525.Az

İşimizi asanlaşdıran cihaz, ya təhlükə mənbəyi?


 

İşimizi asanlaşdıran cihaz, ya təhlükə mənbəyi?<b style="color:red"></b>

İnsanların həvəslə istifadə etdiyi mobil telefonlardan istifadə nələrə səbəb ola bilər?

“Mobil telefonsuz indiki dünyanı təsəvvür etmək qeyri-mümkündür” ifadəsi standart səslənsə də, günümüzün reallığını özündə dəqiq ehtiva edir. Mobil telefon böyük-kiçik, zəngin, kasıb - hər kəsin həyatının ayrılmaz parçasına çevrilib. Mobil telefonun üstünlükləri ilə bərabər, onun insan orqanizmində yaratdığı və yaxud da yarada biləcəyi fəsadlar barədə istər dünya, istərsə də yerli mediada çox yazılıb. Lakin yazılanlara baxmayaraq, mobil telefon şirkətləri bazara çıxardıqları malları bir ucdan təkmilləşdirir, insanlar isə daha komfortlu mobil telefonların istifadəsində maraqlı olur.
 
Azərbaycan - hər 100 nəfərə 110 mobil telefon
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hazırda Azərbaycanda mobil telefonların sayı 10 milyon 130 minə yaxındır. Bu da ölkə əhalisinin hər 100 nəfərindən 110-nun mobil telefon istifadəçisi olması deməkdir. Əhalinin hər 100 nəfərinin mobil telefondan istifadəyə görə dünya ölkələri üzrə orta göstəricisi 95,5 faiz, MDB ölkələri üzrə orta göstəricisi 140,6 faiz, inkişaf etmiş ölkələr üzrə 120,8 faiz, inkişaf etməkdə olan ölkələr üzrə isə 90,2 faizdir. Nazirlikdən həmçinin Azərbaycanda hər 100 nəfərə düşən mobil telefon sayının norma daxilində olduğunu da bildirdilər. Qeyd edək ki, hazırda dünyada mobil telefonların sayı 7 milyarda yaxındır.
 
Beyin şişi, tez yorulma, əsəbilik, yuxusuzluq...
 
Dünyanın müxtəlif səhiyyə təşkilatları bu aktual mövzunu müntəzəm diqqətdə saxlayıb, araşdırmalar aparır. Aparılan araşdırmalara görə, mobil telefondan yayılan mikrodalğa radiasiyaları beyin hüceyrələrini öldürür. Mobil telefonu qulağımıza yaxınlaşdıran zaman isə, onun göstərdiyi təsir daha da güclənməyə başlayır. Eyni zamanda səhiyyə təşkilatları mobil telefonun ürək xəstəliyi, yaddaş və eşitmə pozğunluğu, beyində şiş, stress, yorğunluq hissi, qan hüceyrələrinin azalması, baş ağrıları və sair müxtəlif xəstəliklər yaratması barədə də mülahizələr irəli sürür. Bundan başqa, mütəxəssislər mobil telefondan daim istifadə edən insanların yüksək təzyiq, dəri xərçəngi xəstəliklərinə tutulma riskinin yüksək olduğunu da bildirir.
 
Azərbaycan Tibb Universitetinin ümumi gigiyena kafedrasının müdiri, tibb elmləri doktoru, professor Mirzə Kazımov tələbələr arasında mobil telefonların zərəri ilə bağlı aparılan tədqiqatların o qədər də ürəkaçan olmadığını dedi: “Ümumiyyətlə, insan orqanizminə təsirinə görə zərərli amilləri iki yerə bölürlər: Güclü təsir göstərənlər və bir də az intensivli təsir göstərənlər. Mobil telefonun zərəri ikinci qrupa aiddir. Yəni bunların zərərlilik səviyyəsi az intensivlidir. Ancaq bu o demək deyil ki, mobil telefonların insanlara təsiri yoxdur.

Mobil telefonların təsirinin nəticəsi, yəni xaricə çıxması uzun müddət tələb edir. Və əsasən, insan orqanizmində qeyri-spesifik xəstəliklərin, məsələn, tez yorulma, əsəbilik, uzun müddət danışanda baş ağrılarının yaranması, yaddaşın zəifləməsi kimi xəstəliklər yaranır. Mobil telefondan heç kim nə infarkt, nə də insult olasıdır. Bizdə tələbələr arasında aparılan tədqiqatlardan sonra mobil telefondan istifadə edənlərin yaddaşının zəifləməsi, dərsdə aşağı qiymət alması, bəzi məsələləri pis qavraması kimi əlamətlərin olduğu müəyyənləşdi. Və bunlar gələcəkdə ehtimal ki, daha ağır xəstəliklərin ilkin əlamətləri kimi qiymətləndirilir”.
 
