525.Az

Üzümə gülən küçə


 

Üzümə gülən küçə <b style="color:red"></b>

Hazırda qədim Şabran torpağının az qala hər qarışında gedən geniş abadlıq-quruculuq işləri yaşadığım küçədən də yan keçməyib.

Bu günlərdə küçəmizdə növbəti abadlıq-quruculuq işləri-asfaltlaşdırma gedirdi və mən də iş üstündə olan, görülən işlərlə yaxından maraqlanıb öz göstərişlərini verən rayon İcra Hakimiyyəti başçısı, qələm dostumuz Novruz Novruzovla söhbətləşir, küçəni sakinləri adından minnətdarlığımı bildirmək istəyirdim ki, Novruz müəllim qəfildən:
 
–Aydın, bir yaxşı bax, – dedi,- elə bil küçə adamın üzünə gülür...

Bu sözlərdən sonra küçəmizə bir daha dərin bir nəzərlə, diqqətlə baxıb həmsöhbətimin müşahidəsinin itiliyinə heyran qaldım və mənə elə gəldi ki, küçəmizin sakinləri adından rayon rəhbərinə xoş sözlər deməyə daha lüzum yoxdur...

Ancaq nədənsə birdən-birə özümdə küçəmiz haqda nəsə bir söz demək ehtiyacı duydum...

İndi günü bu gün atamı-anamı itirdiyim ailəmiz yaşayan, bu küçəyə ötən əsrin altmışıncı illərindən sonra köçmüşük...

1966-cı ilin aprel ayının düz 22-də- o vaxtlar dahi rəhbər hesab etdiyimiz V.İ.Leninin doğum gününün təntənə ilə qeyd olunduğu bir yaz günündə şəhərimizin ortasından axıb keçən Dəvəçiçay birdən-birə coşub daşdı, sel-su çayın qırağı boyu sıralanmış qonşularımızla bir cərgədə bizim də təzəcə tikdirdiyimiz, ikinci mərtəbəsinə hələ heç qalxıb oturmadığımız xudmani evimizi bir anda dəli-dolu qoynuna aldı...

V.İ.Leninin ad günü ilə bu təbii fəlakətin üst-üstə düşməsini indi yada salıb fikirləşirəm ki, sən demə, bəlkə də bütün bunlar heç də təsadüfi deyilmiş... Sanki təbiəti nizama salan ilahi qüvvə onu tanımayanlara, özlərini ateist adlandıranlara  sanki bir işarə, xəbərdarlıq edirmiş: sahil boyu bənd-bərəsi olmayan, göyün üzünə, bir balaca bulud gələn kimi istənilən an coşub daşa biləcək çayın sahilində binə-bölgə bağlamış vətəndaşlarınızı hökmüm altında olan təbiətin adi bir şıltaqlığından qoruya bilmirsinizsə, qurduğunuz o dövlətin axırı da uzun sürməz. Və necə də  sürmədi...




Evlərini sel aparanlara elə həmin o çayın şimal istiqamətində dağın döşü boyu yurd-yuva salmaq üçün torpaq sahəsi ayrıldı. Sonra qonşularımızın da sayı artdı... Doğma şəhərimizin şimaldan-cənub girəcəyinəcən uzanan bu küçə indi Şabranın ən gur yaşayış məskənlərindəndir. Küçəmizin qəribə tale qisməti varmış! Hətta doğmaca sakinlərindən çoxunun adını daşıdığı şəxsin kimliyini heç doğru-dürüst bilmədiyi küçələr də olub. “Mənim babam olmuş 26-lar!” deyə fəxr edib qürrələndiyimiz, onların adlarının hər kənddə, hər şəhərdə əbədiləşdirmək üstdə az qala bəhsə-bəhsə girdiyimiz bir vaxtda bizim küçə də “26 Bakı Komissarı”nın adını daşıyırdı.

