525.Az

"Əsas odur ki, kiməsə bənzəməkdən vaxtında vaz keçəsiniz" - Fotoreportaj


 

TANINMIŞ PUBLİSİST İRADƏ TUNCAYIN GƏNC ƏDİBLƏRLƏ GÖRÜŞÜ OLUB

"Əsas odur ki, kiməsə bənzəməkdən vaxtında vaz keçəsiniz" - <b style="color:red">Fotoreportaj</b>

Noyabrın 5- Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirildi. Bu dəfə GƏM-in qonağı "Ədalət" qəzetinin baş redaktoru, publisist İradə Tuncay idi.

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid İradə Tuncayın şəxsiyyət yaradıcılığına xas məziyyətlərdən danışıb: "İradə xanımla uzun illərdir tanışam. Böyük şairimiz Məmməd Arazın qızı, yaxın dostum, hörmətli millət vəkili Aqil Abbasın həyat yoldaşı, "Ədalət" qəzetinin baş redaktorudur. 80-ci illərdə İradə xanım Dövlət Televiziyasında çalışırdı. Dövlət Televiziyasının o vaxtkı formatına uymayan, canlı, dinamik nitqi tamaşaçını cəzb edirdi. Bir müddət televiziyadan uzaqlaşan İradə Tuncay 2001-ci ildə "Space" efirində görünməyə başladı. Yenə həmişəki kimi öz aurası, mövzulara yanaşma üslubu ilə digər aparıcılardan seçilirdi. Səlist, dərin mənayüklü nitqi həmişə məndə belə bir fikir doğururdu ki, İradə xanım mütləq yazılı jurnalistikaya, mətbuatda çıxış etməyə başlamalıdır. Çünki onun nitqinin alt qatında o qədər dərin məna gizlənirdi ki, tamaşaçı onu dinləyən zaman bir dəfəyə bütün məna incəliklərinə vara bilmirdi. İllər sonra yazmaq eşqi İradə Tuncayı "Ədalət" "525-ci qəzet" çap olunmağa sövq etdi. Daha sonra o, "Ədalət" qəzetinin baş redaktoru oldu. İradə xanımın əvvəl dinləyiciləri, sonra oxuyucuları olan insanlar televiziyadakı söhbətlərində hiss etmədikləri, yaxud demədiyi sözləri oxumağa, alt qatında olan məqamları daha diqqətli izləməyə başladılar nəhayət, bu yazıların əsasında iki kitab ərsəyə gəldi; "Sarı odalar" " Yol romanı". Bu günlərdə üçüncü kitab da işıq üzü görüb, yəqin ki, onun da təqdimatı keçiriləcək. İndi Azərbaycan mətbuatında ən peşəkar, hərtərəfli, savadı istedadıyla ilk pilləni tutan publisistlərdən biri İradə xanımdır. Onun publisistikasının özəl bir xüsusiyyəti təqvimə müracəti ilə bağlıdır. Tarixin bir günü kimi mövzularda eyni aylarda, yaxud eyni günlərdə müxtəlif ölkələrdə baş vermiş hadisələri bir-birilə əlaqələndirib oxucuya çatdırmaq peşəkarlıq, savad, məlumatlılıq tələb edir. Düşünürəm ki, İradə xanımın publisistikasında bu, çox gözəl alınır".

Rəşad Məcidin ardınca  söz alan İradə Tuncay öz düşüncələrini praktikası ilə bağlı önəmli məqamları gənc ədiblərlə bölüşdü: "İnsan gənc olanda elə hesab edir ki, artıq hər şeyi bilir, çox böyük yazıçıdır, istedad sahibidir. Amma yaş, savad, mütaliə artdıqca görür ki, əslində o qədər savadlı deyil ondan da qat-qat istedadlı adamlar var".

Hər bir insanın özü-özünə hesabat verməli olduğunu vurğulayan xanım yazar çox maraqlı həyat yaşadığını diqqətə çatdırıb: "Sovet dönəmində, beş ildə bir dəfə olmaqla, qurultaylar keçirilirdi. Bütün müəssisələr beş il ərzində gördükləri işlərin hesabatını verirdilər. Mən düşünürəm ki, ömrümü beşilliklərə bölsəm nələri xatırlaya biləcəm, nələr gələcək gözümün qabağına... On bir beşillik az deyil. Məncə, çox hadisələr görmüşəm, gördüklərimin əksəriyyəti xoş ovqat yaradır xatırlayanda. Bu rəqəmlərin qəribə aurası var, iki bir iki beş... Rəşad Məcidin son kitabıma yazdığı ön sözün adı da "İki 5"dir. Lap mistika kimidir...

