi və mənə tibb fakültəsinin layihəsinin işlənib hazırlanmasında digər üzvlərlə birlikdə iştirak etməyimi təklif etdi. Deməliyəm ki, Tiflis Qadınlar Kurslarında tibb fakültəsi yenicə formalaşmışdı, cəmi iki kursu var idi və hazırda nəinki professorları, hətta anatomiya, fiziologiya və histologiya kimi mühüm kafedraların kursları yox idi. Buna baxmayaraq, tezliklə professor Sıtoviç ilin ikinci yarısında fiziologiya kafedrasına gəldi; anatomiya və histologiya kafedralarında isə vakant yerlər hələ də boş idi; kafedralar, nominal olaraq (yəni kağız üzərində.-A.S.), Moskva professorlarından Karuzin və Oqnevin adında idi, ancaq onların hər ikisi bu il qastrola gəlməmişdilər (keçən il qısa müddətə gəlmişdilər). Fakültənin tərkibində həkim-müəllimlərdən professor Malenük (tibbi-kimya) və anatomik prozekturada bir neçə gənc həkim (Ter-Akopov, Zamuxovski və b.) vardı; zooloq Yüzbaşev histologiyanı tədris edirdi. Tiflisdəki məşhur həkim-terapevt Arutünov fakültənin dekanı idi. Mən, əvvəlcə, fakültəyə xüsusi olaraq, tibb fakültəsinin layihəsini işləyib hazırlamaq üçün gəlirdim, yanvardan isə professor seçildim və anatomiyanın tədrisini, müvəqqəti olaraq, öz üzərimə götürdüm. Tibb fakültəsinin layihəsi təklif olunmuş “Universitet Komissiyası” adı ilə hazırlanırdı. Bu komissiyanın tarixi belədir.

Tiflis Şəhər Duması Rusiya Xalq Maarifi Nazirindən (Salazkin) Rus Tiflis Universiteti üçün layihə və smetanı təcili tərtib etmək təklifi ilə 1917-ci il yayın axırında teleqram aldı. Qadınlar Kurslarının təbiətçi və filoloq professorlarından (Melikov, Novaşik, Maksimov, Mişşenko, Kazantsev, Lopatinski, Blaqovidov, İşkov və b.) ibarət komissiya təşkil olunmuşdu, komissiyanın tərkibinə həkimlərdən d-r Arutünov daxil idi, komissiyanın sədri professor Melikov idi. Komissiyaya mən də dəvət olundum və tezliklə, professor Melikovun bu işdən imtina etməsinə görə, komissiyanın sədri seçildim. Komissiyanın tərkibinə bəzi ictimai xadimlər daxil idi, yeri gəlmişkən, Qafqazda məşhur ictimai xadim və publisist knyaz Q.M.Tumanovu qeyd etmək lazımdır; komissiyanın iclasları məhz onun mənzilində keçirilirdi. Komissiyanın bir neçə ümumi yığıncağı olmuşdu, o, (komissiya) ümumi əsasları tərtib etmişdi, sonra isə universitetin layihə smetasının müfəssəl hazırlanması üçün özündən beş nəfərlik qrupp (büro) seçdi: üç professor (Razumovski, Melikov və Maksimov) və iki ictimai xadim. Bu iş iki aya yaxın vaxt apardı və prosesin əsas ağırlığı, xüsusilə mənim və professor Maksimovun üzərinə düşdü; professor Melikov işdən uzaqlaşdı, o, bu zaman Tiflisdəki Gürcüstan Universitetinin rektoru idi. İşimizin sonuna yaxın Qafqaz, Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcü, erməni və türklərdən ibarət qarışıq hökumət yaradıldı. Xalq Maarifi Naziri bakılı Xan Xoyski idi. Bizim işimizdən istifadə edərək, Tiflisdə Rus Universitetinin təşkili təklifi ilə bu hökumətə müraciət etdik. Nazir (Xan Xoyski) bizi axıra kimi dinləyib, Qafqazda Rus Universitetinin yaradılmasına rəğbətini bildirdi, ancaq buna baxmayaraq əlavə etdi: “Niyə bəs Tiflisdə? Tiflisdə politexnikum var, indi Gürcü Universiteti... Bəlkə universiteti Bakıda təşkil etmək daha məqsədyönlüdür?”

O bizim tərtib etdiyimiz smeta ilə məlumat vərəqəsini nəzərdən keçirmək üçün götürdü və bu iş haqqında Nazirlər Şurasında məlumat verəcəyinə söz verdi. Maliyyə Nazirinin (Karçikyan) işə ciddi münasibətilə əlaqədar, biz onun yanında olduq, o da öz rəğbətini bildirdi və vurğuladı ki, hökumət maliyyə cəhətdən çox zəif olsa da, universitet kimi belə bir iş üçün vəsait əldə olunmalıdır. Bütün bunlar, Qafqazda siyasi hadisələrin, xüsusilə siyasi münasibətlərin başgicəlləndirici sürətlə dəyişdiyi bir vaxtda, 1917-1918-ci ilin qışında baş verirdi. Bizim layihəmizə Zaqafqaziya Respublikası hökumətində də baxılmadı, çünki o, qisa zamanda fəaliyyət göstərdi və üç sərbəst respublikaya – Gürcüstan, Ermənistan, Azərbaycan – parçalandı.

