525.Az

“Hərbi And” qəzetinin 10 yaşı qeyd olundu


 

Emin Həsənli: “Ötən müddətdə “Hərbi And” ordu ilə cəmiyyət arasında sıx təmas yaratmağa, bu sahədəki proseslərin KİV-də düzgün əks etdirilməsinə çalışıb”

“Hərbi And” qəzetinin 10 yaşı qeyd olundu<b style="color:red"></b> “Hərbi And” qəzetinin 10 illik yubileyi münasibətilə “Vətənpərvərliyin təbliğatının aparılmasında KİV-in rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

525.az-ın məlumatına görə, konfransda Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGM İB) sədri Emin Həsənli “Hərbi And” qəzetinin fəaliyyətə başlamasından bu günə kimi keçdiyi yola nəzər salaraq, ilk müstəqil hərbi mətbuat orqanının uğurlarından söhbət açıb O, qəzetin yaranma zərurətini o dövrdəki mövcud vəziyyətlə əlaqələndirib:

“Ölkədə hərbi vətənpərvərliyin, Silahlı Qüvvələrin nailiyyətlərinin təbliğ olunmasına böyük ehtiyac vardı. Eyni zamanda KİV-də ordu haqqında qərəzli fikirlərin yer alması ictimaiyyət arasında müəyyən narazılıqların yaranmasına gətirib çıxarırdı. Məhz belə bir vaxtda ordudan tərxis olunmuş bir qrup gənc müstəqil hərbi orqanın yaradılmasına təşəbbüs göstərdi. TOHGM İB 2002-ci ildə Azərbaycanda ilk müstəqil hərbi mətbuat orqanı olan “Hərbi And” qəzetini təsis etdi. Mətbuat orqanı ətrafına vətənpərvər ziyalıları, hərbi sahəyə maraq göstərən jurnalistləri topladı. Nəşr olunduğu müddət ərzində Azərbaycan mətbuatında bir çox önəmli işlərə imza atdı. İlk saylarından vətənə məhəbbət, düşmənə nifrət ruhunda silsilə materiallar təqdim edən “Hərbi And” ordu-cəmiyyət əlaqələrinin güclənməsinə yönələn yazılar dərc etdi. Bu il 10 yaşı tamam olan qəzetə ötən müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri, Daxili Qoşunlar, Sərhəd Qoşunları, Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti abunə olub. Bunlarla yanaşı qəzetimiz Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və adını çəkmədiyim onlarla dövlət orqanları ilə əməkdaşlıq edib”. E.Həsənli hərbi-hüquq-vətənpərvərlik qəzeti olan “Hərbi And”ın ən ümdə vəzifələrindən birinin də ümummilli lider Heydər Əliyevin ideyalarını təbliğ etmək olduğunu söyləyib. O, qəzetin ən uğurlu layihələrindən danışarkən, TOHGM İB ilə birgə yaradılan Ordunun Dostları Mətbuat Klubunu (ODMK) misal çəkib: “ODMK KİV orqanları vasitəsilə sistemli və ardıcıl iş apararaq, Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti haqqında düzgün və obyektiv ictimai rəyin formalaşmasında, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb etdi. Eyni zamanda mətbuatda hərbi və dövlət sirrlərinin yayılmasına qarşı hər bir jurnalistin vətəndaş mövqeyindən çıxış etməsinin təmin edilməsinə şərait yaratdı. Beləliklə, “Hərbi And” qəzeti ordu ilə cəmiyyət arasında təmas quraraq, KİV-də ordu-cəmiyyət münasibətlərinin düzgün əks etdirilməsinə nail oldu”. TOHGM İB rəhbəri  “Hərbi And” qəzetinin 10 illik yubileyinin keçirilməsi məqsədilə rəsmi və qeyri-rəsmi tədbirlər planının hazırlandığını da diqqətə çatdırıb.

Konfransda sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, Prezident Administrasiyası İctimai-Siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları çıxış edərək “Hərbi And”ın fəaliyyəti barədə fikirlərini bölüşüblər. Müdafiə nazirliyinin baş zabiti İslam Gənciyev müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin “Hərbi And” qəzetinin kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub.  Sonda qəzetin əməkdaşlarından bir qrupu Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunub.

BƏXTİYAR
 





15.11.2012    çap et  çap et