Mobil telefonlar insanlarda psixoloji gərginlik yaradır
 
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, mobil telefonlar insan həyatında təlaş, həyəcan və bu kimi halların yaranmasında aktiv rol oynayır: “Bir çox insanlarda mobil telefonlardan dolayı bir həyəcan pozuntusu formalaşmağa başlayıb. Məsələn, telefonu daim yanlarında saxlayırlar. Hətta bəzi insanlar yuyunanda belə telefonu özü ilə hamam otağına aparırlar ki, birdən zəng gələr. Araşdırmalar da onu göstərir ki, insanlara gələn zənglərin yetmiş faizi həyəcan xarakterli, təcili çağırışlarla bağlı olur. Digər tərəfdən, kiminsə nəsə bir problemi olanda zəng vurur. Bu səbəblərdən də bəzən adamlar telefona zəng gələndə narahat olmağa başlayırlar. Düşünməyə başlayırlar ki, görəsən evdə nə olub, nəsə problem var? Elə insanlar da var ki, gecə saat 23.00-dan sonra gələn bütün zənglərə qarşı aqressiv və gərgin olurlar. Bütün bunlar onu göstərir ki, informasiyanın xüsusən mobil zənglər vasitəsilə belə tez ötürülməsi, insanların psixikasında müəyyən narahatlıq və problemlər yaradır”.
 
Mobil telefonun əsirinə çevrilən insanlar işlərinə öyrəşə bilmirlər
 
Psixoloq Elnur Rüstəmov artıq insanlarda telefonlara cavab verməməyin istirahət formasına çevrildiyini də bildirdi: “Müalicə prosesində insanlara “dincəlmə prosesini necə keçirmək istərdiniz” sualını verəndə əksəriyyətin cavabı belə olur ki, “telefonlara cavab verməyib istirahət etmək istəyirəm”. Artıq telefonlara cavab verməmək bir qisim insanlar üçün istirahət, dincəlmək formasına çevrilib. Bu da onu göstərir ki, mobil telefonlar insanlarda psixoloji gərginlik yaradır. Bununla yanaşı, insanlarda tənbəllik də əmələ gətirir. Mobil telefonun əsirinə çevrilən insanlar işlərinə öyrəşə bilmirlər. Bu tip insanlar üçün mobil telefon informasiya daşıyıcısı kimi çıxış etmir. Belə insanlar daha çox çoxfunksiyalı telefondan istifadə edir. Onların çoxfunksiyalı telefondan istifadə etməkdə əsas məqsədi gün ərzində müxtəlif oyunlar oynamaq, sosial şəbəkələrdə vaxt keçirməkdir. Hesablasan, mobil telefonla gün ərzində heç 5 dəqiqədən artıq danışmırlar”.
 
Psixoloq Elnur Rüstəmov mobil telefondan çox istifadənin yuxu sisteminə də mənfi təsir göstərdiyini dedi: “Nəzərə almaq lazımdır ki, bu gün yuxu sisteminin pozulması da problem olaraq qalır. Və yuxu sisteminin pozulmasına təsir göstərən amillərdən biri də heç şübhəsiz, insanların axşamlar mobil telefonla daha çox zaman keçirməsidir. Siz sosial şəbəkələrdə analiz aparsanız görərsiniz ki, gecədən çox keçmiş əksər insanlar mobil telefon vasitəsilə sosial şəbəkələrdə otururlar. Çünki çoxfunksiyalı telefonlar vasitəsilə internetə qoşulmaq bir növ rahat olur. Amma bu rahatlıq onların yuxu sisteminə mənfi təsir göstərir. Psixi sağlamlığın mühüm komponentlərindən biri normal yuxu vaxtının olmasıdır. İnsan normal yatan zaman, ətrafda baş verən hadisələrə də normal reaksiya verir. Yuxu sistemi pozulanda isə insanlar aqressiv olurlar. Xüsusən də, müxtəlif fobiyalar əmələ gəlir və sair psixoloji narahatlıqlara yol açılır. Bu da mobil telefonun verdiyi fəsadlardan biridir”.
 
“Elə pasientlərimiz var ki, telefon zəngləri onlara çox pis təsir edir”
 
Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman doktor Fərid Qaralov mobil telefonun yalnız beyincik körpü bucağı şişlərinin əmələ gəlməsində rolu olduğunu söylədi: “Mobil telefonların insanlarda müxtəlif xəstəliklər, o cümlədən xərçəng yaratması ilə bağlı müxtəlif araşdırmalar aparılıb. Lakin bunların heç biri indiyə kimi təsdiqini tapmayıb. Adicə Wİ-Fİ-da da elektromaqnit dalğaları var. Gəlin o zaman bütün bunların hamısını həyatımızdan çıxaraq. Axı bu mümkün deyil. Bu, qarşısıalınmaz bir prosesdir. Sən mobil telefondan istifadə etməsən də, bir başqası sənin yanında bundan istifadə edəcək. Konkret olaraq, xəstənin yaxınları məndən soruşanda ki, onun yanında mobil telefondan istifadə etmək olar? Mən bunu qadağan etmirəm. Cavabım bu olur ki, xəstə mobil telefonla danışa bilər”.
 