Tiflisdə yenidən təşkil edilən Gürcüstan Hökuməti bütün diqqətini öz Gürcüstan Universitetinə yönəltdi. Ancaq biz, əvvəlcə, Rus Universitetini qorumaq ümidini hələ itirməmişdik və bu məqsədlə orada üç fakültə ilə (təbiət, tarixi-filoloji və yeni təşkil olunmuş tibb) artıq on il fəaliyyət göstərən Ali Qadınlar Kursu 1918-ci ilin yazında islahat edilməklə universitetə çevrildi. Tələbələrdən yığılan (payızda yenidən artırılmış) yüksək ödənişə baxmayaraq, Şuranın və Xüsusi Xeyriyyə Komitəsinin rəhbərlik etdikləri Kursların maddi durumu bu zaman artıq çətinləşmişdi. Yığılan pullar nəinki laboratoriya xərclərinə, tibb fakültəsinin genişləndirilməsi və təşkili xərclərinə, hətta personalın babat məvacibinin ödənilməsinə də çatmırdı. Vəziyyətdən çıxış yolu axtarmalı olduq. Gürcüstan (Tiflis Şəhər Duması) az maddi yardım verirdi, həmçinin Ermənistan hökumətinin yardımına ümid edilirdi, çünki dinləyicilərin əksəriyyəti ermənilər idi, müəllimlərin tərkibində erməni qrupu olduqca üstünlük təşkil edirdi. Sonuncu ümid Kurslara məxsus (indiki universitet) evin girov qoyulmasına idi. 1918-ci ilin payızında universitetin rektoru kimi (Kursların islahat edilməklə, universitetə çevrilməsindən sonra mən rektor seçilmişdim) bu işlə yaxından tanışlığımdan sonra, mənə aydın oldu ki, Rus Universiteti Gürcüstan Universiteti (ona, əsasən hökumət himayəlik edirdi) ilə eyni zamanda Tiflisdə qala bilməz. Çıxış yolu axtarmaq lazım idi. Ekaterinodarla (Rusiya), Erivanla (Ermənistan) və Bakı (Azərbaycan) ilə danışıqlara başlanıldı. 1919-cu ilin əvvəllərində Xalq Maarifi Nazirliyindən Həmid bəy Şahtaxtinskinin Rus Universitetinin Bakıya köçürülməsi təklifi ilə Tiflisə (Azərbaycandan) gəlməsindən sonra universitetin Bakıya köçürülməsi layihəsi xüsusilə ciddi müzakirəyə səbəb oldu. Professorların xüsusi müşavirəsi mənim sədrliyimlə keçirildi. Bu müşavirədə Şahtaxtinski Xalq Maarifi Naziri Usubbəyovun adından universitetin Bakıya köçürülməsini təklif etdi: orta vəziyyətli bina, maddi təminat və s. Ümumiyyətlə, müəllimlərin əhval-ruhiyyəsi Bakıya köçməyə köklənmişdi, xüsusilə həkimlər və filoloqlar (tarixi-filoloji fakültənin dekanı N.A.Dubrovski idi), təbiət fakültəsi parçalandı: kiçik müəllimlər qrupu və bu qrupa qoşulan Melikov və məşhur alim-botanik Navaşin (hər ikisi eyni vaxtda Gürcüstan Universitetində xidmət edirdilər) universitetin Tiflisdə qalmasına tərəfdar idilər, o biri, daha kompakt qrup Tiflisdə qalmağın vacibliyini görmürdü (sonra bu qrup Yekaterinodara getdi: orada politexnikum yaradılmışdı). Yenidən Zaqafqaziya Universitetinin professoru seçilmiş A.M.Levin 1919-cu ilin əvvəllərində Bakıdan Tiflisə gəldi və müşavirədə müəllimləri universitet üçün Bakıda açılacaq perspektivlərlə tanış etdi (binalar, hökumətin və cəmiyyətin əhval-ruhiyyəsi, mədəniyyət müəssisələri və s.). Məruzədən aydın idi ki, universitetin açılması üçün Bakıda mənbə və vəsait vardır. Ayrı-ayrı qruplarla və müəllim heyətinin üzvləri ilə məsləhətləşərək, onların əhval-ruhiyyəsini öyrəndim. Mən yalnız bundan sonra Universitet Şurasına universitetin Bakıya köçürülməsi təklifini irəli sürdüm. Əksəriyyət köçməyin tərəfdarı idi, ancaq ayrı bir qrup (xüsusilə ermənilər) Tiflisdə qalmağa ümid edirdi (bəlkə də Ermənistana köçmək niyyəti ilə). Yeri gəlmişkən, göstərilirdi ki, universitet əmlakını Bakıya aparmaq olmaz, o (əmlak), Xeyriyyə Cəmiyyətinə məxsus idi, universitetin bağlanıldığı təqdirdə isə şəhərə). İclasdakı sərt müzakirələrin nəticəsində Zaqafqaziya Universitetinin gələcək taleyi məsələsinin həlli üçün 8-10 nəfərdən ibarət (tələbələrin iştirakı ilə) xüsusi komissiya seçildi. Komissiya bir neçə iclas keçirmişdi: burada müxtəlif məsələlər, xüsusilə universitetin maliyyə vəziyyəti müzakirə olunmuşdu. Köçməyin əleyhdarları xərcləri minimuma qədər azaltmağı təklif etdilər. Təhsil haqqını artırmaq yolu ilə Tiflisdə universitetin saxlanılmasının mümkünlüyünü sübut etməyə çalışdılar; bu fikri, əsasən müəllimlər (Zavriyev, Yüzbaşov) müdafiə etdilər. Həkim kimi mənə aydın idi ki, bu yolla nəinki bir təhər keçinə bilmərik, hətta, ən əsası isə, universitet tədrisini də öz yoluna ciddi yönəldə bilmərik. Əsasən, birinci kursların tələbə-həkimləri təhsil haqqı verirdilər (onlar, yəqin ki, tələbələrin ümumi sayının üçdə ikisini təşkil edirdilər); bu məbləğ digər fakültələrin də xərclərini ödəyirdi. Buna baxmayaraq, tibb fakültəsinin birinci 2 kursu, xüsusilə yeni açılmış 3-cü kurs avadanlıqla çox zəif təmin edilmişdi: aparatlara, laboratoriya ləvazimatlarına, mebelə və s. nisbətən, 3-cü kursun yerləşdiyi yer (Aramyantsevski xəstəxanasının baraklarında) pis düzəldilmişdi; Gürcüstan Hökumətinin tələbi ilə, qışın ortasında, Mixaylovski xəstəxanasından anatomik prozektura çıxarılmış, əsla uyğunlaşdırılmadan, o da həmçinin Aramyantsevski barakına köçürülmüşdü; hətta arakəsmələr, primitiv mebel üçün də vəsait yox idi; birinci 2 kursun digər kafedraları da həm yerləşmə, həm də laboratoriya şəraiti baxımından, çox pis düzəldilmişdi; məhdud sayda olan mikroskoplar fakültədən-fakültəyə, kafedradan-kafedraya gəzirdi. Bununla belə, payızda tibb fakültəsinin 4-cü kursunun 7-8 kafedra ilə açılması nəzərdə tutulurdu: bu iş üçün böyük xərc tələb olunurdu (mən Saratov Universitetinin təşkili ilə əlaqədar bunu bilirdim), bu xərcləri universitetə aid evi girov qoymaqla (və ya satmaqla) ödəmək olmazdi. Aramyantsevski xəstəxanasında açilmalı olan klinikanın, demək olar ki, bütövlükdə 4-cü kursun tədrisinin Gürcüstan Universiteti ilə əlaqəsinin kəsilməsi, bu maddi müflisliyə əlavə olundu, bu məsələ Gürcüstan və Rus Zaqafqaziya Universitetləri müəllimlərinin iştirakı ilə keçirilən Şəhər Upravasının iclasında, xüsusilə məlum oldu. Yalnız 2 çıxış yolu qalırdı: ya başqa şəhərə köçmək, ya da yalnız avadanlıqla çox zəif təchiz edilmiş birinci kursları saxlamaqla, tibb fakültəsini elə ilkin və az təşkil olunmuş şəkildə, yəni necə var idi, eləcə də buraxmaq. Bu zaman tibb fakültəsinin olduqca ciddi tərkibi (personalı) (Levin, Şirokoqorov, Sitoviç, Oşman, Malenük, Arutünov və mən), bir neçə nəfər yaxşı assistenti, ümumiyyətlə tibb fakültəsinin formalaşması üçün tamamilə münasib kompakt özül var idi.

Zaqafqaziya Universitetinin taleyini həll edən komissiyanın işlədiyi vaxt qəti məlum oldu ki, universitetin başqa şəhərə köçürülməsi variantında, Kursların (universitet qarşısında) şəhərlə bağladığı müqaviləyə əsasən, biz universitet əmlakının alınması və köçürülməsini ağlımıza belə gətirə bilmərik. Komissiya müəyyən qərara gələ bilmədisə də, irəli addım atdı, üç nəfər üzvü (Dubrovski, İşkov, Sitoviç) hökumət ilə danışıqlar, binaya baxmaq və s. üçün Bakıya göndərdi; komissiya ilə tələbələrdən də nümayəndə ora getdi. Bu danışıqlar müvafiq nəticələr verdi: Bakıda universitetin təşkili bizim hamımıza məlum oldu. Azərbaycan Hökumətinin (Usubbəyov başda olmaqla) ciddi istəyi olması, cəmiyyətin bütün siniflərinin, o cümlədən fəhlələrin də (onlarla da həmçinin danışıqlar aparılmışdi) əhval-ruhiyyəsi tezliklə Bakıda universitetin açılmasına köklənmişdi. Biz başa düşdük ki, Azərbaycan Hökumətinin öz universitetini yaratmaq qərarı o qədər ciddi idi ki, Rus Zaqafqaziya Universiteti bura (Bakıya) köçürülməsə də, Bakıda universitet olacaq: dəqiq vaxt göstərilmişdi – mayın 1-i.

Tələbələrin bu məsələyə münasibəti necə idi?

Universitetin vəziyyətini izah etdiyim ümumtələbə iclasında, həmçinin bir neçə cərəyanın olması mənə məlum oldu: 1) Erivan tərəfdarları; 2) Tiflis tərəfdarları; 3) Bakı tərəfdarları – Tiflisdə qalmağın mümkünsüzlüyünü qismən başa düşən böyük bir qrup: həkimlər. Əlbəttə, universitet köçürüləndə hamıdan çox tələbələrə başqa şəhərə köçmək və məskunlaşmaq çətin olurdu, xüsusilə də əhalisi çox olan müasir şəhərlərdə.

