525.Az

Eldar Namazovun David Şahnazaryanla bəyanat imzalaması pislənildi


 

"BƏYANATA QOŞULANLAR AZƏRBAYCAN ƏRAZİLƏRİNİN İŞĞAL ALTINDA OLDUĞUNU BAŞA DÜŞMÜRLƏRMİ?"

Eldar Namazovun David Şahnazaryanla bəyanat imzalaması pislənildi<b style="color:red"></b>

"Mən heç vaxt belə təşəbbüslərin tərəfdarı olmamışam. Vətəndaş cəmiyyətləri arasında dialoq xalq diplomatiyası kimi təşəbbüslər hazırkı vəziyyətdə Ermənistan üçün əlverişlidir".

Bunu APA-ya Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovla  Ermənistanın "Razılıq" Siyasi Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru David Şahnazaryanın Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalamasına münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

"Ölkə rəhbərlikləri səviyyəsində sülh prosesi heç bir nəticə vermirsə, o zaman bizim dialoqlarımızın heç bir mənası yoxdur. Təbii ki, biz əbədi olaraq düşmən qala bilmərik. Amma Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından başlayaraq, erməni tərəfi Azərbaycanla sülh sazişi istiqamətində addım atsa, o zaman vətəndaş cəmiyyətinin nümayəndələri da yaradılmış dinc şəraitdə mehriban qonşuluq naminə çalışa nəticə əldə edə bilər", - deyə S. Məmmədov bildirib.

Bəyanatda yer alan "tərəflərə silah satmamaq" barədə çağırış da S. Məmmədovda təəccüb doğurub: "Mən onları başa düşmürəm. Torpaqları işğal altında olan ölkə kimi, öz müdafiə gücünü artırmaq Azərbaycanın hüququdur. Bizim ölkə niyə Ermənistanla müqayisədə zəif olsun ki? Digər tərəfdən, "xalqların müqəddəratı hüququ" ifadəsindən istifadə edərkən, diqqətli olmaq lazımdır. Ermənilərin dövləti var ermənilərin kompakt yaşadığı hər yerdə ikinci, üçüncü, dördüncü erməni dövlətinin yaradılması məntiqə sığmır. Mənim fikrimcə, ərazi bütövlüyü hər şeydən qabaq gəlməli üstün tutulmalıdır. O cümlədən, bu münaqişənin həllində bu vacib məqam unudulmamalıdır. Ermənistan Azərbaycanın ən yüksək status vermək təklifini qəbul edib sülhə doğru addım atarsa, münaqişə bir neçə il ərzində tamamilə aradan qalxa bilər".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə APA-ya bildirib ki, Azərbaycan tərəfdən bu bəyanata qoşulanlar sırasında gördüyü adlara təəssüflənib: "Onlar ya sadəlövhlükdən buna gedirlər, ya da bilərəkdən belə səhv addımları atırlar. Güc tətbiq etməmək, müqəddəratı təyin etmək, müdafiədən imtina etmək... Bu şəxslər Azərbaycan ərazilərinin işğal altında olduğunu başa düşmürlərmi? Bu cür bəyanatlar bizə yox, ermənilərə sərf edir".

A.Nağı vurğulayıb ki, uzun zamandır, 7 rayonun azad olunması məsələsi havada qalıb: "Sülh sazişi istiqamətində heç bir addım atılmır, indi biz etməliyik ki, həmsədrlər , işğalçılar da razı qalsınlar? Qarabağdakı bir ovuc erməninin özünə müstəqillik tələb etməsi gülüncdür. Sanki söhbət müstəmləkə altında olan xalqlardan gedir. Bunu hər kəs başa düşməlidir ki, biz oturub onların öz xoşu ilə torpaqları qaytarmasını gözləyə bilmərik. Azərbaycan xalqına belə təslimçi dialoqlar lazım deyil".

Qeyd edək ki, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovla  Ermənistanın "Razılıq" Siyasi Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru David Şahnazaryan Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalayıblar.

Bəyanatda 2010-cu il dekabrın 8- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Müstəqil Vətəndaş Minsk Prosesi (MVMP) çərçivəsində sənəd imzaladıqlarını da xatırladıblar. Onlar bəyannamədə tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönələn siyasi informasiya xarakterli aksiyalara son qoymağa, münaqişənin nizamlanması üçün "Yol xəritəsi"nin hazırlanmasına başlamağa çağırdıqlarını qeyd ediblər.

Bəyanatı imzalayanlar keçən müddət ərzində bu çağırışların eşidilməməsinə təəssüfləndiklərini qeyd ediblər.

Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bütün dövlətlərin rəhbərlərinə müraciət edilir, bölgəyə hücum xarakterli silahların satılmasını dayandırmağa çağırış edilir, tərəflərin vətəndaş cəmiyyəti nümayəndələri sülh prosesində aktiv olmağa səslənilir.

Bəyanata Azərbaycan tərəfdən Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Əli Abbasov, Leyla Əliyeva, erməni tərəfdən isə Aqasi Enokyan, Aykak Arşamyan, Karen Ohacanyan Nataliya Martirosyan da qoşulublar.

 





05.11.2014    çap et  çap et