Maraqlı həyat yaşamışam. İndi korifey sayılan sənətkarları, ədəbiyyatçıları canlı görmüşəm, evimizdə olublar, atamla dostluq ediblər.

İnsan uşaqlığını xatırlayanda qəribə hisslər keçirir, o xatirələrə münasibətdə mühafizəkar oluruq, "ən gözəl dövr o vaxtlar idi" - deyirik.

Məktəbdə ən yaxşı inşaları mən yazırdım. Hamı deyirdi ki, atası yazıb. Jurnalistikada təzə olanda da eyni münasibəti görürdüm. İllər keçdi, mən jurnalistikada irəlilədim, yazılar yazdım, kitablarım çap olundu. İndi bilmirəm yazılarımı kimin adına çıxırlar.

Gözümü açıb kitab görmüşəm, ədəbiyyat söhbətləri eşitmişəm, şeirlə böyümüşəm. Mütaliəni lap uşaqlıqdan sevirəm. Məni jurnalistika fakültəsinə kitablar apardı. O vaxt çap olunmaq problem idi. Balaca bir informasiyamız qəzetdə gedəndə çox sevinirdik. Amma indi lap kitabımız da çıxanda o çap olunan informasiyanın sevincini vermir. Bu, yəqin hər şeyin zaman keçdikcə adiləşməsindən irəli gəlir.

işə düzəlməyimdə, çap olunmağımda atamın heç bir rolu olmayıb. Onun bu məsələdə yeganə köməyi başqalarının eqosunu tumarlamaq olub: "Gördünüz kimin qızını işdən çıxardıq?"

İş elə gətirdi ki, qəzetin başına keçməli oldum. Yazılı mətbuat televiziya jurnalistikasından fərqli olaraq qalıcıdır. Sonrakı mərhələdə hiss edəndə ki, artıq oxucu kütləm formalaşıb, mənim yazılarımı gözləyirlər, kitab çapına qərar verdim. O vaxtdan bəri əgər mətbuatı izləyirsinizsə, oxuyursunuzsa, bu mənəm - İradə Tuncay..."

Daha sonra tədbir gənc ədiblərlə İradə Tuncay arasında sual-cavabla davam etdi.

Leyla Faiqqızı: - Məmməd Arazın qızı olmaq asandır, yoxsa çətin?

İradə Tuncay: - Asan, yaxud çətin məsələsi deyil. Sadəcə olaraq məsuliyyətlidir.

Zamiq Mehdisoy: - Deyirsiniz ki, gənclikdə özümüzü bənzətməyə qadın tapmırdıq, bəs, indiki gənclər özlərini kimə bənzətsinlər?

İradə Tuncay: - Mən gəncliyimdə aktrisaya bənzəməyə çalışırdım. Amma o vaxt indiki kimi bolluq deyildi. Adicə istədiyimiz geyimi tapa bilmirdik. Qaldı indiki gənclərin kimə bənzəməsinə, əsas olan odur ki, kiməsə bənzəməkdən vaxtında vaz keçəsiniz, özünüz olasınız.

Z.Mehdisoy: Məmməd Arazın belə bir şeiri var: "Mən bir zaman şair idim". Sizin elə anınız olub ki, düşünəsiniz: "Mən bir zaman yazıçı idim"?

İradə Tuncay: - Bilirsiniz, bu, yaradıcı adamın kaprizidir, öz incikliyini, hikkəsini ifadə etməsidir. Məmməd Araz ömrünün hər anında şair olub. Məndəsə heç vaxt belə düşüncə olmayıb.

Şəms Mərdanova: - Özünüz barədə roman yazsaydınız romanın ilk, pik son nöqtələrini ömrünüzün hansı dönəminə aid edərdiz?"

İradə Tuncay:  - Əslində avtobioqrafik roman yazmaq fikrim var, hətta bəzi qeydlər eləmişəm. Hərdən düşünürəm ki, ömrümün son beş ilinə bütöv bir ömür sığdırmışam. Bu beş ildə ilk , pik , hətta lap son da olub. Müxtəlif hadisələr yaşamışam, müxtəlif insanlar tanımışam. Bundan sonra olacaq bilmirəm, amma bu beş ili çox fərqli yaşamışam. Çox səyahətlər elədim bu beş ildə, fərqli ölkələrdə oldum, fərqli yaşam tərzləri gördüm. Uşaqlıqdan səyahət etməyi sevirəm. İçimdə belə bir hiss var ki, mən buralara aid deyiləm.