Yeri gəlmişkən, qeyd edim ki, mən müharibə olanda Kiyev Universitetinin müvəqqəti olaraq, Saratova köçürülməsi vaxtı tələbələrin ağır vəziyyətinin şahidi idim. Ona görə də biz Azərbaycan Hökuməti ilə danışıqlarda tələbələrin yataqxana ilə təmin olunmasını da vurğulamışdıq.

Erməni xadimləri həmin vaxt Erivana gedib, Ermənistan Hökuməti ilə danışıqlar aparırdılar. Yeri gəlmişkən, onlar mənə də Erivanda universitetin təşkili işini, rəsmi şəkildə deyil, şəxsi təşəbbüs kimi öz üzərimə götürməyimi təklif etdilər. Mənim üçün toplanılmış məlumata əsasən, müharibə və aclıqdan dağılmış Erivanda yaxın gələcəkdə universitetin yaranması üçün əlverişli şərait yox idi. Orada fakültə təşkil etmək, xüsusilə çətin idi, çünki bunun üçün yaxşı kliniki müəssisə tələb olunurdu. Mən bu mülahizələrimi, xüsusilə Ermənistanda universitetin açılması üçün çalışan erməni xadimlərindən birinə, başqaları ilə müqaisədə qismən ciddi olan D.X.Zavriyevə bildirdim; həmçinin ona Ermənistan haqqında rəylərini soruşduğum tibb fakültəsinin professorlarının da qəti şəkildə Erivana getməyəcəklərini bəyan etdiklərini söylədim. Eyni zamanda, Ermənistandan müvafiq cavab yox idi, hətta biz, Gürcüstanın verdiyi kiçik məbləğli yardım qədər də, Ermənistandan hec nə almamışıq.

Mən aprelin sonunda (1919-cu il) Azərbaycan Hökumətindən Bakıda universitetin yaradılmasını öz üzərimə götürməyim və təşkilat komissiyasını yaratmağım haqqında rəsmi təklif aldım. Ləngimədən cavab vermək lazım idi. Həmkarlarımla danışıqlardan sonra, Zaqafqaziya Universitetinin rektoru vəzifəsindən imtina edib, Bakıya teleqrafla öz razılığımı bildirdim. Dərhal komissiyanın təşkilinə başlanıldı. Komissiyanın üzvlüyünə filoloqlardan Dubrovskini (tarixi-filoloji fakültənin dekanı) və İşkovu; həkimlərdən Levini və Sitoviçi dəvət etdim. Mən təbiətçilərdən heç kimi dəvət etmədim. Belə ki, yuxarıda qeyd etdiyim kompakt qrup Bakı ilə danışıqların nəticəsini gözləmədən, Yekaterinodara (politexnikuma) getməyə qərar vermişdi. Bu qrupnın bəzi üzvləri, Bakıya yola düşməzdən əvvəl, mənə bildirdilər ki, Bakıda universitetin açılacağı təqdirdə, ola bilsin ki, onlar ora gələrlər. Bu mənə ümid verdi ki, yaxın gələcəkdə Bakıda tarixi-filoloji və tibb fakültələrindən başqa təbiət fakültəsini də açmaq mümkün olacaq.

Elmi personalın Bakıya və Yekaterinodara keçməsi məsələsi həll olunduqdan sonra, Gürcüstan Universitetinin taleyi üçün narahatçılıq Gürcüstan məkanında özünü biruzə verdi, çünki burada, öz gürcü müəllimləri az olan universitetdə, həmçinin rus alimləri də xidmət edirdilər.

Gürcüstan Xalq Maarifi Naziri (Ramişvili) bizi dəvət etdi və Tiflisdə qalmağımız üçün razı salmaq istədi, ancaq, bununla belə, o, bəyan etdi ki, biz ancaq müvəqqəti – gürcülər öz xadimlərini tapana kimi – lazımıq. Belə açıq etiraf bir daha məni inandırdı ki, mən Bakıda yeni universiteti təşkil etməklə düzgün hərəkət edirəm, çünki orada həm universitet, həm də professor heyəti qismən möhkəm vəziyyətə ümid edə bilərdi. Hər şeydən çox, məni tələbə gəncliyin taleyi narahat edirdi; tələbələr arasında həkimlər üstünlük təşkil edirdi; bu isə Bakıda bir yox, bir neçə kurslu tibb fakültəsini açmağı mənim vəzifəmə əlavə edirdi. Bakıya getməyimlə əlaqədar tələbələrin təşkil etdiyi vida mərasimi (adres, çiçəklər və s.) məni əmin etdi ki, mənim əməllərim tələbələrin maraqları ilə üst-üstə düşmüşdür. Yəqin ki, Bakıda yeni tibb fakültəsinin açılması Tiflisin həkimlik məkanında da rəğbət doğurmuşdu: Bakıya getməyimə bir neçə gün qalmış Qafqaz Tibb Cəmiyyətinin (Tiflisdə) sədrindən cəmiyyətin fəxri üzvü seçilməyim haqqında məktub aldım. Mən arxayınlıqla və sevindirici ümidlərlə N.A.Dubrovski ilə birlikdə Bakıya yola düşdüm. ProfessorA.M.Levin artıq Bakıda idi. Komissiya üzvlərindən L.A.İşkov və İ.S.Sıtoviç Tiflisdə qaldılar, onların vasitəçiliyi ilə Tiflisdə bəzi sifarişlər etməyə və kitablar almağa ümid edirdik: bu plan, Bakıya yola düşməmişdən əvvəl, mənim Tiflisdəki mənzilimdə - xüsusi iclasda tərtib olunmuşdu.

Bakıya çatan kimi, elə həmin gün üçlükdə (mən, Dubrovski, Levin) universitet üçün ayrılması nəzərdə tutulmuş binalara baxdiqdan sonra Nazirlər Sovetinin sədri Usubbəyovun yanına getdik və nazirliklərin, parlamentin, Bakı şəhəri nümayəndələrinin bizim komissiyaya hüquqlu üzvlər kimi cəlb olunmalarının vacibliyini bildirdik. Usubbəyov Neft sənayeçiləri Qurultayından 4-cü üzvü əlavə edib razılığını bildirdi.

Həmçinin Bakının müalicə müəssisələrinin 3 baş həkimi: Ter-Mikaelyants, Məlik-bəy Sultanov və Qiides məşvərətçi səslə dəvət olunmuşdular.

Komissiyaya belə mühüm məsuliyyətli iş üçün katib tapmaq vacib idi. Bu mənada, bizim komissiya çox xoşbəxt idi: Bakıda, Torpaqşünaslıq Nazirliyində savadlı hüquqşünas (nə vaxtsa Kazan Universitetində çalışmış) İ.A.Babuşkin işləyirdi. Bəzi tərəddüdlərdən sonra o, əvvəlki iş yerindən çıxıb katib vəzifəsini öz üzərinə götürdü, belə ki, qarşıdakı böyük işlərə görə, eyni zamanda bir neçə yerdə işləmək mümkün deyildi. Komissiyaya parlamentin binasında (Nikolayevsk küçəsində) 2 otaq ayrılmışdı və kiçik dəftərxana (2 kargüzarla birlikdə) verilmişdi, birinci iclas Xalq Maarifi Nazirliyini müvəqqəti idarə edən İsa bəy Hacinskinin sədrliyi ilə baş tutdu: komissiya bu işləri həyata keçirməli idi:

Mən deyərdim ki, təcili, qeyri-adi gərginliklə işləməli olduq. İşin bütün ağırlığı, əsasən 4 nəfərin (mənim, Dubrovskinin, Levinin və Babuşkinin) üzərinə düşürdü. Etiraf etmək lazımdır ki, komissiyanın digər üzvləri də az işləmirdilər: hər gün komissiyanın iclaslarına gəlirlər, sifarişlərin verilməsində iştirak edirlər və s. Xüsusilə baş həkimlər və Şəhər Upravasının üzvü Cəfərov bizim çalışqan həmkarlarımız idilər. Komissiyaya, həmçinin kimyaçı L.Q.Qurviç, zooloq K.N.Derjavin və əczaçılıq magistri İ.K.Qolberq cəlb olunmuşdular.

