525.Az

Rəşad Məcid: “Populyar olmaq istəmirik, səviyyəli 5-10 adamın hörməti, diqqəti daha üstündür”


 

Rəşad Məcid: “Populyar olmaq istəmirik, səviyyəli 5-10 adamın hörməti, diqqəti daha üstündür”<b style="color:red"></b>

“Təəssüf ki, Azərbaycanda qəzetlər iqtisadi gücə çevrilə bilmədilər”


Noyabrın 17-də Azərbaycanın aparıcı media qurumlarından olan “525-ci qəzet” 20 yaşını qeyd edir. Baş redaktor Rəşad Məcid APA-ya müsahibəsində rəhbərlik etdiyi qəzetin keçdiyi yol və planlarından bəhs edib.

 

- Rəşad müəllim «525-ci qəzet»in iyirminci yaşını necə qeyd etməyə hazırlaşırsınız?

 

- Bu gün “525”in yubileyinin qeyd olunub-olunmayacağı barədə mənə çox suallar ünvanlanır. Keçən həftə müsahibələrimdən birində demişəm ki, biz inşallah 5 ildən sonra “525”in 25 illik yubileyini qeyd etmək niyyətindəyik. Səbəbini açıqlayım. Biz 10 illiyimizi geniş qeyd eləmişdik. Orada Azərbaycanın siyasi, ədəbi-bədii dairələrinin tanınmış simaları da iştirak etmiş, ürək sözlərini demişdilər. Keçən il mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mənə 20 illiyi teatrların birində böyük, möhtəşəm tədbir kimi keçirməyi təklif etdi. Mən Ə. Vəliyevə bununla bağlı bir məktub da yazdım. Lakin bir həftə həmin məktubu maşında gəzdirəndən sonra fikrimi dəyişdim. Fikrimcə, gənc media orqanları üçün yubiley qeyd etmək özlərini tanıtmaq, özləri haqqında xoş sözlər eşitmək üçün bir vasitədir. Mən də, qəzetimizin əməkdaşları da hər gün müxtəlif adamlardan xoş sözlər eşidirik.

 

“525-ci qəzet” mətbuatımız üçün çətin olan, ziqzaqlı bir zamanda müəyyən mənada yerini qoruyub saxlayıb. Ola bilsin ki, bu 20 ildə əldə etmək istədiyimiz çox şey olmayıb, nələrsə alınmayıb. Mən bəlkə də 3 illiyində, 5 illiyində düşünürdüm ki, 20 yaşında “525”in öz ofisi, yaxşı maddi imkanları olar, böyük media qurumuna çevrilər. Təəssüf ki, Azərbaycanın mətbuat, qəzet bazarında belə problemlər yaşandı. Qəzetlər iqtisadi gücə çevrilə bilmədilər. Amma hər halda, “525” ölkədə tanınmağa, nüfuz qazanmağa nail oldu, bunu bacardı. Biz özümüz demirik, bu gün müxtəlif insanlar “525”i məktəb adlandırırlar. Burada işlədiklərindən qürur duyur, çap olunmağın nüfuz olduğunu söyləyirlər. “525” yaşlıların, ədəbi-bədii elitanın sevdiyi və oxuduğu bir qəzetdir. Eyni zamanda, gənclərin qəzetidir. Mən ilk nömrəsində yazmışdım ki, “525” birinci qəzet olacaq. Bu yaxınlarda səfirimiz Vilayət Quliyev qəzetimizə göndərdiyi təbrikdə də “525”i birinci qəzet adlandırır. Bunlar bizi sevindirir. Onu da deyim ki “525” çətinlikdən xali olmayıb. Kədərli, pessimist vaxtlarımız da çox olub. Hər halda “525” nə qədər zəifləyibsə, kədərli məqamlar olubsa da, çalışmışam ki şənbə nömrəsi özünün səviyyəsini qoruyub saxlaya bilsin. Azərbaycanın ən dəyərli adamlarının yazılarını orada çap edirik.

 

- İlk nömrənin çap olunduğu tarix də elə tarixi günlə üst-üstə düşür... 

 

- Biz o zaman bunu qəsdən belə etmişdik. 17 noyabr 1992-ci ildə Azadlıq Meydanda bayram mitinqi vardı. Qəzetin ilk nömrəsindən 1000 nüsxə orada payladılar.

 

- Ad seçimi də maraqlıdır. Mistik görünür... 

 

- Qəribədir. Əvvəlcə adı sözlə istəyirdik. Əvvəl “Sabah” adını istədik. Məlum oldu ki, qeydiyyatdan keçib. Sonra “2x2” adını düşündük. O da qeydiyyatdan keçmişdi. Nəhayət, qeydiyyat nömrəsini götürərək “525” adını verdik. İndi dünyanın müxtəlif ölkələrində “525”in mənası sual olunur və biz də izah edirik. Adın özü də maraqlı gəlir və bunun da əhəmiyyəti var. Düşünürəm ki, ad şərtidir. Məsələn, ən pis adı qoyub, ölkənin ən yaxşı qəzetini çıxarmaq olar.