Açığını etiraf edim ki, yenə də lap sonralar ağlıma gəldi ki, əgər 26-lar doğma Bakımızın komissarları idilərsə, niyə onların vur-tut ikisi öz millətimizdən imiş?.. Ancaq o vaxtlar küçəmizin adı ilə fəxr edirdim. Fəxr edirdim ki, küçəmizin adını daşıdığı “26 Bakı Komissarı”nın şərəfinə təkcə bizim Azərbaycanda deyil, qonşu Gürcüstanda, Ermənistanda, Türkmənistanda da ünvanlar var. Ötən əsrin 80-ci illərində dəfələrlə yolumun düşdüyü Krasnovodsk şəhərində, Ağcaqum çölünə aparılıb güllələnməmişdən qabaq 26-ların dustaq qaldığı, o vaxtlar muzey kimi fəaliyyət göstərən zirzəmiyə baş çəkmiş, görkəmli sovet rəssamı İ.Brodskinin  26-ların güllələnmə səhnəsini təsvir edən məşhur tablosuna kövrələ-kövrələ baxmışdım. O illərdə mən Türkmənistana orada, Tecen şəhərində yaşayan bacımgilə qonaq gedərdim və Krasnovodskdan mənzil başına qalan məsafəni “Krasnovodsk-Daşkənd” qatarı ilə başa vurardım. Qatar Ağcaqum çölünə yaxınlaşanda sürətini azaldıb uzun bir fit verər, bununla 26-ların xatirəsini yad edər, onları bir daha öz sərnişinlərinin yadına salardı... O məqamda bir daha 26-ların adını daşıyan küçədə yaşamağımın qürurunu duyardım. İyirmi ildir ki, küçəmiz Bakı, Şamaxı, Lənkəran, Quba qəzalarında əlləri minlərlə soydaşlarımızın günahsız qanlarına batmış Şaumyan, Əmiryan Avakyan... kimi quduz erməni daşnaklarının nəvə-nəticələri ilə doğma torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə, cənnətmisal Şuşamızın müdafiəsində  şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş igid həmyerlimiz Şahin Vahabzadənin adını daşıyır. İndi küçəmizdə öz adaşları kimi lazım gələrsə yolunda canını fəda etməyə hazır neçə-neçə şahinlərimiz yaşayır... Bəri başdan deyim ki, küçəmiz hər iki istiqamətdən-istər şimal, istərsə də cənub girəcəyindən gələn müsafirini başı üstünə qaldırdığı üç rəngli bayrağı ilə qarşılayıb salamlayır. Şəhərimizin şimal girəcəyində öz memarlıq üslubu ilə ölkəmizin digər bölgələri arasında seçilib fərqlənərək Bayraq Meydanında artıq tamamlama işləri gedir. Burasını da deyim ki, küçəmiz Şabran şəhəri boyu girişindən çıxışa qədər Azadlıq küçəsi ilə paralel uzanıb gedir. Adını çəkdiyim o əzəmətli, keçmişi ilə bu günümüzü, gələcəyimizi özündə qovuşduran o Bayraq Meydanı ərazicə Azadlıq küçəsinin payına düşür və əlbəttə, bunun da çox rəmzi bir mənası var. Axı, o müqəddəs üç rəngli bayrağımızı təzədən bizlərə qaytaran əldə etdiyimiz müstəqilliyimiz, şəhid qanı bahasına qazandığımız azadlığımız olub. Axı, “Bayraqları bayraq yapan üstündəki qandır...”

Küçəmizdən söz açanda qeyd etdiyim bir faktı oxucularımızın bir daha yadına salım; bizim küçə şəhərin girəcəyindən sonunacan Azadlıq küçəsi ilə qoşa addımlayır.

Doğrudur, Azadlıq küçəsinin lap girəcəyində rayonumuzun icra başçısının təkcə şəxsi təşəbbüsü ilə deyil, həm də təşkilatçılığı ilə milli memarlıq üslubunda bəlkə də bölgələrimizdə yeganə olan “Poeziya evi” inşa edilib, o “Poeziya evi”nin qarşısında klassik ədəbiyyatımızın banilərindən biri Xaqani Şirvaninin əzəmətli abidəsi ucaldılıb, bu da hörmətli icra başçısının ümummilli liderimiz Heydər Əliyevin, onun daxili və xarici siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının klassik irsimizə, mənəvi dəyərlərimizə verdiyi qiymətlə yanaşı həm də şabranlıların: – İstəmərəm adımı çağıralar Xaqani, Mən yoxsullar şairi Xaqaniyəm, Xaqani,- deyən, bu torpaqda yeddi ay həbsdə yatan, klassik ədəbiyyatımızda öz ölməz “Həbsiyyə”sini yaradan Xaqaniyə hörmət və ehtiramının bir təzahürüdür.

Yaşadığım bu küçə ilə bağlı neçə-neçə xatirəm var. Bəlkə də ömrümün 60-nı başa vurduğumdandır ki, daha xatirələrlə yaşayıram bu küçədə, Dəvəçiçayın üst sahilində nə yazıqlar ki, indi üzə gülən doğulub böyüdüyü bu küçənin bu gününü görməyən nisgilli bir qələm dostumuz, şair, telejurnalist Ağalar Mirzə də yaşayırdı. Şabrana gələn kimi ilk əvvəl o küçəyə, o küçədə doğulub boya-başa çatdığı doğma evə baş çəkib bəlkə də bir stəkan çay içmədən evlərinin qənşərinə çıxardı,  göz dolusu küçə boyu baxardı.

Ağalar Mirzənin şəhərimizin Dəvəçi adlanan vaxtında yazdığı bir şeiri yadıma düşür:

Bir şəhər var: Dəvəçi,
Nə vaxtsa karvan keçib,
Dəvənin izi düşüb,
Dəvə Şirvan yolunda.
Şirvan yolu tozludu,
Yamacları duzludu.


Küçəmizin öyünəcək yerləri çoxdur. Küçəmizi Dəvəçiçayın hər iki sahili ilə hündürlüyü 21 metr, uzunluğu 544 metr olan bir körpü birləşdirir. Bu göstəricilərinə görə bu körpü respublikamızda yeganədir.

Küçəmizin sakinləri həm də çox qonaqpərvərdirlər. Buyurun, gəlin, qonağımız olun. Dediklərimə özünüz şahid olun!

 





15.11.2012    çap et  çap et