 Adi gündəlik məsələlər:

Hazırlıq işi, əlbəttə ki, mənzillərdə aparılırdı. Xüsusilə, əqli gərginlik tələb edən işlərə görə (məsələn, nizamnamənin layihəsinin, məruzə qeydlərinin tərtibi və s.) isti düşməmiş, erkən saatlarda durub, səhər saat 6-dan 10-a kimi işləmək, sonra isə komissiyanın iclasına yollanmaq lazım gəlirdi. Biz axşama yaxın (gün ərzində.-A.S.) o qədər yorulurduq ki, axşam işgörmə qabiliyyətimiz azalırdı, çünki gün ərzində tez-tez böyük məsafələri piyada getməli olurduq (nazirliyə, şəhərdə universitet üçün ayrılmış binalara, bəzi laboratoriyalara, yataqxanalara, sifarişlərə və s. baxmaq üçün); daşıma (nəqliyyat.-A.S.) vasitələrimiz yox idi, daha doğrusu, məhdud mənbələrimiz vardi, nadir hallarda bahacıl faytonçulara müraciət edirdik.

Təfsilata keçirəm. Hər şeydən əvvəl, Nazirlər Sovetinin təcili təsdiq etdiyi komissiyanın öz işi üçün əsas nizamnamə (təlimat) tərtib edildi; bununla belə, xərclər üçün (sifarişlər, alınmış əşyalar, avadanlıq, yenidənqurulma və s.) komissiyanın ixtiyarına yalnız xəzinənin depozitində qorunan 1 milyon buraxilmışdı. Smetalar, mövcud taariflərə əsaslanaraq, 2 fakültə üçün – tarixi-filoloji (1 kurs) və tibb (3 kurs) – işlənilirdi.

Laboratoriya və kliniki kafedraların smetaları böyük iş ifadə edirdi: hər bir kafedra üçün siyahı tərtib etmək lazım idi (xüsusi və təsərrüfat avadanlığı); xarici şirkətlərin kataloqlarına əsasən, qiymətlərin və kursun sürətlə artdığı və qeyri-stabilliyi şəraitində obyektlərin qiymətləndirilməsi yalnız təxmini ola bilərdi. Yerindəcə laboratoriya və tibb ləvazimatlarının yalnız bəzilərini almaq mümkün idi, amma hər halda nə isə alınmışdı (alətlər, bir neçə mikroskop və s.) və sifariş edilmişdi (qaz lampaları, bəzi cihazlar və s.); bəzi şeylər Tiflisdə əldə olunmuşdu. Auditoriya və laboratoriya mebelinin hazırlanması və müəyyən olunmuş vaxtda çatdırılması haqqında müqavilələr həmin saat podratçılarla bağlanırdı: obyektlər, tapşırıqlar, təsvir edilmiş nümunələr əsasında hazırlanırdı. Bəzi hazır obyektləri, məsələn, Bakıdakı laboratoriyalardan heç olmasa, az da olsa, bəzi laboratoriya əşyalarını (məsələn, anbarda qalan və fəaliyyət göstərməyən texnika, laboratoriya) almaq təşəbbüsü müvəffəqiyyətlə nəticələnmədi. Hətta hökumətə məxsus bir laboratoriyadan bəzi obyektləri çətinliklə ala bildik: tabeçilikdə olan orqanlar müqavimət göstərirdilər. Tiflisdə olan komissiyanın üzvü professor Sitoviçin sifarişi ilə oradan (fiziologiya üçün) bəzi şeylər aldıq. Tiflisdə (Qurviçin baxdığı) bir laboratoriyanı əldə etmək cəhdimiz uğursuz oldu: Gürcüstan Hökuməti  laboratoriya obyektlərini Bakıya aparmağa icazə vermədi.

Digər təcili iş binaların uyğunlaşdırılması idi. Hökumət iki yaxşı bina vermişdi: Kommersiya Məktəbi və gimnaziya; bizə birinci il üçün ikinci binanın yalnız bir hissəsi lazım idi. Kommersiya Məktəbində tarixi-filoloji fakültəni və tibb fakültəsinin 2 kursunun kafedralarının böyük hissəsini (kabinetləri, laboratoriyaları); gimnaziyada 3-cü kursun laboratoriyaları və klinikalarını (uyğunlaşdırıldıqdan sonra) yerləşdirmək nəzərdə tutulurdu. Binalar nəinki uyğunlaşdırılmamışdı, hətta hələ də (keçmiş sakinlərlə) tutulmuşdu: Kommersiya Məktəbi ingilislərlə və anbarlarla, gimnaziya isə pedaqoji kurslar və gimnaziyanın idarələri ilə. Nazirlərlə təkrar danışıqlar, idarələrə şəxsi müraciətlər az kömək edirdi; böyük ciddi-cəhdimizlə, hökumət tərəfindən edilən təzyiqdən sonra, yalnız avqust ayında bu binaları boşaltmaq mümkün oldu. Ancaq demək lazımdır ki, əsasən Bakı həyatının şəraiti ilə əlaqədar, binaların boşaldilması çətin idi: buradan çıxarılan idarələr üçün münasib binalar axtarmaq asan deyildi. İngilislərə gəlincə, onlar, ilk imkan daxilində, universitetə qarşı getdilər və hətta köçərkən bəzi obyektləri bizə verdilər. Beləliklə, əsas binaların uyğunlaşdırılmasına və lazımi qaydada təchiz olunmasına yalnız yayın sonlarında başlanıla bilərdi. Ancaq yayın əvvəllərində həyətdə tezliklə uyğunlaşdırılma başlandı. Kommersiya Məktəbinin tikintisi yarımçıq qalmış camaşırxanasının – uzun, birmərtəbəli binanın tikintisi başa çatdı: damı örtüldü, pəncərələr şüşələndi, arakəsmələr, sobalar qoyuldu, su, işıq çəkildi və s.: bina anatomik məşğələlər üçün uyğunlaşdırıldı (prozektor və preparat otaqları); yarıdağılmış anbardan ölüxana tikildi. Bu, payızda artıq anatomik məşğələlərə başlamağı təmin edirdi. (İyul ayından işə dəvət olunmuş) prozektor Corbəy-Urusov yerləşdirilməyə və təchizolunmaya az kömək etmədi. Kimya laboratoriyası ilə əlaqəli iş çətin oldu; əsas binanın (necə ki, demişdim, hələ təmizlənməmiş) tezliklə təchiz olunmasına arxayın olmaq mümkün deyildi; ona görə Kommersiya Məktəbinin qonşuluğundakı, neftin tədqiqi ilə məşğul olan laboratoriyanın bir neçə otağı ilk vaxtlar üçün uyğunlaşdırıldı və bir təhər, təchiz olundu; hətta bu hökumət idarəsini almaq da asan başa ğəlmədi. Yenidənqurma və təchizolunmanın bir hissəsi təsərrüfat üsulu ilə, digər hissəsi isə podratçılar vasitəsilə yerinə yetirilirdi; burada nazirliyin arxitektoru Vasilyevin iştirakı ilə ayrıca smetalar tərtib olunurdu, onları nazirlikdən və yoxlamadan keçirirdik və s.

Kiçik dəftərxanamızın da işi asan deyildi: bizim sərəncamımızda olan belə kiçik dəftərxana böyük iş görürdü: hər günki iclasların protokollarının tərtibi və üzünün köçürülməsi (protokollar baxılmaq və təsdiq olunmaq üçün Xalq Maarifi Nazirinə göndərilirdi), smeta reestrlərinin, layihələrin, müqavilələrin müxtəlif idarələrə münasibətlərin – sənədlərin üzünün köçürülməsi. Yalnız Babuşkinin işgüzarlığı və əməksevərliliyinin nəticəsində iş dayanmadan gedirdi; o bizə, həmçinin müqavilə və kontraktların tərtibində hüquq məsləhətçisi kimi də faydalı idi.

Mən qazla təchizat və kitabxana haqqında ayrıca deməliyəm.

Bakıda əsas yerindən (qaz zavoduna müraciət etmədən) qaz almaq olar: texniklərin bizə təqdim etdikləri layihə yalnız bir neçə aydan sonra yerinə yetirilə bilər; hərbi zamanın dağıntılarına görə iş ləngiyə bilərdi, qaz isə artıq payızda bizə vacib lazım idi. Ona görə də, sonra xeyli gec olsa da, qazolin aparatının qoyulması qərara alındı və bu iş həyata keçirildi.