Müxtəlif təbəqədən insanları qəbul etdiyini söyləyən psixoloq Elnur Rüstəmov mobil telefona görə narahatlıq keçirən pasientlərinin olduğunu da deyib: “İnanın, elə pasientim olub ki,  seansa girəndə telefonu evdə unutduğunu görüb, tez-tələsik evə qaçıb. Deyir ki, mən mobil telefonsuz heç yerə gedə bilmirəm. Mobil telefondan asılı insanlar var. Adamlar mobil telefonsuz heç bir yerə gedə bilmirlər. Elə pasientlərimiz də olur ki, telefon zəngləri alanda özünü çox pis hiss edir. Ailə terapiyası aparanda isə bir xanım deyirdi ki, həyat yoldaşıma zəng gələn kimi o, çönüb tamam başqa adam, təlaşlı olur. Xüsusən bu kimi hallar o insanlarda olur ki, onların üzərində böyük məsuliyyət var. Məsələn, idarə müdirləri, biznesmenlər, böyük personalla işləyən insanlar. O cümlədən hərbçiləri də misal göstərə bilərik. Hərbçilər də şəxsi heyətlə bağlı məlumat almalıdırlar. İş adamlarına xüsusən gecə zənglər olanda daha çox narahatlıq keçirirlər. Bildiyiniz kimi, iş adamlarına heç kim gərəksiz yerə zəng açmır. Bu assosiasiya telefon zəngiylə formalaşıb. Bu tip insanlar psixi sağlamlıqlarının qeydinə çox diqqətlə yanaşmalıdırlar”.
 
Çıxış yolu nədədir?
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələ bir neçə müddət əvvəl mobil telefonlardan qorunmanın aşağıdakı üsullarını təklif etmişdi:
 
- Mobil telefonlarla danışıqlarınızı mümkün qədər konkret edin, şəhərdaxili və ya şəhərarası rabitə xəttinə üstünlük verin;
 
- Uşaqlara bu vasitədən yalnız məcburi hallarda istifadə etməyə imkan verin və mobil telefonları körpələrdən uzaq tutun, hətta qadınların hamilə olduğu dövrlərdə evdə olan bütün mobil telefonları söndürün;
 
- Telefonunuzu qulaqcıqlı ötürücülərlə idarə edin (bu, zərərin qarşısını tam almasa da, müəyyən miqdarda kömək edir);
 
- Telefonu zəngli saat rejimində baş nahiyənizə yaxın qoymayın;
 
- Mobil telefonun ən zərərli olduğu vaxt – sənə zəng gələndə və sən nömrəni yığıb “yes” düyməsini sıxdığın anda telefonu başınızdan uzaq tutmaq lazımdır;
 
Psixoloq Elnur Rüstəmov isə vəziyyətdən çıxış yolunu belə görür: “Elə bir zamanda yaşayırıq ki, mobil telefondan imtina qeyri-mümkündür. Adam var ki, üç-dörd telefon işlədir. Sadəcə çoxfunksiyalı telefondan az istifadə etməyə çalışmaq lazımdır. Xüsusən, uşaqlara çoxfunksiyalı telefon vermək olmaz. Çox təəssüflər ki, bir çox valideynlər bununla fəxr edirlər. Beş yaşında uşaq çox rahatlıqla çoxfunksiyalı telefondan istifadə edə bilir. Adi telefonla da uşağın orta məktəbdə olub-olmadığını bilmək, uşaqdan xəbər almaq mümkündür.
 
Böyüklər isə mobil telefonlardan istifadəni müəyyən vaxt çərçivəsində məhdudlaşdırmalıdırlar. Danışmaq, sosial şəbəkələrdən istifadə etmək, oyun oynamaq, bütün bunlar müəyyən vaxt ərzində olsa, yaxşı olar. Bununla həm zamandan səmərəli istifadə etmək, həm yuxu sistemini tənzimləmək, həm də psixoloji sağlamlıq formalaşdırmaq mümkündür. Bunu etmək çox vacibdir”.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutundan, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov mobil telefonun zərəri ilə bağlı ölkəmizdə konkret işin aparılmadığını söylədilər.

Lent.az

 





08.11.2014    çap et  çap et