525.Az

Naxçıvan Dövlət Universitetində Şahlar Əsgərovun kitabının təqdimat mərasimi keçirildi


 

Naxçıvan Dövlət Universitetində Şahlar Əsgərovun kitabının təqdimat mərasimi keçirildi<b style="color:red"></b>

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Şahlar Əsgərovun “Kamilləşən düşüncə” kitabının təqdimat mərasimi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq professor Şahlar Əsgərovun Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı çoxsaylı xidmətlərindən danışıb.

Qeyd olunub ki, “Kamilləşən düşüncə” kitabı xalqın təfəkkür tərzinin formalaşmasında, cəmiyyətin inkişafında insan amilinin, intellekt potensialının başlıca amil olduğunu göstərməklə nəinki dəqiq elmlər, bütövlükdə sosial-fəlsəfə sahəsində çalışan mütəxəssislər üçün də böyük əhəmiyyət kəsb edir. Rektor, bir sıra görüşlər keçirmək, mühazirələr söyləmək üçün Naxçıvan Dövlət Universitetində səfərdə olan professor Şahlar Əsgərovu yeni nəşr münasibətilə təbrik edib, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Universitetin Ümumi riyaziyyat kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Məhəmməd Hacıyev “Dəyərlərin qiymətləndirilməsinin elmi əsasları” mövzulu məruzəsində bildirib ki,  professor, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü Şahlar Əsgərovun əldə etdiyi elmi nəticələrdən bu gün NASA tərəfindən, Amerika Aeronavika və Astronavika İnstitutunda kosmik tədqiqatlar zamanı geniş istifadə edilir. Şahlar Əsgərov 300-dən çox elmi, 700-ə qədər publisistik məqalənin,  nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifidir.  Şahlar Əsgərovun ictimai elmlər sahəsində apardığı gərgin axtarışların bəhrəsi olan, elmi nəticələri ilə seçilən “Keçid dövrünə fəlsəfi baxış”, “Təhsilimiz dünən, bu gün və sabah”, “Düşüncə tərzi”, “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Nəfis şəkildə tərtib olunmuş “Kamilləşən düşüncə” adlı kitabda isə bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və inkişafına yeni meyardan yanaşılır. Kitab qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanlmasına xidmət etməklə yanaşı,  bəşəriyyətin inkişafı probleminin yeni həlli yollarını irəli sürmək baxımından da əhəmiyyətlidir.   

Tədbirdə fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov, Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi Zeynəb Məmmədova çıxış edərək kitabın elmi məziyyətlərindən, praktiki tətbiq sahələrindən danışıblar. Bildirilib ki, yeni meyardan çıxış edən müəllif bəzi sosial-iqtisadi göstəriciləri ilk dəfə olaraq cədvəl şəklində deyil, qrafik şəklində təqdim edib. Bəşər tarixi isə şərti olaraq iki dövrə bölünmüşdür.
Birinci tarixi dövrdə bütün tarixi proseslərə şəxsi mənafe və instinkt düşüncə əsas təsir göstərdiyi halda, ikinci dövr ictimai mənafe və şüurun qalib gəlməsi ilə səciyyələndirilir. Kitabda kamilləşmənin yolunun məhz idrakdan, özünüdərkdən keçdiyi bir daha təsdiqlənir. Sosial inkişafın konsepsiyasını kompleks şəkildə öyrədən yeni nəşr tərəqqi, texnologiya və elmin vəhdəti, sosial dinamika, idaretmənin açıq cəmiyyət modeli, Allahın varlığının riyazı isbatı ilə bağlı elmi-nəzəri müddəalarla zəngindir. Dünya dövlətlərinin bəzi makroiqtisadi göstəriciləri, dünya universitetlərinin reytinqləri ilə bağlı statistika da maraq doğurur.     

Sonda müəllif çıxış edərək Naxçıvana dəvət olunmasının, kitabın geniş şəkildə təqdimatının keçirilməsinin ideya müəllifi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova, universitet rəhbərliyinə minnətdarlığını bildirib, muxtar respublika, universitet haqqında yüksək təəssüratlarını bölüşüb, təhsil sahəsində əldə olunan nailiyyətlərdən, mövcüd problemlərin həlli yollarından söhbət açıb.

 





31.10.2014    çap et  çap et