Kitab işinə keçirəm. Dubrovski (Bakıda) və İşkov (Tiflisdə) tarixi-filoloji fakültə üçün çalışırdılar; onların səyi nəticəsində kitabların olduqca böyük kolleksiyası yarandı, bəzi şəxsi kitabxanalar alındı. Az da olsa, ancaq, əldə olundu. Tibb ilə iş pis vəziyyətdə idi. Düzdür, Balaxanada (şəhər kənarında) Neft sənayeçiləri Qurultayının tabeçiliyindəki xəstəxanada həkimlərin az bir hissəsinə (xüsusilə də onların bəziləri Balaxanada deyil, Bakıda yaşayırlar) xidmət edən çox yaxşı bir kitabxana yerləşirdi; bütün səylərimizə baxmayaraq, hətta müvəqqəti istifadə üçün də bu kitabxananı ala bilmədik; biz (mən və Levin) bir neçə dəfə neftsənayesi başçılarının və həqiqi sahibkarlarının yanına getdik: qurultayın sədrinə, rəisinə kənardan təsir etməyə çalışdıq (d-r. B.K.Finkelşteyn bu işdə bizə kömək edirdi); ancaq bizim bütün səylərimiz, qayğılarımız uğurla nəticələnmədi. Bakıda universitetə xidmət edə biləcək başqa tibb kitabxanaları yox idi; professor Levinin özünün yaxşı kitabxanası var idi, mənim isə heç nəyim yox idi, çünki bir neçə il bundan əvvəl öz kitabxanamı Saratov Universitetinə bağışlamışdım.

Ümumiyyətlə, yay ərzində kitablar kimi, müxtəlif laboratoriya və tibb ləvazimatları da az əldə olunmuşdu, məsələn, ancaq cəmisi 8 mikroskop. Artıq lap əvvəldən hökumət qarşısında kiminsə (professor Sitoviç nəzərdə tutulmuşdu) vacib şeyləri əldə etmək üçün ezamiyyətə göndərilməsi məsələsini qoymuşduq: aparatlar, kitablar, alətlər, materiallar və s. Ancaq hökumət bunun vacibliyini tam başa düşsə də, universitet və onun smetası parlamentdən keçməyincə, özünü xaricdə alınmalı şeylər üçün lazımi məbləği buraxmaq hüququnda saymırdı; bu səbəbdən də hökumət universitet üçün ayrılmış binalara münasibətdə də qərarlı, qəti çıxış edə bilmirdi, bu isə bizim fəaliyyətimizi ləngidirdi.

Məhz buna görə də, bizim bütün zəhmətimiz əsasən, imkan daxilində, çox tezliklə parlamentə təqdim etmək üçün universitetin smetaları, layihələri və nizamnaməsinin tərtibinə istiqamətlənmişdi, və bu böyük işi, gərgin işləməklə, bir aydan da tez bitirə bildik, hətta universitetin nizamnaməsi tam işlənildi.

Axırıncı (nizamnamə) haqqında bir neçə söz deməliyəm. Artıq Tiflis Zaqafqaziya Universitetində bir neçə nəfərdən ibarət komissiya (mənim sədrliyimlə) var idi (Maksimov, Zavriyev, Arutyunov, Yüzbaşov). Şura bu komissiyanın Zaqafqaziya Universiteti üçün tərtib etdiyi nizamnaməni qəbul etmişdi. Bakı Universiteti üçün də buna oxşar nizamnamə yazılmışdı. Mən universitet nizamnaməsinin tərtib edilməsinə görə müxtəlif komissiyalarda işlədiyimə (Kazan, Saratov, Petroqrad) və zəngin akademik təcrübəm olduğuna görə (professor, dekan və rektor kimi), bu qənaətə gəldim ki, rus universitetləri üçün çox və ya az, tam muxtariyyətli universitet nizamnaməsi qismən uyğun gəlir. Hökumətin universitetlə bağlı nəzarəti, əsasən də maliyyə hissəsinə (məbləğin bölünməsi mənasında yox, onun düzgün xərclənməsinə görə) rektor (nazirin təsdiq etdiyi) tərəfindən həyata keçirilir. Alman nümunəsinə əsasən tədrisetmə tam azad olmalıdır (Sehr-und Lerntreiheit). Bu əsaslarla tərtib etdiyim nizamnamənin eskiz-laiyihəsini əvvəlcə biz üçlükdə (mən, Dubrovski, Levin) A.M.Levinin mənzilində müzakirə etdik, sonra isə bizim komissiyadan keçirdik. Bu nizamnamənin bəzi əhəmiyyətli xüsusiyyətlərini misal göstərmək istəyirəm. İnzibati orqanlar: Rektor, şura, idarəetmə (təsərrüfat orqanı), fakültələr. Baş, aparıcı fəaliyyət – bütün seçılmiş şəxslərin təsdiqi (dekanlar daxil olmaqla), inzibati orqanların (Rektorun da) seçilməsi, tədrisin və işlərin ümumi axarına nəzarət, professorların müsabiqə yolu ilə seçilməsi – Şuraya məxsusdur.

Diskresion hakimiyyət rektora məxsusdur, ancaq o, yaxın vaxtlarda keçiriləcək iclaslarda İdarəetməyə və Şuraya bütün təcili sərəncamlar haqqında məlumat verir. Tələbələr İdarəetmədə, Şurada və fakültələrdə məşvərətçi səslə iştirak edirlər; burada tələbələrin iştirakının təfsilatı işlənilməmişdi, ancaq tələbələrin bəzi məsələlərin həllində həlledici səs hüququ ilə iştirak etməsi ehtimal olunurdu, məsələn, inzibati şəxslərin seçilməsində və onların səlahiyyəti daxilində digər məsələlərdə. Nizamnamədə bütün seçkilərin əsasına səlahiyyət prinsipi daxil edilmişdir: belə ki, məsələn, professorları yalnız professorlar və bəzi kiçik müəllimlər (artıq elmi stajı olan) seçirlər. Yalnız bir elmi dərəcə saxlanılmışdır – doktor. Dövlət imtahanlarının hüququ universitetə məxsusdur (hökumətlə razılaşdırılmış proqramlar), daha sonra hounris causa dərəcəsinə yüksəltmə, xarici alimlərin kafedraya dəvət olunması və s.: bir ilə yaxın qüvvədə olan bu  nizamnamənin əhəmiyyətli cizgiləri belə idi və Bakı Universiteti öz elmi-tədris həyatına məhz bu nizamnamə ilə başladı.

Universitetin açılışı haqqımda ümumi əsasnamələrin ayrıca layihəsi tərtib edilmişdi: açılış qaydası, universitet orqanlarının formalaşdırılması, xərclərin verilmə qaydası, tələbələrin qəbulu və s. Məhz ilk addımlardan universitetin əsasnaməsinin özülünə seçkili başlanğıcı irəli sürmək istəyirdik. 5 nəfərlik akademik qrup və 4 nəfər başqalarından (yuxarı bax) təşkil olunan Universitet Komissiyası əvvəlcə rektoru və dekanları seçir; 2 fakültə üçün ilk professorları, 10 nəfərdən çox olmayaraq, dəvət edir; sonra isə seçkili əsaslarla tərkibini artırmaq hüququna malik Şura və fakültələr formalaşdırılır. Elə həmin vaxt rektor və dekanlardan ibarət universitetin İdarə Heyəti formalaşır və bu heyət universitetin açılışı ilə öz fəaliyyətini dayandıran Təşkilat Komissiyasının funksiyalarını öz üzərinə qəbul edir.

Universitet haqqında əsasnamənin layihəsinə universitetin ətraflı smetası və nizamnaməsi ilə müşayət olunan izahedici qeydlər əlavə olunmuşdu və bütün işlər Nazirlər Şurasında müzakirə olunmaq və parlamentə təqdim edilmək üçün Xalq Maarifi Nazirliyinə verildi.

