525.Az

Pakistanda AİDA adından humanitar yardım aksiyası keçirilib


 

Pakistanda AİDA adından humanitar yardım aksiyası keçirilib<b style="color:red"></b>

Oktyabrın 30-u Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirilib.

525.az-ın Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Taxt Hazara kəndində təşkil olunmuş mərasimdə Pakistan İslam Respublikasının  Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, əyalət media mənsubları,  təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına, hökumətinə və AİDA-ya dərin minnətdarlığını bildirib.

O, cari ilin 23 Oktyabr tarixində AİDA tərəfindən sel daşqınları və leysan yağışlardan zərər çəkmiş insanlara  humanitar yardım aksiyasına start verildiyini bildirib. Vurğulayıb ki, bu aksiya Pəncabın Multan, Muzaffargarh, Leyyah, Chinniot, Naroval, Sargodha, Mandi Baha-ud-Din,  Sialkot, Canq rayonları həmçinin Cammu və Kəşmirin paytaxtı Müzəffərabad və Bağ bölgəsini əhatə edib.  Bay-tul-Malın fəaliyyəti haqqında məlumatlar verən Abid Vahid Şeyx, Azərbaycanın  2012-ci ildən başlayaraq başçılıq etdiyi təşkilat  ilə sıx əməkdaşlıq etdiyini də qeyd edib.

Mərasimdə çıxış edən səfiri Daşqın Şikarov Azərbaycan-Pakistan arasında yüksək səviyyəli əlaqələrdən danışıb. O, eyni zamanda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA)  fəaliyyəti haqqında geniş məlumatlar verib,  AİDA-nın 30-dan çox  Latın Amerikası, Afrika və  Asiyada yerləşən ölkələrdə  müxtəlif layihələr icra etdiyini, humanitar yardımlar çatdırdığını vurğulayıb. Bildirib ki, AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İsmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra edib və bununla da on minlərlə insanı içməli su ilə təchiz edilib.

Təbii fəlakətdən zərər çəkən insanlar adından danışan bölgənin ağsaqqalı Şahnavaz Raca təbii fəlakətin fəsadlarından danışıb, ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik olmasına görə Azərbaycan xalqı və ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Mərasimin sonunda tədbirdə iştirak edən qonaqlar AİDA-nın adından zərərçəkmiş insanlara qida paketləri paylanılıb.

Taxt Hazarada keçirilən humanitar aksiya daha sonra Kot-Momin qəsəbəsi və Bhera şəhərlərində də davam etdirilib,  həmin yerlərdə də təbii fəlakətdən zərər çəkən insanlara yardımlar paylanılıb.

Qeyd edək ki, AİDA tərəfindən edilən humanitar yardım qida rasionu paketləri və un kisələri təbii fəlakətdən zərər çəkən minlərlə insanlara paylanılıb. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilib. Yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkən 25 min nəfər insanı əhatə edib.

 

 

 





31.10.2014    çap et  çap et