Əlbəttə, bütün ömrümüzü istədiyimiz kimi yaşaya bilmərik. Uşaqlıqda, məktəbdə qadağalar, daha sonra cəmiyyətdə... Əgər bu qadağalardan kənara çıxa biliriksə, deməli, nələrsə etməyə qadirik.

Ülkər Piriyeva: - Xoşbəxtliyi nədə görürsünüz? Sizcə, Məmməd Arazın qızı, millət vəkili Aqil Abbasın həyat yoldaşı olmaq xoşbəxtlikdirmi?

İradə Tuncay: - Birincisi, həyat üçün resept yoxdur. Hər kəs öz həyatını yaşayır. Bu, həm alın yazısı, həm əhatəmizdə olan insanlar, həm yaşadığımız mühitdir. Qaldı xoşbəxtliyə, bu, insanın atası, həyat yoldaşı ilə bağlı olan məfhum deyil. İnsan həyatında vacib olan anları yaşaya bilirsə, deməli, xoşbəxtdir. Xoşbəxtlik öz içimizdəki kitabda ömrümüzə yazılası günlərin sayı ilə ölçülür. Əgər bu günlərin sayı çoxdursa, deməli, xoşbəxtik. İkincisi bu, daha çox şans məsələsidir. Çünki öz atamı mən seçməmişəm, bu, mənim taleyimdir. Düzdür, Aqil Abbası mən seçmişəm. Amma mən onu seçəndə o sizin tanıdığınız Aqil Abbas deyildi. Cavan bir oğlan idi. Heç kəs bilmirdi ki, o gələcəkdə yüksək vəzifələr tutacaq.

Emin Piri: - İradə xanım, gəncləri yaradıcılıq baxımından hara aparmaq istərdiniz?

İradə Tuncay: - Mən həmişə məsləhət verməkdən qaçmışam. Nələrisə izah edə bilərəm, amma məsləhət vermək fikrini özümə yaxın buraxmıram. Gənclərə yol göstərməyə gələndə, istedadlı gənclər tanıyıram ki, batıb gedirlər, müxtəlif təşkilatlara qoşulur, bu yolda özlərini xərcləyirlər. Belə gəncləri həmişə qorumağa, səhv yoldan daşındırmağa çalışıram. Əgər bir gəncin tutduğu yol onun özünə, dövlətinə, xalqına ziyan vuracaqsa, mən onu bu yoldan çəkindirməkdən ötrü əlimdən gələni edirəm.

Aysel Kərim: - Sizdə atanıza xas olan hansı xarakter daha qabarıqdır?

İradə Tuncay: - Yəqin ki, ədalət hissinə bağlılığım atamdan miras qalıb. O da həmişə ədalət aşiqi olub. Sonra düşündüyümü dilə gətirməyim, mərhəmət hissi ola bilər. Ümumiyyətlə, qızlar atalarına çox bağlı olurlar.

Nərmin Əmiraslanova: - Həyatınızı hansısa əsərinizə köçürmüsünüz?

İradə Tuncay: - Hamı özünü yazır, ya həyatından, bir anı qələmə alır, ya düşüncəsini kağıza köçürür. Mən təbii ki, istisna deyiləm. 

Cavid Qədir: - İradə xanım, bir insanın şəxsində baş redaktor, yazar-publisist, şair qızı, həyat yoldaşı, qadın obrazlarını cəmləşdirirsiniz. Bunlardan hansı sizinçün daha əhəmiyyətlidir?

İradə Tuncay: - Bu, dönəmlərlə bağlıdır. Elə dönəm var ki, qız, elə vaxt qadın, bəzən yazıçı, bəzən qadın, bəzən yazar olur adam. Hərdənsə bütün rollardan bezir insan, özü olur. Hərdən bütün bu obrazları bir gündə yaşamışam.

Sonda İradə Tuncay gənc ədiblərə öz tövsiyələrini verdi: "Bilirsiniz, gənclər, əgər nəyəsə nail olmaq istəyirsinizsə, ancaq oxuyun, biliyinizi artırın. O zaman anlayacaqsınız ki, sizdən kənarda necə böyük bir dünya var".

Cavid QƏDİR

 





06.11.2014    çap et  çap et