Elə buradaca adi qanunverici süründürməcilik başlandı. Nazirlikdən idarəyə yenicə gəlmiş Xalq Maarifi Naziri, çalışqan, ziyalı bir insan Rəşid xan Qaplanov işi ən az ləngitdi. Ancaq iş Nazirlər Sovetində həqiqətən ləngidi və yalnız iyunun axırında parlamentə daxil oldu. Universitet işi parlament komissiyalarından keçəndə, əsl süründürməçilik başlandı. Biz, əlbəttə, işi sürətləndirmək üçün hər şeyi etmişdik. Parlamentin Prezidiumu ilə, komissiyaların sədrləri ilə, parlamentin ayrı-ayrı üzvləri ilə danışıqlar aparmışdıq, israrla xahiş edirdik, inandırırdıq, göstərirdik ki, işin ləngiməsi bütün universitet məsələsinin tam dağılması ilə nəticələnə bilər: bu halda professorlardan çoxu digər universitetlərə gedəcəklər (universitetin Tiflisdən Bakıya köçürülməsi məsələsi uzandığından, oradakı təbiətçilərin belə acınacaqlı problemlə üz-üzə qaldıqları kimi).

Ancaq ümumiyyətlə, bizim qayğılarımız, məsələ qaldırmağımız, izahatlar az təsir edirdi. Atrıq birinci komissiyada (maliyyə) bəzi çəkişmələrlə, hətta ayrı-ayrı üzvlər tərəfindən müqavimətlə qarşılaşdıq. Axırıncı şərait aydınlaşma tələb edir. Bu haqda danışmaq kədərli olsa da, mən cəmiyyətdə və parlamentdə universitetin açılışına əks təsir əmələ gəldiyini yəqin etdim.

Bu cərəyanın nəinki cahil, fanatik elementlər arasında, hətta özünü ziyalı adlandıran şəxslər arasında da hiss olunması kədərlidir. Ayrı-ayrı zəif təşəbbüslər şəklində olan bu cərəyan əvvəlcə aydın deyildi, sonra isə o formalaşdı: mətbuatda universitetə düşmən mövqeli məqalələr göründü, universitet əleyhinə çıxışlarla hansısa yığıncaqlar keçirilirdi (hərdən maskalanmış, hərdən açıq-aşkar), hətta digər gənc ziyalıların – bizim dostlarımızın müxalifət mövqeyinə baxmayaraq, hökumətin tərkibində olan ən nüfuzlu şəxslər müvəffəqiyyət qazanırdılar. Universitet əleyhinə olan əsas dəlillərdən biri Azərbaycan üçün xüsusi universitetin əvəzinə, məlum sayda gənc insanları təhsil almaq üçün Qərbi Avropaya göndərmək idi. Bütün ölkə üçün mədəni ocaq kimi universitetin məhəlli əhəmiyyəti onda idi ki, xidmət olunan seçilməmiş xoşbəxtlər (himayədarları olan) deyil, bütün maarif axtaranlar bu halda ya unudulurdular, ya da onlar haqqında qəsdən susurdular... Nə olursa olsun, biz daha çox elə qənaətə gəlirdik ki, parlamentdə işin ləngiməsi və qarışıqlıq təsadüfü deyil. Düşünməyə əsas var idi ki, gündəmdə olan universitet məsələsinə nəinki parlamentin bəzi nüfuzlü üzvləri, hətta Usubekovun daxil olduğu nüfuzlu partiyanın (musavat) özündən də gizli əks təsir edirdilər. Universitet üçün çalışan, siyası konüktura və nüfuzlu şəxslərin xüsusi münasibətlərini pis ayırd edən bizlər üçün (komissiya üzvləri) ən çətin vaxt idi. Bizim (nəticəsinə) inanaraq çalışdığımız tükdən asılı idi... Nə etməli? Hökumətlə, parlamentin nüfuzlu üzvləri ilə danışıqlara başlanıldı və burada universitetin və maarifçiliyin əsl dostlari məlum oldu. Onlardan birincisi, Türk yazıçısı, parlamentin nüfuzlu üzvü Rəsulzadəni, sonra parlamentin sədri doktorr Ağayev və katibi Pepinovu, daha sonra parlamentin sosialist qrupunu, xüsusilə də S.A.Ağamalovu vurğulamaq istəyirəm; çalışqan Camal bəy də bizə az kömək etmədi. Və maliyyə komissiyasının uzun süründürməçiliyindən sonra, öz qanunvericilik təklifləri komissiyasından işi tez keçirən möhtərəm Vonsoviçi (komissiyanın sədri) də minnətdarlıqla xatırlayıram. İş komissiyalardan parlamentin ümumi yığıncağına daxil olana qədər Müsavat partiyasındakı ikitirəlik davam etdi; Rəsulzadənin çalışqanlığı, ziyalı köməyi sayəsində universitetin Müsavat partiyasındakı aşkar və gizli düşmənləri partiyanın (Müsavat) qərarına tabe olmalı idilər; bizim tərəfimizdən olan və parlamentdə çoxluq təşkil edən iki partiya: Müsavat və Sosialist partiyaları var idi. Digər partiyalar, daha çox sağlar, bizim üçün qorxulu deyildi, xüsusən ona görə ki, onların arasında da Bakıda universitetin açılmasına rəğbətlə yanaşan ayrı-ayrı şəxslərin olmasına (komissiyaların ayrı-ayrı üzvləri ilə tanış olduqdan sonra) əmin olmuşdum. Əvvəldə bütün bu partiya və siyasi münasibətləri mənim üçün qaranlıq meşə idi; mən yalniz artıq sonralar onları ayırd etməyə başladım. Bu oriyentasiyada mənə çox kömək etdilər: tarixçi və təcrübəli publisist (o, Tiflisdə qəzet pedaktoru olmuşdu) kimi mürəkkəb siyasi münasibətlərdən yaxşı baş çıxaran N.A.Dubrovski, həmçinin artıq 4 il idi ki, Bakıda yaşayan və buradaki mövcud şəxsi və partiya münasibətlərini yaxşı bilən A.M.Levin.

Nəhayət, iş parlamentin ümumi yığıncağına daxil oldu. Biz müzakirədə iştirak edirdik. Böyük parlament günü... Kütlənin qeyri-adi izdihamı; Bakı ziyalılarının əksəriyyəti. Mehdi bəy Hacınskinin (onu universitetin ən yaxın dostlarından biri kimi qəbul etmək olar) iş haqqındakı məruzəsindən sonra, Xalq Maarifi Nazirinin çıxışı oldu (ölkə üçün universitetin vacibliyini inandırıcı sübut edən əla çıxış); daha sonra ayrı-ayrı partiyaların nümayəndələri çıxış etdilər. Rəsulzadənin parlaq, obrazlı nitqi dərin təəssürat yaratdı. Vonsoviçin qısa, lakin məzmunlu çıxışını qeyd etməliyəm. Çıxışlar rus və türk dillərində səslənirdi: bunlar stenoqraflaşdırılır və sonra qəzetdə dərc olunurdu. İşin maddələrlə oxunuşuna keçəndə, parlament üzvlərindən bəziləri sözügedən işin maliyyə tərəfinin natamam işlənildiyini göstərdilər və universitet haqqında işin komissiyalara geri verilməsini təklif etdilər, bu da, bütün işin iflasa uğramasına bərabər idi. Mən Xalq Maarifi Nazirinin təklifi ilə çıxış etməli və işə aydınlıq verməli oldum; mən qeyd etdim ki, əlbəttə, smetada yalnız summar rəqəmlər verilmişdir; bu rəqəmlər müfəssəl əsaslandırılmışdır; təkcə fakültələr üzrə yox, hər bir kafedra üzrə, vacib obyektlərin reestri tərtib edilmiş, qiymətləndirilmə, hesablamalar və s. hazırlanmış; bütün bu smeta materialları bizim dəftərxanamızdadır və bu işlə hər bir maraqlı şəxs məbləğlərin ən ciddi şəkildə əsaslandırıldığına inana bilər. Əlavə olaraq, mən maarifçiliyin ocağı kimi universitetin əhəmiyyəti haqqında bir neçə söz dedim... Görünür, mənim izahım parlamenti qane etdi; smeta səsvermədən keçdi. Nizamnamə maddələrlə oxunanda universitetin avtonomiyasına sui-qəsd təşəbbüsü edildi, ancaq müzakirələrdən sonra nizamnamə ən cüzi düzəlişlərlə qəbul olundu. Parlamentdə 3-cü – sonuncu oxunuş və universitetin təsdiq olunması günü Bakı üçün əlamətdar gün idi. Bu (əlamətdar) gün (dəqiq desəm, axşam) sentyabrın 1-i idi. Universitet haqqında qanun sonuncu redaktə ilə kütlənin gurultulu alqışları ilə qəbul olundu və Azərbaycan öz ali maarif ocağına sahib oldu. Türk xalqının tarixinə yeni, parlaq səhifə əlavə olundu. Avropanın, Asiyanın sərhəddində yeni çıraq (zəka çırağı.- A.S.) alışıb yandı... Bu böyük, tarixi hadisənin iştirakçıları kimi biz özümüzü xoşbəxt bilirdik. Qarşılıqlı təbriklər az olmadı, hamıda, bir növ, bayram əhval-ruhiyyəsi vardi. Belə günlər heç vaxt unudulmur!..

