525.Az

APA-nın sirri, “525”in sehri


 

APA-nın sirri, “525”in sehri<b style="color:red"></b>

Anar Yusifoğlu

Qəzetçiliyə «birdən» başlamışam, amma «birdən-birə» yox, birdən «525»-ə.

Təkcə buna görə «525»-in, - qəribəliyə adından başlayan, sıra sayını ilk dəfə ada çevirən və bütün riyazi məntiqin əleyhinə olaraq, 525-in yerini «birincilər» sırasına çəkib gətirən bu qəzetin doğum tarixinin yaddaşıma yazıldığını desəm, yalan olar. «525» həm də ona görə yaddaşdadır ki, o, Azadlıq meydanının 3-cü ildönümündə, 17 noyabrda oxucuların görüşünə gəlmişdi.

Bu yaranışın adı kimi günü də sehrliydi və düz 20 ildir ki, bu sehr özünü göstərməkdədir.

Zaman dəyişir, dövrün tələbləri hazırda başqa cürdür: dünən əllərdən düşməyən qəzetlərə bu gün əllərin uzanmaması normaldır, çünki əllər artıq virtual dünyanın qapılarını açır: «525» əllərdəki mövqeyini uduzsa da, dillərdə və düşüncələrdəki yerini ildən-ilə bərkitməklə məşğuldur.

İndi virtual qapılardan ən çox «döyüləni», ziyarətçiləri ilə öyünüləni isə APA-dır – bu gün, noyabrın 16-da, doğulduğu tarixi rəqəmi 8 yaşı və 8 saytı ilə bütövləşdirən Azəri Press Agentliyi!

Bu gün əməkdaşlıq etdiyim və bu gün 8 yaşını keçirən APA ilə «dünən» əməkdaşlıq etdiyim və sabah 20 illiyini qarşılayacaq «525» arasında qəribə rəqəm bənzərliyi həmişə müşahidə etmişəm; bəlkə də bu mənim riyaziyyatçı olmağımdan irəli gəlir – baxmayaraq ki, «525» bütün riyazi məntiqin əleyhinə yaranıb, APA isə bütün sistemini «riyazi dəqiqliklə» qurub.

Vaxt baxımından APA «525»-dən düz 12 il – yəni, bir sistemin tamamlanmasından sonra dünyaya gəlsə də, eyni qoroskop ilini, həm də eyni bürcü bölüşürlər və bu qəribə bənzərlik, məncə, onların üslubunda özünü göstərir.

«525» də, APA da yarandığı gündən informasiyanın, məqalənin, müsahibənin… səlis dilinə, başqa cür desək, sözə sayğıları ilə seçiliblər.

Yalnız APA yaranandan sonra «virtual» informasiya mürəkkəb qəlibdən azad oldu, qəzetçilərin azərbaycanca yazılan sayt xəbərlərini azərbaycancaya «tərcümə etmək» əzabına son qoyuldu.

Yalnız «525»-dir ki, sözdə heç vaxt səhv eləmir, necə varsa, elə yazır: sözün düzünü, ifadənin doğrusunu, cümlənin nizamlısını…

Bu gün mədəniyyətin, ədəbiyyatın, incəsənətin ağır yükünü «525» çəkir – «köhnə» mediada; ədəbi, mədəni proyektlərin, çevik xəbərin altına APA girib – yeni mediada…

Deyəsən, onların fərqi də burdan başlayır: «köhnə» və «yeni» olmalarında.

Eyni qoroskop ilində, eyni bürcdə doğulsalar da, aradan keçən 12 il - zamanı geri qaytarmamışdı, əksinə, yeni era – ən azı, «Əqrəb» erası – başlanmışdı və «yeni medianın» dövranı gəlmişdi.

APA virtual xəbər məkanında özündən önə kimsəni buraxmamaqda israr edir; «525» ənənəni yaşatmaqda inadla davam edir.

Günbəgün artan yeni texnoloji imkanlar bizi ənənəvi mediadan uzaqlaşdırsa da, gözümüzü açdığımız, səhifəsini sığallaya-sığallaya çevirdiyimiz çap mediasından ayrılmağımız çox çətindir. Ən azı ona görə ki, ənənəvi medianın xəbəri gün ərzində yerindən «qaçmır», tarix kimi daşlaşıb qalır.

Çap mediasının simvolu kimi «525» sanki unudulmaz «dünəni» hər gün xatırladan bugündür. «Çap»ın imkanları da elədir – dünən «yeni mediadan» gördüyümüz «ümumi» xəbərlər bu gün səhifələrdə tarixləşir.

Kim öz tarixindən imtina edər? «Ənənə» olmazsa, «yeni»lər köksüz ağac təsiri bağışlamazmı?..

Bu gün gəncliyin, yeniliyin, gələcəyin və sabahın ad günüdür; sabah «ənənənin».

Bu sıralanmada da bir simvol gizlənib, sanki: ahılların ad günü «sabah» olacaq hələ…

Gənclik – enerjidir, gücdür, sirrdir; Ahıllıq – müdriklikdir, təməldir və sehrdir… Sirr, sehrlə birləşəndə sirli-sehrli və əsrarəngiz olur.

«Sirri» də, «Sehri» də təbrik edirəm...

 





16.11.2012    çap et  çap et