 

- Əvvəllər siyasi mövzuların daha çox olduğu “525-ci qəzet”də son illər ədəbiyyat yükünün artdığı görünür. 

 

- Deyim ki, 1997-ci ildə cəmiyyət həddən artıq siyasi idi. Bütün qəzetlər siyasi mövzulara köklənmişdi. Bəzi qəzetlər isə yazırdılar ki, şeir qəbul etmirlər. O dövrdə yazıçılarımız, ədəbiyyat adamlarımız çap olunmağa yer tapmırdılar. Biz onların yazılarını çap etdik, onları önə çəkdik. O zaman dostlarımız mənə deyirdilər ki, bu, səhv addımdır, ədəbi yazılarla “525”in populyarlığı azalacaq. Amma zaman göstərdi ki, biz düz eləmişik. Cəmiyyət getdikcə stabilləşdi. Ədəbi dəyərlər yenidən üzə çıxarılmağa başladı. İnsanların bu istəyi yarananda artıq “525” bu istəyi reallaşdırırdı. Azərbaycanın ən tanınmış yazarları, publisistləri “525”də yazılarını çap etdirirdilər. Sonrakı dövrlərdə isə ədəbi-bədii yük xeyli artdı. Buna görə Yazıçılar Birliyi bizə ədəbiyyatın təbliği ilə bağlı mükafat verdi. Bu, bizim aldığımız və alacağımız mükafatların ən halalı, ən doğmasıdır. Jurnalistika söz sənətidir. Biz söz adamıyıq. Bu gün deyirlər ki, hər kəs jurnalist ola bilər. Mən bunu düşünmürəm. Jurnalistika istedad, qabiliyyət tələb edən sahədir. Bu baxımdan ədəbiyyat və jurnalistika bir-birinə çox bağlıdır.

 

- Mətbuatı yaxından izləyən insanlar, eləcə də həmkarlarımız belə bir ifadə işlədirlər ki, “525-ci qəzet” əvvəlki “525” deyil. Bu doğrudurmu? 

 

- Heç nə əvvəlki deyil. Hər şey dəyişir, hər şey axır. Biz “525”də çox işlər görmüşük. İndi yeni açılan saytlar hansısa layihələr həyata keçirir. Bunlar bizə bir az gülməli gəlir. Çünki onu illər öncə biz etmişik. Mən qeyri-ciddi xəbərlərə yer verən nə sayt, nə qəzet istəyirəm. “525” ciddi qəzetdir, ən sensasiyalı hadisəyə də təmkinlə yanaşmağı bacarır. Son 10 ildə “525”i təmkinli qəzet adlandırmaq olar. İnsanlar “525”i diqqətlə oxuyanda görüblər ki, burada əslində ölkədəki problemlərin, qarşılaşılan ciddi məsələlərin hamısı haqqında yazılır. Amma qışqıra-qışqıra, çığıra-çığıra deyil, sakit tərzdə, sevgi ilə yazılır.

 

- Hazırda neçə tirajla çap olunursunuz? 

 

- Əvvəllər – 1997-ci ildə 25-30 min tirajla çıxırdıq. İndi bu rəqəm çox azalıb. Şənbə nömrəsi 5 min, adi günlərdə isə 3 min tirajla nəşr olunur. Son illər abunəyə daha çox diqqət ayırırıq. Mindən artıq abunə yığmaq fikrimiz var və demək olar ki, o civara yaxınlaşmışıq.   

 

- Redaksiyaya daxil olanda 7-8 il əvvəl burada çalışdığım dövrdə gördüyüm qaynarlığı müşahidə etmədim. Bir vaxtlar müxbirlərlə, təcrübəyə gələn gənclərlə dolu olan “525”in redaksiyasından əsər əlamət qalmayıb... 

 

- O vaxtlar elə olub ki, bəzən “525” gündə 32 və daha çox səhifə ilə çıxıb. Azərbaycanda ən qalın həcmli qəzetlər çıxarmışıq. Hətta ermənilər 2001-ci ildə Bakıya gələndə biz 32 səhifə ilə çıxırdıq, onlar bizə heyrətlə baxırdılar. Mənim arzum olub ki, gündə 100 səhifəlik qəzet çıxarım. Can atmışıq, çalışmışıq, amma alınmayıb. Həm də iqtisadi vəziyyət elədir ki, indi əvvəlki kimi çoxlu jurnalist saxlamaq mümkün deyil. Digər tərəfdən, qəzetin xəbər hissəsini agentliklərin hesabına təmin edirik. Agentliklərlə müqavilələrimiz var. Qəzetin özül hissəsi onun siyasətini müəyyənləşdirən redaktorlar qrupu və jurnalistlərdir. Əvvəlki illərdə olduğu kimi, operativ jurnalistika ilə məşğul olan müxbirlər indi yoxdur.