Komissiyanın üzvü L.A.İşkov həmin saat Tiflisdən çağırıldı, rektorun və dekanların seçilməsinə başlanıldı. Mən yekdilliklə rektor seçildim, N.A.Dubrovski tarixi-filoloji fakültənin, İ.İ.Şirokoqorov (o olmadığı üçün müvəqqəti A.M.Levin) tibb fakültəsinin dekanı seçildilər. Həmin vaxt birinci professor və müəllimlər dəvət olundular, fakültələr, Şura və İdarəetmə formalaşdırıldı; tələbə qəbulu haqqında elan (yerli türklərə bəzi güzəştlərlə) hazırlandı. İndi, imkan daxilində, tezliklə məşğələlərə başlamaq məsuliyyəti bizim üstümüzə düşürdü. Ancaq burada 2 çətinlik var idi. Birincisi, müəllimlərin mövcud heyəti hələ azsaylı idi; hətta Tiflisdən Bakıya köçmək çətin idi və kafedraların hamısı hələ yerbəyer olmamışdı. Xüsusilə bu, 3 kursu olan tibb fakültəsinə aid idi (yuxarıda deyildiyi kimi, bu fakültənin Zaqafqaziya Universitetindən yaxşı, kompakt özülü var idi). Nazirlə və yoldaşlarla, professorlarla danışıqlardan sonra, mən və N.A.Dubrovski, cənub universitetlərində müəllimlər tapmaq ümidi ilə Rusiyaya yola düşdük. İkinci çətinlik kafedraların, xüsusilə laboratoriyaların kifayət qədər təchiz olunmamasıdır. Doktor B.K.Finkelşteyn obyekt və vacib kitabların alınması üçün Qərbi Avropaya ezam olundu (o, yayın ortasında Rostova köçməsi ilə əlaqədar, komissiya üzvlüyü vəzifəsini üstündən götürən Sitoviçin əvəzinə idi), ona təchizat əşyalarının reestri, kitabların siyahısı və s. verildi.

Demək olar ki, biz (mən və Dubrovski), eyni vaxtda, sentyabrın ilk günlərində, Şimali Qafqaza, Finkelşteyn Batumdan keçərək, Qərbi Avropaya getdik. Mən gərginlikdən, yorucu işdən sonra yolda bir az dincəlməyə ümid edirdim (məndə yuxusuzluq və arabir aritmiyalı ürək döyüntüsü var idi), ancaq yolda dincəlmək ümidi özünü yaxşı doğrultmadı. Düzdür, Petrovska gəmi ilə yaxşı getdik, ancaq sonrakı Petrovsk-Pyatiqorsk-Rostov yolu səfər üçün çox ağır idi: basırıq, gecə işıqlandırılmayan vaqonlar, darısqallıq, natəmizlik, heç olmasa, bir az uzanmaq imkanının olmaması,- bütün bunlar səyahətimizi son dərəcə üzüntülü edirdi; biz böyük çətinliklə Pyatiqorska çatdıq. Orada alimlərdən kimlərisə tapmaq ümidində idik, ancaq ümidlərimiz özünü doğrultmadı və biz irəli – Rostova getdik. Rostovda ləngidik – mən və Dubrovski professor və müəllim heyətinin bəziləri ilə danışıqlar aparmalı olduq, bəzi sifarişləri edik. Mən burada Bakıya gəlməyə razılıq verən İ.İ.Şirokoqorovla görüşdüm, ancaq gələn ilin (1920) əvvələrindən tez gəlməyə söz vermədi, çünki Qırmızı Xaçdakı fəaliyyəti onu ləngidirdi. Mən həmçinin Rostovda professor Uşinskinin (ümumi patologiya kafedrasına) razılığını aldım, o da bir qədər sonra gələcəyinə söz verdi. Əgər anatomiya üzrə professor Yasutun kafedranın təşkili və qısa kursun oxunması üçün yazda gələcəyini və həmçinin tibbi-kimya professor Maksimoviçin qastrola gəlməsi razılıqlarını nəzərə almasaq, digər şəxslərlə danışıqlar nəticəsiz oldu.

Biz Rostovda ayrıldıq: mən Yekaterinoslava, Dubrovski isə Xarkova. Hərçənd ki, N.A.Dubrovski özü kassanın yanında səhər tezdən saatlarla növbə çəkməyə səy göstərsə də, yükdaşıyanları tutsa da və s., artıq Rostovdan çıxmaq böyük çətinliklərlə əlaqədar idi: bilet almaq cəhdi əbəs idi. Nəhayət, yalnız dəmir yolunda konsultant olan professor K.X.Orlovun köməyi ilə ona Rostovdan Xarkova getmək müyəssər olur. Yekaterinoslava getmək mənim üçün asan oldu: Yekaterinoslav Universitetinin klinikaları ilə Qırmızı Xaç (cəmiyyətinin) yerli orqanı arasında münasibəti tənzimləməyi özümə öhdəçilik götürdüyümə görə, mən Qırmızı Xaçdan (cəmiyyətindən) Yekaterinoslava xidməti eyzamiyyət aldım. Bu tapşırığa görə mən bilet və qatarda yer aldım, ancaq bu səfərdə böyük çətinliklərlə qarşılaşdım. Qatar yalnız Xarsisskadək getdi, sonra yolunu davam etdirə bilmədi, belə ki, yol Maxnonun bandaları tərəfindən kəsilmişdi. Dolayı yolla və çətinliklə, birtəhər Yekaterinoslava çatdım. Mən orada ayrı-ayrı müəllimlərlə, həm həkimlərlə, həm də filoloqlarla danışıqlıqlar apardım (N.A.Dubrovskinin tapşırığı ilə), ancaq müvəfəqqiyyətə az nail oldum. Mən orada, hələ yayda cənuba köçmək arzusunu bildirmiş formakologiya üzrə ən yaxşı professoru tapmağa ümid edirdim, amma o mənim gəlişimə 3 həftə qalmış ölmüşdü. Mən Yekaterinoslavda, həmçinin görkəmli rus müəllim-hüquqşünası M. ilə görüşməyə ümid edirdim ki, ona Bakıda hüquq fakültəsinin təşkilinə razılıq verməsini təklif edim, ancaq o, Krıma getmişdi. Mən burada beş gün qaldım, daha çox gözləyə bilmədim; Kiyevə və Odessaya getmək mümkün deyildi (Maxno yolları kəsmişdi), mən Rostova qayıtdım və burada N.A.Dubrovski ilə qarşılaşdım. Onun Xarkova səfəri böyük müvəffəqiyyətlə nəticələnmişdi. Bakıya qayıtmaq lazım idi, ancaq qayıtmaq da çətinliksiz başa gəlmədi. Petrovskdan keçən birbaşa yol kəsilmişdi. Biz dolayı yolla – Novorossiysk və Batumdan keçərək qayıtdıq, belə ki, Novorossiykdə gəmi gözlədiyimiz üçün, bir həftə qalmalı olmuşduq. Biz yalnız oktyabrın ikinci yarısında Bakıda görüşdük, yeri gəlmişkən desək, burada bizim haqqımızda heç bir xəbər yox idi (poçt əlaqələri qırılmışdı) və hətta bizim Qafqazdan qaçmağımız barədə şayələr gəzirdi (?!).

