Hörmətli dostum Rəşad Məcid!
Bilmirəm bu məktubu dərhal oxumağa vaxtın olacaqmı?! Çünki mən bilirəm ki, işin çoxdur, lap çox! Şair kimi!
Baş redaktor kimi! AYB-nin katibi kimi! Jurnalist kimi! Dost kimi! Vətəndaş kimi! Ata kimi və s və ilaxır.
Səni və sənin gördüyün işləri düşünəndə yadıma Nazim Hikmətin bu misraları düşür:
...Məndən soruşulur indi,
Dünyanın halı, artıq!
İnsan və Torpaq,
Qaranlıq və aydınlıq.
Anladım ki, işim
Başımdan aşır!
Və bu misralara Füzulinin bir misrasını da əlavə etmək zorundayam:
...Hörmətim vacib bilir,
Hər kim bilir keyfiyyətim!
Mən də sənin hansı gözəl keyfiyyətlərə malik olduğunu gözəl bildiyim üçün qələm götürüb beş-on kəlmə haqqında ürək sözlərimi yazmağı qərara aldım.
...Təxminən 10 il bundan əvvəl Bakıda ağır cərrahiyyə əməliyyatından çıxmışdım. Gizlətməyəcəm, umduğum (xüsusən, qazaxlı olan) bəzi dostlarımdan heç biri yanıma dəymədi.
Şeirlərimdən sənə göndərdim. Növbəti nömrədə çıxdığını görüb çox mütəəssir oldum, sənə zəng edib təşəkkürümü bildirəndə sən hiss etdin ki, səsim nəsə birtəhər çıxır.
Xəstəxanada yatdığımı biləndə "Möhkəm ol! Vaxt tapıb yanına da gələrik" dedin. Mənsə bildirdim ki, çox sağ ol, əziyyət çəkmə, mən bu gün xəstəxanadan çıxıram...Bir də ki, özün gələ bilməsən də mənə olan sevgin, dost sədaqətin yanıma gəlib, məni yoxlayıb, hal-əhvalımı soruşub...
Sən təkcə mənə ha belə olmamısan!
Sənin diqqətinə, qayğıkeşliyinə, aydın və qətiyyətli mövqeyinə mənim kimi çoxları bələddi və çoxları heyrandı.
O günü gör ağlıma nə gəlib.
Hüseyn Arifin 40 illik yaxın dostu Əsgər Rüstəmova yazdığı məktub. Yazır ki, Qazaxa gəlmişdim, səni görə bilmədim. İndi Fransaya gedirəm, darıxma, tez qayıdacam. Mən ayağı yüngül şairəm.
Sənə ilk uğurlu yol yazanın Hüseyn Arif olduğunu mən də yaxşı bilirəm.
Hüseyn qağa özün də görürsən ki, əli-ayağı yüngül adam olub, kimə əli dəyibsə, nəfəsi toxunubsa o, irəli gedib.
Xalq şairi Zəlimxan Yaquba da, mənə də uğurlu yolu o yazıb.
Mən hesab edirəm ki, bizim bir-birimizi bu dərəcədə yaxından duymağımızda, hiss etməyimizdə Hüseyn Arif
faktoru da var.
Xalq şairi, əziz ustadım Nəriman Həsənzadənin ikimizə həsr etdiyi şeirdə də bizim bilmədiyimiz gizli və qəribə bir sirrin izlərini axtarmağa dəyər, məncə!
Kaş məndə qüdrət olaydı, sənin rəsmini mən də belə gözəl boyalarla çəkə biləydim:
Qazaxda görüblər Rəşad Məcidi,
Deyirlər, bircə gün qonaq olubdu.
Gəzdiyi, gördüyü kitab dükanı,
Yazdığı, pozduğu varaq olubdu.
Qazaxa Ağdamın nəfəsi gəlib,
Xudunun, Şahmarın əvəzi gəlib,
Dilində Qarabağ ləhcəsi gəlib,
Sözü bal qarışıq qaymaq olubdu.
