525.Az

"Amerikalı həmsədrin dedikləri qeyri-səmimi səslənir"


 

"Amerikalı həmsədrin dedikləri qeyri-səmimi səslənir"<b style="color:red"></b>

"Azərbaycan Ermənistan prezidentlərinin görüşləri zamanı dəfələrlə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutduğunun danışıqlarda yalnız danışıq xatirinə iştirak etdiyinin şahidi oluruq.

Danışıqlar
zamanı Ermənistanın üzərinə hər hansı bir ciddi öhdəlik götürməyəcəyini, hətta üzərlərinə öhdəlik qoyulsa belə, onu yerinə yetirməyəcəklərini göstərən əsas əlamətlərdən biri onların müxtəlif təxribatlara yol verməsidir". Belə bir açıqlama ilə Milli Məclisinin vitse-spikeri Bahar Muradova prezidentlərin Paris görüşü ərəfəsində ermənilərin əl atdıqları təxribata münasibət bildirərkən çıxış edib. Onun sözlərinə görə, atəşkəsin pozulmasını, müxtəlif səpkili bəyanatların verilməsini buna misal göstərmək olur:

"
Paris görüşü zamanı isə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar üzərində oyuncaq məhkəmənin qurulması bir daha onu göstərir ki, Ermənistan danışıqlara yönəlmiş diqqəti hər dəfə tamam başqa istiqamətə yönəltməklə, status kvonun dəyişməz qalması üçün lazım olan bütün addımları atmağa hazırdır. Qondarma məhkəmənin qurulmasını təsadüfü hesab etmirəm. Ermənistan bununla dünyanın diqqətini oyuncaq dövlətin rejimin qurduğu məhkəməyə yönəltməyə səy göstərirdi. Ermənistan heç zaman Azərbaycanla danışıqlarda səmimi olmayıb bunu öz fəaliyyəti, hərəkəti, təcavüzkar siyasətini davam etdirməsi ilə sübut edib".

Paris danışıqları haqqında konkret fikir söyləməyin doğru olmadığını deyən B.Muradova əlavə edib ki, Azərbaycan tərəfi olaraq uzun illər bu prosesin içində olduğumuzdan, danışıqların ayrı-ayrı məqamlarını ciddi izlədiyimizdən, dövlətimizin hansı prinsiplərdən çıxış edəcəyini bildiyimizdən təxmin edə bilərik ki, sözügedən məsələ müzakirə obyekti olub:
 
"
Biz Azərbaycan dövlətinin, prezidentinin qəti mövqeyini bilirik. Ona görə Azərbaycan prezidentinin Ermənistan tərəfi ilə danışıqlarda məsələnin bu yöndə müzakirə edilməsi şübhə doğurmur. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən pozulması, o hüququn bərpası istiqamətində atılacaq addımların, məhz Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçdiyini ortaya qoyur. Erməni qoşunları Azərbaycan ərazilərindən çıxmasa, tərəflər arasında hər hansı bir etimad yarana bilməz. ATƏT-in Minsk qrupunun həmsədrləri bütün açıqlamalarında məsələyə bu aspektdən yanaşmalıdırlar. Uzun illər danışıqların nəticəsiz qalması tərəflərin mövqeyinin diametral şəkildə fərqlənməsindən irəli gəlir. Azərbaycan haqlı olaraq ərazi bütövlüyünün bərpasına çalışır, Ermənistan tərəfi isə xalqının taleyini, müqəddəratını heçə saymaqla danışıqlar prosesini ləngitməklə məşğuldur. Parisdə keçirilən danışıqlarda Fransa prezidenti Fransua Olland tərəfindən Böyük Sülh sazişinin hazırlandığına dair bəyanatla çıxış etməsi məqbul hesab edilərək, münaqişənin müsbət yöndə həllinə təkan verən amil kimi dəyərləndirilir. Xüsusilə status- kvonun dəyişdirilməsinin vacibliyinin vurğulanmasını proseslərdə müsbət məqam hesab edirəm".

O deyib ki, ABŞ kimi bir dövlətin, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin Ermənistanda girov saxlanılan kəlbəcərli soydaşlarımızdan xəbərsiz olduqlarını dilə gətirmələri qeyri-səmimi səslənir:
 
"
ABŞ-ın müvafiq qurumlarını, rəsmilərini müxtəlif dövlətlərdə gedən proseslər haqqında məlumatlandıran orqanlar ilə məşğuldur ki, bunların azərbaycanlı girovlardan xəbəri yoxdur? Əgər məlumat verilməyibsə pis, yox əgər məlumatlıdırlarsa heç bir reaksiya verilmirsə bunu sərt şəkildə qınayıram. Beynəlxalq qurumların, dövlətlərin çoxüzlü standartlardan çıxış etmələri hər kəsi narahat edir. Nəyə görə iki azərbaycanlı girovun öz yurd-yuvalarında hansı şərtlər altında saxlanıldığı hansı problemlərlə üz-üzə qalmasına biganə yanaşılır? Bu insanların öz əbədi əzəli yurd-yuvalarında, Kəlbəcərdə girov götürüldüyü bir faktdır. Bu fakta heç bir münasibətin bildirilməməsi, qınanılmaması qondarma rejimin qondarma sərhədlərinin pozulması adı ilə məhkəməyə çıxarılmasına göz yumulması ABŞ kimi bir dövlətin beynəlxalq arenada proseslərə bitərəf yanaşdığının göstəricisidir. BMT-nin qəbul etdiyi 822-ci qətnaməyə əsasən ermənilərin bu ərazilərdən çıxarılması tələb edilir. Nəinki ermənilər bu illər ərzində Azərbaycan torpaqlarından çıxmayıblar, hətta azərbaycanlıları həmin ərazilərdə girov adı altında saxlamağa müvəffəq olurlar. Çünki bəzi beynəlxalq təşkilatlar, təcavüzə, işğala, insan haqlarının pozulmasına haqq qazandıraraq bir növ onlara dəstək verirlər. Belə bir məsələdə ABŞ-ın beynəlxalq hüququn prinsiplərinə selektiv yanaşmasına, obyektiv mövqe sərgiləməməsinə təəssüf edirəm. Maraqları tələb etdiyi zaman dünyanın ən ucqar nöqtəsində elementar məsələyə münasibət bildirir, amma belə bir faktı heçə saymaqla ikili standartlardan çıxış edirlər".

PƏRVANƏ

 





31.10.2014    çap et  çap et