Universiteti açmaq lazım idi. Biz hamımız giriş mühazirələrini oxumağı qərara aldıq. N.A.Dubrovski, birinci olaraq, ümumi tarix üzrə maraqlı mühazirə oxudu. Yeni, geniş auditoriya ağzına qədər camaatla dolmuşdu; tələbələrdən başqa, universitet tərəfdarı olan ziyalıların əksəriyyəti, parlamentin üzvləri, Hökumət Şurasından şəxslər və b. Bu mühazirə ilə bərabər, növbəti mühazirələrdə də çoxsaylı camaat gərgin, diqqətlə mühazirəçilərə qulaq asırdı. İlk və sonrakı mühazirələr bir daha Bakı cəmiyyətinə göstərdi ki, o (Bakı cəmiyyəti) bununla universitetdə hansı yüksək mədəni sərvəti əxz edir. Orada (xüsusilə Orta Asiyada) yaşayaraq, uzun illər Şərqi öyrənən məşhur oriyentalist, professor İ.A.Ziminin şərqşünaslığa dair parlaq, ifadəli giriş mühazirəsini xüsusilə qeyd etməliyəm...

İlk mühazirələrdən sonra hər iki fakültədə sistemli məşğələlər başlandı.

Tibb fakültəsinin 1-ci kursuna 250 nəfər (qəbul olmaq istəyən 500 nəfərdən çox idi); 2-ci, 3-cü kurslara onlarla tələbə qəbul edə bildik: tibb fakültəsində avadanlıq çatışmamazlığına görə, bizim üçün çoxsaylı tələbələri idarə etmək çətin idi.

Anatomiya üzrə ilk praktik məşğələlər başlandı, sonra isə kimya, gistologiya, diaqnostika, dosmurgiya üzrə və s.

Tarixi-filoloji fakültə öz qapılarıni tələbə-gənclərə daha geniş açmışdı: 600 nəfərdən çox tələbə qəbul edilmişdi; tezliklə həmçinin seminariyanın praktik məşğələləri başlandı və s. Bir neçə elmi tələbə dərnəyi (fəlsəfə, tibb və s.) də açıldı.

Məşğələlərlə eyni vaxtda, universitetin təchizolunma prosesi (laboratoriya, qaz və s.) davam edirdi. Tezliklə 1-ci gimnaziyanın klinika kimi uyğunlaşdırılmasına başlanıldı; yaza gədər professor A.M.Levinin və professor A.A.Oşmanın göstərişləri və rəhbərliyi ilə iki klinika (yazda artıq açılmışdı) təchiz olundu: cərrahi klinika – yaxşı əməliyyat, sarğıdəyişdirici və b. uyğunlaşdırıcı cihazlarla; daxili xəstəliklər klinikası da həmçinin cox yaxşı palatalarla, auditoriyalarla, laboratoriya cihazları ilə və s. Beləliklə, tibb fakültəsinin gələcəyi təmin edilmişdi. Bəzi müvəqqəti müəllimlərdən başqa, tibb fakültəsinin tərkibinə yerli alimlərdən yaxşı elmi stajı və çoxsaylı elmi əsərləri olan professor Milman və professor Finkelşteyn, həmçinin kimyaçı Qurviç və farmasiya magistri Qolberq daxil oldular. Filoloqlar öz elmi mühitlərinə yerli qüvvələrdən Şaxtaxtinskini və bir neçə mühazirəçini cəlb etdilər.

Tədris ilinin elə birinci ilində, yazqabağı Qafqazda məşhur elm xadimi olmuş, indi isə Bakı Universitetinin professoru L.Q.Lopatinskinin redaktorluğu ilə, siyasi dəyişikliklərin nəticəsində işıq üzü görməsi bir qədər ləngimiş ”Bakı Universitetinin Xəbərləri”nin 1-ci buraxılışı tərtib olunmağa başladı. Mən həmçinin öz “О хирургической помощи на Кавказе” adlı işimi 1-ci buraxılışda yerləşdirməyi özümə vacib bildim.

Bakı Universitetinin professorları arasında Zaqafqaziya Universitetinin professorlarından başqa, Petroqraddan, Xarkovdan, Kazandan və başqa yerlərdən gəlmiş bir sıra yeni şəxslər göründülər və hər iki Bakı fakültəsi elə birinci il sistemli tədrisi həyata keçirdi, hal-hazırda isə (1922) digər universitetlərdəki sözügedən fakültələrdən heç də aşağı səviyyədə deyil.

Mən 1920-ci ilin may ayına qədər rektor oldum; yorğunluq və xəstəlik məni rektor adını üstümdən götürməyə məcbur etdi. Mən yayda Rusiyaya – sanatoriyaya getdim, bir gəminin palubalı sərnişini olaraq, çətinliklə Bakıdan çıxdım; mövcud şəraitə görə, Rusiyada qalmalı oldum, ürəyimin bir hissəsi isə orada, Bakıda qaldı. Avqust ayında məni Bakı Universitetinin professorluğundan azad etmələri haqqında xahiş məktubu göndərdim. Mən Bakı Universitetindən aldığım şəfqətli, səmimi məktubu, öz növbəmdə, belə cavablandırdım: ”Bakı Universiteti Şurasının üzvlərinə mənə göndərilən məktuba görə dərin təşəkkürümü bildirirəm. Mənə əziz olan Bakı Universitetinin professorları ilə birgə işim həyatımın ən yaxşı xatirəsi kimi qalır. Orada, siyası və sosial burulğanlarla əhatə olunmuş uzaq cənubi-şərqdə, biz ali mədəni ocağın yaranması üçün mehribancasına işləyirik və əminliklə inanırıq ki, yalnız təkcə elm indiyə kimi barışmaz siyasi və sosial çəkişmələri bir araya gətirə bilər və kəskinləşmiş sinfi mübarizəni birgə əməyin və qarşılıqlı qardaş köməyinin sakit axarına yönəldə bilər. Bəşəriyyətin beşiyi olan Şərq,  artıq insanlığın qlobal problemləri həll olunan yerdə, onun (Bakı Universitetinin.-A.S.) tarixi həyatının başlanğıcında idi: orada ulu fəlsəfi sistemlər yaranmışdı; orada bəşəriyyətin ulu ilahi nuru şəfəq saçmışdı; orada xeyirxahlığın şan və şərəfi ilə əhatə olunmuş həqiqət həmişə şölələnərdi... Ex oriente lux...  

Və dünya tarixinin indiki faciəvi anında, bəşəriyyət üçün ən əzablı məsələnin, sosial məsələnin həll olunduğu bir vaxtda, bəlkə də, Şərqə öz qəti sözünü demək qismətdir...

Şərqlə Qərbin sərhəddində duran Bakı Universiteti Şərqin ulu, mənəvi dəyərlərini və ənənələrini qərbi-elmi doktrinalarla əlaqələndirərək, bəşəriyyətin elmi dünyagörüşünü zənginləşdirərək, bəlkə sosial problemin qaranlıq sahəsinə də işıq saçar, bizi sosial məsələnin həllinə yaxınlaşdırar...

Mən Bakı Universitetinin böyük gələcəyinə inanıram. (Mən) onun gənclik həvəsli, mətanətli ilk xadimlərinə və tələbələrinə (inanıram). Mən onun nurlu gələcəyinin sarsılmaz müvəffəqiyyətlərini görürəm...

Vivat, floreat, crescat Universitas Bacuensis!...

Rus dilindən tərcümə edəni: Sevil AĞABƏYLI, filologiya üzrə fəlsəfə doktoru, Elmi kitabxananın bölmə müdiri, AJB-nin üzvü

 





30.10.2014    çap et  çap et