 

- Hazırda “525”də nə qədər insan çalışır? 

 

- Əgər bizə kənardan yazanları çıxsaq, 30 nəfər var.

 

- “525”in yazarları arasında baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Misir Mərdanov, səfir Vilayət Quliyev, bir neçə rektor və digər vəzifələrdə çalışan insanlar var. “525” çap olunan yazılara görə onlara qonorar ödəyir? 

 

- Yox, vermirik. 10 illiyimizdə Anar müəllim bizi təbrik edəndə zarafatla dedi ki, yazılarımızı çap edir, qonorar vermirsiniz. Əsasən kənar müəlliflərə çox az hallarda qonorar veririk. Adını çəkdiklərinizə isə doğrudan da qonorar vermirik. Əlbəttə, istəyərdik ki, qəzetimizin iqtisadi gücü çox olsun və biz ayrı-ayrı tanınmış şəxslərə yazılar sifariş verək. Bunun üçün böyük maliyyə lazımdır. Mən 1998-ci ildə Amerikada olanda jurnalistika sahəsi üzrə çalışan bir professordan soruşduq ki, qəzet çıxarmaq üçün nə lazımdır? Dedi ki, yekə cib. O zaman biz bunun o qədər fərqinə varmırdıq. Amma indi görürük ki, həqiqətən qəzet üçün yekə cib lazımdır.

 

- Reklam bazarınız necədir? 

 

- Bu gün Azərbaycan mətbuatının reklam bazarı məhduddur. Azərbaycanla eyni sayda əhaliyə malik ölkələrlə müqayisədə çox azdır. Neçə ildir bu barədə danışır, köklərini, səbəblərini araşdırmağa çalışırıq. Azərbaycan dilində nəşr olunan qəzetlər arasında ən çox reklam verənlərdən biri bizik. Bəzən buna görə bizə həsəd aparırlar. Amma yenə də azdır...

 

- Heç statistika aparmısınızmı ötən 20 ildə “525”dən nə qədər jurnalist gəlib-keçib?.. 

 

- İlk addımlarını 525-də atan, indi müxtəlif yerlərdə çalışan yüzlərlə insan var. Bu insanlar səfirliklərdə, Prezident Administrasiyasında, nazirliklərdə, müxtəlif media qurumlarında, hökumət strukturlarında, beynəlxalq media qurumlarında var. Onlar özlərini təsdiq etmiş insanlardır. “525”in məktəb olduğunu elə-belə demirlər. Məktəb nədə olub? Ola bilsin ki, təcrübə verib, azadlıq olub, yazmağı öyrədib. “525”in redaktor kollektivi isə uzun illərdir eyni adamlardır.

 

- Qarşıdakı planlarınız barədə nə deyə bilərsiniz?

 

- Mən son 3 ilədək internetin qəzetlərin kağız versiyasını sıradan çıxaracağına inanmırdım. Son 3 ildə sosial şəbəkələr yaranandan, kompüter texnologiyaları sürətlə inkişaf etməyə başlayandan sonra məlum oldu ki, qəzetlərin kağız variantı yavaş-yavaş, tam olmasa da, sıradan çıxacaq. Ona görə də saytımızı gücləndirmişik. Lakin saytda gedən bəzi xəbərləri qəzetimizdə vermirik. Bunlar qəzetimizə uyğun gəlməyən yazılardır. Bunları yazılı tarixə köçürmək istəmirik. Artıq bir neçə aydır qəzetimizin PDF variantı da saytda yerləşdirilir. Bir neçə qəzetlə birgə layihəmiz var, PDF versiyasını pullu etməyi düşünürük. Bu gün saytlar populyarlıq üzərində mübarizəyə qalxıblar. Biz o qədər populyarlığı istəmirik. Səviyyəli 5-10 adamın hörməti, diqqəti daha üstündür.

 

- İyirmi il “525”ci qəzetin kollektivini yormayıb ki? 

 

- Yorulmaq o zaman olurdu ki, biz daha çox işləyirdik. Amma zaman-zaman tempimizi elə hala gətirdik ki, insan orqanizmi üçün uyğun olsun. Artıq iş elə qurulub ki, mən aylarla olmasam belə qəzet çıxır. O baxımdan da çalışıram, işçiləri o qədər də yormayım. Amma hər halda belə dövrlər olur ki, insan daha sakit, stabil yaşamaq istəyir. Amma qəzetçilikdə fərqliliklər yaratmaq bizim xarakterimizdə var. Zamanı gələndə biz hər halda nələrdənsə geri qalmayacağıq. Zamana uyğun hansısa yenilikləri də edəcəyik.

 

 





16.11.2012    çap et  çap et