...Vaqif Şuşa qalasında yaşadı,
Tarix yaşıdıdı, zaman yaşıdı.
Qazax Qarabağın can qardaşıdı,
El-elə söykənib oymaq olubdu...
Həmin şeirin son misrası belə bitir: "Barat, sənin qapın ocaq olubdu".
...İndi sənə bu məktubu mən o ocaqdan yazıram. Sənin Qazaxda olduğun günü xatırlayıram "Milli kitab" mükafatı verilməsi ilə bağlı keçirilən müsabiqəylə əlaqədar olaraq gəlmişdin.
Yeri gəlmişkən, deməliyəm ki, milli ruh hardadısa sən həmişə ordasan. Dövlətimizin, dövlətçiliyimizin taleyiylə bağlı olan məsələlərdə də, ədəbiyyatın inkişafı ilə bağlı tədbirlərdə də, ədəbi gəncliyə verdiyin böyük dəstəyinlə də!
Ölkə prezidentinin qarşısındakı işıqla, nurla dolu mükəmməl çıxışlarınla da, Birliyimizin sədri, Xalq yazıçısı Anarın etimadını real əməllərinlə doğrultmaqla da!
Hörmətli dostum!
Sən artıq şairdən, yazıçıdan, publisistdən, jurnalistdən daha çox seçilən və sevilən Azərbaycan
ziyalılarından birisən!
Mənim kitabxanamı bəzəyən kitablar içərisində sənin ilk şeirlər kitabın da var. Bu yaxınlarda 50 illiyinlə bağlı ayrı-ayrı mətbu orqanlarda təzə, silsilə şeirlərini oxudum. Çox sevindim. Gördüm ki, bir fikrimdə yanılmamışam. O fikri indi səninlə və oxucularla da bölüşməyi qərarlaşdırdım.
Mən bu fikirdəyəm ki, şair var ki, şeirləri çoxdur. Vəssalam!
Amma şair də var ki, şairliyi şeirlərindən çoxdur! Sən ikinci yolla getmisən həmişə və düz etmisən.
"Ulduz" da çıxmış şeirlərindən biri buna ən yaxşı misaldı:
Nə dəniz görünür,
Nə göydələnlər-Dumandı!
Nə sən yanımdasan,
Nə yaşatdıqların-Gümandı!
Nə uçmağa göy var!
Nə altında yer.
Qəzamdı!
Gözəldi! Orijinaldı! Əsl şair sözüdü! Bu misraları oxuyandan sonra Qulu Ağsəsin "nələr" çəkdiyini duydum, onun bu fikirinə şərik oldum: "Sən özünü necə gizləyə bilmisən?!"
Doğru deyir. Sən uzun müddət nə təhər olub ki, şeir yazmamısan!?
Şeir yazmadığına inandıra bilərsən bizi. Amma şair olaraq qaldığını, şairliyini qoruduğunu necə gizləyə bilərsən, axı?!
Başqaları öz şeirləri çıxanda sevinir. Sən başqalarının şeirlərini, yazılarını sevə-sevə çap etdikcə sevinmisən!
"525-ci qəzet"in layihələrindən biri kimi çap olunan kitabları demirəm hələ!
Yaratdığın "Gənc Ədiblər" məktəbinin uğurları da öz yerində!
Hörmətli qələm dostum!
Xəlil Rza Ulutürk yazırdı:
Söz verib yerinə yetirən zaman,
Görmədim özümə bərabərini!
Mən səni də belə gördüm. Öz sözünə, öz vədinə sadiq! Fransız yazıçısı Düma düz deyirmiş ki, azərbaycanlıların yazılı sənədi verdikləri sözdür.
Oljas Süleymenov isə deyir ki, dünya sözə dönənəcən yazmaq lazımdır.
Bu mənada sən də özünü, həyatını, ömrünü-gününü sözə çevirmisən. Şair sözünə! Sənətkar sözünə! İnsan və insanlıq sözünə.
Sənin hər addımında bir sufiyanəlik var. Bu da mənsub olduğun Ocaqdan- seyid babanın ruhundan süzülüb
gəlir.
İçində 20 il bundan əvvəl "fövqalədə vəziyyət" elan etməyə məcbur olduğun vaxtda, xüsusən, Şuşanın, Ağdamın getdiyi dövrdə özünü toparlamağı bacarmısan. "Azərbaycanın gələcək tarixində Ədəbiyyatın, sənətin aparıcı rolunun əbədi olduğuna inanıram" demisən. Çünki dediyim "fövqalədə vəziyyəti" çoxdan ləğv edib onu xalqa, Haqqa, Yola, Amala, Millətə, Bəşərə olan fövqaladə sevgiylə, Eşqlə əvəz etmisən.
Gözlərini göy üzündən çəkmədən pıçıldamısan:
Gözlərində ulu göyü gəzdirər,
Ürəklərə işıq yayar, köz verər.
Arzuların göy üzüdü şairlər,
Ümidlərin göy üzüdü şairlər.
Sevgilərin göy üzüdü şairlər.
Və səni bu illər ərzində o arzular, o ümidlər, o sevgilər qoruyub. "Asılıb sinəndən göz muncuğu tək".
Və belə qələm sahibləri öz-özünə xoşbəxt olmurlar. Əslində xoşbəxtlik özü axtarıb tapır onları.
Necə də tapmasın?!
Dönüb göy üzünə üzü,
Günəşi gəzdirir gözü!
Əziz qələm dostum!
Yuxarıdakı misralarla öz rəsmini özün hamıdan yaxşı çəkmisən.
Bu rəsmin sahibinə çoxları minnətdardır.
Mən də göstərdiyin diqqət və qayğılara görə, hər bir oxucuya, müəllifə göstərdiyin isti münasibətə görə, "525-ci qəzet"in timsalında böyük bir qəzetçilik məktəbi yaratdığına görə sənə öz minnətdarlığımı bildirirəm.
Və bu minnətdarlıq hisslərini sözlə dediyim kimi "sazla" da demək istədim:
Bir dostum var, duaçıdır,
İstəyir hamı sağ olsun!
Dua edir ki, ölməsin,
Füzuli qəmi sağ olsun!
Yaşayır gör bir hayanda,
Həm Kanda, həm də Məkanda.
İlahidən gələn Camda...
Cəmşidin Camı sağ olsun!
Şirin sözü Qarabağdır,
Odu, közü Qarabağdır.
Bəlkə özü Qarabağdır,
Yaşasın! Amin! Sağ olsun!
İtəni gəlin tapağın,
Vətəni gəlin tapağın.
Qar altda qalan papağın
Üstdəki qanı sağ olsun!
Kişi gərək ad daşısın,
Vətən!- deyə ölən kəsin,
Torpağı
sanı yaşasın,
Torpağı sanı sağ olsun!
Yerə, göyə vurğun təki,
Olsun göyün, yerin təki!
Dilində yox, Ruhundakı
Dini, imanı sağ olsun!
Ürəyində söz qatarı,
Yurdun "Segah", öz "Qatar"ı.
Məscidlərin göyə sarı,
Qalxan əzanı sağ olsun!
Məndən aşıqmı olardı,
De heç Nəsimi olardı?!
Səndən aşiqmi olardı,
Pərvanə, Şamın sağ olsun!
Qalan nədi - Haqqdan qalan,
Qalan nədi - Ruhdan qalan!
Sağlıq budu: Nuhdan qalan,
O köhnə gəmi sağ olsun!
Bir dostum var; nədi dərdim!
Yolunda qurban gedərdim.
Mən ölsəm də ölüm, gedim,
Rəşadın canı sağ olsun!